Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3455/2024 30.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “26 sentyabr 2023-cü ildən iddiaçıya xəstəliklə əlaqədar əmək pensiyasının ödənilməsi və həmin tarixdən sosial müavinətin əmək pensiyası ilə əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “Əlilliyə görə əmək pensiyası bərpa edilməklə, əsassız olaraq xx.xx.2020-ci il tarixdən dayandırılmış pensiya ödənişi məbləğlərinin birdəfəlik qaydada cavabdeh orqandan tutularaq iddiaçıya ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı ərizə təqdim edərək, “26 sentyabr 2023-cü ildən iddiaçıya xəstəliklə əlaqədar əmək pensiyasının ödənilməsi və həmin tarixdən sosial müavinətin əmək pensiyası ilə əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1964-cü il tarixdə Qubadlı rayonunun Qiyaslı kəndində anadan olmuşdur. Ona hüququnun yarandığı üçün xx.xx.2013-cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra isə əmək pensiyası ilə bağlı indeksləşdirmələr aparılmışdır. Həmin indeksasiyanın nəticəsi olaraq əmək pensiyası xx.xx.2020-ci il tarixdən 233.20 (iki yüz otuz üç manat iyirmi qəpik) manata çatdırılmışdır. Həmçinin pensiya işində mövcud olan tibbi sosial ekspert komissiyasının SER TSE-01 452329 nömrəli müayinə aktından çıxarışa əsasən təkrar müayinə əsasında iddiaçı barəsində xx.xx.2014-cü il tarixdən müddətsiz əlillik müəyyən edilmişdir. Lakin anlaşılmaz şəkildə yuxarıda qeyd etdikləri nəzərə alınmadan xx.xx.2020-ci il tarixdən əlilliyə görə əmək pensiyası ödənişi dayandırılmışdır. Dayandırılmanın səbəbi olaraq isə, mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik altsistemində olan məlumatlara istinad etdiklərini bildirmişlər. Həmin mərkəzləşdirilmiş elektron informasiya sistemində əlillik müddətinin xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək müəyyən edildiyini qeyd etmişlər. Bu isə tamamilə qanunsuz və əsassız yanaşmadır. Həmçinin konstitusion hüquqlarının kobud şəkildə pozulması deməkdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, idda tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Hesab edirik ki, icraatınızda olan 2-1(118)-2282/2024 nömrəli iş üzrə iddia əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik. İddiaçı xx.xx.2024-cü il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək ona əvvəllər təyin edilmiş əlilliyə görə əmək pensiyasının bərpa edilməsini xahiş etmişdir. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-B-11127/2024 nömrəli imtina məktubunda pensiya işinə daxil olan tibbi-sosial ekspert komissiyasının SER TSE- 01452329 saylı müayinə aktından çıxanşa əsasən xx.xx.2014-cü il tarixdən müddətsiz əlilliyin müəyyən edildiyi qeyd edilmişdir. Lakin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik" altsistemində iddiaçıya xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək əlilliyin müəyyən edilməsi qeyd edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2020-ci il tarixdən dayandırılmış və xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ödənilmiş əlilliyə görə əmək pensiyasının məbləği əsassız ödənilmiş vəsait hesab edilmişdir. Bildiririk ki, iddiaçıya xx.xx.2013-cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1- dək əlilliyi olan şəxs hesab edilir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2020-ci il tarixdən 233,20 manata çatdırılmışdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 356 nömrəli Fərmanına əsasən həmin qanuna 3.3-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Eyni zamanda bildiririk ki, xx.xx.2021-ci il tarixli 356 nömrəli “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanuna edilmiş bu dəyişiklik 25 iyul 2021-ci il tarixdən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 1.3cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət) tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmçinin qeyd olunan Əsasnamənin 4.26-cı bəndində göstərilmişdir ki, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydalarına əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin qanuna əsasən, inzibati akt, inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Qanunun 81.1-ci maddəsinə əsasən, inzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. Həmçinin, Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Əlavə olaraq bildiririk ki, MEİS-in “Əlillik” altsistemində olan məlumatlara əsasən təkrar müayinə əsasında İddiaçı xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 70 faiz pozulmasına görə əlilliyi müəyyən edilmişdir. Qanunun 33.2-ci maddəsinə əsasən 5 ildən artıq müddət keçdikdən sonra yenidən əlillik baş verərsə, əlilliyə görə əmək pensiyası ümumi əsaslarla təyin edilir. Beləliklə, iddiaçının pensiya işində olan sənədlərə əsasən ümumi sığorta stajı 15 il 4 ay olmaqla qanunla tələb olunan müddətdən (14 il 8 ay) çox olmasına baxmayaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 11 il 7 ay sığorta stajına uyğun 10727,86 manat, xx.xx.2009- cu il tarixdən xx.xx.2023-cü il tarixədək (3 il 9 ay sığorta stajına uyğun olaraq) 3312,10 manat olmaqla, ümumilikdə 14039,96 manat təşkil edir ki, bu məbləğ də iddiaçının 59 yaşına uyğun olaraq qanunvericiliklə tələb olunan 35481,60 manat pensiya kapitalından azdır və minimum pensiya təminatına (280 manat) imkan vermir. Qeyd olunanlara əsasən bildiririk ki, İddiaçı orqanizmin funksiyalarının 70 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinin tələblərinə uyğun olaraq əlilliyə görə müavinət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində orqanizmin funksiyalarının 70 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi əlilliyə görə sosial müavinət təyin edilmişdir. Məlumat üçün bildiririk ki, iddiaçının təkrar müayinə əsasında xx.xx.2014-cü il tarixdən müəyyən edilmiş əlilliyi barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu göndərilmişdir. Sözügedən sorğuya cavab olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin göndərdiyi müvafiq xidməti məktubda İddiaçı tibbi- sosial ekspertiza sənədlərində uyğunsuzluqlar aşkar edildiyi və təkrar əyani müayinəyə cəlb olunmağı barədə ünvanına dəvət məktubu göndərildiyi qeyd edilmişdir. Qeyd olunanlara əsasən bildiririk ki, İddiaçı əyani müayinəsinin nəticəsi barədə müvafiq rəsmi məlumat Mərkəzi Filiala daxil olduqdan sonra onun əlilliyə görə əmək pensiyasının ödənişinin bərpa edilməsinə qanunvericiliyin tələblərinə uyqun olaraq yenidən baxılacaqdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən, “Qazanılmış hüquqlara” münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.”
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: ******* saylı əmək kitabçasının surəti; cavabdehin iddiaçıya ünvanladığı 18 yanvar 2024-cü il tarixli imtina məktubu; Qubadlı Rayon Məhkəməsinin 2(28)-243/2013 saylı, 26 iyul 2013-cü il tarixli qətnaməsi; НЗ ******* saylı hərbi biletin surəti və digər sənədlər aiddir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə inzibati iş materiallarını tam, hərtərəfli və obyektiv olaraq araşdırıb, belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, İddiaçı xx.xx.1964-cü il təvəllüdlü olmaqla, ona xx.xx.2013-cü il tarixdən əlilliyə görə pensiyası təyin edilmiş, 2020-ci ildə əmək pensiyasının ödənilməsi dayandırılmışdır. Daha sonra yenidən xx.xx.2023-cü il tarixdə orqanizmin funksiyalarının 70 faiz pozulmasına görə yenidən əlillik dərəcəsi verilmişdir. Lakin cavabdeh orqan tərəfindən iddiaçıya əlilliyə görə pensiya deyil, sosial müavinət təyin edilmişdir. İddiaçı qeyd edilən hal ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 18 yanvar 2024-cü il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin yuxarıda qeyd olunanları əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Eyni zamanda həmin Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Cavabdeh orqan imtinasının əsası kimi göstərmişdir ki, Qanunun 33.2-ci maddəsinə əsasən 5 ildən artıq müddət keçdikdən sonra yenidən əlillik baş verərsə, əlilliyə görə əmək pensiyası ümumi əsaslarla təyin edilir. Məhkəmə cavabdeh orqanın etirazda göstərdiyi əsaslarla bağlı qeyd edir ki, cavabdeh orqan tərəfindən təqdim edilmiş inzibati icraat materiallarında olan SER TSE- 01№ 452329 saylı arayışdan aydın olur ki, İddiaçı 2014-cü ildən müddətsiz əlillik təyin edilmişdir. buna baxmayaraq, vətəndaşa xx.xx.2020-ci il tarixənədək əmək pensiyası ödənilmişdir. Eyni zamanda iddiaçıya yuxarıda qeyd edilən arayış əsasında müddətsiz əlillik təyin edilməsinə baxmayaraq, “Əlillik” altsistemində xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixinədək əlilliyin müəyyən edilməsi qeyd edilmişdir. Cavabdeh orqan tərəfindən vətəndaşa pensiya ödənilməsi 2020-ci il tarixdən dayandırılmış və həmin dövrə qədər ödənilmiş pensiya məbləği əsassız ödənilmiş məbləğ hesab edilmişdir. Məhkəmə sadalanan hallara münasibətdə bildirir ki, iddiaçıya 2014-cü il tarixdə müddətsiz əlillik təyin edilməsinə baxmayaraq, “Əlillik” altsistemində onun “əlilliyin xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək təyin edilmiş” olaraq qeyd edilməsi vətəndaşın təqsiri kimi qiymətləndirilib, onun məsuliyyətinə səbəb ola bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Eyni zamanda məhkəmə iddiaçıya yenidən 2023-cü ildə orqanizmin funksiyalarının 70 faiz pozulması səbəbi ilə əlillik təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən vətəndaşa əmək pensiyasının deyil müavinətin təyin edilməsinə münasibətdə qeyd edir ki, İddiaçı əlilliyi altsistemdə xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci ilə qədər qeyd edilməsinə baxmayaraq, vətəndaşa xx.xx.2020-ci ilə qədər pensiya ödənilmişdir. Məhkəmə işin hallarını hərtərəfli araşdıraraq belə nəticəyə gəlir ki, cavabdeh orqanın etirazda göstərdiyi Qanunun 33.2-ci maddəsi hazırki iş üzrə iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Çünki vətəndaşa 2014-cü ildə tibbi sosial ekspert komissiyası tərəfindən müddətsiz əlillik təyin edildiyi halda, altsistemdə məlumatların yanlış qeyd edilməsi səbəbindən xx.xx.2020-ci ildə pensiya ödənişi dayandırılmışdır. Vətəndaş pensiya ödənişi dayandırıldıqdan sonra yenidən müraciət etmiş və ona 3 il sonra, yəni 2023-cü ildə 2025-ci il tarixinədək yenidən əlillik dərəcəsi təyin edilmişdir. Məhkəmə qeyd edir ki, vətəndaşın “Əlillik” altsistemində olan qeyddən ümumiyyətlə məlumatı olmamış, pensiya ödənişi dayandırıldığı vaxt məlumatlı olmuş, həmin tarixdən isə təxmini 3 il sonra barəsində yenidən əlillik dərəcəsi müəyyən edilmişdir. Beləliklə, Qanunun 33.2-ci maddəsində qeyd edilən “5 ildən artıq müddət keçdikdən sonra yenidən əlillik baş verməsi” halı müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 33.2-ci maddəsində qeyd edilən müddətin axımı hazırki iddia tələbinə münasibətdə İddiaçı barəsində “Əlillik” altsistemində qeyd edilən əlilliyin bitmə müddəti olan xx.xx.2015-ci il tarixdən deyil, xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 26 sentyabr 2023-cü ildən iddiaçıya xəstəliklə əlaqədar əmək pensiyasının ödənilməsi və həmin tarixdən sosial müavinətin əmək pensiyası ilə əvəz edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. 26 sentyabr 2023-cü ildən İddiaçı xəstəliklə əlaqədar əmək pensiyasının ödənilməsi və həmin tarixdən sosial müavinətin əmək pensiyası ilə əvəz edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva