Məhkəmə qərarları › İş №2-1(118)-3458/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3458/2022

11.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3458/2022 11.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinin yerquruluşu planından çıxarışın və ya yerquruluşu cizgisinin çəkilməsini və çəkilmiş yerquruluşu cizgisinin təsdiqlənməsinin cavabdehə həvalə olunmasına” dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Zirə kəndində fərdi yaşayış evi tikdirməkdən ötrü işçi və qulluqçulara torpaq sahəsi ayrılıb təhkim edilməsi haqqında Xruşov adına kolxozun 17 may , 1958-ci il 6№ li ümumi iclasının qərarı ilə Zirə kəndində yaşayan İsmayıl Paşaya 0.05 hektar torpaq sahəsi ayrılmışdır. Fərdi yaşayış evi tikmək üçün ayrılmış sahəsinin cizgi və xəritəsindən çıxarışın alınması barədə Xəzər Rayon İcra hakimiyyətinə ünvanlanan ərizənin nəticəsi olaraq ərizənin Cavabdehnə müraciət olunması bildirilmiş və xx.xx.2022-ci il tarixli cavab məktubun ərizəyə əlavə etmişdir. Cavab məktubunda Daşınmaz Əmlaka müraciət etmələri tövsiyə olunsa da bu məsələ onların görəcəyi bir işdir. Belə ki, bununla bağlı Daşınmaz Əmlaka müraciət etsə də aldığı cavab məhz İcra Hakimiyyətinə müraciət etməsilə bağlı olmuşdur. Belə ki, torpaq sahəsinin yerləşmə sxemi arxiv idarəsinə təqdim olunmamış və çəkilməsinə dair İcra hakimiyyətinə ünvanlanan ərizəyə cavab gəlmədiyi üçün məhkəməyə müraciət edir və bildirir ki, yerləşmə sxemi olmadığı üçün torpaq sahəsi və üzərində inşa edilən yaşayış evini özəlləşdirə bilmir və məhkəmənin cavabdehin üzərinə öhdəlik qoyulmasını istərdi. Beləliklə, hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin İ bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərzinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər}, şərti işarələr və nişanələr vasitəsi ilə əks etdirən xəritədir, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin İİ bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması} barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada} və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin V bəndində torpaq sahəsinin planı və ölçüsünün hazırlanması,sərhədlərnin yerə (naturaya} keçirilməsi yerquruluşu işlərinin aparılmasna hüququ olan təşkilatlar tərəfindən həyata keçirilməsi və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Prezidentinin 06 iyun 2012~ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Yerlİ İcra Hakimiyyəti haqqında Əsasnamə"nin 6.8-ci bəndinə görə yerli İcra Hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyrinormativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Həmin Əsasnamənin 4.16.6 və 4.16.7-ci bəndlərinə görə torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsnə kömək göstərmək; Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq məhkəmədənkənar qaydada həll olunmalı torpaq və əmlak mübahisələrini həll etmək yerli İcra Hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı hüquqi yardım edilməsi üçün məhkəməyə dəvət olunsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. İş materiallarından görünür ki, iddiaçının iddia tələbi üzrə subyektiv hüququnu təsdiq edən sənəd iddiaya əlavə edilmiş sənədlər arasında mövcud deyil. Belə ki, işin hallarından görünür ki, İsmayıl Paşaya 0.05 ha torpaq sahəsi ayrılmışdır. İddiaçının tələbi həmin torpaq sahəsinin yerquruluşu planından çıxarışın və ya yerquruluşu cizgisinin çəkilməsini və çəkilmiş yerquruluşu cizgisinin təsdiqlənməsindən ibarətdir. Lakin onun ölmüş şəxsin vərəsəsi olması ilə bağlı məhkəməyə hərhansı sənəd təqdim edilməmişdir. Bundan əlavə iddiaçını ərizəsində ata adı “Əliyar”, şəxsiyyət vəsiqəsində isə “Əliyulla” olaraq qeyd edilmişdir ki, bu da həmin şəxsin ata adında da uyğunsuzluq olduğunu göstərir və ərizə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-ci maddəsinin tələblərinə uyğun deyi. Habelə iddiaçı tələbini cavabdeh qismində Cavabdehnə qarşı yönəltmişdir. Halbu ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə əsasən:

2. Yerquruluşu işləri respublikanın ərazisində mülkiyyət formalarına uyğun olaraq (dövlət, bələdiyyə və xüsusi) aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti) və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin, icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar