Məhkəmə qərarları › İş №2-1(118)-3462/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3462/2023

31.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3462/2023 31.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin “Əmək pensiyasının yenidən hesablanma barədə” xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-5933/2023 saylı qərarın ləğv edilməsi və ona yaşa görə pensiya təyin edildikdən sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin azaldılmadan yenidən hesablnaması vəzifəsinin və keçmiş dövr ərzində alınmamış penisya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialina qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək qulluq illərinə görə pensiyasının əlavəsi azaldılmadan pensiyasının yenidən hesablanması və keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin “Əmək pensiyasının yenidən hesablanma barədə” xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-5933/2023 saylı qərarın ləğv edilməsi və ona yaşa görə pensiya təyin edildikdən sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə alıdğı əmək pensiyasının, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin azaldılmadan yenidən hesablnaması vəzifəsinin və keçmiş dövr ərzində alınmamış penisya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, pensiya təyin edildikdən sonra işləməkdə davam edərək 6 ildən çox işləmişdir. Hal-hazırda fərdi hesabının sığorta hissəsində toplanan kapitalı mövcuddur. Yaşa görə əmək pensiyasına çıxdıqdan sonra fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış, yəni əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış pensiya kapitalı mövcuddur. Buna görə də cavabdeh orqana müraciət edərək əmək pensiyasına çıxdıqdan sonra işləyib topladığı sosial sığorta kapitalını nəzərə alaraq, aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasını xahiş etmişdir. Lakin müraciəti təmin edilməmişdir. Məhkəməyə müraciət etdikdən sonra iddiaçıya məlum olmuşdur ki, cavabdeh orqan tərəfindən əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmişdir, lakin həmin qərar nəticəsində pensiyasında hər hansı artım olmamışdır. Halbuki, aidiyyəti üzrə cavabdehə müraciət edəndə məqsədi sığorta kapitalı əsasında pensiyasının məbləğinin artırılmasına nail olmaq idi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayənfəsi Nümayəndə iddianı qəbul etməyərək izah etdi ki, iddiaçı daha əvvəl ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün ərizəylə cavabdeh orqana müraciət etmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2023-cü il tarixli 3-17-1/2-C-96041/2023 nömrəli iddiaçıya ünvanlanmış pensiyanın yenidən hesablanması haqqında cavab məktubuyla iddiaçının pensiyasını yenidən hesablamışdır. İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 1 oktyabr 1997-ci il tarixdən xidmət illərinə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən iddiaçının əmək pensiyası həmin tarixdən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Sonrakı artımlar nəzərə alınmaqla iddiaçının əmək pensiyası 828,81 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: əmək pensiyasının sığorta hissəsi-307,73 manat; qulluq stajına görə əmək pensiyasına əİavə - 445,73 manat, maddi yardım-75,35 manat. Qeyd olunanları nəzərə alaraq, sonuncu dəfə işdən azad olduğu tarixədək (xx.xx.2018-ci il) topladığı sığorta kapitalı növbəti illər üzrə indeksləşdirilməklə müəyyən edilmiş 9112,58 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq 72 aya bölünərək (9112,58:72=126,56 manat) əmək pensiyanın sığorta hissəsinin (307,73 manat) üzərinə əlavə olunmaqla pensiyanın sığorta hissəsi 434,29 (307,73+126,56) manat müəyyən edilmişdir. Eyni zamanda, sözügedən Qanunun 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği (445,73 manat) həmin artım qədər (126,56 manat) azaldılıb. Nəticədə, hazırda iddiaçının əmək pensiyasının sığorta hissəsi 434,29 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği 319,17 (445,73-126,56) manat və Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əlavə- 75,35 manat təşkil edir. cavabdeh yuxanda qeyd olunmuş xüsusatlarda aparılmış yenidən hesablama barədə xx.xx.2023-cü il tarixində 3-17-1/3-7-5933/2023 nömrəli yenidən hesablama barədə İnzibati akt qəbul etmişdir. İddiaçı Ə.X2 ərizəsi əsasında inzibati orqan tərəfindən inzibati icraat aparılmış və xx.xx.2023-cü il tarixdə 3-17-1/3-7-5933/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında" qərar qəbul edilmişdir. Mərkəzi Filial tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixdə 3-17-1/3-7-5933/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında" qərar da inzibati icraat aparılan zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvədə olan normalarına tam riayət olunaraq qəbul edilmiş və iddiaçının pensiyası onun sığorta kapitalı əsasında yenidən hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-5933/2023 nömrəli qərardan görünür ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı tərəfindən İddiaçı əmək pensiyası yenidən hesablanmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə görə hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.3 hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Maddə 1.0.5 təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4.2 Yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən. Maddə 9.6 Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 29.2. Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Maddə 37.3 İşləyən əmək pensiyaçılara : -37.3.1 Yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 fevral 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, əmək pensiyaları qanunvericiliyində pensiya təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçularla pensiya təyin edildikdən sonra digər sahədə fəaliyyətini davam etdirən əmək pensiyaçılarının (keçmiş hərbi qulluqçuların) pensiya təminatında hər hansı qeyri-bərabərliyə yol verilmədən, hər iki kateqoriyadan olan şəxslərin pensiyasının yenidən hesablanması qaydası “Əmək pensiyaları haqqında” Qanunun 9.6 və 37.3.1-ci maddələri ilə tənzimlənmişdir. Həmin Qərara görə əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 1 oktyabr 1997-ci il tarixdən xidmət illərinə görə pensiya təyin edilmişdir. Əmək kitabçasında aparılan qeydərə görə o, xx.xx.1999-cu ildən Sumqayıt şəhər 1 nömrəli peşə liseyində hərbi rəhbər, xx.xx.2002-ci ildən xx.xx.2018-ci ilədək isə həmin liseydə təsərrüfat müdiri işləmişdir. Beləliklə, o, pensiyaya çıxandan sonra iş stajı 6 ildən çox müddət təşkil etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının əmək pensiyası yenidən hesablansa da, cavabdeh onun barəsində “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1ci maddəsinə əsaslanaraq əmək pensiyasına qulluq əlavələrini azaltmışdır. Nəticədə isə yenidən hesablanma nəticəsində iddiaçının vəziyyətində hər hansı yaxşılaşma baş verməmişdir. Faktiki olaraq cavabdeh əmək pensiyasının sığorta hissəsini artırsa da, bir o qədər qulluq stajına görə əlavələri azaltmışdır. Beləliklə, cavabdeh tərəfindən qəbul edilmiş pensiyanın yenidən hesablanması barədə qərar əlverişsiz inzibati aktdır və iddiaçının sosial təminatını yaxşılaşdırmağa xidmət etmir. Bununla bağlı məhkəmə hesab edir ki, pensiyanın yenidən hesablanması barədə cavabdehin qəbul etdiyi qərar ləğv edilməli və pensiyanın yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı İsmayəl oğlunun əmək pensiyasının yenidən hesablanması barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının qəbul etdiyi xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-5933/2023 saylı qərar ləğv edilsin və ona yaşa görə pensiya təyin edildikdən sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə alıdğı əmək pensiyasının, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin azaldılmadan yenidən hesablanması və keçmiş dövr ərzində alınmamış penisya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar