Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3467/2024 28.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı ünvan 1 ünvanda yerləşən 12 sot torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının mərhum atası X2 məxsus olması barədə arayışın(çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi”nə dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Sumqayıt şəhəri, Novxanı bağları massivi 1722b saylı ünvanda yerləşən 12 sot torpaq sahəsi üzərində mərhum atası X1 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-3- 31/2-Q-0005-8/2024 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi qeyd edilmişdir ki, sözügedən torpaq sahəsinə dair Sumqayıt şəhər Bağlar təsərrüfatı idarəsi tərəfindən hüquqmüəyyənedici sənəd (bağ sahəsinin uzunmüddətli icarəyə verilməsi barədə icarə müqaviləsi) verilsə də, bağ sahəsi ayrılarkən onun sərhəd ölçülərini və yerini müəyyən edən texniki sənəd (torpaq sahəsinin planı və ölçüsü, mövqe sxemi, ayrıc aktı və s.) tərtib olunmamış, həmçinin Sumqayıt Bələdiyyəsi tərəfindən idarənin arxiv saxlancına təhvil verilmiş arxiv məlumatlarında sözügedən texniki sənəd aşkar olunmamışdır. İddiaçı imtina ilə razılaşmayaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, Sumqayıt şəhər Soveti İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı idarəsi ilə atası X4 arasında bağlanmış 11214 №-li xx.xx.1981-ci il tarixli icarə müqaviləsinə əsasən Sumqayıt şəhəri Novxanı bağlar massivi 1722 В saylı 12 sot sahəsi olan torpaq sahəsi atasının istifadəsinə verilmişdir. X4 21 aprel 1998-ci il tarixdə vəfat etmiş, bununla əlaqədar iddiaçının ərizəsi əsasında Sumqayıt şəhər 45 saylı notariat kontorunda vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Nurətdin Quliyevdən miras qalmış, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1722B ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair çıxarışın, eləcə də daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən (1 saylı forma üzrə) arayışın verilməsi xahiş edilmişdir. Bu sorğuya Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 14 fevral 2024-cü il tarixli 3-21-3-31/2- Q-005-8/2024 saylı bildirişdə Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 14 fevral 2024-cü il tarixli 3-21-3-31/2-Q-005-8/2024 saylı bildirişdə qeyd olunmuşdur ki, bağ sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılmadığı səbəbindən bağ sahəsinin yerini ya döngə nöqtələrini təyin etmək mümkün olmamışdır. Həmçinin cavabdeh orqan qeyd etmişdir ki, torpaq sahəsinin naturada sərhədlərinin müəyyən edilməsi ilə bağlı torpaq sahəsində hasarlanma va mərzçəkmə işlərinin aparılması, mərzçəkmə planı tərtib olunmalıdır. Quliyev Nurətdinin vərəsəsi kimi, onun adına təqdim olunması haqqında müraciətlərinə, idarənin əməkdaşları tərəfindən torpaq sahəsində dəfələrlə ölçülərin aparılmasına baxmayaraq, indiyə kimi müxtəlif bəhanələrlə həmin sənədlər ona təqdim olunmamışdır. Hal-hazırda DƏDRX-in 2 saylı Sumqayıt Ərazi idarəsindən mərhum X1 adına olan torpaq sahəsinə dair arayışın alınmasına zərurət yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7ci maddəsinin tələblərinə və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. "Bağın icarəyə verilməsi haqqında" 11214 №-li xx.xx.1981-ci il tarixli müqaviləyə əsasən, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 1722 b saylı, 0,12 ha bağ sahəsi həmin dövrdə səlahiyyətli qurum tərəfindən atası Nurətdin Quliyevin icarəsinə verilmişdir. Həmçinin sözügedən icarə müqaviləsi hal-hazırda qüvvədədir və bağ sahəsinin ölçülərini göstərən yerləşmə cizgisi mövcuddur. "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3.0.29-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirilməsi cavabdehin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri»nin 2.3-cü bəndinə görə torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda mərzçəkmə işləri aparılır. Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli qərarı ilə təsdiq olunmuş "Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri"nin 7.1-ci maddəsinə əsasən "Yeni axtarılmış torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi ƏMDK-nin müvafiq struktur bölməsinin mütəxəssisinin, ƏMDK-nin ərazi nümayəndəliyinin nümayəndəsinin, İcra hakimiyyəti başçısının nümayəndəsinin, bələdiyyənin nümayəndəsinin və torpaq sahəsinin mülkiyyətçisinin, onunla qonşu olan digər torpaq sahələrinin mülkiyyətçilərinin (istifadəçilərinin) və ya onların müvafiq qaydada verilmiş etibarnamələri əsasında vəkil etdikləri nümayəndələrinin iştirakı ilə aparılır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, faktiki mülkiyyətçi ona verilmiş torpaq sahəsi üzərində özbaşına olaraq heç bir hasarlanma və mərzçəkmə işləri apara bilməz. Mövcud mübahisədə də, cavabdehin sözügedən torpaq sahəsinə dair mərzçəkmə işlərini aparmağı tələb etməsi qanunsuzdur və əsassız olaraq mərhum atasının adına arayış verməkdən boyun qaçırmaqdan va süründürməçilikdən başqa bir şey deyildir. Mərhum atasının adına verilmiş sözügedən torpaq sahələri ümumilikdə müvafiq icra hakimiyyəti orqanının nəzdindəki bağ təsərrüfatı birliyinin tərkibindədir və hamin torpaq sahələri barədə hasarlanma işləri cavabdehin öz imtina məktubunda da qeyd edildiyi kimi bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılır. Həmin xəritəni isə cavabdeh tərəfindən hər hansı şübhələr olduğu halda inzibati Prosessual Məcəlləsinin 14.3-cÜ maddəsinə və inzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən cavabdeh öz təşəbbüsü ilə əldə etməli idi. Hesab edir ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 1722 b saylı 12 sot bağ sahəsinin Nurətdin Quliyevin icarəsinə verilməsi barədə 11214 №-li xx.xx.1981ci il tarixli müqavilənin etibarlılığını şübhə altına alan digər əsasların müəyyən olunmadığı üçün həmin müqaviləyə əsaslanan hüququnun qeydiyyata alınmasından imtina üçün əsaslar yoxdur. "İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1 -ci maddəsinə əsasən "İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır." AR "Dövlət rüsumu haqqında" qanunun 9.1.12. maddəsinə əsasən "inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə — vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər;" dövlət rüsumundan azaddılar. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xhaiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh imtinasında qeyd edir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1722B ünvanında yerləşən 0.12 ha torpaq sahəsi üzərində mərhum X1 hüquqlarının qeydiyyata alınması barədə xx.xx.2024-cü il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilmiş və həmin müraciət 3-21-3-31/1-Q-0005-8/2024 nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsinə dair Sumqayıt şəhər Bağlar təsərrüfatı idarəsi tərəfindən hüquqmüəyyənedici sənəd (bağ sahəsinin uzunmüddətli icarəyə verilməsi barədə icarə müqaviləsi) verilsə də, bağ sahəsi ayrılarkən onun sərhəd ölçülərini və yerini müəyyən edən texniki sənəd (torpaq sahəsinin planı və ölçüsü, mövqe sxemi, ayrıc aktı və s.) tərtib olunmamış, həmçinin Sumqayıt Bələdiyyəsi tərəfindən idarənin arxiv saxlancına təhvil verilmiş arxiv məlumatlarında sözügedən texniki sənəd aşkar olunmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələrinin təsdiq edilməsi haqqında 2010-cu il 6 oktyabr tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələrinin 7.2-ci bəndinə əsasən mövcud torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq struktur bölməsinin mütəxəssisinin, Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi bölmələrinin nümayəndəsinin, bələdiyyənin və sərhədləri müəyyən olunacaq torpaq sahəsinin mülkiyyətçisinin (istifadəçisinin) və ya onların müvafiq qaydada verilmiş etibarnamələri əsasında vəkil etdikləri nümayəndələrin iştirakı ilə aparılır. Odur ki, məxsus torpaq sahəsinin naturada sərhədlərinin müəyyən edilməsi ilə bağlı “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nə uyğun olaraq adıçəkilən müvafiq qurumların iştirakı ilə yerində mərzçəkmə işləri aparılmaqla torpaq sahəsinin mərzçəkmə planının tərtib olunduqdan sonra sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş uzvluk kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikasinin Prezidentinin “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfat, idarələrinin ləğv edilməsi barədə 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamının 2.1-ci bəndinə əsasən ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin İqtisadiyyat Nazirliyinə verilməsinin təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələlərin qanunvericiliyə uygun olaraq həll olunması göstərilmişdir. Həmçinin bildirirlər ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi; hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi qaydasında aparılır. Eləcə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Buna görə də, iddiaçının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı Sumqayıt şəhəri, Novxanı bağları massivi 1722b saylı ünvanda yerləşən 12 sot torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının mərhum atası X2 məxsus olması barədə arayışın(çıxarışın) verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, sözügedən torpaq sahəsinə dair Sumqayıt şəhər Bağlar təsərrüfatı idarəsi tərəfindən hüquqmüəyyənedici sənəd (bağ sahəsinin uzunmüddətli icarəyə verilməsi barədə icarə müqaviləsi) verilsə də, bağ sahəsi ayrılarkən onun sərhəd ölçülərini və yerini müəyyən edən texniki sənəd (torpaq sahəsinin planı və ölçüsü, mövqe sxemi, ayrıc aktı və s.) tərtib olunmamış, həmçinin Sumqayıt Bələdiyyəsi tərəfindən idarənin arxiv saxlancına təhvil verilmiş arxiv məlumatlarında sözügedən texniki sənəd aşkar olunmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, işin hallarından görünür ki, iddiaçı 21 aprel 1998-ci il tarixdə vəfat etmiş X1 vərəsəsidir. Məhkəmə araşdırması zamanı müəyyən edildiki, Sumqayıt şəhər Soveti İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı idarəsi ilə X4 arasında bağlanmış 11214 №-li icarə müqaviləsinə əsasən Sumqayıt şəhəri Novxanı bağlar massivi 1722 В saylı 0.12 ha bağ sahəsi iddiaçının atasının istifadəsinə verilmişdir. Bu həmdə işin mübahisə olunmayan halıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Göründüyü kimi torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatına alınması üçün hüquqi əsas mövcuddur. Məhkəmə hesab edir ki, iddiaçının müraciətinin təmin olunmasından cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Belə ki, torpaq sahəsinə dair Sumqayıt şəhər Bağlar təsərrüfatı idarəsi tərəfindən hüquqmüəyyənedici sənəd verilsə də, bağ sahəsi ayrılarkən onun sərhəd ölçülərini və yerini müəyyən edən texniki sənədin idarənin arxiv saxlancına təhvil verilməməsi, arxiv məlumatlarında texniki sənədin aşkar olunmaması iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatına alınması üçün hüquqi əsas mövcuddur və həmin sənədin mötəbərliyi mübahisə olunmur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri iddianın əsassız hesab olması və təmin edilməməsi üçün əsas təşkil edə bilməz. İnzibati icraat haqqında Azərbaycan Respubliksı qanununun 24-cü maddəsinin tələbləri ilə müəyyən edilmişdir ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Eyni zamanda inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Ona görədə məhkəmə hesab edir ki, müvafiq texniki sənədin olmaması əsası ilə inzibati orqan imtina etməməli, inzibati icraat haqqında Azərbaycan Respubliksı qanununun tələblərinə uyğun olaraq müvafiq araşdırma aparmalı, torpaq sahəsi ilə bağlı mübahisənin olmadığı və iddiaçının hüquqmüəyyənedici sənədləri olduğu halda imtina verməməli idi. Məhkəmə hesab edir ki, bu əsassız imtina isə iddiaçının hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanuna əsasən : Maddə 22.2.. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən sənədlər və qanun normaları iddianın təmini üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Sumqayıt şəhəri, Novxanı bağları massivi 1722b saylı ünvanda yerləşən 12 sot torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının iddiaçının mərhum atası X2 məxsus olması barədə arayışın(çıxarışın) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-3467/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3467/2024
28.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver