Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3469/2025 02.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın, plan və ölçü sənədinin verilməsi) GİRİŞ HİSSƏ X3-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın, plan və ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 02 may 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-ci il tarixdə Quba rayonu Timiryazev bələdiyyəsi ərazisindən sahibkarlıq üçün verilmiş 0,0356 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1977-ci ildə Quba şəhərində anadan olmuşdur. xx.xx.2006-cı ildə ona Quba rayonu, Timiryazev kəndi ərazisindən sahibkarlıq məqsədi üçün 0,0356 ha torpaq sahəsi verilmiş və J№ 581 nömrəli, 30304048 kodlu, 781 nömrə ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktı təqdim edilmişdir. Həmin torpaq sahəsinin qaiməsi (sertifikatı) ləğv olunmuş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən təsdiq edilmişdir. Həmin torpaq sahəsinin iddiaçıya verilməsi haqqında Quba rayonu Timiryazev bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 09 saylı iclas protokolundan çıxarış, torpaqların alqı-satqısına dair akt, həmin torpağın pulunun ödənilməsi haqqında xx.xx.2002-ci il tarixli kassa mədaxil orderinin 15 nömrəli qəbzi, torpağın ona satılması barədə təqdim edilmiş sənədlərə dair rəy və verilən torpaq sahəsinin yerquruluşu planı da təqdim edilmişdir. Qeyd etdiyi sənədlər Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialında da mövcuddur. Qeyd olunmuş torpaq sahəsinə çıxarış, o cümlədən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. 5 saylı Xaçmaz Ərazi İdarəsi xx.xx.2024-cü ildə iddiaçıya məktub ilə cavab vermişdir. Məktubda qeyd olunmuşdur ki, ona verilmiş torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ləğv edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və dövlət aktının arxiv nüsxəsi Ərazi İdarəsində aşkar edilməmişdir. Bundan başqa, məktubda bildirilmişdir ki, ona məxsus torpağa mülkiyyət hüququna dair Dövlət Aktı elektron məlumat bazasında olan xəritə üzərində və torpağların elektron kadastr uçot informasiya sistemində öz əksini tapmamışdır. İddiaçıya verilmiş torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməməsi və dövlət aktının arxiv nüsxəsi Ərazi İdarəsində aşkar edilməməsi, ona məxsus torpağa mülkiyyət hüququna dair Dövlət Aktı elektron məlumat bazasında olan xəritə üzərində və torpağların elektron kadastr uçot informasiya sistemində öz əksini tapmaması onun təqsiri deyildir, bu hala görə o, heç bir halda heç bir məsuliyyət daşımır. Qeyd olunan vəzifələrin yerinə yetirilməsi aidiyyəti qurumların vəzifəli şəxslərinin vəzifə borcu olmuşdur. İddiaçı həmin vəxifəli şəxslərin məsuliyyətsizliyinə və səhlənkarlığına görə çıxarış ala bilmir və bu onu ciddi narahat edir. Heç bir təqsiri olmasına baxmayaraq, mülkiyyət hüquqlarını həyata keçirə bilməməyi məntiqsizdir. Ona görə də, qanuni hüquqlarının bərpası üçün Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmak məcburiyyətindədir.
3. Cavabdeh imtina məktubunda qeyd etmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilən, Quba rayonu Timiryazev bələdiyyəsinin 29.08 2002-ci il tarixli, 09 saylı qərarı əsasında sahibkarlıq məqsədi ilə iddiaçıya satılmış 0,0356 ha torpaq sahəsi üçun ərizəyə əlavə olunmuş JN-581 nömrəli (Kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və dövlət aktının arxiv nüsxəsi Ərazi idarəsində aşkar edilməmişdir. Bildirilir ki, JN-581 nömrəli (Kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastr uçot informasiya sistemində üz əksini tapmamışdır. Bundan əlavə, 0,0356 ha torpaq sahəsi azalaraq 0,023 ha ölçüdə öz əksini tapmışdır. Həmçinin 0,0356 ha torpaq sahəsi torpaqların elektron kadastr uçot informasiya sistemində digər şəxsin adına dövlət reyestrindən verilmiş çıxarışın zəbt hissəsində yerləşir.
4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
II. İddianın növü və mümkünlüyü
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
9. İddia tələbi çıxarışın və plan və ölçü sənədinin verilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
10. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:
11. JN-581 KOD 30304048 seriyalı Torpağın mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Quba rayon Timiryazev bələdiyyəsinin 29 avqust 2002-ci il tarixli, 09 saylı qərarına əsasən, Quba rayonu, Timiryazev kəndi ərazisindən sahibkarlıq məqsədi üçün 0,0356 ha torpaq sahəsi İddiaçı ayrılmışdır.
12. 06 sentyabr 2002-ci il tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, Timiryazev bələdiyyəsi ərazisində 0,0356 ha torpaq sahəsi İddiaçı satılmışdır.
13. 29.02.2002-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Quba rayonu Timiryazev bələdiyyəsinin hesabına 427 min manat torpağın dəyəri ödənilmişdir.
14. DT və XK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş rəydən görünür ki, oğluna satılması nəzərdə tutulan torpaq sahəsi 0,0356 ha olmaqla Timiryazev bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahsəsi kənd təsərrüfatına az yararlı olmaqla həmin məqsədə üçün satılması qanunamüvafiqdir.
15. Quba rayonu Timiryazev bələdiyyəsi tərəfindən təsdiq edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, İddiaçı ayrılmış 0,0356 ha torpaq sahəsinə dair tərtib edilmişdir.
16. Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli və xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, Quba rayon Timiryazev bələdiyyəsinin 29 avqust 2002-ci il tarixli, 09 saylı qərarının və əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
17. Məhkəmənin sorğusuna əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı ayrılmış torpaq sahəsinin qonşuluğunda yerləşən və üzərində mükiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahələrinə dair çıxarışların surətləri məhkəməyə təqdim edilmişdir.
18. Quba rayonu, Timiryazev kəndində yerləşən 0,0356 ha torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktından görünür ki, GPS aləti vasitəsi İlə torpaq sahəsinin ölçü və koordinatları naturadan (yerdən) götürülmüşdür. Faktiki olaraq həmin torpaq sahəsi hasarlanmışdır və iddiaçının faktiki istifadəsindədir. Müayinə zamanı heç bir mübahisəli hal qeydə alınmamışdır. Torpaq sahəsi gediş-gəliş yolu və qonşu torpaq sahələri ilə həmsərhəddir. İddiaçının faktiki istifadəsində olan iki mərtəbəli qeyri-yaşayış binasının bir hissəsi iddia olunan torpaq sahəsinin daxilində yerləşir. Kameral araşdırma nəticəsi olaraq bildiririk ki, iddia olunan torpaq sahəsi 0.0356 ha təşkil edir. Müayinə zamanı iddiaçı tərəfindən təqdim edilmiş JN-581 KOD 30304048 saylı Dövlət Aktı baza məlumatlarında olan DWJ xəritə materialları üzərində öz əksini tapmamışdır və DBF siyahısında həmin nömrə qeyd olunmamışdır. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin 48 kv.metr hissəsi baza məlumatlarında olan xəritə materialları üzərində **********65-06301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı məxsus torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı tərəfindən iddia olunan və faktiki istifadəsində olan torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən X1 kateqoriyalı olub (Müəssisələrin, təşkilatların və idarələrin istifadəsində olan torpaqlar) uqodiyası tikinti altında olan torpaqlar kimi göstərilmişdir.Torpaq sahəsi baza məlumatlarında olan xəritə materiallarına əsasən heç bir mülkiyyət sənədi ilə üst- üstə düşmür və heç bir mühafizə zolağında yerləşmir. Əlavə olaraq bildiririk ki, iddia olunan torpaq sahəsinin cənub-şərq, şimal-şərq və cənub-qərb istiqamətində olan torpaq sahələri üzərində çıxarışlar (**********48, **********72 və **********65-06301 nömrəli çıxarışlar) mövcuddur. Mübahisəli torpaq sahəsinə dair sxem tərtib olunmuşdur, koordinatlar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir.
IV. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
21. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən. torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə isə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1-ci maddə: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir (həmin normalar Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də qeyd olunmuşdur). 8.0.5. 2006-cı il iyulun 6- dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
23. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5-ci maddəsinə əsasən, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyətiorqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.
24. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin: 5-ci bəndinə əsasən, bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.
26. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin.
27. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri daşınmaz əmlakın dövlət reyestrinin daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.
28. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0-cı bəndində göstərilmişdir: Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq.
29. Zamana görə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 №-li Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə: Bənd 1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Bənd 2. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir.
30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
V. Məhkəmənin mövqeyi
31. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
32. Məhkəmə tərəfindən müəyyən edildi ki, Quba rayonu Timiryazev bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 09 saylı qərarına əsasən İddiaçı Quba rayonu, Timiryazev kəndi ərazisində 0,0356 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsinin iddiaçıya verilməsi torpaqların alqı-satqısına dair akt, həmin torpağın pulunun ödənilməsi haqqında xx.xx.2002-ci il tarixli kassa mədaxil orderinin 15 nömrəli qəbzi, torpağın ona satılması barədə təqdim edilmiş sənədlərə dair rəy və verilən torpaq sahəsinin yerquruluşu planı da təqdim edilmişdir. xx.xx.2006-cı ildə Quba rayonu, Timiryazev kəndi ərazisindən sahibkarlıq məqsədi üçün 0,0356 ha torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi dair Dövlət Aktı təqdim edilmişdir. X4 əsasən qeyd olunan torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü, eləcə də yerləşdiyi yerin sxemi göstərilmişdir.
33. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan sözügedən torpaq sahəsinə dair iddiaçının adına tərtib edilmiş müvafiq JN-581 nömrəli (Kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçmədiyi, dövlət aktının arxiv nüsxəsi Ərazi idarəsində aşkar edilmədiyi, Dövlət Aktı elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastr uçot informasiya sistemində üz əksini tapmadığını və bundan əlavə, 0,0356 ha torpaq sahəsi azalaraq, 0,023 ha ölçüdə öz əksini tapdığı, həmçinin 0,0356 ha torpaq sahəsi torpaqların elektron kadastr uçot informasiya sistemində digər şəxsin adına dövlət reyestrindən verilmiş çıxarışın zəbt hissəsində yerləşdiyi qeyd edilmişdir.
34. Məhkəmə hesab edir ki, torpağın İddiaçı tərəfindən bələdiyyədən alqı-satqı müqaviləsi əsasında əldə etməsi DTXK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli dövlət aktı ilə təsdiq edilir. Həmin dövlət aktının DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyat kitabında qeydə alınmaması, adlı siyahıda və xəritə üzərində məlumatların aşkar edilməməsi barədə dəlillərini məhkəmə əsassız hesab edir. Belə ki, həmin hallar müvafiq dövlət orqanlarının funkisyalarına aiddir və həmin sənədlərin və ya qeydiyyatın aşkar edilməməsi vətəndaşın mülkiyyət hüququnun məhdudlaşdırmamalıdır.
35. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən Quba rayonu, Timiryazev kəndində yerləşən 0,0356 ha torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktına əsasən, iddia olunan torpaq sahəsi 0.0356 ha təşkil edir. Müayinə zamanı iddiaçı tərəfindən təqdim edilmiş JN-581 KOD 30304048 saylı Dövlət Aktı baza məlumatlarında olan DWJ xəritə materialları üzərində öz əksini tapmamışdır və DBF siyahısında həmin nömrə qeyd olunmamışdır. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin 48 kv.metr hissəsi baza məlumatlarında olan xəritə materialları üzərində **********65-06301 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı məxsus torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı tərəfindən iddia olunan və faktiki istifadəsində olan torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən X1 kateqoriyalı olub (Müəssisələrin, təşkilatların və idarələrin istifadəsində olan torpaqlar) üqodiyası tikinti altında olan torpaqlar kimi göstərilmişdir.Torpaq sahəsi baza məlumatlarında olan xəritə materiallarına əsasən heç bir mülkiyyət sənədi ilə üst- üstə düşmür və heç bir mühafizə zolağında yerləşmir. Əlavə olaraq bildiririk ki, iddia olunan torpaq sahəsinin cənub-şərq, şimal-şərq və cənub-qərb istiqamətində olan torpaq sahələri üzərində çıxarışlar (**********48, **********72 və **********65-06301 nömrəli çıxarışlar) mövcuddur. Mübahisəli torpaq sahəsinə dair sxem tərtib olunmuşdur, koordinatlar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir.
36. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən isə hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
37. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).
38. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak” “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı).
39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
40. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Quba rayonu, Timiryazev kəndində yerləşən 0.356 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X3-Abbaszadə