Məhkəmə qərarları › İş №2-1(118)-3476/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3476/2025

15.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3476/2025 15.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ X11 5 saylı Xaçmaz Ərazi İdraəsinə qarşı “torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ X11 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN-0279 nömrəli (KOD:303100380 “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə Quba rayonu X6 29 mart 1997-ci il tarixli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş Quba rayonu, Paşaoba kəndi ərazisində yerləşən 2,69 ha torpaq sahəsinin 0,7722 ha hissəsi satıldıqdan sonra 279C ilə işarələnmiş yerdən qalan hissəsinə yəni, 1,91 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 27 avqust 1959-cu il tarixdə anadan olmuşdur. Hazırda yuxarıda qeyd olunan ünvanda yaşayır. Bildirir ki, JN-0279 nömrəli (KOD: ********) “Torpağa mülkiyyət hüququna dair’' Dövlət aktı ilə Quba rayonu Aqrar İslahat Komissiyasının 29 mart 1997-ci il tarixli qərarı ilə Quba rayonu, Paşaoba kəndi ərazisində yerləşən 2,69 ha torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin 0,7722 ha hissəsini Quba regional “ASAN xidmət” notariat mərkəzində bağlanmış 22 yanvar 2021-ci i! tarixli alqı-satqı müqaviləsinə əsasən satdıqdan sonra 279C ilə işarələnmiş yerdən qalan 1,91 ha torpaq sahəsi iddiaçının faktiki mülkiyyətində və istifadəsində olmuşdur. Həmin torpaq sahəsi üzərində hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh tərəfindən ərizənin icrasından imtina edilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyi 22 yanvar 2023-cü il tarixli, 4Ə-119 reyestr nömrəli alqısatqı müqaviləsinin təsdiq edilməsi üçün əsas olmuş JN-0279 nömrəli (KOD ********) seriyalı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ləğv edilmiş Dövlət torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən Daşınmaz Əmalkın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının skanlaşmış kitablar üzrə qeydiyyat kitablarında qeydiyyatdan keçməmişdir. Bundan əlavə 1,9178 ha torpaq sahəsinin faktiki yeri hal-hazırda digər mülkiyyətçilərin istifadəsində olduğundan torpaq sahəsi üzərində mübahisə mövcuddur. Cavabdehin imtinası tamamilə əsassız və qanunsuzdur. Cavabdeh imtinasında qeyd etmişdir ki, dövlət aktı qeydiyyat kitablarında qeydiyyatdan keçməmişdir. Vətəndaş olaraq bu onun səhvi və ya öhdəliyi deyildir. Əgər bir dövlət orqanı digər dövlət orqanına müvafiq sənədi vaxtında təhvil verməmişdirsə bu hal iddiaçının mülkiyyət hüququmun dövlət reyestrində qeydiyyata alınmasından imtina kimi istinad edilə bilməz. Digər hal ilə bağlı bildirilir ki, cavabdeh imtinasında qeyd edir ki, torpaq sahəsi üzərində mübahisə mövcuddur. İşin faktiki halı ondan ibarətdir ki, hazırki mübahisə predmeti olan 2,69 ha torpaq sahəsi iddiaçının, 282 nömrəli dövlət aktı ilə isə 2,16 ha torpaq sahəsi X2 faktiki istifadəsinə və mülkiyyətinə verilmişdir. İddiaçıya məxsus olan torpaq sahəsi X2, sonuncuya məxsus olan torpaq sahəsi isə iddiaçının evinə yaxın düşdüyündən öz aralarında razılığa gəlmiş, torpaq sahələrini dəyişmiş və illərdir həmin torpaqlardan istifadə etmişdirlər. Lakin sonradan X1 Ziyafət Nurəddin qızı xəbərsiz olaraq faktiki olaraq iddiaçının istifadəsində, lakin sənəd üzrə isə onlara məxsus olan torpaq sahəsinə çıxarış almış, nə iddiaçının torpağını yəni mübahisə predmeti olan hazırki torpaq sahəsini geri qaytarır nə də ki, özünün çıxarış aldığı torpaq sahəsindən istifadə etməyə imkan verir. Bununla bağlı qonşular da şahiddirlər. Cavabdehin imtinasında qeyd etdiyi mübahisə məhz bu qeyd olunanlardan ibarətdir. Ziyafət Əlirzayeva dövlət aktı ilə iddiaçıya məxsus olan torpaq sahəsinə də çıxarış almağa cəhd göstərsə də nəticəsi olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il, 5 nömrəli Qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3-cü bənd). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7 -ci bənd). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5-ci bənd).Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). İddia tələbindən göründüyü kimi, iddiaçı 1,91 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş edir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinə naturada (yerdə) baxış keçirdik və iddia olunan torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə götürülmüşdür. Torpaq sahəsinin müayinəsi zamanı heç bir mübahisəli hal qeydə alınmamışdır. Faktiki olaraq iddia olunan torpaq sahəsi iddiaçı tərəfindən deyil digər şəxs və ya şəxslər tərəfindən istifadə olunur. İddia olunan torpaq sahəsinin daxilində faktiki olaraq digər şəxs və ya şəxslər tərəfindən istifadə olunan qeyri yaşayış binası və yarımçıq tikili mövcuddur. Kameral araşdırma nəticəsi olaraq bildiririk ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi 1,92 ha təşkil edir. Qeyd edək ki, JN-279 kod 30310038 saylı Dövlət Aktında torpaq sahəsi 2,69 ha göstərilmişdir. Həmin 2,69 ha torpaq sahəsi Dövlət Aktından göründüyü kimi iki planşet üzərində öz əksini tapmışdır. Bildiririk ki, Dövlət Aktının 279 nömrəli planşetində göstərilən 0,77 ha torpaq sahəsi mübahisə predmeti deyildir və həmin torpaq sahəsi iddiaçı və ailə üzvləri tərəfindən alqı-satqı müqaviləsi ilə özgəninkiləşdirilmişdir (digər şəxsə satılmışdır). Dövlət Aktında öz əksini tapmış 279C planşetinə əsasən 1,92 ha torpaq sahəsi mübahisəlidir. Həmin planşet üzrə 1,92 ha torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmamışdır. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin 0,1627 ha hissəsi baza məlumatlarında olan xəritə materialları üzərində **********26 reyestr nömrəli çıxarışa əsasən X9 və ailə üzvlərinə məxsus torpaq sahəsi ilə, 1,1638 ha hissəsi **********76 reyestr nömrəli çıxarışa əsasən X4 məxsus torpaq sahəsi ilə, 0,59 ha hissəsi isə torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) göstərilmiş JN-521 nömrəli Dövlət Aktına əsasən torpaq sahəsi ilə, 0,3474 ha hissəsi **********10 reyestr nömrəli çıxarışa əsasən X5 məxsus torpaq sahəsi ilə üst-üstə düşür. 5 saylı Xaçmaz Ərazi İdarəsində JN-521 nömrəli Dövlət Aktı barəsində heç bir məlumat mövcud deyildir. JN-279 KOD 30310038 saylı Dövlət Aktı baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmadığından həmin torpaq sahəsinin iddia olunan torpaq sahəsi ilə uyğun olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. İddia olunan torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən X8 torpaq sahəsidir. İddia olunan torpaq sahəsinin daxilindən 10 kv-luq hava elektrik xətti keçir. Göründüyü kimi iddiaçının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsini tələb etdiyi torpaq sahəsi başqa şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və onlara müvafiq çıxarışlar verilmişdir. Həmin daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatlar və onların aparılmasına əsas olmuş hüquq müəyyənedici sənədlər qüvvədə olduğundan sözügedən torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi mümkün deyildir. İddiaçı tərəfindən daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət edilmədiyindən iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı iddiaçıya hüquqi yardım edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddia tələbi mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar