Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3479/2024 23.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Elşən oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı, X9 və X7 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,0266 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi üzərində vahid əmlak kimi mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə olan mülkiyyət hüquqlarının dövlət reystrində qeydiyyata alınması, onun və övladlarının mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra X9 və X10 ərizə ilə müraciət edərək işdə birgə iddiaçı qismində tanınmlarını məhkəmədən xahiş etmişlər. İddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,0266 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi üzərində vahid əmlak kimi mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin hər 1/3 pay olmaqla mülkiyyətçiləridir. Həmin ev və üzərində evin tikildiyi torpaq sahəsi İddiaçı mərhum əri, İ.Ağayev və V.Ağayevin isə mərhum ataları X6 məxsus olmuşdur. İddiaçı həmin evə gəlin gəlmişdir. Həmin dövrdə sənədsiz evlərə mülkiyyət hüququnun verilməsi, əmlakın qeydə alınması və inventarlaşdırılması məqsədi ilə Abşeron rayonu XDS İK-nin 1-993 saylı qərarı qəbul edilmişdir. İddiaçı 1977-ci ildə ailə quranda həmin həyət və ev var idi, o, həmin evə, həyətə gəlin gəlmişdir. Həmin nikahdan Vüqar və İlqar adlı iki övladları olmuşdur. Əliağa Ağayev 1984-cü ildə vəfat etmişdir. Hazırda iddiaçıların adına olan evin yerləşdiyi və faktiki istifadələrində olan torpaq sahəsinin mülkiyyətlərində olmasına dair çıxarışın verilməsinə zərurət yaranmışdır. DƏDKR publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi bizim daşınmaz əmlaka verdiyi 2011-ci il tarixli texniki pasportda ev və torpaq sahəsi avdın göstərilmiş, evin cizgisi, torpağın situasiya planı dəqiq qeyd olunmuşdur. Həmin faktlar DƏDKR publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin sələfi olan Texniki İnventarlaşdırma İdarəsi tərəfindən verilən 1999-cu il tarixli texniki pasportda da göstərilmişdir. İddiaçılar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri puhlik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə evin yerləşdiyi və faktiki istifadələrində olan torpaq sahəsi üzərində vahid əmlak kimi mülkiyyət hüququnun qeydə alınmasını xahi. Etmişlər. Onların fərdi yaşayış evin üzərində mülkiyyət hüquqları qeydə alınsa da, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasını göstərməklə torpaq sahəsi üzərində istifadə hüquqları qeydə alınmışdır. Onlar mülkiyyət hüququnun vahid əmlak üzərində qeydə alınmasını xahiş etmişlər, lakin onlara imtina cavabı verilmişdir. Cavabdeh imtinanın səbəbi kimi torpaq sahəsinin sənəd və faktiki yerləşmə yeri arasında konfiqurasiya fərqi olmasını göstərmişdir. Lakin torpaq sahəsində heç bir konfiqurasiya yoxdur, sadəcə həyətyanı iki qardaş arasında bölünüb, arada qapı qoyulmaqla istifadə edilir. Məhkəmə iclasında iddiaçı (eyni zamanda iddiaçı X7 nümayəndəsi) iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, aparılan araşdırma zamanı sözügedən fərdi yaşayış evinin yerləşdiyi sənəd üzrə torpaq sahəsi ilə faktiki arasında konfiqurasiya fərqinin olduğu müəyyən edilmişdir. İş materiallarında olan: - MA seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı, X9 və X7 mülkiyyət hüququ, evin yerləşdiyi torpaq sahəsi üzəinə istifadə hüquqları tanınmışdır. - Reyestr kitabında 14657 nömrəli ilə qeydə alınmış 450 inventar nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 X4 adına qeydə alınmışdır. - İ-ЖГ 420864 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməədn görünür ki, Eldarova X1 xx.xx.1977-ci il tarixdə tarixdə X8 ilə rəsmi nikaha daxil olmuşdur. - AZ-İ 417557 nömrəli ölüm haqqında şəhadətnmədən görünür ki, X8 xx.xx.1984-cq il tarixdə vəfat etmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli texniki pasportdan görünür ki, həmin sənəd ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib edilmişdir. - xx.xx.2024-cü il tarixli müayinə aktından görünür ki, texniki pasportda göstərilmiş fərdi yaşayış evi mövcuddur, daxili ölçüləri eskiz layihə ilə uyğundur. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı, X9 və X7 adına verilmiş çıxarış və onun verilməsi üçün əsas olmuş sənədlər məhkəməyə göndərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Abşeron rayon XDS İn-n xx.xx.1988-ci il tarixli 08/08 saylı qərarına əsasən Abşeron rayonu ərazisində vətəndaşlara məxsus, movcud normadan artıq olmayan, qırmızı xətti pozmayan və yaşayış evləri üzərində mülkiyyət hüququnu təsdiq edən sənədləri olan vətəndaşlara qeydə alma vəsiqəsinin verilməsi qərara alınmışdır. Həmin qərara əsasən Abşeron rayon X2 və Mülkiyyət Hüququnun Qeydiyyatı İdarəsi tərəfindən mərhum X4 adına ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi 31,6 kv m, köməkçi sahəsi 40,6 kv m olan fərdi yaşayış evinə dair 14657 reyestr kitabında 450 nömrə ilə qeydə alınmış qediyyat vəsiqəsi verilmişdir. Həmin evə dair 1987-ci ilin sentyabr ayında mərhum Ə.Ağayevin və 1999-cu ildə onun vərəsələrin, hazırki iddiaçıların adına tərtib edilmiş texniki pasportda hətəyanı torpaq sahəsinin 293.0 kv m olması göstərilmişdir. Cavabdeh orqan tərəfindən 2011-ci ildə tərtib edilən texniki pasportuna və müayinə aktına görə həyətyanı torpaq sahəsinin faktiki ölçülərinin 266 kv m olması göstərilmişdir ki, hazırda iddiaçılar da həmin hətəyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İşin faktiki hallarından müəyyən olunur ki, ilk öncə torpaq sahəsi X11 ayrılmış, həmin torpaq sahəsi vətəndaşın faktiki istifadəsində olmuşdur. Ə.Ağayevin adına verilmiş qeydiyyat vəsiqəsində göstərilən Abşeron rayon XDS İK-nin 08/08 saylı xx.xx.1988-ci il tarixli qərarından görünür ki, həmin qərarla Abşeron rayonu ərazisində vətəndaşlara məxsus, mövcud normadan artıq olmayan, qırmızı xətti pozmayan və yaşayış evləri üzrə mülkiyyət hüququnu təsdiq edən sənədləri olan vətəndaşlara “Qeydə alma” vəsiqəsinin verilməsi qərara alınmışdır. Ə.Ağayev vəfat etdikdən sonra ərdi yaşayış evi onun vərəsələri – arvadı və uşaqlarına miras qalmış və onlar vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu əldə etmişlər. Yaşayış evi hazırda iddiaçıların mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Ə.Ağayevin adına 1987-ci ildə tərtib edilmiş texniki pasportdan görünür ki, evin yerləşdiyi torpaq sahəsinin ölçüləri 293 kv m təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2, 2.4-cü bəndlərinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair ....üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 266 kv m torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüququ vardır. Evin həmin torpaqda yerləşdiyi mübahiəsləndirilmir və yuxarıda sadalanan normalara əsasən iddiaçılara torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması üçün əsas verir. Məhkəmə qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin etirazının dəlilləri əsassız hesab edilərək iddia təmin olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,0266 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi üzərində birgə vahid əmlak kimi iddiaçılar İddiaçı, X9 və X7 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-3479/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3479/2024
23.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver