Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-348/2023 13.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Aytəkin Ramiz qızının katibliyi, İddiaçı X1 (Quba şəhəri,Fətəlixan küçəsi,ev 35 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X4 (Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hüquq şöbəsinin aparıcı mütəxəssisi ,ünvan 2 ünvanında yaşayan ) iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ona xx.xx.2021ci il tarixdən müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.2021-ci il tarixdən müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2011-ci il tarixdə ikinci dərəcəli əlillik təyin edilmişdir. Bundan sonra əlilliyin müddəti hər dəfə bir il müddətinə, sonuncu dəfə 2016-cı ildə isə 5 il müddətinə təyin edilmişdir. 2021-ci ilin sentyabr ayında müddət bitdikdə əlilliyin müddəti uzadılmamışdır. İmtinanın səbəbi kimi gönsərişin natamam doldurulması və köməkçi diaqnostik müayinələrlə xəstəliyin ağırlaşmasının dəqiqləşdirilməsi, daha sonra sümük rentgenoqrafiyasının ətraflı qeyd edilməməsi göstərilmişdir. Cavabdehin dəlilləri formal xarakter daşıyır. Belə ki, əsas diaqnoz kimi “daban sümüyünün sınığı, sol daban sümüyünün qeyri-düzgün bitişmiş sınığı, aşıq-daban oynağının artrozu” göstərilmişdirsə, əliliyi dövründə bu diaqnoz daha da ağır fəsadlara yol açmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iddiaçının əlillik vəziyyəti Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişinə əsasən iddiaçıya “sol daban sümüyünün qəlpəli qeyri-düzgün bitişmiş sınığı, sol aşıq-baldır oynağının artrozu” diaqnozu əsasında üçüncü dərəcə əlillik bir il müddətinə verilmişdir. Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında əlilliyin müddəti daha bir il müddətinə, 2016-cı ildə isə 5 il müddətinə uzadılmışdır. Sonuncu dəfə Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli göndərişlərinə baxılmış və göndərişin natamam doldurulması səbəbi ilə iddiaçıya imtina cavabı verilmişdir. Cavabdehin nümayəndəsi X5 iddianı qəbul etmədi və iddia ərizəsinə etiraz ərizəsində göstərilənləri müdafiə edərək iddianın rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan : - Quba rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən verilmiş 0244003AAPAZ 0244003AAQTH nömrəli göndərişlərdən görünür ki, X1 əlillik vəziyyəti ilə bağlı Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir. - 38 saylı Zona TSEK tərəfindən verilmiş arayışlardan görünür ki, İddiaçı 2012, 2013-cü illərdə 1 il müddətinə İİ dərəcəli, xx.xx.2016-cı ildə 5 il müddətinə İİİ dərəcəli əlillik təyin edilmişdir. - TSEK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xx.xx.2022 –ci il tarixli cavablardan görünür ki, göndərişin natamam doldurulması əsas diaqnozun ağırlaşmalarını təsdiq edən istrumental müayinələrin dəqiləşdirilməməsi səbəbindən X2 əlilliyin təyinindən imtina edilmişdir. İş üzrə təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və X7-Təcrübi və Tədris Birliyi tərəfindən keçirilmiş T589/2022 saylı rəyindən görünür ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsində adına tərtib edilmiş göndərişdə (088 №-li Formada) qeyd edilən “XİX sinif-travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S90-S99-aşıq- baldır oynağı və ayaq nahiyələrinin travmaları => S92 ayağın sınığı, aşıq-baldır oynağı... Diaqnozun mətni: Daban sümüyünün sınığı, sol daban sümüyünün qəlpəlİ sınığı, aparılmış konservativ müalicədən sonrakı vəziyyət (2010)” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Əsas diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsində aşkar edilmiş patomorfoloji dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin istər xx.xx.2015- ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq İmkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarla təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin təyini ilə əlaqədar meyarlarının hər hansı birinə aid etmək mümkün olmadı. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, istər iddiaçının əlilliyin qiymətləndirilməsi zamanı, istərsə də hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olması ona əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi üçün əsasdır. İş materiallarında iddiaçının eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə, ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olması iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmamışdır. İddiaçının barəsində verilmiş forma 88 üzrə göndərişlərdə onun yalnız xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək stasionarda müalicədə olması və xx.xx.2021-ci il tarixdə EN Travmatologiya və Ortopediya İnstitutunda müayinədə olması müəyyən edilmişdir ki, bu qeyd edilən tələblərə cavab vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədən görünür ki, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Əsasnamənin 1.4-cü bəndinə əasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur (1.5) Əsasnamənin 2.1-2.5-ci bəndlərində əlilliyin təyin olunması üçün meyarlar sadalanmışdır. Lakin iddiaçıda müəyyən edilən diaqnoz əlilliyin təyin olunması üçün nəzərdə tutulmuş meyarlar arasında nəzərdə tutulmamışdır. Azəfrbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliin qiymətlənidirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinı göndərişlərin verilməsi Qaydası”nın 1.-ci bəndinə görə göndərişin verilməsi üçün əsas aşağıdakılardan ibarətdir ... 1.5.1 şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyat pozuntularının olması. İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının rəyi ilə də iddiaçıya təyin olunmuş diaqnozun əlillik dərəcəsinin təyin edilməsi üçün əsas vermədiyi öz təsdiqini tapmışdır. Bundan başqa iddiaçı əziyyət çəkdiyi xəstəliyin sağalmaz olduğunu bildirərək ona əlilliyin müddətsiz təyin olunmasını tələb etməsi ilə bağlı məhkəmə qeyd edir ki, qanunvericilikdə əlilliyin müddətsiz təyin olunması ilə bağlı meyarlar nəzərdə tutulmuşdur. Belə ki, ikinci dərəcəli əlilliyin 10 il müddətində və ya üçüncü dərəcəli əlilliyin 15 il müddətinə fasiləsiz təyin olunduğu halda şəxsə əlillik müddətsiz təyin olunmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçıya 2011-ci ildən 2014-cü ilədək ikinci dərəcəli, 2014-2021-ci illərdə isə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin təmin olunması üçün qanuni əsas müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-348/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-348/2023
13.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver