Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3482/2023 29.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qulluq illərinə görə pensiyasının əlavəsinin azaldılmadan, pensiyanın yenidən hesablanması və keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçıyuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdırılmışdır ki, iddiaçı hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmiş sığortaolunan şəxs, ona pensiya təyin edildikdən sonra işləməkdə davam edərək 6 ildən çox işləmişdir. Onun hal- hazırda fərdi hesabının sığorta hissəsində toplanan kapitalı mövcuddur. Yaşa görə əmək pensiyasına çıxdıqdan sonra fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış yəni, əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış pensiya kapitalı mövcuddur. Buna görə də cavabdeh orqana müraciət edərək əmək pensiyasına çıxdıqdan sonra işləyib topladığı sosial sığorta kapitalını nəzərə alaraq, aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasını və ümumi məbləğinin artmasını xahiş etmişdir. Lakin müraciəti, aldığı cavab məktubundan görünür ki, təmin edilməmişdir. Bildirir ki, o, aidiyyəti üzrə cavabdehə müraciət edəndə məqsədi sığorta kapitalı əsasında pensiyanın məbləğinin artırılmasına nail olmaq idi. "Əmək pensiyaları haqqında" Qanunun 29.2-ci maddəsi xx.xx.2023-cu il tarixədək qüvvədə idi. "Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsindəki "və daha çox işləyərək" müddəası 6 ildən sonra hansı müddət intervalında toplanan kapitaldan istifadə etmənin məhdudiyyətini aradan qaldırmışdır. Hazırda qüvvədə olan Əmək pensiyaları haqqında Qanunun ona şamil edilməməsi barədə hər hansı məhdudiyyət mövcud deyil. Konstitusiya məhkəməsinin xx.xx.2022 tarixli qərarında isə xx.xx.2023 tarixdən qüvvəyə minmiş qanun barədə, xx.xx.2023 tarixdən müraciət edəcək şəxslər barədə heç nə yazılmamışdır, yazılması qeyri-mümkündür. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddianı müdafiə etmiş və bildirmişdir ki, pensiyaya çıxdıqdan sonra işlədiyi üçün pensiyasının artırılmasını istəyir, iddianın təmin olnmasını xahiş edir. Cavabdeh etirazında qeyd edir ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona hərbi qulluqçu kimi xidmət illərinə görə pensiya təyin edilmişdir. Bildirir ki, pensiya təyin edildikdən sonra müxtəlif vaxtlarda müxtəlif vəzifələrdə işləməyə davam etmişdir. Pensiyaya çıxdıqdan sonra 6 ildən çox işləməyə davam etmiş və fərdi hesabının sığorta hissəsində pensiya kapitalı toplanmışdır. Qeyd edir ki, pensiyaya çıxdıqdan sonra fərdi hesabının sığorta hissəsində olan və istifadə olunmamaış pensiya kapitalı pensiyanın yenidən hesablıanması zamanı qanunvericiliyə uyğun qaydada hesablanmamışdır. Bildirir ki, cavabdehə pensiyanın yenidən hesablanması üçün müraciətinin məqsədi sığorta kapitalı əsasında pensiyasının məbləğinin artmasına nail olmaq idi. İddiaçı hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2023-cü il tarixdək qüvədə olmuş 29.2-ci maddəsi və həmin qanunun 37.3.1-ci maddəsində müəyyən edilmiş qaydada əmək pensiyası qulluq stajına görə əmək pensiyasına əlavəsi azaldılmadan yenidən hesablanmalıdır. İddiaçı eyni məzmunlu tələblə cavabehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən əmək pensiyasının yenidən hesablanması ilə bağlı xx.xx.2022-ci il tarixdəki müraciəti əsasında iddiaçının əmək pensiyasının sığorta hissəsi pensiya təyin edildikdən sonra toplanılmış sığorta pensiya kapitalı əsasında həmin tarixdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq yenidən hesablanmışdır. Belə ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 25522,18 manat pensiya kapitalı əsasında Qanunun 37.3.1-ci, 29.2-ci və 45-ci maddələrinə uyğun qaydada yenidən hesablanmışdır. Nəticədə pensiyanın sığorta hissəsi 516,42, qulluq stajına görə əlavənin məbləği isə 250,15 manat təşkil etmişdir. Qeyd olunalardan da müəyyən edilir ki, iddiaçının pensiya sığorta kapitalı onun müraciəti əsasında istifadə olunmuşdur. Qanunun xx.xx.2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının yenidən hesablanması mümkün hesab edilməmişdir. İddiaçıya bildirilmişdir ki, əmək pensiyasının yenidən hesablanması məsələsinə işlədikdən sonra işdən azad olunduğu təqdirdə və ya işləyən əmək pensiyaçısı kimi pensiya sığorta kapitalına əsasən yenidən hesablandığı tarixdən 6 il keçdikdən sonra baxıla bilər. Əlavə olaraq qeyd edilmişdir ki, Qanunun xx.xx.2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası 843,23 manata, 29-cu maddəsinə əsasən isə indeksləşdirmə ilə əlaqədar 967,18 manata çatdırılaraq ödənilməkdir. Hesab edirlər ki, iddiaçının müraciətinə verilmiş cavab qanuni və əsaslı olmuşdur. İddiaçıya cavabdeh tərəfindən xx.xx.2009-cu il tarixdə xidmət illərinə görə pensiya təyin edilmişdir. İddiaçının sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyası 766,57 manat məbləğində aşağıdakı tərkibdə olmaqla ödənilir: Əmək pensiyasının sığorta hissəsi-296,40 manat; Qulluq stajına görə əmək pensiyasına əlavə-470,17 manat. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən “bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır". Sözügedən Qanunun 45-ci maddəsinə əsasən “gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayt güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır”. Həmin Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006- cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci maddəsinə əsasən "Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddəti 144 ay (12 il) nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli Qərarının təsviri əsaslandırıcı hissəsində də təsbit edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır”. Məlum olduğu kimi, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 65.1-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsi Plenumunun qərarı giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarətdir. Sözügedən Qanunun 65.3.3-cü və 65.3.4-cü maddələrinə əsasən təsviri-əsaslandırıcı hissədə konstitusiya işinə baxılması zamanı müəyyən edilmiş hallar və qərarın çıxarılması üçün rəhbər tutulmuş Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının başqa qanunlarının maddələri göstərilir. Göründüyü kimi, Qanunun 29.2-ci maddəsinə uyğun olaraq pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əlavənin azaldılması Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən Qərarının təsviri-əsaslandırıcı hissəsində müəyyən edilmiş hallardan biri olmaqla həmin qərarın tərkib hissəsidir. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 25522,18 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. Qeyd olunanları nəzərə alınaraq, 25522,18 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 116 (25522,18:116 (65 il 6il -62 il 4 ay+27 ау+(144 ay-72 ay)=220,02 manat) aya bölünərək əmək pensiyasının sığorta hissəsinin (296,40 manat) üzərinə əlavə olunmaqla pensiyanın sığorta hissəsi 516,42 (296,40+220,02) manat müəyyən edilmişdir. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq iddiaçının qulluq stajına görə əlavənin məbləği (470,17 manat) həmin artımlar qədər (220,02 manat) azaldılmışdır. Nəticədə, hazırda əmək pensiyasının sığorta hissəsi 516,42 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 250,15 (470,17-220,02) manat təşkil edir. Əlavə olaraq bildirirlər ki, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla iddiaçıya Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinizin 10 faizi-76,66 manat maddi yardım ödənilir Yuxarıda qeyd olunanlardan başqa, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalan”nın təsdiq edilməsi barədə 11 dekabr 2017- ci il tarixli 17 nömrəli Qərarının 13 may 2022-ci il tarixnədək qüvvədə olmuş redaksiyasına əsasən sözügedən Qərarın 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 47 nömrəli misalların tələblərinə görə “Əmək pensiyaları haqqında" Qanunun 37.3.1 -ci maddəsinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanması hüququ olan şəxs müraciət etdikdə fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyası onun müraciət etdiyi tarixdən sonrakı ayın birindən ödənilir. Eyni zamanda bildirirlər ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəs nə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38ci maddəsinin İ və İİİ hissələr nə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Qərarı ilə əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların ‘Əmək pensiyalan haqqında” Qanunun 37.3.1 -ci maddəsinə əsasən yenidən hesablanma məsələsinə aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli Qərarında əmək pensiyasının sığorta kapitalı əsasında yenidən hesablanmasının müraciət edildiyi gündən həyata keçirildiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022 ci il tarixli 175 nömrəli Qərarında isə yenidən hesablanmış əmək pensiyasının növbəti ayın 1-dən ödənildiyi qeyd olunmuşdur. Bundan başqa məhkəmənin sözügedən qərarının əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minən 5 noyabr 2022-ci il tarixli 627- VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Qanunun 29.2-ci maddəsi ləğv edilmişdir. Bununla bağlı bildirirlər ki, həmin qanunun keçid müddəalarının 2.2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 29.1 -ci maddəsi həmin Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əlavələr təyin edilmiş şəxslərin əmək pensiyalarının 2023-cü il yanvarın 1-dək olan dövr üçün yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Konstitusiyanın 149-cu maddəsinin 7-ci hissəsi ümumi şəkildə aşağıdakı qaydaları müəyyən edir: normativ hüquqi akt yalnız gələcəyə dair qaydaları müəyyən edir, onun geriyə qüvvəsi yoxdur. Bu qaydanın aydınlaşdırılması üçün Konstitusiyanın 149-cu maddəsinin 7-ci hissəsində nəzərdə tutulmuş iki halı dəqiq şəkildə ayırmaq və onları ikincidən başlamaqla bir- birinin ardınca tədqiq etmək lazımdır. Normativ hüquqi aktın geriyə qüvvəsi yoxdur. Bu qaydanın mahiyyəti ondan ibarətdir ki, məhkəmə, normativ hüquqi aktı, onun qüvvəyə minməsindən əvvəl baş vermiş faktlara (münasibətlərə), bu faktların yaratdığı hüquqi nəticələri dəyişmək və ya ləğv etmək məqsədilə tətbiq edə bilməz. Normativ hüquqi akt, onu qəbul edənin diktəsidir, bu isə yalnız gələcək zamana təsir edə bilər. Vətəndaşdan bilmədiyi qaydaya riayət edilməsini tələb etmək olmaz. Bu prinsip hüquq münasibətlərinin subyektləri arasındakı münasibətlərin sabitliyini və hüquq qaydasının möhkəmliyini qoruyur. Prinsipin əksini qəbul etmək, həmin normativ hüquqi akta tabe olanların hafizəsində onun nüfuzunu sarsıtmaq demək olardı. Yeni normativ hüquqi akt qüvvəyə mindiyi andan yalnız onun dərcindən sonra baş vermiş faktları və hadisələri əhatə edir. Normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsinin əsasları daha ətraflı təhlil edilərkən, ilk növbədə, hüquq normasının zamana görə ictimai münasibətlərə təsirinin təbiətinə aydınlıq gətirilməlidir. Hüquq nəzəriyyəsində zamanın keçmiş, indiki və gələcək zaman kəsiyinə müvafiq olaraq hüquq normalarının üç əsas tipi fərqləndirilir: geriyə təsir edən norma (olmuş, olan və gələcəkdə yaranacaq münasibətləri tənzimləyən); təxirəsalınmaz təsir edən norma (olan və gələcəkdə yaranacaq münasibətləri tənzimləyən); perspektiv təsirli norma (gələcəkdə yaranacaq münasibətləri tənzimləyən). Hüquq normalarının zamana görə qüvvəsinin təsnifatı, ilk növbədə, hüquq normasının ictimai münasibətlərə təsirinin hüquqi qüvvəsinin əhəmiyyətini görməyə, digər tərəfdən isə əvvəlki və yeni normalar arasında zamana görə yarana biləcək ziddiyyətləri aşkar etməyə imkan yaradır. Əksər normativ hüquqi aktların “lex retro non agit” prinsipinə əsasən geriyə qüvvəsi olmur. Həmin aktlar yalnız hüquqi qüvvəyə mindikdən sonra yaranan münasibətlərə tətbiq edilir. Normativ-hüquqi aktın hüquqi qüvvəsinin geriyə şamil olunmaması hüquq sistemində qayda və hüquqi təhlükəsizlik zəmanətini yaradır. Belə məhdudiyyət, ilk növbədə, qanunvericiliyin və təcrübədə normaları tətbiq edən orqanların fərdin subyektiv hüquqlarına haqqsız müdaxiləsindən qoruyur. Qanunvericilikdə hüquqi müəyyənlik, yəni yeni hüquq normasının gözlənilməsi (əvvəlcədən gözlənilən, hüquq sisteminin dəyərləri və məntiqinə zidd olmayan) prinsipi hüquqi dövlətin əsas əlamətlərindən biridir. Hüquq normasının qüvvəsinin geriyə şamil olunmaması isə hüquqi müəyyənlik prinsipinin bir komponentidir. Hüquq normasının hüquqi qüvvəsinin geriyə şamil edilməsinə məhdudiyyətin qoyulması hüquqi məsuliyyət institutu ilə bağlıdır. Hüquqi məsuliyyət hüquq münasibətlərinin subyektləri üçün neqativ təsirlə nəticələnir. Ona görə hüquq münasibətlərinin iştirakçıları qanunvericilik səviyyəsində neqativ nəticələnən münasibətlərin formal hüquqi tərkibini aydın təsəvvür etməlidirlər. Qeyd edilənlərlə yanaşı, konstitusiya hüququ baxımından hüquq sistemində hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi istisna olunmur. Hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi əvvəl mövcud olan münasibətlərə aid edilir və bir qədər təftişedici xarakter daşıyır. Bu təsir nəticəsində yeni normativ-hüquqi aktla artıq tənzimlənmiş münasibətlər və ya faktlar yenidən nəzərdən keçirilir. Konstitusiyanın 149- cu maddəsinin Vİİ hissəsində iki növ normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi nəzərdə tutulmuşdur: .fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran; .hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən. Konstitusiyanın 149-cu maddəsinin Vii hissəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran” ifadəsinin nəyi nəzərdə tutması və bu ifadənin fiziki və hüquqi şəxslərin maddi vəziyyətinin yaxşılaşdırılmasını özündə ehtiva edib-etməməsinə dair sorğuda qaldırılan suala cavab olaraq Konstitusiya Məhkəməsinin Plenumu, ilk növbədə, “hüquqi vəziyyət” anlayışına aydınlıq gətirilməsini zəruri hesab edir. Şəxsiyyətin “hüquqi vəziyyəti” və “hüquqi statusu” məfhumları eyni məna daşıyır “Status” sözü latın dilindən tərcümədə kiminsə və ya nəyinsə vəziyyəti deməkdir. Bu halda şəxsiyyətin, insanın, vətəndaşın statusu nəzərdə tutulur. Konstitusiya məhkəməsi xx.xx.2014-cü il tarixli qərarında qeyd etmişdir ki, hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvələr üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. Belə ki, Qanunda edilmiş dəyişiklik şəxslərin hüquqi vəziyyətində hər hansı yaxşılaşdırmasına səbəb olmamışdır. Bu dəyişikliklər sadəcə maddi vəziyyəti yaxşılaşdırmağa xidmət edir. Sözügedən dəyişiklik sadəcə hesablanma qaydasındadır. Göstərilənlərə əsasən müəyyən olunur ki, Qanunun 29.2-ci maddəsinin xx.xx.2023cü il tarixdən ləğv edilməsinin həmin tarixdən əvvəlki münasibətlərə tətbiqinin heç bir hüquqi əsası yoxdur. Qeyd olunanlardan aydın görünür ki, iddiaçının fərdi hesabında toplanmış pensiya kapitalı əsasında onun əmək pensiyasının sığorta hissəsi yenidən hesablanıb. Yəni iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı artıq onun pensiyasının yenidən hesablanması məqsədilə İstifadə olunub. Odur ki, hazırda onun fərdi hesabında istifadə olunmamış pensiya kapitalı qalmadığından iddia tələbində göstərilən qaydada pensiyanın yenidən hesablanması istər nəzəri-hüquqi, istərsə də praktikiproqram təminatının imkanları baxımından mümkün deyil. Növbəti yenidən hesablanma qeyd olunan tarixdən sonra iddiaçının işləməyə davam etdiyi halda 6 ildən sonra və ya işdən çıxması ilə əlaqədar işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi halda mümkün olacaqdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı, qulluq illərinə görə pensiyasının əlavəsinin azaldılmadan, pensiyanın yenidən hesablanması və keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsini istəyir. Cavabdeh isə etirazında qeyd edir ki, Cavabdeh tərəfindən əmək pensiyasının yenidən hesablanması ilə bağlı xx.xx.2022-ci il tarixdəki müraciəti əsasında iddiaçının əmək pensiyasının sığorta hissəsi pensiya təyin edildikdən sonra toplanılmış sığorta pensiya kapitalı əsasında həmin tarixdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq yenidən hesablanmışdır. Belə ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 25522,18 manat pensiya kapitalı əsasında Qanunun 37.3.1-ci, 29.2-ci və 45-ci maddələrinə uyğun qaydada yenidən hesablanmışdır. Nəticədə pensiyanın sığorta hissəsi 516,42, qulluq stajına görə əlavənin məbləği isə 250,15 manat təşkil etmişdir. Qeyd olunalardan da müəyyən edilir ki, iddiaçının pensiya sığorta kapitalı onun müraciəti əsasında istifadə olunmuşdur. Qanunun xx.xx.2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının yenidən hesablanması mümkün hesab edilməmişdir. İddiaçıya bildirilmişdir ki, əmək pensiyasının yenidən hesablanması məsələsinə işlədikdən sonra işdən azad olunduğu təqdirdə və ya işləyən əmək pensiyaçısı kimi pensiya sığorta kapitalına əsasən yenidən hesablandığı tarixdən 6 il keçdikdən sonra baxıla bilər. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 1.0.1 Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: .... 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.
45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 05 noyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin ikinci cümləsi 2023-cü il yanvarın 1-dək əmək pensiyasının sığorta hissəsinin həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Məhkəmə hesab edir ki, qeyd edilən normaları hazırkı işə tətbiq edəndə iddianın əsaslı olduğu görsənir. İş materiallarından göründüyü kimi iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmiş və iddiaçı ilkin əmək pensiyası pensiya təyin olunduqdan sonra da digər sahədə əmək fəaliyyətinə davam etmiş, 6 ildən artıq işləyərək əlavə pensiya kapitalı əldə etmişdir. Belə olan halda, Əmək Pensiyaları haqqında Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq onun əmək pensiyasının sığorta hissəsi yenidən hesablanmalı, onun pensiyası artmalı idi. Məhkəmə hesab edir ki, Əmək Pensiyaları haqqında Qanunun 9.6-cı maddəsi bütün işləyən əmək pensiyaçılarına münasibətdə tətbiq edilməlidir. Qanunun 9.6-cı, 37.3.1-ci maddələrinin qarşılıqlı təhlil edərək məhkəmə hesab edir ki, iddiaçıya hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduğundan və pensiya təyin olunduqdan sonrakı dövr üzrə pensiya kapitalının toplanması davam etdiyindən, həmçinin iddiaçı ona pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyindən və qanunvericilikdə hərbi qulluqçuların əmək pensiyasının yenidən hesablanmasına hər hansı məhdudiyyət qoyulmadığından cavabdehin iddiaçının ilkin müraciətini təmin etməməsi əsassız olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 02 fevral 2022-ci il tarixli Qərarı ilə qərara alınmışdır ki, Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Konstitusiya Məhkəməsi qeyd edilən qərarında belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Həmin qərarda güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanmasının “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin tətbiq edilərək həyata keçirilməli olması müəyyən edilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 5 noyabr 2022-ci il, №627-VİQD nömrəli Azərbaycan Respublikası Qanununun 1.12.2-ci maddəsinə əsasən qanunun 29.2ci maddəsi qüvvədən düşmüşdür. İş materiallarından görsənir ki, iddiaçı pensiyasının artımına nail olmaq məqsədi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan qərar qəbul edərək iddiaçının hesabında yaranmış pensiya kapitalını silmiş, lakin pensiyasını artırmamışdır. Buradan çıxan nəticə ondan ibarətdir ki, iddiaçı inzibati orqana 2022-ci ildə müraciət etməsə idi, onun pensiya kapitalı hesabında qalacaq, 2023-cü ildə müraciət etdiyi halda isə pensiyanın artımına nail olacaq idi. Məhkəmə hesab edir ki, bu bərabərlik prinsipinin pozulması hesab edilməli, yolverilməz bir hal kimi qəbul edilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında onun tələbini təmin etməkdən imtina etmək hüququ olsa da, onun iradəsindən kənar olan, hüquqi vəziyyətini pisləşdirən qərar qəbul edə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçının pensiyasının artımı ilə bağlı müraciətlərinin inzibati orqan tərəfindən təmin edilməməsinin əsasını hazırda qüvvədə olmayan Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununda 29.2-ci maddəsinin zamana görə tətbiqi əsasları təşkil edir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda 29.2-ci maddəsinin tətbiqi ilə qəbul etdiyi qərarı qanuni olsa idi belə, təkrar müraciət zamanı qeyd edilən normanın hazırda qüvvədə olmaması iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalı, bərabərlik prinsipi təmin edilməli, iddiaçının pensiyaya çıxdıqdan sonra işlədiyi dövrlərdə yığmış olduğu pensiya kapıtalına uyğun pensiya artımı həyata keçirilməli idi. Yuxarıda qeyd edilənlər iddianın əsaslı olduğunu göstərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı deyil. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, qulluq illərinə görə pensiya əlavəsinin azaldılmaqla cavabdeh orqan tərəfindən qəbul edilmiş qərar ləğv edilməli, İddiaçı qulluq illərinə görə pensiyasının əlavəsinin azaldılmadan, pensiyasının yenidən hesablanması və keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınının üzərinə qoyulmalıdır.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Qulluq illərinə görə pensiya əlavəsinin azaldılmaqla cavabdeh orqan tərəfindən qəbul edilmiş qərar ləğv edilsin, İddiaçı qulluq illərinə görə pensiyasının əlavəsinin azaldılmadan, pensiyasının yenidən hesablanması və keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınının üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev