Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3485/2023 12.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “onun mülkiyyətində olan ünvan 1-dən qızı X1 qeydiyyatdan çıxarılmasının cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksində (Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1-dən qızı X1 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırımışdır ki, xx.xx.2001-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Sumqayıt Şəhər Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən iddiaçının adına qeydiyyat vəsiqəsi təsdiqlənərək verilmişdir. ünvan 1 ünvanında o ailə üzvləri ilə birlikdə yaşayır. Həmin ünvanda özü, oğlu Yaqubov Əli-Əkbər Məhəmməd oğlu, gəlini X3 və digər qızı Yaqubova (Şamilli) Aysel Məhəmməd qızı rəsmi qeydiyyatda olmaqla yaşayırlar. Həmin şəxslərdən əlavə onun digər qızı X2 da həmin mənzildə qeydiyyatda olmasına baxmayaraq təxminən 13 ilə yaxındır ki, həmin ünvanda yaşamır. Onun qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını pozur, mənzil üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır. İddiaçı qızının qeydiyyatdan çıxarılması ilə əlaqədar cavabdeh orqana müraciət etsə də, aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Qeyd edilənlərə əsasən iddiaçı tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 11 iyul 2023-cü il tarixli qərardadı ilə X2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbi ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etmiş, sonuncu iclas barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Cavabdeh və üçüncü şəxsə məhkəmə iclası barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarına əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 6.1-ci bəndində qeyd olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2001-ci il tarixli alqı-satqı müqaviləsi əsasında mübahisəli mənzili (Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 57-də yerləşən 23 saylı mənzil) əldə etmiş və Sumqayıt Şəhər Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən həmin mənzilə dair qeydiyyat vəsiqəsi verilmişdir. Həmin mənzildə iddiaçının oğlu Yaqubov Əli-Əkbər Məhəmməd oğlu, gəlini X3 və digər qızı Yaqubova (Şamilli) Aysel Məhəmməd qızı rəsmi qeydiyyatda olmaqla onunla birlikdə yaşayırlar. Digər qızı - hazırkı iş üzrə üçüncü şəxs X2 həmin mənzildə qeydiyyatda olmasına baxmayaraq orada yaşamır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın (228.1). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər (228.2). Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır (228.5). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Göründüyü kimi iddiaçının qızı Elza Yaqubova onun ailə üzvü kateqoriyasına aiddir, buna görə də onun mübahisəli mənzilə dair istifadə hüququnun olub-olmaması ilkin olaraq ümumi məhkəmədə mübahisələndirilməlidir. İddiaçı həmin şəxsin mübahisəli yaşayış evinə istifadə hüququna xitam verilməsi barədə qətnamə qanuni qüvvəyə mindikdən və ya istifadə hüququnun olmaması müəyyən edildikdən sonra mübahisəli yaşayış evindən qeydiyyatdan çıxarılması ilə bağlı müvafiq qaydada inzibati orqana müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinin tələbinə görə qanunda başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələrdə həyata keçirilir. Göründüyü kimi qanunverici inzibati mübahisələrin məhkəmə aidiyyətinin başqa qaydalarının qanunda nəzərdə tutula biləcəyini istisna etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 15.2-ci bəndinə əsasən İPM-in 8.2-ci bəndində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Həmin qərarın 15.3-cü bəndinə əsasən bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia tələbi mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-3485/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3485/2023
12.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver