Məhkəmə qərarları › İş №2-1(118)-3485/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3485/2025

03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3485/2025 03.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: doğum akt qeydinə düzəlişin edilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “ övladlarının doğum haqqında akt qeydində düzəlişin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları X2 təvəllüdünün xx.xx.2008-ci il tarixdən xx.xx.2007-ci il tarixə dəyişiklik edilməsi öhdəliyin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onların övladı xx.xx.2007-ci il təvəllüdlü X2 doğum tarixinin ili 2007-ci il əvəzinə 2008-ci il yazılmışdır. Bu ərizəyə daxil edilmiş AZ-İİ № 214819 saylı, 19 yanvar 2009-cu il tarixli doğum haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, X2 doğum tarixi xx.xx.2008-ci il yazılmışdır. Onun atası İddiaçı1, anası isə İddiaçı2dır. Ərizəyə daxil edilmiş AZ-İ № 206721 saylı, 05 dekabr 2005ci il tarixli nikah haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, biz İddiaçı1 və X3 rəsmi nikaha daxil olmuş və bu nikah 54 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra ərə Cəbiyev, arvada Cəbiyeva soyadı verilmişdir. Bu ərizəyə daxil edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli arayışın əsilindən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı1 Şamaxı Rayonu Quşçu kəndində qeydiyyatdadır. Etiraf edirlər ki, onlar indiyədək övladı X1 doğum haqqında şəhadətnaməsində onun doğum tarixinin xx.xx.2007-ci il əvəzinə, xx.xx.2008-ci il yazılması onların diqqətlərini cəlb etməyib. Onlar övladının Rəvanə Cəbiyevanın sənədlərinə baxmayıb. Nəhayət bir gün yadlarına düşdü ki, xx.xx.2024-cü ildə övladı X2 17 yaşı tamam olacaq deyə ona şəkilli şəxsiyyət vəsiqəsi lazımdır. Bu məsələ ilə maraqlanıblar və onlara deyiblər ki, vətəndaşın 17 yaşı yox, 18 yaşı tamam olduqda ona şəkilli şəxsiyyət vəsiqəsi verilir. Eyni zamanda bu zaman övladının təvəllüdünün səhv yazılması da diqqətinin cəlb edib və beləliklə onlar uşağının doğum şəhadətnaməsini götürüb Cavabdehnə gediblər. Oradan onlara bildirdilər ki, övladı guya xx.xx.2008-ci il təvəllüdlüdür. Onlar isə övladının təvəllüdünün xx.xx.2007-ci il olduğunu bildirdi və onların arasında mübahisə yarandı. Cavabdehə bildirib ki, övladı Rəvanənin doğum tarixinin ilinin 2008-ci il yazılması səhvdir və bu düzəldilməlidir. Bu bir təsadüf nəticəsində aşkar olunub. Onların övladı Rəvanə Cəbiyeva xx.xx.2007-ci il təvəllüdlüdür. Buna dair çoxsaylı şahidləri var. Odur ki, onlar övladı X2 doğum tarixindəki yanlışlığın, yəni onun doğum ilinin 2008 deyil, 2007-ci il olduğunu düzəltmək üçün Cavabdehnə ərizə ilə müraciət etmişlər. Cavabdehndən onlara verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-1163/2024 nömrəli aktın əslindən görünür ki, Şamaxı rayon Quşçu kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 19.01,2009-cu il tarixli, 05 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında övladı X2 doğum tarixinin xx.xx.2008-ci ildən xx.xx.2007-ci ilə dəyişiklik edilməsi Cavabdeh tərəfindən mümkün deyil və bunun üçün inzibati qaydada məhkəməyə müraciət etməkləri tövsiyə olunmuşdur.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1, 161.2, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32.1, 33.1-ci maddələrinə istinad edilmişdir.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim olunmamışdır. b) Tərəflərin iştirakı və izahatları

5. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh inzibati orqan məktubla məhkəməyə müraciət edərək məhkəmə iclasının onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.

c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

6. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

7. xx.xx.2005-ci il tarixli, AZ-İİ seriyalı, 206721 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 və X3 xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuşlar.

8. xx.xx.2009-cu il tarixli, AZ-İİ seriyalı, 214819 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2008-ci il tarixdə doğulmuş X2 atası İddiaçı1, anası isə İddiaçı2dır.

9. Cavabdehin iddiaçı tərəfə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda müraciətin icrasından imtina olunmuşdur.

10. Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş X2 xx.xx.2009-cu il tarixli, 05 nömrəli doğum akt qeydindən görünür ki, onun doğum tarixi xx.xx.2008-ci il qeyd edilmiş və doğumu təsdiq edən sənəd qrafasında Quşçu həkim ambulatoriyasının ******* nömrəli, xx.xx.2008-ci il tarixli sənədi göstərilmişdir.

11. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X8 "Şamaxı Rayon Mərkəzi Xəstəxanasi" X8 tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli məktubda qeyd olunur ki, Şamaxı rayonu Quşçu kəndində qeydiyyatda olan İddiaçı2 xx.xx.2008-ci il tarixdə bi qız uşaq dünyaya gətirməsi barədə məntəqənin qeydiyyat dəftərində qeyd olunmuşdur. Lakin xx.xx.2008-ci il tarixli doğumu təsdiq edən ******* nömrəli doğum haqqında tibbi şəhadətnamə həmin məntəqədə və Şamaxı rayon mərkəzi xəsətəxanasında mövcüd deyil.

ƏSASLANDİRMA HİSSƏSİ:

a) İddianın növü və mümkünlüyü

12. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.

13. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

14. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçılar iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçılar əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdikdən sonra iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər.

b) Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların: 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: .... vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər.

8-ci bəndinə əsasən ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş (bu Qaydanın “Qeyd”inin tələbləri nəzərə alınmaqla) sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 12-ci bəndinə əsasən qeydiyyat şöbələrinin və konsulluq idarələrinin akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

c) Məhkəmənin mövqeyi

20. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir.

21. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və Cəbiyeva (Feyzullayeva) Elnarə Əli qızı xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuşlar. Onların nikahından X5 doğulmuşdur. R.Cəbiyevanın xx.xx.2009-cu il tarixli, AZ-İİ seriyalı, 214819 nömrəli doğum haqqında şəhadətnaməsində onun doğum tarixi xx.xx.2008-ci il qeyd olunmuşdur. İddiaçılar R.Cəbiyevanın doğum tarixinin yanlış qeyd olunduğunu bildirərək doğum tarixinə düzəliş edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişlər və sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli məktubda müraciətin icrasından imtina olunmuşdur.

22. Məhkəmənin sorğusuna cavab olaraq məhkəməyə təqdim edilmiş xx.xx.2009-cu il tarixli, 05 nömrəli doğum akt qeydindən görünür ki, .Cəbiyevanın doğum tarixi xx.xx.2008-ci il qeyd edilmiş və doğumu təsdiq edən sənəd qrafasında Quşçu həkim ambulatoriyasının ******* nömrəli, xx.xx.2008-ci il tarixli sənədi göstərilmişdir. Eyni zamanda Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X8 "Şamaxı Rayon Mərkəzi Xəstəxanasi" X8 tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Şamaxı rayonu Quşçu kəndində qeydiyyatda olan İddiaçı2 xx.xx.2008ci il tarixdə bi qız uşaq dünyaya gətirməsi barədə məntəqənin qeydiyyat dəftərində qeyd olunmuşdur. Lakin xx.xx.2008-ci il tarixli doğumu təsdiq edən ******* nömrəli doğum haqqında tibbi şəhadətnamə həmin məntəqədə və Şamaxı rayon mərkəzi xəsətəxanasında mövcüd deyil. Həmin məktuba qeydiyyat dəftərindən çıxarış əlavə edilmişdir.

23. İddiaçı tərəf doğum akt qeydində doğum tarixinin düzgün göstərilməməsi ilə bağlı sübutları nə inzibati icraat zamanı, nə də hazırkı məhkəmə icraatının gedişində məhkəməyə təqdim etməmişlər. Həmçinin mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması üçün məhkəmə tərəfindən toplanmış sübutlarla da R.Cəbiyevanın xx.xx.2007-ci il tarixdə doğulması faktı öz təsdiqini tapmır. Göründüyü kimi, iddiaçıların hüquqlarının pozulması istiqamətində cavabdehin hərəkətləri olmamış və cavabdehin imtinası maddi hüquq normalarının tələbləri çərçivəsində olmuşdur.

24. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “övladlarının doğum haqqında akt qeydində düzəlişin edilməsi” tələbinə dair iddiaları əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

25. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14-cü, 23.1-ci, 32-ci, 33cü, 52-ci, 58.7-ci, 62-ci, 68-69-cu, 73-cü, 75-ci, 78-ci, 81-ci və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “övladlarının doğum haqqında akt qeydində düzəlişin edilməsi” tələbinə dair iddiaları təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar