Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3496/2024 23.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “2-ci qrup əlil olaraq xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək verilməli olan lakin verilməyən pensiya ödənişlərinin aylq 326 (üç yüz iyirmi altı) manatdan hesablanmaqla ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bronxial astma xəstəsidir, həmin xəstəliyə görə 2-ci qrup əlil kimi 2021-ci ilin noyabr ayınadək pensiya almışdır. Sonuncu pensiya ödənişi ona xx.xx.2021-ci il tarixində verilmişdir. Ondan sonra yenidən müvafiq komissiyaya müraciət etmiş və 2022-ci ilin 24 iyun tarixində ona ömrlük 2-ci qrup əlillik statusu verilmiş və həmin ilin sentyabr ayının 7-də yenidən pensiya ödənişinin verilməsi bərpa edilmişdir. Lakin 2021 noyabr- 2022-ci ilin avqust ayınadək olan pensiya ödənişləri ona verilməmişdir. İddiaçının müvafiq müraciəti müsbət həll edilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə edərək bildirmişdir ki, iddiaçının iddia tələbi əsassızdır təmin edilməməlidir: Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin xx.xx.2006-cı il tarixində qüvvədə olmuş tələblərinə uyğun olaraq sizə həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir.Qanunun 41 -ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir.Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən əlillik müddətinin xx.xx.2021-ci il tarixində bitməsi ilə əlaqədar olaraq əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixindən dayandırılmışdır.Qanunun 29.1 -ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən xx.xx.2022-ci il tarixindən orqanizmin funsiyalarının 61-80 faiz itirilməsi müəyyən olunduğu üçün (təkrar müayinə) əmək pensiyanızın ödənişi həmin tarixdən 268,61 manat (Qanunun 29.1 -ci maddəsi tətbiq edilməklə) məbləğində olmaqla bərpa edilmişdir.Sözügedən Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022- ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır.Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 285,27 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə uyğun olaraq 327,21 manata çatdırılmışdır.“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021 -ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən sözügedən Qanuna 3.3-1 -ci maddə əlavə olunmuşdur (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli N356-VİQD nömrəli fərmanına əsasən). Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Belə ki, xx.xx.2021-ci il tarixindən sonra əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir.Qeyd olunanlara əsasən iddiaçının əlillik müddətinin bitdiyi tarixdən 6 aydan çox (6 ay 23 gün) müddət keçdikdən sonra təkrar qiymətləndirmə nəticəsində bərpa olunduğu üçün ödənilməmiş müddət üzrə (xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək) əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-258880/2023 nömrəli məktubu, TSEK tərəfindən verilmiş əlilliyin təyin edilməsi haqqında məlumatın surəti, fondun etiraz ərizəsi, iddiaçıya aid pensiya işinin təsdiqlənmiş surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun əlilliyə görə əmək pensiyası aldığı vaxtdan yaranmış olur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq fondun mərkəzi filialı hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir.Belə ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondun xidmət göstərdiyi ərazinin sakinidir və əmək pensiyalarının təyin edilməsi, sosial müavinətlərin verilməsi DSMF-nin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Dövlət Sosial Müdafiə Fondunun mərkəzi filialı hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-258880/2023 nömrəli məktubla iddiaçının müraciəti müsbət həll edilməmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi zaman kəsiyində qüvvədə olan qanunvericilik normalarının tələbləri cavabdeh tərəfindən düzgün tətbiq edilməklə inzibati icraat aparılmış, iddiaçının sosial təminat hüququ pozulmamış, onun hüququnun mahiyyətinə zərər yetirilməmişdir. Belə ki, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.7-ci bəndinə əsasən, şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Həmçinin, həmin dövrdə qüvvədə olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Qanunun göstərilən müddəalarından göründüyü kimi, xx.xx.2021-ci il tarixli 356- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (25 iyul 2021-ci ildən qüvvəyə minmişdir) gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir”. Bu yeni normanın əlilliyi olan şəxslərin xx.xx.2021-ci il tarixdən sonra yaranan hüquqlarına münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur. Lakin, bu normanın Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsaslanmaqla geriyə tətbiq edilməsi yolverilməzdir. Sözügedən Qanunun özündə onun yeni müddəasının geriyə tətbiq edilməsinə dair müddəa nəzərdə tutulmamışdır. Bundan başqa, nəzərə alınmalıdır ki, qanunla əvvəllər mövcud olmayan yeni məzmunlu normativ tənzimləmə həyata keçirilmişdir. Sözügedən tənzimləmələr əlillik təyin edilmiş şəxsin - iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən xarakterli tənzimləmə olmamış, eləcə də onların qazanılmış hüquqlarına müdaxilə edilməmişdir. Belə ki, “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. Beləliklə, xx.xx.2021-ci il tarixli 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yeni norma, dövlətin sosial təminat hüququ sahəsində malik oldluğu geniş mülahizə sərbəstliyi çərçivəsində həyata keçirilmiş yeni tənzimləmə olmuşdur. Müvafiq olaraq qanunun özündə onun əvvəlki münasibətlərə tətbiq ediləcəyinə dair müddəa olmadığından, normayaratma fəaliyyətinin ümumi prinsipinə əsasən bu Qanun qüvvəyə mindiyi tarixdən sonra yaranmış münasibətlərə şamil edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “2-ci qrup əlil olaraq xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək verilməli olan lakin verilməyən pensiya ödənişlərinin aylq 326 (üç yüz iyirmi altı) manatdan hesablanmaqla ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-3496/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3496/2024
23.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver