Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3499/2024 04.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğvi, vəzifəyə bərpa edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “əmrin ləğvi, vəzifəyə bərpa edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 4 iyul 2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. 30 sentyabr 2005-ci il tarixli, ******* nömrəli “Əmək kitabçası”ndan görünür ki, İddiaçı Azərbaycan Respublikası Cavabdeh 24 yanvar 2024-cü il tarixli, 0104/Ş nömrəli əmrilə “Fövqəladə hallar orqanlarında xidmət keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.1.8, 31.5, 33.1.12-ci maddələrinə əsasən intizam tənbehi qaydasında fövqəladə hallar orqanlarından xaric edilmişdir.
2. Azərbaycan Respublikasının Cavabdeh X1 Xidmətinin 3 noyabr 2023-cü il tarixli, 0894/e nömrəli əmrindən görünür ki, işğaldan azad olunmuş Xankəndi şəhərində fasiləsiz xidmətin təşkilini, yanğın təhlükəsizliyinin təmin edilməsi və təxirəsalınmaz qəza-xilasetmə işlərini həyata keçirmək məqsədi ilə “Azərbaycan Respublikası FHN DYMX haqqında Əsasnamə”nin 23.7 və 23.13-cü bəndlərini rəhbər tutaraq, Xızı rayon X1 hissəsinin sürücüsü daxili xidmət baş çavuşu İddiaçı təyin olunmuşdur.
3. Azərbaycan Respublikasının Cavabdeh X1 Xidməti tərəfindən tərtib edilmiş 13 noyabr 2023-cü il tarixli izahatdan görünür ki, İddiaçı izahat verərək bildirmişdir ki, Xankəndi şəhərindən xidmətdən qayıdarkən əskəran postunda saxlayıb əşyalarına baxış keçirilmişdir və çantasından avtomobil bufer təmiri üçün fen, bir ədəd spirtli içki, bir ədəd dəhrə aşkar edilmişdir.
4. Azərbaycan Respublikasının Cavabdeh X1 Xidməti tərəfindən tərtib edilmiş 19 noyabr 2023-cü il tarixli izahatdan görünür ki, 11 noyabr 2023-cü il tarixdə Xocalı rayonu giriş-çıxış polis postu tərəfindən ərazidən çıxış yoxlanılması zamanı Xankəndi şəhərinə ezam olunmuş əməkdaşı d/x çavuşu X2 fen, dəhrə, müxtəlif sayda spirtli içkilər, bıçaq aşkar olunmuşdur.
5. Azərbaycan Respublikasının Cavabdeh 24 yanvar 2024-cü il tarixli, 0104/Ş nömrəli “Əmrdən çıxarış”dan görünür ki, vəzifələrinin icrası zamanı kobud pozuntulara görə Xızı rayon X1 hissəsinin sürücüsü daxili xidmət baş çavuşu İddiaçı fövqəladə hallar orqanlarından xaric edilməsi əmr edilmişdir.
6. İddiaçı tərəfindən Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyeva göndərilmiş müraciət ərizələrdən görünür ki, İddiaçı 30 sentyabr 2005-ci il tarixdən Azərbaycan Respublikası Cavabdeh Xızı şəhər yanğından mühafizə idarəsində sürücü vəzifəsində işləmişdir. İşlədiyi 19 il ərzində xidmətilə bağlı heç bir nöqsanı olmamışdır. Rəhbərliyin göstərişi əsasında xidmətini işğaldan azad olunmuş ərazilərdə davam etdirmişdir. 24 yanvar 2024-cü il tarixdə 0104/Ş əmrə əsasən heç bir nöqsanı olmadan “Fövqəladə hallar orqanlarında xidmət keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.1.8, 31.5, 33.1.12-ci maddələrinə əsasən intizam tənbehi qaydasında fövqəladə hallar orqanından xaric edilmişdir. Qeyd edilir ki, xidmət etdiyi 19 il ərzində vətəninə layiqincə şərəfilə xidmət göstərmişdir. Təqaüdə çıxmağına bir ay qalmışdır. Himayəsində 3 azyaşlı övladı vardır. Gələcəkdə vətənimizin ərazi bütövlüyünü qorumaqdan ötəri 3 əsgər böyüdür. Eyni zamanda, anası 2-ci qrup əlildir, atası şəkər xəstəliyindən əziyyət çəkdiyi üçün, onların iş qabiliyyəti olmadığından bütün həkim və dərmanların alınması tərəfindən qarşılanır. İşə bərpa olunmağında bağlı aidiyyəti üzrə müraciət edilsə də, pozulmuş hüquqularının bərpası mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq yenidən öz işinə bərpa olunmağına köməklik göstərməyi xahiş edilmişdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi İddia tələbinin dəlilləri:
7. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikasının Cavabdehnə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının barəsində verilmiş 24 yanvar 2024-cü il tarixli, 0104/Ş saylı əmrinin ləğv edilməsi, əvvəlki vəzifəsinə işə bərpa edilməyi və əvvəlki vəzifəyə işə bərpa edilənədək məcburi işburaxmanın bütün müddətinə görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 30 may 2005-ci il tarixdə Daxili İşlər Nazirliyində xidmətə qəbul edilərək əmək müqaviləsi bağlanılmışdır. 31 may 2006-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il tarixli, 1182 nömrəli sərancamına müvafiq olaraq Azərbaycan Respublikası Cavabdeh sərəncamına qəbul edilmişdir. Cavabdehin 24 yanvar 2024-cü il tarixli, 0104/Ş saylı əmri ilə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.1.8-ci, 31.5ci və 33.1.12-ci maddəsinə əsasən intizam tənbehi qaydasında fövqəladə hallar orqanından xaric edilmişdir. Hesab edir ki, cavabdeh onun barəsində verilmiş 24 yanvar 2024-cü il tarixli əmri qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir, əvvəlki vəzifəsinə bərpa edilməyi, əvvəlkı vəzifəsinə bərpa edilənədək məcburi işburaxmanın bütün müddətinə görə əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, iddiaçı həmişə işdə nizam intizam qaydalarına əməl etmişdir və onun işdən azad edilməyinə heç bir qanuni əsas olmamışdır. 30 may 2005-ci il tarixdən 24 yanvar 2024-cü il tarixədək Cavabdeh Xızı rayon X1 hissəsində sürücü vəzifəsində işləmişdir. İşlədiyi dövrdə rəhbərlik tərəfindən usta məharət dərəcəsinə qədər yüksəlmişdir. Eyni zamanda Xızı rayon İcra Hakimiyyəti tərəfindən nümunəvi işçi kimi fərqlənmə diplomu ilə təltif olunmuşdur. İşlədiyi 19 il vaxt zamanında heç bir inzibati tənbehi olmamışdır. Əlavə olaraq qeyd edilir ki, əmrdə yazılanların heç birinin təsdiqi və sübutu yoxdur. Orada yazılanların həqiqətə uyğun olmamasını təsdiq edən kifayət qədər sübutlar vardır. Göründüyü kimi, iddiaçı həmişə işə vicdanla yanaşmışdır, öz üzərinə düşən əmək funksiyalarını layiqincə yerinə yetirmişdir. Qeyd edilir ki, himayəsində 3 azyaşlı övladı var. Anası 2-ci qrup əlildir, atası şəkər xəstəsi olduğundan iş qabiliyyətləri olmadığı üçün onların bütün həkim və dərman xərcləri iddiaçı tərəfindən qarşılanmışdır.
9. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİ hissəsinə, “İnsan hüquqları haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə, 70-ci maddəsinə, 71-ci maddəsinin 2-ci, 83-cü maddəsinin 1-ci, 186-cı maddəsinin 2-ci bəndlərinə, 187, 300, “İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddələrinə, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2.2.2, 2.2.3, 14.3, 35.1, 73.1-ci maddələrinə istinad olunmuşdur.
10. Azərbaycan Respublikası İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
11. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.
İddia tələbinə qarşı etirazın dəlilləri:
12. Cavabdeh məhkəməyə etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı Cavabdeh X1 Xidmətinin Xızı rayon X1 hissəsinin sürücüsü daxili xidmət baş çavuşu olan iddiaçı Xankəndi şəhərində xidməti vəzifələrini yerinə yetirərkən özünə məxsus olmayan əşyaları götürməklə xidmət zamanı kobud səhvlərə yol verərək Nazirliyin qanuni mənafeyinə xələl gətirmiş, bununla da o, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10.0.3-cü maddəsinin və Cavabdeh 30 dekabr 2007-ci il tarixli, 140 nömrəli Əmri ilə təsdiq edilmiş “Fövqəladə hallar orqanları işçilərinin etik davranış qaydaları”nın 2.4-cü bəndinin tələblərini kobud şəkildə pozmuş, nəticədə Cavabdeh 24 yanvar 2024-cü il tarixli, 0104/ş nömrəli Əmri ilə fövqəladə halar orqanlarından xaric edilmişdir. X1 Xidmətinin 3 noyabr 2023-cü il tarixli, 0894/e nömrəli Əmri ilə Xankəndi şəhərində xidmətin təşkili, yanğın təhlükəsizliyinin təmin edilməsi və təxirəsalınmaz qəza-xilasetmə işlərinin həyata keçirilməsi məqsədilə iddiaçı noyabr ayının 4-dən 10-dək 7 gün müddətinə Xankəndi şəhərinə ezam edilmişdir. 11 noyabr 2023-cü il tarixdə Xankəndi şəhərindən xidməti yerinə dönərkən iddiaçının şəxsi əşyalarına baxış keçirilmiş və ona məxsus olan çantadan avtomobil təmiri üçün avadanlıq, spirtli içki, dəhrə, mətbəx bıçağı kimi əşyalar aşkar edilərək götürülmüş və aidiyyəti üzrə təhvil verilmişdir. İddiaçı 13 noyabr 2023-cü il tarixli izahatında qeyd olunan faktları təsdiq etmiş və tutduğu əməldən peşman olduğunu bildirmişdir. Onun törətmiş olduğu əməli digər şahid ifadələri ilə də öz təsdiqini tapmışdır.
14. Etirazın maddi hüquqi əsası kimi “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10.0.3-cü maddəsinə, “Fövqəladə hallar orqanları işçilərinin etik davranış Qaydaları”nın 2.4-cü bəndinə, Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikası Qanununa istinad edilmişdir.
c) Tərəflərin iştirakı və izahatları:
15. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin dəlillərinə (§7, 8) uyğun izahat verərək, iş yoldaşlarının post yoxlanışında saxlanılmamağı üçün kənar əşyalar ilə olan çantanın ona məxsus olduğunu bildirmişdir, iddianın təmin olunmasını xahiş etmişdir.
16. Məhkəmə iclaslarında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etiraza (§12, 13) uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, yalnız iddiaçı deyil, onun birlikdə olan göstərilən pozuntuya yol vermiş bütün şəxslər barədə fövqəladə hallar orqanlarından xaric edilmələrinə dair əmr verilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
17. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
18. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
19. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
20. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
21. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
22. Belə ki, iddiaçıya məxsus “Əmək kitabçası”nda onun Azərbaycan Respublikası Cavabdeh 24 yanvar 2024-cü il tarixli, 0104/Ş nömrəli əmrilə “Fövqəladə hallar orqanlarında xidmət keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.1.8, 31.5, 33.1.12-ci maddələrinə əsasən intizam tənbehi qaydasında fövqəladə hallar orqanlarından xaric edildiyi qeyd olunmuşdur. İddiaçı barəsində aparılmış inzibati icraata dair olan materiallardan görünür ki, 24 yanvar 2024-cü il tarixli, 0104/Ş nömrəli “Əmrdən çıxarış”a əsasən vəzifələrinin icrası zamanı kobud pozuntulara görə Xızı rayon X1 hissəsinin sürücüsü daxili xidmət baş çavuşu iddiaçı fövqəladə hallar orqanlarından xaric edilməsi əmr edilmişdir. İddiaçı tərəfindən verilmiş izahatda bildirilmişdir ki, Xankəndi şəhərindən xidmətdən qayıdarkən Əskəran postunda saxlayıb əşyalarına baxış keçirilmiş və çantasından avtomobil bufer təmiri üçün fen, bir ədəd spirtli içki, bir ədəd dəhrə aşkar edilmişdir. Bu hal Xidmət tərəfindən tərtib edilmiş 19 noyabr 2023-cü il tarixli izahatdan da görünür. Həmin izahatda 11 noyabr 2023-cü il tarixdə Xocalı rayonu giriş-çıxış polis postu tərəfindən ərazidən çıxış yoxlanılması zamanı Xankəndi şəhərinə ezam olunmuş əməkdaşı d/x çavuşu olan iddiaçıda fen, dəhrə, müxtəlif sayda spirtli içkilər, bıçaq aşkar olunduğu qeyd olunmuşdur (§ 1-5).
23. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun: 10.0-cı maddəsinə əsasən, fövqəladə hallar orqanları əməkdaşları aşağıdakı vəzifələri yerinə yetirməyə borcludurlar: 10.0.1. qanunvericiliyin tələblərinə riayət etməyə; 10.0.2. fövqəladə hallar orqanlarının vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməyə; 10.0.3. fövqəladə hallar orqanlarının digər işçilərinin işini çətinləşdirən, yaxud fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməyə; 10.0.4. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmağa və öz səlahiyyətləri daxilində onları qərəzsiz həll etməyə; 10.0.5. vəzifə borcunun yerinə yetirilməsi zamanı vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı daxil olan məlumatları gizli saxlamağa və qanunda nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməyə; 10.0.6. öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə xarakterli məlumatları qanunvericiliyə uyğun olaraq təqdim etməyə; 10.0.7. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə köçməklə xidmət etməyə və ya başqa vəzifələri icra etməyə; 10.0.8. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinədən keçməyə; 10.0.9. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri saxlamağa; 10.0.10. etik davranış və intizam qaydalarına əməl etməyə; 10.0.11. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməyə. 11.2-ci maddəsinə əsasən, fövqəladə hallar orqanları əməkdaşının aşağıdakılara ixtiyarı yoxdur: 11.2.1. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törətməyə; 11.2.2. qanunvericiliklə müəyyən edilmiş hallardan başqa, dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa; 11.2.3. xidmət keçdiyi fövqəladə hallar orqanının rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına xarici ölkələrə getməyə; 11.2.4. fövqəladə hallar orqanlarında xidmətinə xitam verildikdən sonra qanunvericiliklə müəyyən edilmiş müddət ərzində xidməti fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə; 11.2.5. dini təbliğ etmək üçün fövqəladə hallar orqanları əməkdaşının statusundan istifadə etməyə və fövqəladə hallar orqanlarının tabeliyində olan obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə; 11.2.6. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə. 31.1-ci maddəsinə əsasən, fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 31.1.1. məzəmmət (irad); 31.1.2. töhmət; 31.1.3. şiddətli töhmət; 31.1.4. tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 31.1.5. aşağı vəzifəyə keçirmə; 31.1.6. xüsusi rütbənin bir pillə aşağı salınması; 31.1.7. vəzifədən azad etmə (bu halda fövqəladə hallar orqanlarının əməkdaşı müvafiq icra hakimiyyəti orqanının əmri ilə sərəncamda ola bilər və həmin müddət ərzində onun fövqəladə hallar orqanlarından xaric edilməsinə əsaslar olmazsa o, fövqəladə hallar orqanlarında yenidən vəzifəyə təyin edilir); 31.1.8. fövqəladə hallar orqanlarından xaric etmə; 31.1.9. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə fövqəladə hallar orqanlarından xaric etmə. 31.5-ci maddəsinə əsasən, bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, habelə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. 33.1 və 33.1.12-ci maddələrinə əsasən, fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə fövqəladə hallar orqanlarından xaric edildikdə xitam verilir.
24. Qanunvericiliyin yuxarıda sadalanan normalarından görünür ki, fövqəladə hallar orqanlarından xaric etmə intizam tənbehi vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, habelə xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər.
25. İddiaçının fövqəladə hallar orqanlarından xaric edilərək fövqəladə hallar orqanlarında xidmətinə xitam verilməsinə dair əmrin verilməsinə əsas vəzifələrinin icrası zamanı kobud pozuntuya yol verməsi olmuşdur.
26. Məhkəmə araşdırması zamanı cavabdehin təqdim etdiyi xidməti araşdırma materialları sözügedən əmrin verilməsinə əsas olan, iddiaçının xidmətlə bir araya sığmayan hərəkətlərə yol verməsi müəyyən edilmiş və bunun nəticəsi olaraq da fövqəladə hallar orqanlarında xidmətdən xaric edilmişdir. Cavabdehin iddiaçı tərəfindən mübahisələndirilən əmri qəbul edilərkən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilməmiş, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından mübahisələndirlən əmri qəbul edən inzibati orqan tərəfindən onun qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir.
27. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı “əmrin ləğvi, vəzifəyə bərpa edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.
28. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;
NƏTİCƏVİ HİSSƏ
29. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “əmrin ləğvi, vəzifəyə bərpa edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova