Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-35/2023 18.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı və digər İddiaçı1 nümayəndəsi İddiaçı2, Üçüncü şəxs X1 nümayəndəsi X5 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “dövlət aktı ilə mülkiyyətlərində olan 1.91 ha torpaq sahəsinə çıxarışın hazırlanması vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “dövlət aktı ilə mülkiyyətlərində olan 1.91 ha torpaq sahəsinə çıxarışın hazırlanması vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1152/2020 saylı, 13 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-122/2021 saylı, 24 fevral 2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1152/2020 saylı, 13 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi, inzibati işin yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1135/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə X6, 2-1(118)-96/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X3, 2-1(118)- 35/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddia onunla əsaslandırılmışdır ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 15 avqust tarixli 08 nömrəli qərarı ilə Torpağa mülkiyyət hüququna dair JN0041 kod 30323018 nömrəli 28 may 1999-cu il tarixli Dövlət aktına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı üçün iddiaçılara 1.91 ha torpaq sahəsi mülkiyyətə verilmişdir. Yeni tipli mülkiyyət sənədinin hazırlanması üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciətlər etmiş, lakin torpaq sahəsinə dair çıxarışın hazırlanmasından xx.xx.2020-ci il tarixli **********67 nömrəli məktubla ərizənin icrasından imtina olunmuşdur. 14 iyul 2020-ci il tarixdə yenidən Asan Xidmət Mərkəzində fəaliyyət göstərən cavabdeh orqanın vəzifəli şəxslərinə təkrar müraciət etmək məcburiyyətində qalsalar da sənədlərinin qəbulundan imtina olunmuşdur. Belə ki, mülkiyyətlərində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 1997-ci ildən iddiaçıların mülkiyyətində olmaqla istifadə edilir. xx.xx.2020-ci il tarixli cavabdan məlum olur ki, cavabdeh orqan əsli arxivdə saxlanılan Dövlət Aktı ilə elektron məlumat bazasında mülkiyyətlərində olan torpaq sahəsinin 41B nömrə ilə göstərilən torpaq sahəsinə dair Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə dəyişiklik aparmış, saxta məlumatlarla iddiaçılara məlum olmayan digər şəxsin adına çıxarış hazırlamaqla rəsmi sənədlərə yalan məlumat daxil edərək onlara məxsus olan torpaq sahəsinin bir hissəsini satmışdır. Beləliklə imtinaya səbəb cavabdeh orqanın AR Cinayət Məcəlləsinin 191-ci məddəsi ilə təvsir olunan cinayət əməli olması səbəbindən imtina olunması öz təsdiqini tapır. Ona görə də hesab edirlər ki, AR CM-nin 191-ci maddəsində müəyyən olunan əsaslar olduğundan məhkəmə onların pozulmuş mülkiyyət hüquqlarını bərpa etməklə yanaşı mülkiyyətlərində olan torpaq sahəsi barədə "Vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə tamah məqsədilə və ya sair şəxsi niyyətlə torpaqla əlaqədar bilə-bilə qanunsuz əqdləri qeydiyyata alma, Dövlət torpaq kadastrının uçot məlumatlarını təhrif etmə, habelə torpaq haqqının miqdarını qəsdən azaltma "Maddə
191. Torpaqla əlaqədar qanunsuz əqdlərin qeydiyyatı (Çıxarış hazırlanmasına görə) AR MPM-nin 265-ci maddəsinə əsasən xüsusi qərardad qəbul etməklə cinayət məsuliyyətinə cəlb olunması təmin edilməlidir. Göstərilən səbəblərdən hüquqlarının təmin edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdurlar.
2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İşlə bağlı təyin edilmiş şifahi məhkəmə iclasında iştirak edən iddiaçı və digər İddiaçı1 nümayəndəsi İddiaçı1 hal-hazırda mübahisənin mövcud olmadığının cavabdeh tərəfindən onlara bildirdiyini, eyni zamanda cavabdeh orqanın onlara mülkiyyət hüquqlarına dair çıxarışın yalnız məhkəmə qərarı ilə veriləcəyini bildirmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. İşlə bağlı təyin edilmiş şifahi məhkəmə iclasında iştirak edən üçüncü şəxs X1 nümayəndəsi X9 məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı2 Quba rayonu, Susay kəndi ərazisində yerləşən 1.91 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2019-cu il tarixli **********, **********, ********** qeydiyyat nömrəli ərizələr ilə müraciət etmişdir. Təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı ərizəyə əlavə olunmuş JN-0041 KOD 30323018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda 41В nömrə ilə göstərilən torpaq sahəsinin sərhədləri təyin edilmədiyindən torpaq sahəsinin yerini dəqiq müəyyən etmək mümkün olmamışdır. Bildiririk ki, faktiki istifadə edilən həmin torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi idarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olan torpaq sahəsi ilə kəsişir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən İddiaçı2 ərizələrin icrasından xx.xx.2020-ci il tarixli, **********67 nömrəli məktubla imtina olunmuşdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3.bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi iddia ərizəsində göstərilən JN-0041 KOD 30323018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda 41В nömrə ilə göstərilən torpaq sahəsinin sərhədləri hüquq sahibi tərəfindən təyin edilməmiş və faktiki istifadə edilən həmin torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olan torpaq sahəsi ilə kəsişir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər: İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - JN 0041, KOD 30323018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, 1.91 ha torpaq sahəsi Quba rayon Aqrar İslahat Komissiyasının 08 nömrəli, 15 avqust 1997-ci il tarixli qərarı ilə İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətinə ayrılmışdır. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsinin 214/2 saylı, 04 iyun 2012-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Quba rayon Susay kənd sakini X1 0.20 hektar həyətyanı torpaq sahəsi (şəhadətnamə JN 066A) Susay kənd sakini İddiaçı1 özəl pay torpaq sahəsi ilə (Dövlət aktı 41B) eyni sahədə üt-üstə düşmüşdür, ona görə də İddiaçı1 məxsus torpaq sahəsi dəyişdirilərək, Susay bələdiyyəsinin mülkiyyətinə məxsus torpaq sahəsindən ayrılaraq təqdim edilmişdir. - Məhkəməyə sorğu əsasında 16 fevral 2022-ci il tarixdə daxil olmuş cavabdeh orqanın mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, JN 0041, KOD 30323018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilmiş 41B (0.8792 ha) hissəsi mübahisə predmetidir və iddiaçıların iddia etdiyi torpaq sahəsinin koordinatları ilə JN 0041, KOD 30323018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilmiş 41B (0.8792 ha) hissəsinin koordinatları arasında kəskin fərq mövcuddur, dövlət aktının 41 (0.2239 ha) hissəsi və 41A (0.8080 ha) hissəsi başqa şəxslərin torpaq sahələri ilə üst-üstə düşmür, lakin dövlət aktına göstərilmiş 41B (0.8792 ha) hissəsinin koordinatlarına əsasən ayrılmış torpaq sahəsi X3 və ailə üzvlərinin mülkiyyətinə verilmiş **********15 reyestr nömrəli çıxarışa əsasən 0.20 ha torpaq sahəsi ilə və X2 mülkiyyətinə verilmiş **********88 reyestr nömrəli çıxarışa əsasən 0.10 ha torpaq sahəsi ilə üst-üstə düşür. - Məhkəməyə sorğu əsasında daxil olmuş cavabdehin 20 fevral 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, JN 0041 (30323018 saylı) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə İddiaçı1 və onun ailə üzvlərinə məxsus 1.91 ha torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanına əsasən yaradılmış “Torpaqların elektron kadastrı uçotu informasiya sistemi”ndə (TEKUİS) bərpa edilmiş və hər hansı digər mülkiyyətçinin torpaq sahəsi ilə kəsişməsi yoxdur. - Məhkəməyə sorğu əsasında cavabdehin 27 sentyabr 2023-cü il tarixli cavab məktubu ilə daxil olmuş arayışda qeyd edilmişdir ki, 16 dekabr 2022-ci il tarixdə inzibati işlə əlaqədar mütəxəssis rəyi verilərkən elektron baza məlumatlarında olan DWJ xəritələrinə istinad olunmuşdur, lakin 23 fevral 2023-cü il tarixli mütəxəssis rəyi verilərkən isə Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları əsasında torpaqların rəqəmsal kadastr xəritələrinə istinad edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 29 yanvar 2020-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, iddiaçıların mübahisəli torpaq sahəsi üzərində mülkiyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Xaçmaz İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRXin 5 saylı Xaçmaz Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRXin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 29 yanvar 2020-ci il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Quba rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, mübahisə predmeti olan 1.91 ha torpaq sahəsi Quba rayon Aqrar İslahat Komissiyasının 08 nömrəli, 15 avqust 1997-ci il tarixli qərarı ilə İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətinə ayrılmışdır. Qeyd olunan qərar əsasında İddiaçı1 və onun ailə üzvlərinin adına JN 0041, KOD 30323018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı tərtib edilmişdir. İddiaçılar qeyd edilən hüquq müəyyənedici sənəd əsasında cavadeh orqana müraciət edərək, Quba rayonu, Susay kəndində yerləşən 1.91 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh orqan 29 yanvar 2020-ci il tarixli bildirişi ilə iddiaçının müraciətini təmin etməmişdir. Cavabdeh orqanın imtinasının əsası kimi JN 0041, KOD 30323018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında 41B nömrə ilə göstərilən torpaq sahəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olan torpaq sahəsi ilə kəsişməsini göstərmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1152/2020 saylı, 13 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-122/2021 saylı, 24 fevral 2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1152/2020 saylı, 13 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi, inzibati işin yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə inzibati iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hüquqi qiymət verərək, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinasını əsassız hesab edir və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində təsbit olunmuşdur. Həmin normaya əsasən Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Belə ki, mübahisəli torpaq sahəsi, yəni Quba rayonu, Susay kəndində yerləşən 1.91 ha torpaq sahəsi Quba rayon Aqrar İslahat Komissiyasının 08 nömrəli, 15 avqust 1997-ci il tarixli qərarı əsasında ayrılmış və buna dair “Torpağa mülkiyyət hüququna dair” JN 0041, KOD 30323018 saylı dövlət aktı tərtib edilmişdir. Həmin dövlət aktında ümumilikdə, 1.91 ha olan torpaq sahəsinin 41B hissəsi 8792.00 kv.metr, 41A hissəsi 8080.98 kv.metr, 0041 hissəsi 2239.98 kv.metr kimi qeydə alınmışdır. Göründüyü kimi torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir, iddiaçının bu torpaq sahəsi üzərində hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğun olmuşdur. Məhkəmə tərəfindən cavabdeh orqanın öz imtinasına göstərilən dəlilinin araşdırılması üçün zəruri olan sualların mütəxəssislər tərəfindən cavablandırılması üçün aidiyyatı üzrə sorğular verilmişdir. Məhkəməyə sorğu əsasında 16 fevral 2022-ci il tarixdə daxil olmuş cavabdeh orqanın mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, JN 0041, KOD 30323018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilmiş 41B (0.8792 ha) hissəsi mübahisə predmetidir və iddiaçıların iddia etdiyi torpaq sahəsinin koordinatları ilə JN 0041, KOD 30323018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilmiş 41B (0.8792 ha) hissəsinin koordinatları arasında kəskin fərq mövcuddur, dövlət aktının 41 (0.2239 ha) hissəsi və 41A (0.8080 ha) hissəsi başqa şəxslərin torpaq sahələri ilə üst-üstə düşmür, lakin dövlət aktına göstərilmiş 41B (0.8792 ha) hissəsinin koordinatlarına əsasən ayrılmış torpaq sahəsi X3 və ailə üzvlərinin mülkiyyətinə verilmiş **********15 reyestr nömrəli çıxarışa əsasən 0.20 ha torpaq sahəsi ilə və X2 mülkiyyətinə verilmiş **********88 reyestr nömrəli çıxarışa əsasən 0.10 ha torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə araşdırması zamanı cavabdeh orqan tərəfindən yeni elektron kadastr xəritələrinin hazırlandığı halı müəyyən edildiyindən, mübahisənin mövcud olubolmamasına dair cavabdeh orqana sorğu ünvanlanmışdır. Məhkəməyə qeyd olunan sorğu əsasında daxil olmuş cavabdehin 20 fevral 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, JN 0041 (30323018 saylı) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə İddiaçı1 və onun ailə üzvlərinə məxsus 1.91 ha torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanına əsasən yaradılmış “Torpaqların elektron kadastrı uçotu informasiya sistemi”ndə (TEKUİS) bərpa edilmiş və hər hansı digər mülkiyyətçinin torpaq sahəsi ilə kəsişməsi yoxdur. Cavabdeh orqan tərəfindən verilmiş 16 fevral 2022-ci il tarixli və 20 fevral 2023-cü il tarixli cavab məktubları arasında ziddiyyət yarandığından, qeyd olunan ziddiyyətlə bağlı məhkəmə cavabdeh orqana yenidən sorğu ünvanlamışdır. Cavabdehin 27 sentyabr 2023cü il tarixli cavab məktubu ilə daxil olmuş arayışda qeyd edilmişdir ki, 16 dekabr 2022-ci il tarixdə inzibati işlə əlaqədar mütəxəssis rəyi verilərkən elektron baza məlumatlarında olan DWJ xəritələrinə istinad olunmuşdur, lakin 23 fevral 2023-cü il tarixli mütəxəssis rəyi verilərkən isə Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları əsasında torpaqların rəqəmsal kadastr xəritələrinə istinad edilmişdir. Göründüyü kimi, cavabdehin iddiaçıların mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasından imtinasının əsası kimi göstərdiyi dəlilin, yəni JN 0041, KOD 30323018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında 41B nömrə ilə göstərilən torpaq sahəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olan torpaq sahəsi ilə kəsişməsi halının artıq aradan qalxdığını və mübahisənin mövcud olmadığını özünün yuxarıdakı cavab məktubları ilə təsdiq etmiş, lakin buna baxmayaraq, yenə də iddiaçıların mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın qanunsuz fəaliyyəti nəticəsində iddiaçıların hüquqları, həmçinin etimad hüququ pozulmuşdur. Cavabdeh orqan imtinanın əsasını təşkil edən hallar aradan qalxdığından, iddiaçıların mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almalı olsa da, öz səlahiyyətlərini icra etməmiş, vətəndaşların hüquqlarını pozmuşdur. Lakin məhkəmə qeyd edir ki, cavabdehə vətəndaşların mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı qanunvericilikdən irəli gələn diskression səlahiyyətlər verilmişdir, buna görə də iddiaçıların mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı onların müraciətinə yenidən baxılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məcəllənin 73.2-ci maddəsinə əsasən İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə alaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “dövlət aktı ilə mülkiyyətlərində olan 1.91 ha torpaq sahəsinə çıxarışın hazırlanması vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması”na dair iddia üzrə Quba rayon Aqrar İslahat Komissiyasının 08 nömrəli, 15 avqust 1997-ci il tarixli qərarı ilə ayrılmış 1.91 ha torpaq sahəsi üzərində İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, çıxarışın verilməsi məsələsinə yenidən baxılması cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə öhdəlik olaraq qoyulmalıdır.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “dövlət aktı ilə mülkiyyətlərində olan 1.91 ha torpaq sahəsinə çıxarışın hazırlanması vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması” iddiası üzrə Quba rayon Aqrar İslahat Komissiyasının 08 nömrəli, 15 avqust 1997-ci il tarixli qərarı ilə ayrılmış 1.91 ha torpaq sahəsi üzərində İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, çıxarışın verilməsi məsələsinə yenidən baxılması cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə öhdəlik olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva