Məhkəmə qərarları › İş №2-1(118)-350/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-350/2020

19.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-350/2020 19.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin Hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X7 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Quba şəhəri 22-ci məhəllədə 16 kv.metr torpaq sahəsində yerləşən mərhum X3 məxsus obyektin istismara qəbul aktının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Quba şəhəri 22-ci məhəllədə 16 kv.metr torpaq sahəsində yerləşən mərhum X3 məxsus obyektin istismara qəbul aktının verilməsi üçün Cavabdehnə müraciət etmiş, lakin cavabdeh tərəfindən xx xxxxxx 2019-cu il tarixli, 2463/2 saylı məktubla iddiaçının müraciəti təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi göstərilmişdir ki, Quba bələdiyyəsinin xx xxxx 2004-cü il tarixli, 75 nömrəli sərəncamına əsasən iddiaçının mərhum əri X3 ayrılmış torpaq sahəsində inşa edilən kommersiya obyekti üçün tikintiyə icazənin alınması və torpaqayırma sənədləşdirilməsi prosesi iddiaçı tərəfindən başa çatdırılmamışdır.Vətəndaş R.Allahverdiyevin vəfat etməsi səbəbindən tikintinin sənədləşdirilməsi, vərəsəlik məsələləri ilə birlikdə məhkəmə qaydasında həll olunmalıdır. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Quba şəhəri ərazisində yerləşən və mərhum əri X1 məxsus 0,0016 ha torpaq sahəsində inşa olunmuş qeyri-yaşayış obyektinin istismara qəbul olunması üçün Cavabdehnə müraciət etmişdir. Belə ki, Quba bələdiyyəsinin xx xxxx 2004-cü il tarixli, 75 saylı Sərəncamına əsasən Quba şəhəri, 22-ci məhəllədən ona 16 kv torpaq sahəsi ayrılmasına qərar verilmişdir. Bununla əlaqədar müvafiq sənədləşmə işləri aparılmışdır. Ərinin ölümündən sonra onun vərəsələri sırasına daxil edilmişdir. Həmin torpaq sahəsində tikili tikilmiş və müvafiq sənədləşmə işləri aparılmışdır. Lakin kommersiya obyektinin istismara qəbul edilməsi üçün İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müvafiq qərarı tələb olunur. İcra Hakimiyyəti isə həmin qərarı verməkdən imtina edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 102.2-ci maddəsinə əsasən obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. İddiaçı hesab edir ki, tikinti obyektinin istismarına icazənin verilməsindən imtina olunması üçün əsas yoxdur və qeyd olunan hallar isə formal xarakter daşıyır. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiaalarını araşdıraraq, hesab edir ki, iddia mümkün iddia olsada, mahiyəti baxımından əsaslı deyil. Məhkəmə hesab edir ki, iddiaçı mərhum X2 vərəsəsi olduğuna görə hazırkı iddia ilə müraciət etmək hüququ vardır. Lakin, aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdeyil və təmin edilməmlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 45-ci maddəsinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 6-cı bəndinə əsasən Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. İş materiallarında olan Quba Bələdiyyəsi sədrinin 75 saylı sərəncamından görünür ki, Quba şəhərinin 22-ci məhəlləsinin 4,0 mx4.0m=16,0 (on altı) kvadrat metr torpaq sahəsi üzərində obyektin tikintisinə Quba Bələdiyyəsi və rayonun baş memarı ilə razılaşdırılmış layihə sənədləri alındıqdan sonra başlanılması tapşırılmışdır. Lakin qanunvericilikdə bələdiyyələrin torpaq sahəsi üzərində tikintiyə icazə vermək səlahiyyəti müəyyən olunmamışdır. İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3 və 73.3.1 maddələrinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə, məhkəmə bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Həmin məcəllənin 74-cü maddəsi diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü tənzimləyərək müəyyən edirki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Hazırki işdə də cavabdeh inzibati orqan ona verilmiş diskresion səlahiyyətlərə uyğun olaraq kommersiya obyektinin istismara qəbul olunması üçün qərarın qəbul edilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqan tərəfindən imtina edilərkən ona verilmiş diskresion səlahiyyətlərin həddini aşması halı müəyyən edilmir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı Quba şəhəri 22-ci məhəllədə 16 kv.metr torpaq sahəsində yerləşən mərhum X4 tərəfindən tikilmiş obyektin istismara qəbul aktının verilməsini istəyir. Lakin həmin tikilinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı aparılmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətlərində qanun pozuntusu müəyyən edilmədiyinə görə iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar