Məhkəmə qərarları › İş №2-1(118)-350/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-350/2022

30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-350/2022 30.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu Qobu Bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı “Cavabdeh iddiaçıya Abşeron rayonu Qobu Bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına” dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 2-1(112)- 6871/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Abşeron rayon Qobu Bələdiyyəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Abşeron rayonu Qobu Bələdiyyəsinin 01 avqust 2007-ci il tarixli 17 nömrəli qərarına əsasən iddiaçıya fərdi ev tikmək məqsədilə 0, 08 ha torpaq sahəsinin satılması haqqında qərar verilmişdir. Həmin torpaq sahəsini əldə etmək üçün 15 may 2008-ci il tarixində tərəfindən 1 200 AZN məbləğində pul vəsaiti ödənilmişdir. Daha sonra 24 iyun 2011-ci il tarixində Torpaqların alqı-satqısına dair akt Abşeron rayonu Qobu Bələdiyyəsinin sədri X1, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbə müdiri X2 və iddiaçı tərəfindən imzalanmışdır. Əlavə olaraq, eyni tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbə müdiri X2 tərəfindən ona ayrılmış torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmədiyi haqqında rəy verilmişdir. Daha sonra, 09 mart 2017-ci il tarixində Abşeron rayonu Qobu Bələdiyyəsinin yeni sədri X.Ə. Əlihəsənov tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrinə müvafiq çıxarışın verilməsi haqqında müraciət də imzalanmışdır. Lakin nümayəndəsi X6 iddiaçı tərəfindən verilmiş etibarnamə əsasında ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinə müraciət edərkən yuxarıda qeyd edilən bütün sənədləri təqdim etdikdən sonra ona həmin qurumdan ərizənin icrasından imtina edilməsi haqqında bildiriş göndərilmişdir. İlk səbəb olaraq, 4 saylı Abşeron Ərazi İdarəsi qeyd edir ki, alqı-satqı qanunla müəyyən edilmiş qaydada keçirilməmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə uyğun olaraq yaşayış evinin inşa edilməsi məqsədilə torpaq sahəsinin ayrılması barədə Bələdiyyənin Qərarı və alqı-satqı (aktla tərtib edilmiş) müqaviləsi tələb olunur. xx.xx.2007-ci il tarixdən sonra isə hərrac protokolu və hərracın nəticələrinə uyğun olaraq bağlanmış alqı-satqı müqaviləsi tələb olunur. İddia ərizəsinə əlavə etdiyi torpaq sahəsinin ayrılması haqqında qərarda açıq aydın görünür ki, torpaq sahəsi xx.xx.2007-ci il tarixində ayrılmışdır, yəni xx.xx.2007-ci il tarixinə qədər. Həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 149.7-ci maddəsinə və Azərbaycan Respublikasının “Normativ hüquqi aktlar” haqqında Konstitusiya qanunun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. İkinci səbəb olaraq, 4 saylı Abşeron Ərazi İdarəsi bildirir ki, Abşeron rayonu Qobu Bələdiyyəsinin yerquruluşu planından çıxarışı qanuna müvafiq qaydada təsdiq edilməmişdir. Ərizəyə əlavə edilən Abşeron rayonu Qobu Bələdiyyəsinin yerquruluşu planından çıxarışın sürətindən göründüyü kimi həmim sənəd müvafiq şəxslərin imzası və müvafiq dövlət qurumlarının möhürü ilə təsdiqlənmişdir və bu təsdiq formasından başqa bir forma mövcud deyil. Əlavə olaraq, dövlət qurumlarının hazırladığı sənədlərə görə sıravi vətəndaşlar məsuliyyət daşıya bilməz. Və onu da qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron rayon İdarəsinə sənədlər əlbəəl təhvil verilir, odur ki, sənədlərdə natamamlıq və ya çatışmazlıq mövcud olduğu halda sənədlər qəbul edilmir. Həmin qurumun əsassız səbəblər gətirərək qərəzli şəkildə Azərbaycan Respublikasının vətəndaşının müraciətinə bu cür imtina edərək, onun mülkiyyət hüququnun pozulması Azərbaycan Respublikasının qanunveriliciyinə ziddir. Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən İddiaçı ayrılmış 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə 21 sentyabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı Qobu Bələdiyyəsi tərəfindən İddiaçı 0.08 ha torpaq sahəsinin 01 avqust 2007-ci il tarixdə ayrılmasına baxmayaraq, alğı-satqı aktının və ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin 24 iyun 2011-ci il tarixdə verildiyi, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin müraciətə əlavə edilmədiyi müəyyən edilmişdir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada təsdiq edilmədiyi müəyyən edilmişdir. Həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi 2009-cu ildən mövcud olsada, müraciət üzrə əlavə edilmiş X4 Azər Yusif oğluna 0.08 ha torpaq sahəsinin ayrılmasına dair 01 avqust 2007-ci il tarixli qərarında vətəndaşın mülkiyyət hüququna dair müvafiq sənədin alınması məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi idarəsinə müraciət edilməsinin göstərildiyi aşkar edilmişdir. Torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 696 saylı Fərmanının 2-ci bəndinin üçüncü hissəsinə əsasən Əsasnamənin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və torpaq şöbələri həyata keçirirlər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 18-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Əsasnamənin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Əsasnamənin 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. O zaman Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydalan”na Əlavədə Torpaqların alqı-satqısına dair Aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsi müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. Lakin, “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə Torpaqların alqı-satqısı Qaydalan”na Əlavədən - “Torpaqların alqı-satqısına dair Akt” çıxarılmışdır. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 23 oktyabr 2007-ci il tarixli, 466-İİİQD saylı Azərbaycan Respublikası Qanununa əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilərək bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir sözü ilə əvəz olunmuşdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan edilir. Həmin Məcəlləsinin 67 və 68-ci maddələrinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Abşeron rayon Qobu Bələdiyyəsi iddiaya münasibətində iddianın təmin və yaxud rədd edilməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından aşağıda qeyd edilənlərə əsasən əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı Abşeron rayonu Qobu Bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istəyir. Cavabdeh isə aşağıdakı əsaslarla iddianın təmin edilməsindən imtina edir : Aparılan araşdırma zamanı Qobu Bələdiyyəsi tərəfindən İddiaçı 0.08 ha torpaq sahəsinin 01 avqust 2007-ci il tarixdə ayrılmasına baxmayaraq, alğı-satqı aktının və ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin 24 iyun 2011-ci il tarixdə verildiyi, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin müraciətə əlavə edilmədiyi müəyyən edilmişdir.Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada təsdiq edilmədiyi müəyyən edilmişdir. Həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi 2009-cu ildən mövcud olsada, müraciət üzrə əlavə edilmiş X4 Azər Yusif oğluna 0.08 ha torpaq sahəsinin ayrılmasına dair 01 avqust 2007-ci il tarixli qərarında vətəndaşın mülkiyyət hüququna dair müvafiq sənədin alınması məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi idarəsinə müraciət edilməsinin göstərildiyi aşkar edilmişdir. İnzibati orqan qeyd edir ki, torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtina səbəblərinin bəziləri əsaslı olmasada, umumilikdə imtina əsaslı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilir ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarından sonra bələdiyə qərarı əsasında vətəndaşlara satılmış torpaq sahələri üzərində mükiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı iddalar üzrə məhkəmə təcrübəsində müəyyən dəyişikliklər olsadada, hazırkı iş üzrə cavabdeh inzibati orqanın qeyd etdiyi “Həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi 2009-cu ildən mövcud olsada, müraciət üzrə əlavə edilmiş X4 Azər Yusif oğluna 0.08 ha torpaq sahəsinin ayrılmasına dair 01 avqust 2007-ci il tarixli qərarında vətəndaşın mülkiyyət hüququna dair müvafiq sənədin alınması məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi idarəsinə müraciət edilməsinin göstərildiyi aşkar edilmişdir.” əsası hazırkı iş üzrə fərqli vəziyyətin olduğunu göstərir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Abşeron rayonu Qobu Bələdiyyəsi perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında İddiaçı fərdi mənzil tikmək məqsədilə 0.08 ha torpaq sahəsi ayrılması ilə bağlı məhkəməyə təqdim edilmiş Abşeron rayonu X5 17 saylı qərarında qərarın verimə tarixi 01 avqust 2007-ci il göstərilsədə, qərarda qeyd edilir ki, İddiaçı torpaq sahəsinə mülkiyyət hüququna dair müvafiq hüquqi sənəd hazırlanıb verlməsi Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsindən xahiş edilsin. Bununla bağlı məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 2005-ci il tarixli, 1008 saylı Sərncamı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət Əmlakının İdarə Edilməsi və özəlləşdirilməsi departamentinin əsasında Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 19 may 2009-cu il tarixli 283 saylı Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ləğv edilmiş və onun əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yaradılmışdır. Göründüyü kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi məhkəməyə təqdim edimiş bələdiyyə qərarının göstərildiyi tarixdə mövcud olmamışdır. Bu halda həmin tarixli qərarda Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsinin adının qeyd edilməsi qeyri-mümkündür. Eyni zamanda iş marerialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən bələdiyyənin hesabına torpağın dəyərinin ödənilməsidə həmin tarixdə yox, 15 may 2008-ci il (24 nömrəli qəbz) tarixində həyata keçirilmişdir. Həmin tarixdə isə torpaq sahəsi qanunvericiliyə uyğun olaraq açıq torpaq hərracı vasitəsilə əldə edilə bilərdi. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli Qanununun 9-cu maddəsinə əsasən “bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər”. Göründüyü kimi bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsinin istisnalarıda vardır, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması bunun istisnasını təşkil edir. Hazırki iş üzrə isə iddiaçının bələdiyyənin ərazisində daimi yaşaması və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olması halıda müəyən edilmir. Məhkəmə hesab edir ki, qeyd edilənlər imtina üçün əsas təşkil edir və iddianın əsaslı olmadığını göstərir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar