Məhkəmə qərarları › İş №2-1(118)-3503/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3503/2022

09.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3503/2022 09.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı Adıgözəlov Nəsimi Vidadi oğlunun onun mülkiyyətində olan ünvan 2-dən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Adıgözəlov Nəsimi Vidadi oğlunun onun mülkiyyətində olan ünvan 2-dən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Adıgözəlov Nəsimi Vidadi oğlu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 6/11, 37 saylı mənzil xx.xx.2010-cu il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzili xx.xx.2010cu il tarixdə alqı-satqı müqaviləsi əsasında 26.433 manata Adıgözəlov Nəsimi Vidadi oğlundan almışdır. Üçüncü şəxs mənzili satdıqdan sonra 1 (bir) ay ərzində qeydiyyatdan çıxacağına söz vermişdir. Lakin hazıradək formal olaraq qeydiyyatda qalmışdır. Onun mənzili üzərində heç bir hüququ yoxdur. Tərəflər və üçüncü şəxs şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Sumqayıt şəhər Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak edə bilmədiyi və məhkəmənin çıxardığı qanuni qərarla razılaşdığı bildirilmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən tərəflərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan : - AN-İ № ******* seriyalı xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, ünvan 2 Adıgözəlov Nəsimi Vidadi oğlu tərəfindən İddiaçı satılmışdır. - MA № ******* reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 2 İddiaçı xüsusi mülkiyyətindədir. - DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Adıgözəlov Nəsimi Vidadi oğlu ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı üçüncü şəxsin qeydiyyatdan çıxarılması üçün cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan imtina məktubunda bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə haqqında” Azərbaycan Respublikası Qanununun” 9-cu maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq həmin şəxsin qeydiyyatdan çıxarılması məsələsinə inzbati məhkəmə icraatı qaydasında müraciəti edilməsi tövsiyyə edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan mənzildən üçüncü şəxsin qeydyiyatdan çıxarılması üçün tələb hüququnun mövcudluğu müəyyən olunur. Üçüncü şəxs X1 həmin yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, qanun yaşayış yeri üzrə qeydiyyatın məqsədini müəyyən etmişdir və bu məqsəd üçün hər bir şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Şəxsin uzun müddət qeydiyyatda olduğu ünvanda yaşamaması qeyd edilən qanunun məqsədlərinə ziddir. Həmin Qanunun 9-cu maddəsinin 5-ci hissəsinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarının 3cü bəndində göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Adıgözəlov Nəsimi Vidadi oğlunun İddiaçı mülkiyyətində olan ünvan 2-dən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə oyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Adıgözəlov Nəsimi Vidadi oğlunun İddiaçı mülkiyyətində olan ünvan 2-dən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti,70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar