Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3503/2024 22.08.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “iddiaçının doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı Cavabdehnə qarşı “iddiaçının doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1986-cı il tarixdə Şamaxı rayonunda anadan olmuşdur. Şamaxı rayonu, Dağ-Bağırlı kəndində yaşayır. Ona məxsus doğum haqqında şəhadətnamə Şamaxı rayon VVAQ Şöbəsi tərəfindən verilmişdir. Belə ki, şəxsiyyəti təsdiq edən sənəd almaqdan ötrü lazımi sənədləri toplayan zaman çətinliklə üzləşmişdir. Rəsmi şəkildə Cavabdehnə müraciət etsə də, cavabdeh orqan tərəfindən onun doğum haqqında akt qeydinin 1983-1989-cu illər Cavabdeh üzrə Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin və Cavabdeh arxivində habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində aşkar olunmamışdır. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd edilmişdir ki, iddia tələbinin təmin edilməsinə etiraz etmir. Cavabdeh məhkəməyə ünvanladığı ərizədə işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər: İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: Cavabdeh 25 noyabr 2023-cü il tarixli, 3-16- 5/8-15-1273/2023 saylı imtina məktubu; Xİİ ЖГ 303310 nömrəli, 24 dekabr 1986-cı il tarixli “Doğum haqqında şəhadətnamə” və digər sənədlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərtləri təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. Göründüyü kimi, İddiaçı Xİİ ЖГ 303310 nömrəli, 24 dekabr 1986-cı il tarixli “Doğum haqqında şəhadətnamə” verilsə də, doğum haqqında akt qeydi mövcud olmadığından və iddiaçı doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı qeydiyyat yeri üzrə qeydiyyat orqanı kimi Cavabdehnə müraciət etmişdir. Cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir, iddiaçı isə hazırda həmin imtinanı mübahisələndirir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh inzibati orqandan tələbi formal olaraq, doğum akt qeydinin bərpa edilməsi barədədir. Məhkəmə qeyd edir ki, məhkəmə icraatı zamanı Cavabdeh tərəfindən iddiaçının doğum haqqında akt qeydinin bərpa edilməsinə, yəni onun arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğuna dair məhkəməyə sübut təqdim edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.1-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 168-ci maddəsinə görə doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır, atalıq müəyyən edilmədiyi halda atanın milliyyəti ananın göstərişi ilə yazılır. İş materiallarından müəyyən edilir ki, iddiaçıya məxsus Xİİ ЖГ 303310 nömrəli, 24 dekabr 1986-cı il tarixli “Doğum haqqında şəhadətnamə”də İddiaçı 11 sentyabr 1986-cı il tarixdə Şamaxı rayonunda anadan olduğu və şəhadətnamənin ata adı qrafasında “X1”, ana adı qrafasında isə “X2” qeyd edilmişdir. Məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş məktuba əsasən müəyyən edilir ki, iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün sözügedən orqanda araşdırma aparılmış və nəticədə ******* nömrəli, 05 avqust 2022-ci il tarixli “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” Qərar qəbul edilmişdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin müvcudluğunu sübut etmək vəzifəsi həmin orqanın üzərinə düşür. Məhkəmənin mövqeyinə görə iddiaçıya məxsus doğum haqqında şəhadətnamə tərtib edilməsinə baxmayaraq, onun barəsində doğum haqqında akt qeydinin aşkar edilməməsi, iddiaçının məsuliyyətinə səbəb ola və onun əleyhinə şərh oluna bilməz. Həmin uyğunsuzluq aradan qaldırılmaqla, iddiaçının doğum haqqında akt qeydinin bərpa edilməsindən cavabdeh tərəfindən imtina edilməsi qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçıya məxsus doğum haqqında şəhadətnamə mövcud olsa da, doğum haqqında akt qeydinin olmaması iddiaçıya bir sıra hüquqlarının həyata keçirilməsində maneələr yaradır. Beləliklə, məhkəmə araşdırma əsasında bildirir ki, iddiaçıya məxsus doğum haqqında şəhadətnamə mövcud olduğundan, həmin, Xİİ ЖГ 303310 nömrəli, 24 dekabr 1986-cı il tarixli doğum haqqında şəhadətnamə əsasında iddiaçının doğum haqqında akt qeydi cavabdeh orqan tərəfindən bərpa edilməlidir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Xİİ ЖГ 303310 nömrəli, 24 dekabr 1986-cı il tarixli “Doğum haqqında şəhadətnamə”si əsasında doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Xİİ ЖГ 303310 nömrəli, 24 dekabr 1986-cı il tarixli “Doğum haqqında şəhadətnamə”si əsasında doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva