Məhkəmə qərarları › İş №2-1(118)-3506/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3506/2025

02.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3506/2025 02.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5n 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi) GİRİŞ HİSSƏ X3-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Şükürov Əfsun Vidadi oğlunun katibliyi, iddiaçının nümayəndəsi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5n 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 02 iyul 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5n 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DTXK-nın Siyəzən rayon şöbəsinin verdiyi xx.xx.2007-ci il tarixli, 699 nömrəli Siyəzən Rayon İcra Hakimiyyətinin MTB-nin əsaslı tikinti işlərinə icazə verən xx.xx.2007-ci il tarixli, 47 nömrəli rəyi və təsdiq olunmuş layihəsinə, həmçinin ayrılmış torpaq sahəsinin dəyərinin ödənildiyini təsdiq edən ABB-nin Siyəzən rayon şöbəsinin xx.xx.2007-ci il tarixli, 17 nömrəli qəbzinə əsaslanaraq, Vaqif küçəsinin başlandığı ərazidə 500 kv.m ayrılmış torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi, torpaq sahəsinin plan və ölçülərinin aparılması və həmin torpaq sahəsinə mülkiyyət hüququnun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyetsri X5 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra, iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, DTXK-nın Siyəzən rayon şöbəsinin verdiyi xx.xx.2007-ci il tarixli, 699 nömrəli Siyəzən Rayon İcra Hakimiyyətinin MTB-nin əsaslı tikinti işlərinə icazə verən xx.xx.2007-ci il tarixli, 47 nömrəli rəyi və təsdiq olunmuş layihəsinə, həmçinin ayrılmış torpaq sahəsinin dəyərinin ödənildiyini təsdiq edən ABB-nin Siyəzən rayon şöbəsinin xx.xx.2007-ci il tarixli, 17 nömrəli qəbzinə əsaslanaraq, Xətai küçəsinin başlandığı ərazidə 413 kv.m ayrılmış torpaq sahəsinin plan və ölçülərinin aparılmasının və həmin torpaq sahəsinə mülkiyyət hüququnun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyetsri X5 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1970-ci ildə Siyəzən şəhərində anadan olmuşdur. DTXK-nin Siyəzən rayon şöbəsinin verdiyi xx.xx.2007-ci il tarixli 699 №-li, Siyəzən rayon İH-nin MTB-nin əsaslı tikinti işləri aparmağa icazə verən xx.xx.2007-ci il tarixli, 47 №-li rəyi və təsdiq olunmuş layihəsinə, həmçinin ayrılmış torpaq sahəsinin dəyərinin ödənildiyini təsdiq edən ABB-nin Siyəzən rayon şöbəsinin xx.xx.2007-ci il tarixli, 17 nömrəli qəbzinə əsaslanaraq, Xətai küçəsinin başlandığı ərazidə 500 m2 ( beş yüz kv.m) torpaq sahəsi ayrılaraq fərdi mənzil tikintisi üçün iddiaçının adına satılması barədə qərar verilmişdir. Təqdim edilən sənədlər əsasında iddiaçıya Siyəzən şəhəri, Vaqif küçəsi ərazisindəki torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi üçün AR İN yanında ƏMDX DƏDK və RPHŞ 2 saylı Sumqayıt Əİ-nə rəsmi məktub ünvanlanmış və xx.xx.2024-cü il tarixli, 3-21-3-31/2-209/2024 saylı və xx.xx.2024-cü il tarixli, 3-21-3-31/2-3616/2024 saylı cavab məktubları ilə bildirmişlər ki, təqdim etdiyi sənədlərin araşdırılması zamanı xx.xx.2005ci il tarixli, 723 nömrəli “Torpaqların alqı-satqısına dair akt”ında DTXK-nin Siyəzən rayon şöbəsinin möhürünün fotosurət olduğu müəyyən olunmuşdur. Eyni zamanda, təqdim etdiyim 30.11,2005-ci il tarixli, 723 nömrəli “Torpaqların alqı-satqısma dair akt” idarənin istifadəsində olan arxiv saxlancına təhvil verilmiş arxiv məlumatlarında da aşkar edilməmişdir. İddiaçı bildirir ki, əvvəla “Torpaqların alqı-satqısına dair aktı”nın tarixi xx.xx.2005-ci il deyil, xx.xx.2007-ci il tarixinə təsadüf edir. İddiaçıda olan həmin aktda DTXK-nin Siyəzən rayon şöbəsinin möhürü əsildir. Bütün təqdim etdiyi sənədlər iddiaçıya əsas verdiyi halda hələ də torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportu ala bilmir. Ona görə də, bu məsələ ilə əlaqədar inzibati məhkəməyə müraciət etmək məcburiyyətindədir.

4. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, təqdim edilən sənədlərin araşdırılması zamanı xx.xx.2005-ci il tarixli, 723 nömrəli "Torpaqların alqı-satqısına dair akt”ındakı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsinin möhürünün fotosurət olduğu müəyyən olunmuşdur. Həmçinin bildiririk ki, təqdim edilən xx.xx.2005-ci il tarixli, 723 nömrəli “Torpaqların alqı-satqısına dair akt”ı idarənin istifadəsində olan arxiv saxlancına təhvil verilmiş arxiv məlumatlarında da aşkar edilməmişdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etdi.

ƏSASLANDİRMA HİSSƏSİ

II. İddianın növü və mümkünlüyü

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

10. İddia tələbi çıxarışın və plan-ölçü sənədinin verilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

11. İddia mümkündür.

İİİ. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:

12. xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, Siyəzən bələdiyyəsi ərazisindən 500 kv.m ha torpaq sahəsi İddiaçı satılmışdır.

13. xx.xx.2007-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Siyəzən bələdiyyəsinin hesabına 200 manat köçürmüşdür.

14. Siyəzən rayonu Siyəzən bələdiyyəsi tərəfindən təsdiq edilmiş kompleks yerquruluşu layihəsindən çıxarışdan görünür ki, İddiaçı ayrılmış 500 kv.m torpaq sahəsinə dair tərtib edilmişdir.

15. Siyəzən Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-48-40/RA/2-N-xxxx/2023 nömrəli arxiv çıxarışından görünür ki, Siyəzən bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 19 saylı qərarına əsasən DTXK-nın Siyəzən rayon şöbəsinin verdiyi xx.xx.2007-ci il tarixli, 699 nömrəli, Siyəzən Rayon İcra Hakimiyyətinin MTB-nin əsaslı tikinti işləri aparmağa icazə verən xx.xx.2007-ci il tarixli, 47 nömrəli rəyi və təsdiq olunmuş layihəsinə, həmçinin ayrılmış torpaq sahəsinin dəyərinin ödənildiyini təsdiq edən ABB-nin Siyəzən rayon şöbəsinin xx.xx.2007-ci il tarixli, 17 nömrəli qəbzinə əsaslanaraq, Vaqif küçəsinin başlandığı ərazidə 500 kv.m ayrılmış torpaq sahəsinin ayrılaraq fərdi mənzil tikintisi üçün İddiaçı satılması qərara alınmışdır.

16. Siyəzən bələdiyyəsinin 31 avqust 2023-cü il tarixli, 11 nömrəli iclasının 17 saylı qərarından çıxarışdan görünür ki, Siyəzən bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı iclasının 40 nömrəli qərarında texniki səhvə yol verildiyi üçün qeyd olunan qərarın dəyişdirilməsi, Siyəzən bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı iclasının 40 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinin ünvanının Xətai yaşayış massivi kimi qeyd olunması qərara alınmışdır.

17. DT və XK-nin Siyəzən rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 699 nömrəli rəydən görünür ki, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 0,05 ha olmaqla Siyəzən bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir.

18. Siyəzən Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti bölməsi tərəfindən verilmiş 47 nömrəli, 29.1.2007-ci il tarixli rəydən görünür ki, İddiaçı tikinti məqsədi ilə 500 kv.m torpaq sahəsinin ayrılmasına etiraz etmir.

19. Siyəzən şəhəri, Xətai küçəsi ərazisində 0,05 ha torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktından görünür ki, torpaq sahəsi faktiki 413 kv.metrdir. 2 tərəfdən yol, 1 tərəf qonşu, 1 tərəf boş sahə ilə əhatə olunmuşdur. 1 tərəfdən mişar daşı ilə hasarlanıb, digər tərəflər hasarsızdır. Torpaq sahəsində inventarlaşdırma işləri aparılmış, torpaq sahəsinin qərb tərəfindən 6 kv.luq orta gərginlikli elektrik xətti keçir və 87 kv.m torpaq sahəsi xəttin mühafizəsinə düşür. Vətəndaş torpaq sahəsinin azalması ilə əlaqədar ərizə verib.

20. Məhkəmənin sorğusuna əsasən, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Siyəzən şəhəri ərazisində yerləşən, İddiaçı ayrılmış 0,05 ha torpaq sahəsinin yaxınlığından keçən 6 kV-luq elektrik verilişi xətti "xxxx" ASC-yə məxsus deyil.

21. Məhkəmənin sorğusuna əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5n 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı ayrılmış torpaq sahəsinin qonşuluğunda yerləşən və üzərində mükiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahələrinə dair çıxarışların surətləri məhkəməyə təqdim edilmişdir.

22. Məhkəmənin sorğusuna əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5n 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Siyəzən bələdiyyəsinin 11-40 saylı, 30 noyabr 2007-ci il tarixli qərarına əsasən İddiaçı Siyəzən şəhəri, Vaqif küçəsi ərazisində satılmış 0,05 ha torpaq sahəsinin faktiki yerləşdiyi hissəsi hər hansı bir fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Üst-üstə düşmə halı yoxdur.

23. Məhkəmənin sorğusuna əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5n 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, sözügedən torpaq sahəsi Ünvan Reyestri İnformasiya Sistemində (ÜRİS) qeydiyyata alınmadığından yeni qaydalarla ünvan təyin olunaraq bu barədə məlumat verilməsi mümkün olmamışdır.

IV. Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

26. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir (həmin normalar Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də qeyd olunmuşdur). Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

28. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5-ci maddəsinə əsasən, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyətiorqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.

29. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin: 5-ci bəndinə əsasən, bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.

30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.

31. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin.

32. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5n Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri daşınmaz əmlakın dövlət reyestrinin daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.

33. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0-cı bəndində göstərilmişdir: Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq.

IV. Məhkəmənin mövqeyi

34. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

35. Məhkəmə tərəfindən müəyyən edildi ki, Siyəzən bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 19 saylı qərarına əsasən DTXK-nın Siyəzən rayon şöbəsinin verdiyi xx.xx.2007-ci il tarixli, 699 nömrəli, Siyəzən Rayon İcra Hakimiyyətinin MTB-nin əsaslı tikinti işləri aparmağa icazə verən xx.xx.2007-ci il tarixli, 47 nömrəli rəyi və təsdiq olunmuş layihəsinə, həmçinin ayrılmış torpaq sahəsinin dəyərinin ödənildiyini təsdiq edən ABB-nin Siyəzən rayon şöbəsinin xx.xx.2007-ci il tarixli, 17 nömrəli qəbzinə əsaslanaraq, Vaqif küçəsinin başlandığı ərazidə 500 kv.m ayrılmış torpaq sahəsinin ayrılaraq fərdi mənzil tikintisi üçün İddiaçı satılması qərara alınmışdır. xx.xx.2007-ci il tarixli qəbzə əsasən İddiaçı Siyəzən bələdiyyəsinin hesabına 200 manat köçürmüşdür. Siyəzən bələdiyyəsinin 31 avqust 2023-cü il tarixli, 11 nömrəli iclasının 17 saylı qərarından çıxarışına əsasən, Siyəzən bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı iclasının 40 nömrəli qərarında texniki səhvə yol verildiyi üçün qeyd olunan qərarın dəyişdirilməsi, Siyəzən bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı iclasının 40 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinin ünvanının Xətai yaşayış massivi kimi qeyd olunması qərara alınmışdır. DT və XK-nin Siyəzən rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 699 nömrəli rəyə əsasən, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 0,05 ha olmaqla Siyəzən bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Siyəzən Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti bölməsi tərəfindən verilmiş 47 nömrəli, 29.1.2007-ci il tarixli rəyə əsasən, İddiaçı tikinti məqsədi ilə 500 kv.m torpaq sahəsinin ayrılmasına etiraz etməmişdir.

36. İşin mübahisəli halı ondan ibarətdir ki, 1. xx.xx.2005-ci il tarixli, 723 nömrəli “Torpaqların alqı-satqısına dair akt”ındakı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsinin möhürünün fotosurət olduğu, 2. təqdim edilən xx.xx.2005-ci il tarixli, 723 nömrəli "Torpaqların alqı-satqısına dair akt”ı idarənin istifadəsində olan arxiv saxlancına təhvil verilmiş arxiv məlumatlarında da aşkar edilməmişdir.

37. Məhkəmə hesab edir ki, sözügedən torpaq sahəsinin iddiaçıya bələdiyyə tərəfindən satılması iş materialları ilə təsdiq edilir. Cavabdehin imtinanın dəlilləri kimi göstərilmiş “Torpaqların alqı-satqısına dair akt”ındakı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsinin möhürünün fotosurət olması, idarənin istifadəsində olan arxiv saxlancına təhvil verilmiş arxiv məlumatlarında da aşkar edilməməsi iddiaçıya mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. Həmin sənədlərin tərtibatı müvafiq orqanların səlahiyyətlərinə aid olmuşdur. Hazırda iddiaçı bu səbəblərdən mülkiyyət hüququndan məhrum edilə bilməz.

38. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə torpağın təyinatı və satılmağa uyğunluğu ilə bağlı rəy həmin dövr üçün səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu Şamaxı rayon şöbəsi tərəfindən verilmişdir. İşdə olan sənədlərlə təsdiq olunur ki, torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı ilə yanaşı torpaqların alqı-satqısına dair akt, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması, kənd təsərrüfatına yararsız olmaqla satılmasının qanunamüvafiqliyi barədə rayon torpaq şöbəsinin rəyi, habelə rayon torpaq şöbəsinin təsdiq etdiyi yer quruluşu planı mövcud olmuşdur. Odur ki, 2005 və 2006cı illərdə torpaq sahəsinin satılmasının qanunamüvafiqliyi barədə səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənədlər mötəbər hesab olunur.

39. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən isə hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

40. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006cı il 29 mart tarixli Qərarı, § 93).

41. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak” “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı).

42. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında şərh edilən mövqeyə əsasən, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanındavranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, hüquqmüəyyənedici sənəd olan Abşeron rayon Masazır bələdiyyəsinin 16 iyul 2007-ci il tarixli 26 nömrəli qərarı iddiaçının torpaq sahəsi üzərində hüququnun reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb etmək haqqının, cavabdehin isə iddiaçı qarşısında həmin torpaq sahəsini qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir.

44. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. NƏTİCƏVİ HİSSƏ

45. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 52, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Siyəzən bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 19 saylı qərarı ilə ayrılmış Siyəzən şəhəri, Xətai yaşayış massivi ərazisində yerləşən 413 kv.metr torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5n 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X3-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar