Məhkəmə qərarları › İş №2-1(118)-351/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-351/2021

10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-351/2021 10.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “dövlət rüsumu və xidmət haqqı tələb olunmadan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüququn dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciəti təmin olunmamışdır. İmtinanın əsası kimi mülkiyyət hüququna dair hüquqmüəyyənedici sənədlərin əslinin və dövlət rüsumunun ödənilməsi barədə qəbzin cavabdeh inzibati orqana təqdim edilməməsi göstərilmişdir. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüququn qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün ondan dövlət rüsumunun və xidmət haqının tələb olunmasının əsassız sayılmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddiasını dəqiqləşdirərək dövlət rüsumu və xidmət haqqı tələb olunmadan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüququn dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Corat Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt XDS tərəfindən xx.xx.1988-ci il tarixdə 17 saylı protokol əsasında ünvan 1 ünvanında fərdi yaşayış evinin tikintisi üçün 551 kv.metr torpaq sahəsi anası X1 ayrılmış və həmin torpaq sahəsi və üzərində yerləşən ev üzərində hüququn vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmış və xx.xx.2012-ci il tarixli çıxarış verilmişdir. Lakin, bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, qeyd olunan çıxarış səhv tərtib olunmuşdur. Beləki, torpaq sahəsi ancaq evin tikinti altı sahəsi olaraq 72 kv.metr torpaq sahəsi istifadədə və bələdiyyə mülkiyyəti kimi qeyd edilmişdir. Məlum olduğu kimi iddiaçıya məxsus olan evin yerləşdiyi torpaq sahəsi əvəzsiz mülkiyyətə verilmiş torpaq sahələrinə aiddir. Həmin torpaq sahəsinin ayrılması barədə müvafiq qərara İdarəyə təqdim olunduğundan torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusluğu çıxarışda qeyd edilməli idi. Hər bir halda iddiaçı yanlışlığın aradan qaldırılması üçün cavabdehə müraciət etmiş və çıxarış hazırlanandan sonra ona müvafiq SMS gəlmişdir. Sənədi götürmək istəyəndə iddiaçıya bildirilmişdir ki, 184 manat xidmət haqqı ödənilməlidir. Halbuki, qeyd olunan məbləğin iddiaçıdan tələb olunması əsasızdır. Aydındır ki, çıxarış verilməsi zamanı texniki səhv buraxılıb və bu səhv cavabdehin hərəkətləri nəticəsində yaranmışdır. Azərbaycan Respulikası İnzibati-Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia),inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) və sairə iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(118)-1389/2020 nömrəli sərəncamına əsasən (hakim - İsmayıl Quliyev) İdarəyə göndərilmiş və iddiaya qarşı yazılı şəkildə münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. İddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmışdır və müəyyən edilmişdir ki, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi ilə əlaqədar xx xxxxxx 2019-cu il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müracitə etmişdir və onun müraciəti daxil olmuş ********** nömrə ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyət hüququna dair hüquqmüəyyənedici sənədlərin əsli, o cümlədən dövlət rüsumunun ödənilməsi barədə qəbz Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təqdim ediləcəyi təqdirdə müraciətinə qanunla müəyyən edilmiş qaydada baxılacağı İddiaçı bildirilmiş və bu barədə ona xx xxxxxx 2020-ci il tarixli **********78 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmənin xx xxxxxx 2021-ci il tarixli sorğusuna cavab məktubunda cavabdeh qeyd etmişdir ki, xx.xx.2012-ci il tarixdə İddiaçı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 353 nömrəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı müraciət edən zaman ərizəsinə əlavə olunmuş Sumqayıt şəhər 1 saylı Notariat Kontorunun təsdiq etdiyi xx.xx.2012-ci il tarixli 2V-1-78 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə və xx.xx.2012-ci il tarixli 3M-01-102 reyestr nömrəli miras payın bağışlanma müqaviləsi əsasında torpaq sahəsi istifadədə qeyd olunmaqla fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınmış və xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli, Seriya MA ******* nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Belə ki, təqdim olunmuş şəhadətnamədə miras əmlak qeydiyyat vəsiqəsi əsasında mərhumun mülkiyyətində olmuş fərdi yaşayış evi qeyd olunmuşdur, torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş hüquq müəyyənedici əsaslar ərizəyə əlavə olunmamışdır. Sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın, texniki pasportun və qiymətləndirmə arayışının verilməsi barədə İddiaçı xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə baxılmış və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın 2.4-cü bəndinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınaraq üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə vahid daşınmaz əmlak şəklində daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış, texniki pasport və qiymətləndirmə arayışı hazırlanmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciəti təmin olunmamışdır. İmtinanın əsası kimi mülkiyyət hüququna dair hüquqmüəyyənedici sənədlərin əslinin və dövlət rüsumunun ödənilməsi barədə qəbzin cavabdeh inzibati orqana təqdim edilməməsi göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır və aşağıda qeyd olunanlara əsasən iddia rədd edilməlidir. Belə ki, iddiaçı qeyd edir ki, Sumqayıt XDS tərəfindən xx.xx.1988-ci il tarixdə 17 saylı protokol əsasında ünvan 1 ünvanında fərdi yaşayış evinin tikintisi üçün 551 kv.metr torpaq sahəsi anası X1 ayrılmış və həmin torpaq sahəsi və üzərində yerləşən ev üzərində hüququn vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmış və xx.xx.2012-ci il tarixli çıxarış verilmişdir. Lakin, bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, qeyd olunan çıxarış səhv tərtib olunmuşdur. Beləki, torpaq sahəsi istifadədə və bələdiyyə mülkiyyəti kimi qeyd edilmişdir. Məlum olduğu kimi iddiaçıya məxsus olan evin yerləşdiyi torpaq sahəsi əvəzsiz mülkiyyətə verilmiş torpaq sahələrinə aiddir. Həmin torpaq sahəsinin ayrılması barədə müvafiq qərara İdarəyə təqdim olunduğundan torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusluğu çıxarışda qeyd edilməli idi. İddiaçı yanlışlığın aradan qaldırılması üçün cavabdehə müraciət etmiş və çıxarış hazırlanandan sonra ona müvafiq SMS gəlmişdir. Sənədi götürmək istəyəndə iddiaçıya bildirilmişdir ki, 184 manat xidmət haqqı ödənilməlidir. Halbuki, qeyd olunan məbləğin iddiaçıdan tələb olunması əsasızdır. Aydındır ki, çıxarış verilməsi zamanı texniki səhv buraxılıb və bu səhv cavabdehin hərəkətləri nəticəsində yaranmışdır. Bununla əlaqədar olaraq məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış və araşdırma əsasında müəyyən edilmişdir ki, xx.xx.2012-ci il tarixdə İddiaçı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 353 nömrəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı müraciət edən zaman ərizəsinə əlavə olunmuş Sumqayıt şəhər 1 saylı Notariat Kontorunun təsdiq etdiyi xx.xx.2012-ci il tarixli 2V-1-78 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə və xx.xx.2012-ci il tarixli 3M-01-102 reyestr nömrəli miras payın bağışlanma müqaviləsi əsasında torpaq sahəsi istifadədə qeyd olunmaqla fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınmış və xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli, Seriya MA ******* nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Təqdim olunmuş şəhadətnamədə miras əmlak qeydiyyat vəsiqəsi əsasında mərhumun mülkiyyətində olmuş fərdi yaşayış evi qeyd olunmuşdur, torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş hüquq müəyyənedici əsaslar ərizəyə əlavə olunmamışdır. İddiaçı isə bu halları təkzib edən hərhansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Prezidentinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə xx xxxxxx 2015-ci il tarixli, 439 saylı fərmanının 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər siyahısında göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanunun 6.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: 6.1.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı hərəkətlər: 6.1.1.1. daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın təqdim olunması; 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Cavabdeh tərəfindən isə qanunvericiliyin tələbinə müvafiq olaraq torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınaraq üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə vahid daşınmaz əmlak şəklində daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış, texniki pasport və qiymətləndirmə arayışı hazırlanmışdır. Qanunvericiliyə əsasən daşınmaz əmlakınla bağlı hüquqların dövlət qeydiyyatı üçün dövlət rüsumunun ödənilməsi nəzərdə tutulduğu üçün iddia əsaslı hesab edilə bilməz. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar