Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-352/2021 04.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı (Mərkəzi Seçki Komissiyasının katibliyində məsləhətçi işləyən, Bakı şəhəri, Şahbazi küçəsi ev 100 A mənzil 41-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, R.Behbudov küçəsi 61 saylı evdə yerləşən 36 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının yetkinkik yaşına çatmış ailə üzvləri İbadova Səbinə Əlican qızı və X3 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Şifahi məhkəmə baxışında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 1185 saylı xx xxxx 2011-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifatrişi ilə Xırdalan şəhərində əlil və şəhid ailələri üçün inşa olunmuş və Abşeron raon Mənzil Kommunal İstehsalat-İstismarı Təmiri Birliyinin balansına verilmiş 81 mənzilli Abşeron rayonu, Xırdalan şəhəri, R.Behbudov küçəsi 61 saylı evdə yerləşən mənzillərin bölgüsü xüsusi komissiyanın xx xxxxxx 2010-cu il tarixli qərarı ilə həyata keçirilmişdir. Həmin sərəncamla göstərilən binada yerləşən 3 otaqlı 36 saylı mənzil 2-ci quo Çernobıl əlili kimi 5 nəfər ailə üzvü ilə birgə ona ayrılmış və onunla mənzil kirayə müqaviləsi bağlanmışdır. Həmin binada mənzillərin əksəriyyəti vətəndaşlar tərəfindən özəlləşdirilmişdir. Lakin iddiaçıya bununla bağlı imtina bildirişi verilmişdir. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan : -Tibbi Sosial Ekseprt Komissiyası tərəfində verilmiş çəlumatdan görünür ki, xx.xx.2009cu il tarixdə İddiaçı Çernobıl AES-də hərbi xidmətlə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. -Abşeron rayon İcra Hakimiyyəti Başçısının 1185 saylı xx xxxx 2011-ci il tarixli sərəncamından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Xırdalan şəhərində Əlil və Şəhid ailələri üçün inşa olunmuş Abşeron rayon İcra Hakimiyyəti Başçısının 987 saylı, xx xxxx 2011-ci il tarixli sərəncamı ilə Abşeron rayon MKTİİTB-nin balansına verilmiş 81 mənzilli Abşeron rayonu, Xırdalan şəhəri, R.Behbudov küçəsi 61 saylı evin mənzillərinin bölgüsü xx xxxxxxxx 2009-cu il tarixli 11/7-129 saylı əmri ilə yaradılmış komissiyanın xx xxxxxx 2010-cu il tarixli qərarı ilə həyata keçirilmişdir. Həmin evdə yerləşən üç otaqlı, ümumi sahəsi 108,85 kv m, yaşayış sahəsi 64,6 kv m olan 36 saylı mənzil 5 nəfər ailə üzvləri ilə birlikdə İddiaçı ayrılmışdır. Göstərilən sərəncamla həmçinin İddiaçıla mənzil kirayə müqaviləsi bağlanması qərara alınmışdır. İş materiallarından həmçinin müəyyən edildi ki, iddiaçının yetkinkik yaşına çatmış ailə üzvləri X2 və X4 notariat qaydasında təsdiq edilmiş ərizələrində Abşeron rayonu, Xırdalan şəhəri, R.Behbudov küçəsi 61 saylı evdə yerləşən üç otaqlı 36 saylı mənzilin İddiaçı oğıunun adına özəlləşdirilməsinə etiraz etmədiklərini bildimişlər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı T.Əkbərovun müraciətinə cavab olaraq DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi sözügedən mənzilə dair iddiaçı ilə sosial kirayə müqaviləsi bağlanmadığından onun müraciətinə imtina cavabı verilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın xx.xx.1952-ci il tarixdə imzalanmış 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3 maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Mülki Məcəllənin 157.1-ci maddəsinə uyğun olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Bundan başqa İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycan”a qarşı iş üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə iddiaçının mənzilə dair yaşayış orderinin qanuni sahibi olması faktını və bu fakta əsasən onu gələcəkdə “sosial kirayə müqaviləsi” bağlamağa, daha sonra isə qanunvericiliyə uyğun olaraq onun xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntilərini mənzilin iddiaçının “mülkiyyət”i hesab edilməsi üçün kifayət qədər əsaslar kimi qiymətləndirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki işdə də iddiaçı sözügedən mənzilin 9 ildən yuxarı müddət ərzində qanuni sahibi olmaqla, aidiyyəti dövlət orqanından ona mənzil ayrılarkən onun hüquqi gözləntisi həmin mənzili xüsusi mülkiyyətinə keçirmək olmuşdur. Mənzilin iddiaçıya ayrılmasına əsas olmuş sənədlər hazırda da qüvvədə olmaqla, hər hansı bir qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0-ci və 8.0.1-ci maddələrinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. 8.0.4-cü maddəsində «bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri» hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 9.23-cü bəndinə görə üzərində binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri və müəssisələr olan torpaq sahələrinin bir hissəsi üzərində hüquqların, həmin hüquqlar dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra başqa şəxsə keçməsi və ya məhdudlaşdırılması (yüklənməsi) hallarında bu sahənin yeni planının və ölçüsünün çəkilməsini təmin etmək, 9.24-cü bəndinə görə isə tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin və müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsindənn imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Abşeron rayonu, Xırdalan şəhəri, R.Behbudov küçəsi 61 saylı evdə yerləşən 36 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, R.Behbudov küçəsi 61 saylı evdə yerləşən 36 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-352/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-352/2021
04.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver