Məhkəmə qərarları › İş №2-1(118)-352/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-352/2023

20.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-352/2023 20.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçı (ünvan 1 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X2 (DSMF publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialında mütəxəssis işləyən, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məcburi dövlət sosial sığorta haqları ödədiyi xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək və xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrün sosial sığorta stajına daxil ediərək 01 aprel 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 62 yaş 6 ayı tamam olduğu tarixdən, yəni 01 aprel 2022-ci il tarixdən əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxx 1959-cu ildə anadan olmuşdur. 62 yaş 6 ay tamam olduğundan yaşa görə əmək pensiyası təyini üçün sənədlərini Sumqayıt "Asan xidmət" Mərkəzinə təqdim etmişdir. Ərizə və ərizəyə əlavə olunmuş sənədlər Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda araşdırılmış və 26 aprel 2022-ci il tarixli **********6 saylı məktubla əmək pensiyası təyinindən imtina olunmuşdur. İmtinaya səbəb kimi imtina məktubunda iş stajının 24 il 1 ay olması, habelə fərdi hesabının sığorta hissəsində pensiya kapitalının 34560 olmalı olduğu halda 18638,66 manat olması göstərilmişdir. Qeyd edilən səbəbdən də, ona əmək pensiyası təyin edilməmiş, əmək qanunvericiliyində nəzərdə tutulan iş stajının olmamasına görə aylıq müavinət təyin edilmişdir. O, imtina məktubu ilə razılaşmır. Belə ki, onun ümumi iş stajı əmək kitabçası üzrə 24 il 7 aydır. Bundan başqa o, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X5 məxsus olan (VÖEN: 2********) istehsal sahəsində işləmişdir. Həmin müddət ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna mütamadi olaraq məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Həmçinin 2000-2005-ci illərdə fərdi sahibkar kimi vergi orqanından qeydiyyatdan keçməklə pərakəndə satış ticarəti ilə məşğul olmuşdur (VÖEN: 2********). 2000-2005-ci illərdə məcburi dövlət sosial sığorta haqlarının ödəyicisi olmuşdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh özünün 09 iyun 2022-ci il tarixli, **********4 saylı məktubu ilə bildirmişdir ki, iş stajı 24 il 8 ay olduğundan yaşı görə əmək pensiyası təyin edilməsi mümkün deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və izah etdi ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmiş, lakin tələb olunan 25 il sosial sığorta stajı və pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdə pensiya yaşına çatmışdır. Onun təqdim etdiyi təhsil haqqında sənədə (diplom) əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək 2 il 6 ay 18 gün əyani təhsil aldığı dövr, əmək kitabçasının surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək əmək fəaliyyəti dövrü 16 il 9 ay 10 gün təşkil etməklə 19 il 3 ay 28 gün mübahisələndirilməyən sosial sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. Belə ki, İddiaçı təqdim etdiyi mədaxil qəbzlərinə əsasən xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək fiziki şəxs qismində məcburi dövlət sosial sığorta haqqı ödədiyi dövr 1 il 10 ay təşkil etməklə mübahisələndirilən dövr kimi onun sosial sığorta stajına daxil edilməmişdir. İddiaçı ümumi sosial sığorta stajına mübahisələndirilən illər daxil edilsə belə, tələb olunan sosial sığorta stajı tamamlanmır. Bu səbəbdən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İş materiallarında olan: - iddiaçıya məxsus AZE ******** seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1959-cu il təvəllüdlüdür. -X8 tərəfindən verilmiş ДТ-1 № 765082 seriyalı diplomun surətindən görünür ki, X6 1978-1981-ci illərdə həmin texnikumda təhsil almış və “texnik texnoloq” ixtisası üzrə tam kursu bitirmişdir. -İİ ЖГ № 486089 seriyalı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X1 Ədalət Nuru oğlu ilə nikaha daxil olmuş və ərinin soyadını qəbul etmişdir. -iddiaçının adına açılmış ИТ-№ ******* seriyalı əmək kitabçasından görünür ki, o, 21 09.1976-cı il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1976-cı il tarixdən 31 08.1978-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək işləmişdir. -2 saylı Ərazi Vergilər Baş İdarəsinin 13 may 2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2004-xx.xx.2006-cı illər üçün məlumatların saxlanma müddətləri bitdiyi üçün “Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair təlimata və “Vergi orqanlarında arxiv işinin aparılması Qaydaları”na əsasən sənədlər məhv edilmişdir. Qeyd olunan səbəbdən müvafiq sənədlərin təqdim edilməsi mümkün olmamışdır. xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək vergilər üzrə dövriyyəsi 10.402,26 manat, vergi ödənişləri isə 2.644,0 manat olmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsində “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən “Məcburi dövlət sosial sığortası üzrə rubluk hesabat’ın, “İşsizlik sığortası üzrə rüblük hesabat”ın qəbulu və sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyinə həvalə edilmişdir. Qeyd olunanlara əsasən müvafiq tarixdən öncəki MDSS haqları üzrə hesabatlar və ödənişlər barədə məlumatın verilməsi mümkün olmamışdır. -Dövlət Sosial sığort şəhadətnamənin surətindən görünür ki, İddiaçı məcburi dövlət sosial sığorta haqqı ödəyicisi olmuşdur. Məhkəmənin sorğusuna əsasən DSMF X10 Ərazi filiaı tərəfindən verilmiş xx.xx.2022-ci il cavab məktubundan görünür ki, İddiaçı tərəfindən iyun, iyul, oktyabr 2000-ci il, fevral, mart, aprel, may, iyun, avqust, sentyabr, oktyabr 2001-ci il, mart, may, iyun, iyul, sentyabr 2002-ci il, yanvar, aprel, may, iyun və noyabr 2003-cü il dövrləri üçün ( 1 il 6 ay) hər ay 35.000 manat olmaqla məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 21.2,21.2.1-ci madəsinə görə işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti szığortaolunanın sığorta stajına daxil edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının sığorta stajının 25 ildən az olmaması səbəbindən ona yaşa görə əmək pensiyası təyin olunmasından imtina etmişdir. Bununla yanaşı cavabdeh iddiaçıya verdiyi xx.xx.2022-ci il tarixli imtina məktubunda onun mübahisələndirilməyən 24 il 1 ay, xx.xx.2022-ci il tarixli məktubunda 24 il 08 ay, iddiaya etirazda 19 il 3 ay 28 gün sosial sığorta stajına malik olmasını qeyd etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının 2000-2003-cü illərdə məcburi dövlət sosial sığorta haqqları ödədiyi və 2004-2012-ci illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olması müəyyən edilmişdir. Məcburi dövlət sosial sığorta haqlarının ödənildiyini təsdiq edən mədaxil qəbzləri iddiaçı tərəfindən təqdim edilmişdir. Cavabdehin qəbzlərdə göstərilən dövrü iddiaçının sosial sığorta stajına daxil edilməməsini həmin ödənişlərin elektron sistemdə görünməməsi ilə izah etdi. Hansı ki, elektron sistemdə xx.xx.2006-cı ildən sonra yaranmışdır və həmin tarixədək olan ödənişlər elektron sistemə daxil edilə bilməzdi. Məhkəm cavabdehin həmin dövrün iddiaçının sosial sığorta stajına qəbul edilməməsini əsassız hesab edərək qeyd edir ki, iddiaçının MDSS ilə bağlı ödənişlər etdiyi mübahisələndirməyən haldır. Həmin ödənişlər elektron sistemin yaranmasından əvvəl edilmişdir və bu hal iddiaçının məsuliyyət sferasına aid edilməməlidir. Bundan başqa təbiidir ki, iddiaçı vergi ödəyicisi kimi uçotda olduğu dövrdə vergi borclarını və ən azı xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək məcburi dövlət sosial sığorta haqqını ödəmişdir ki, bu halı təkzib edən hər hansı sübut mövcud deyildir. Əksinə 2 saylı Ərazi Baş Vergilər İdarəsi iddiaçının 2004-2012-ci illərdə vergi ödəyicisi olması və vergi borcunun ödəməsi barədə məlumat vermişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının əmək kitabçasında aparılan qeydlərə görə o, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək "xxxx" MMC-də vəxx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək “Seymur S” İKF-da işləməsi qeyd edilmişdir ki, cavabdeh inzibati orqan bu müddətə ümumiyyətlə, hər hansı münasibət bildirməmişdir. Beləliklə, işin yuxarıda qeyd edilən hallarından aydın olur ki, cavabdeh tərəfindən mübahisələndirilən dövr də nəzərə alındıqda tələb olunan 25 ildən artıq sığorta stajı tamamlanır ki, bu da ona “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən pensiya (kişilərin yaşa görə əmək pensiyası) təyin edilməsinə əsas verir. “İnzibati icraat haqqında” Qanunun 19.1-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı məcburi dövlət sosial sığorta haqları ödədiyi xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək və xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrün sosial sığorta stajına daxil ediərək 01 aprel 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar