Məhkəmə qərarları › İş №2-1(118)-3520/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3520/2024

05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3520/2024 05.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə olduğu dövrün həqiqi hərbi xidmət dövrünə daxil edilərək “Azərbaycan Ordusunun hərbi qulluçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xidmət illərinin 21 il 2 ay 22 gün saymaqla, Müdafiə Nazirliyinin üzərinə mənzil növbəsinə alınması öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dədiqləşdirilçəsi barədə ərizə verərək xx.xx.1999cu il tarixdən xx.xx.2000-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə olduğu dövrün həqiqi hərbi xidmət dövrünə daxil edilərək “Azərbaycan Ordusunun hərbi qulluçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə, xx.xx.2002-ci il tarixdən xx.xx.2022-ci il tarixədək isə müddətdən artıq həqiqi hərbi xidmətdə olmuşdur. Beləliklə, həqiqi hərbi xidmət müddəti 21 il 2 ay 22 gün təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən dövlət vəsaiti hesabına 20 il və daha çox təqvim ili Azərbaycan Ordusunda xidmət (qüsursuz xidmət) etmiş hərbi qulluqçuların mənzillə təmin olunması nəzərdə tutulur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təqdim etdiyi arayışda göstərilir ki, iddiaçının xidməti illəri təqvimlə 21 il 2 ay 22 gün təşkil edir. İddiaçı Fərmana əsaslanaraq ərizə ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi yanında fəaliyyət göstərən komissiyaya müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh təərfindən verilmiş imtina məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən yaradılmış Komissiya tərəfindən Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzil təminatına baxılır. İddiaçı xx.xx.2002-ci il tarixindən müvafiq əmrlə Azərbaycan Ordusu sıralarında həqiqi hərbi xidmətə başlamışdır. Onun Azərbaycan Ordusu sıralarında həqiqi hərbi xidmət müddəti (xx.xx.2002-xx.xx.2022) 18 (on səkkiz) il 4 (dörd) ay 3 (üç) gün təşkil edir. Azərbaycan Ordusu sıralarında həqiqi hərbi xidmət müddəti 20 (iyirmi) təqvim ilindən az olduğuna görə adı qeyd edilən hərbi qulluqçunun dövlət vəsaiti hesabına mənzil təminatı adı çəkilən Fərmanın təsiri xaricindədir. İş materiallarında olan: - 104495 nömrəli vəsiqədən görünür ki, iddiaçı X1 müharibə veteranı statusuna malikdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt “ASAN Xidmət” Mərkəzinin nümayəndəsi tərəfindən verilmiş Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair arayışdan görünür ki, İddiaçı xx.xx.1999xx.xx.2000-ci il və xx.xx.2002-xx.xx.2022-ci il tarixlərdə həqiqi hərbi xidmət kemişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-ü il tarixli, 649 nömrəli arayışdan görünür ki, xx.xx.1999-cu ildən 24 avqust 2000-ci ilə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmiş və 19 yanvar 2022-ci ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsində olan əsgər və çavuşların qeydiyyatındadır. - müvafiq vəsiqələrdən görünür ki, İddiaçı “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli, 2-ci dərəcəli və 3-cü dərəcəli medallarla təltif olunmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İİ hissəsinə görə dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının “Hərbi qulluqçuların statusu haqqında” Qanununun 3cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmışdır. Fərmanın 2-ci bənidə əsasən bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiya yaradılmışdır. Həmin Fərmanın 3.1-ci bəndinə əsasən komissiyaya tapşırılmışdır ki, siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alınsın. Göstərilən Fərmanın məzmunundan göründüyü kimi hərbi qulluqçunun dövlət vəsaiti hesabına mənzillə təmin olunması üçün dispozitiv şərt kimi onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etməsi nəzərdə tutulmuşdur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 2.0.2. Hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. Maddə 37.1. Aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: 37.1.1. çağırışçılar üçün – müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün; 37.1.2. bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanlar üçün – bağlaşmanın imzalandığı gün; 37.1.3. kursantlar üçün – hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunduqları gün; 37.1.4. müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün - hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün Maddə 24. Hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Maddə 28.1. Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: 28.1.1. müddətli həqiqi hərbi xidmət; 28.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti;https://e-qanun.az/framework/23021 28.1.3. müddətdən artıq həqiqi hərbi xidmət; 28.1.4. gizirlərin və miçmanların həqiqi hərbi xidməti; 28.1.5. zabitlərin həqiqi hərbi xidməti. Cavabdehin iddiaçıya verdiyi imtina cavabından və iddia ərizəsinə etirazının məzmunundan aydın olur ki, o, iddiaçının müddətli həqiqi hərbi xidmətdə olduğu müddəti onun ümumi hərbi xidmət dövrünə daxil etməmişdir. Qeyd olunmalıdır ki, cavabdeh imtina cavabında iddiaçının 19 il 08 ay 08 gün, iddia ərizəsinə etirazında isə 18 il 04 ay 03 gün xidmət etdiyini bildirmişdir. Halbuki, sadalanan qanunveicilik nörmalarına görə müddətli həqiqi hərbi xidmət növü həqiqi hərbi xidmətin, həqiqi hərbi xidmət isə hərbi xidmətin növü və tərkib hissəsidir. Bundan başqa məhkəmə qeyd eyməyi zəruri hesab edir ki, iddiaçı cavabdeh tərəfindən “Qüsursuz xidmətə görə” l dərəcəli, ll dərəcəli və lll dərəcəli medallarla təltif olunmuşdur. “Qüsursuz xidmətə görə” medalı Azərbaycan Respublikası Prezidentinin 17 may 2002-ci il tarixli sərəncamına əsasən təsis edilmişdir. “Azərbaycan Respublikasının “Qüsursuz xidmətə görə” medalının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2002-ci il tarixli 17 may tarixli 330-llQ nömrəli Qanunu ilə təsdiq edilmiş Əsasnaməsi də ilə təsdiq edilmişdir. Həmin Əsasnaməyə görə :

1. “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər.

2. “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçını Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə “Qsirsuz xidmətə görə” medalı ilə təltif etməklə faktiki olaraq onun azı 20 il Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etməsini təsdiq etmişdir. Bununla bağlı hazırda cavabdehin iddiaçının müddətli həqiqi hərbi xidmət dövrünü onun hərbi xidmət illərin daxil etməməsi və bununla bağlı dövlət vəsaiti hesabına mənzil növbəsinə almaması əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilən Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, İddiaçı illərinin 21 il 2 ay 22 saymaqla, Müdafiə Nazirliyini qarşısında mənzil növbəsinə alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə olduğu müddətin onun həqiqi hərbi xidmət dövrünə daxil edilərək “Azərbaycan Ordusunun hərbi qulluçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.

Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar