Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3521/2024 28.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızı Bayramov Rəhman Elsevər oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergi İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergi İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı cavabdeh tərəfindən qəbul edilmiş 28 dekabr 2023-cü il tarixli, **********622800 nömrəli qərarın ləğv edilməsi və iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə hazırlıq iclasları 25 aprel 2024-cü il, 10 iyun 2024-cü il və 28 iyun 2024-cü il tarixlərə təyin edilmiş və bu barədə proses iştirakçılarına lazımi qaydada məktub və SMS vasitəsilə bildirişlər göndərilmişdir. Həmçinin, “Elektron məhkəmə” informasiya sistemində olan məlumatlardan görünür ki, iddiaçı elektron kabinetə malikdir. Buna baxmayaraq iddiaçı məhkəmə iclaslarında təmsil edilməmişdir. Məhkəmə tərəflərə 28 iyun 2024-cü il tarixli məhkəmə iclası barədə bildirişi göndərərək, xüsusilə qeyd etmişdir ki, İPM-in 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İPM-in 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Buna baxmayaraq, məhkəmənin 28 iyun 2024-cü il tarixli iclasında da İddiaçı MMC öz səlahiyyətli nümayəndəsi ilə məhkəmə prosesində iştirak etməmiş, məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq bildirmişdir ki, səhəttində olanproblemlər səbəbindən məhkəmə iclasında iştirak edə bilmir, birinci Qarabağ müharibəsi qazisidir. Məhkəmə ərizəyə münasibətdə qeyd edir ki, 27 fevral 2024-cü il tarixdən icraatda olan iş üzrə məhkəmə proseslərə üç dəfə təxirə salınmış, hər dəfə iddiaçı tərəfə müvafiq məhkəmə sənədləri göndərilmişdir. Eyni zamanda, iddiaçı tərəf ərizəyə məlumatları təsdiq edən heç bir sənəd əlavə etməmişdir. Bundan əlavə, hazırda iddiaçı fiziki şəxs deyil, məhdud məsuliyyətli cəmiyyətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə 43. Hüquqi şəxs anlayışı və onun növləri 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 43.2. Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər. Maddə 87. Məhdud məsuliyyətli cəmiyyət 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşaıdakılar nəzərdə tutulmuşdur: Maddə 69. Nümayəndə vasitəsi ilə işin aparılması 69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. ... 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. 69.3. Təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. ... Maddə 66. Vəkil Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin X2 şikayətinə dair 8 iyul 2013-cü il tarixli Qərardadı ilə inzibati-iqtisadi məhkəmələr tərəfindən Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55.3-cü maddəsi ilə müəyyən olunmuş qaydada iddianın geri götürülmüş sayılması və həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən bu barədə qərardadın mübahisələndirilməsinin qanunvericilikdə nəzərdə tutulmamasının, iddiaçının yenidən bu məsələyə mahiyyəti üzrə baxılması barədə müraciət etmək hüququnu istisna etməməsi qərara alınmışdır. İddiaçıya izah olunur ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəfə qarşı, eyni əsaslarla və eyni predmet barədə təkrarən məhkəməyə müraciət etməsini istisna etmir. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55- ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 aprel 2014-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququnun təmin olunması qərara alınmışdır. Məhkəmə iddiaçının müvafiq xəbərdarlıqlar edilməsinə baxmayaraq, iddiaçı MMC-nin məhkəmənin iclaslarında təmsil edilməməsini məhkəmə icraatından yayınma kimi qiymətləndirir və iddianın geri götürüldüyü qənaətinə gəlir. Məhkəmə nəzərə alır ki, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət onun icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPMin 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı tərəf ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Məhkəmənin qərardadından apellyasiya şikayətinin verilməsi məsələsinə gəldikdə, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli qərarının 2-ci bəndində belə bir qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. İPM-in 81.1-ci maddəsinə əsasən, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Yuxarıda qeyd olunanları və İPM-in 16.3-cü, 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergi İdarəsinə qarşı cavabdeh tərəfindən qəbul edilmiş 28 dekabr 2023-cü il tarixli, **********622800 nömrəli qərarın ləğv edilməsi və iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması tələbinə dair inzibati iş üzrə iddiası geri götürülmüş hesab edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim edildiyi andan 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) şikayət verilə bilər. Hakim Könül Həbibova
Məhkəmə qərarları › İş №2-1(118)-3521/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3521/2024
28.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver