Məhkəmə qərarları › İş №2-1(118)-3527/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3527/2025

25.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3527/2025 25.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: yeni plan-ölçü sənədinin verilməsi) GİRİŞ HİSSƏ X12-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “yeni plan-ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 25 sentyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, **********05 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış üzrə 0,5126 ha torpaq sahəsinin planı və ölçüsü sənədi ləğv edilərək həmin torpaq sahəsinin koordinatları mərhum X1na verilmiş xx.xx.2023 qeydiyyat tarixili, ********** qeydiyyat nömrəli, **********05 reyestr nömrəli çıxarışa əsasən işlənmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına uyğunlaşdırmaqla yeni plan və ölçü sənədinin verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 11 dekabr tarixli, 17/2 nömrəli Qərarı ilə Torpağa Mülkiyyət Hüququna dair JN0097 KOD- 30103018 nömrəli Dövlət Aktına əsasən, iddiaçının X1nın mülkiyyətinə Qusar rayonunun Avaran kəndi ərazisində 5125,87 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X1 2002-ci ilin 15 sentyabr tarixində vəfat etmişdir. Bundan sonra, iddiaçı anasından qalan miras əmlakları vərəsəlik üzrə qəbul etmək üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək, JN-0097, KOD- 30103018 nömrəli Dövlət Aktına əsasən, X1na verilmiş 0,5126 ha torpaq sahəsinə Çıxarışın verilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********05 reyestr nömrəli çıxarışa əsasən, 0,5126 ha torpaq sahəsi üzərində X1nın mülkiyyət hüququ qeydiyyata alınmışdır. Qusar rayon Notariat Ofisi tərəfindən reyestrdə 8İ-3594 nömrəsi ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən, İddiaçı ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən X3 verilmiş **********05 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ünvan 3i ünvanında yerləşən 0,5126 ha torpaq sahəsi olan miras əmlakdan tam hissədə pay almışdır. Bundan sonra, iddiaçı yenidən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək Qusar rayon Notariat Ofisi tərəfindən reyestrdə 8İ-3594 nömrəsi ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən, anasından miras əmlakı kimi qəbul etdiyi 0,5126 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyat alaraq çıxarış verilməsini xahiş etmiş və müraciətinə əsasən, adına xx.xx.2023-cü il tarixli, **********05 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış işlənmişdir. Lakin adına işlənmiş xx.xx.2023-cü il tarixli, **********05 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışda 0,5126 ha torpaq sahəsinin planı və ölçüsü qanunsuz və əsassız olaraq dəyişdirilmişdir. Bununla bağlı iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək, adına işlənmiş xx.xx.2023-cü il tarixli, **********05 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış üzrə 0,5126 ha torpaq sahəsinin planı və ölçü sənədini ləğv edərək, mərhum X1na verilmiş xx.xx.2023 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********05 reyestr nömrəli çıxarışa əsasən, işlənmiş planı və ölçü sənədinin koordinatlarına uyğun yeni plan və ölçü sənədinin verilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi müraciətinə cavab olaraq, bildirmişdir ki, sözügedən torpaq sahəsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması ilə bağlı müraciət iddiaçının əvəzinə etibarnamə əsasında xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrə ilə X4 tərəfindən olunmuşdur. Həmin ərizənin icrası zamanı nümayəndənin razılığı əsasında TEKİUS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən, torpaq sahəsinin plan və ölçüsü sənədi işlənilmişdir, bu səbəbdən texniki düzəlişin aparılması mümkün deyildir. Bununla bağlı həmin idarə tərəfindən xx.xx.2024-cü il tarixli, 3-21-3-34/2-B-0220-8/2024 saylı məktub verilmişdir. Hesab edir ki, JN-0097 KOD-30103018 nömrəli Dövlət Aktına əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2023-cü il, qeydiyyat nömrəsi **********, **********05 reyestr nömrəli çıxarışa əsasən, X1na məxsus 0,5126 ha torpaq sahəsinin reyestrdə 8İ3594 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən, adına qeydiyyata alınması zamanı torpaq sahəsinin planı və ölçülərinin dəyişdirilməsi qanunsuz olmuşdur. Belə ki, torpaq sahəsinin koordinatlarının və texniki sənəd olan plan və ölçü sənədinin dəyişdirilməsi nəticəsində iddiaçının adına qeydiyyata alınmış torpaq sahəsi tamamilə başqa bir ərazidə yerləşir. Başqa sözlə, torpaq sahəsinin yerləşmə ünvanı tamamilə dəyişdirilmişdir. Halbuki, bu barədə iddiaçı ilə hər hansı şəxs arasında hər hansı razılaşma və əqd bağlanmamışdır. Belə olan halda, torpaqların birtərəfli əqd əsasında dəyişdirilməsi qanunsuz və əsassız olmuşdur.

3. Cavabdeh iddiaçıya məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-34/2-B-0220- 8/2024 nömrəli məktubunda bildirmişdir ki, sözügedən torpaq sahəsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciəti sizin əvəzinə etibarnamə əsasında xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrə ilə X5 tərəfindən olunmuşdur. Həmin ərizənin icrası zamanı sizin etibarnamə üzrə nümayəndənizin razılığı əsasında TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən torpaq sahəsinin planı və ölçüsü sənədi işlənilmişdir, bu səbəbdən texniki düzəlişin aparılması mümkün deyildir.

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

II. İddianın növü və mümkünlüyü

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

9. İddia tələbi yeni plan-ölçü sənədinin verilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

10. Beləliklə, iddia mümkündür.

III.Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. İlk öncə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmasının məqsədi həmin əmlak üzərində olan hüquqların dövlət tərəfindən tanınmasıdır. Qeydiyyat orqanının vəzifəli şəxsləri Qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qeydə alınacaq hüquqlarının dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmasının müəyyən edilməsi məqsədi ilə qeydiyyat orqanın vəzifəli şəxsləri tərəfindən daxili təlimatın tələblərinə əsasən müvafiq araşdırmalar aparmaq səlahiyətləri var. Təqdim edilmiş sənədlərin həqiqiliyində şübhələr olduğu tədqirdə hüquqların qeydə alınması proseduru dayandırılaraq həmin şübhəli halın aradan qaldırılması üşün tədbirlər görülür, şübhələr aradan qaldırılmadığı tədqirdə hüquqların dövlət reyesterində qeydiyyata alınmasından imtina olunur.

13. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu: 6-cı maddə. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.

14. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il, 818 nömrəli Fərmanı:

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasını və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək təmin etsin. 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin. 2.5. ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin.

15. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları:

5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi. 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. 5.3. Sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunur. 6.6 Daşınmaz əmlakın vahid dövlət kadastrının tərkib hissəsi kimi sistem daşınmaz əmlakın dövlət reyestrinə inteqrasiya olunur və torpaq sahələri üzərində qeydiyyata alınmış hüquqlara dair məlumatların sistemə inteqrasiyası təmin edilir. 5 “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

16. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri daşınmaz əmlakın dövlət reyestrinin daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.

17. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0-cı bəndində göstərilmişdir:

18. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq.

19. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalar”ın 1-ci bəndinə əsasən, dövlət reyestrinin aparılması dedikdə, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqları, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsi, onlara xitam verilməsi barədə məlumatların dövlət reyestrinə daxil edilməsi başa düşülür. 19-cu bəndinə əsasən, daşınmaz əmlak obyektinin ünvanı barədə məlumatlar İ fəslin “Ünvan (olduğu yer)” qrafasına daxil edilir. Bu məqsədlə daşınmaz əmlak obyektinin poçt ünvanı və həmin əmlakın harada olduğunu dəqiq müəyyən etmək üçün istifadə oluna biləcək digər məlumatlar qeyd edilir. 45-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə uyğun olaraq, qeydiyyat orqanına təqdim edilmiş əvvəl yaranmış hüquqlar barədə məlumatlar bu Qaydalarla nəzərdə tutulmuş qaydada dövlət reyestrinə daxil edilir.

IV. Məhkəmənin mövqeyi

20. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

21. JN-0097 KOD 30103018 seriyalı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1997-ci il tarixli, 17/2 nömrəli qərarına əsasən, ünvan 3i ərazisindən sahibkarlıq məqsədi üçün 1,04 ha torpaq sahəsi X3 ayrılmışdır.

22. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 3i ərazisində yerləşən 0,5126 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ X2 adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.

23. AA 006579 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, X3 məxsus ünvan 3i ərazisində yerləşən 0,512587 ha torpaq sahəsinə dair tərtib edilmişdir.

24. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 3i ərazisində yerləşən 0,5126 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.

25. B 100920 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, İddiaçı məxsus ünvan 3i ərazisində yerləşən 0,5126 ha torpaq sahəsinə dair tərtib edilmişdir.

26. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktuba qoşma edilmiş arayışdan görünür ki, Qusar rayonu Avaran kəndində yerləşən 0,5126 hektar torpaq sahəsinin, iddiaçı tərəfindən iddia elədiyi hissədə hər hansı ölçüdə torpaq sahəsi hal-hazırda istifadə olunmur. İddia elədiyi torpaq sahəsini tərəfimizdən kameral şəraitdə xəritə məlumatlarında dəqiqləşdirildikdə məlum olmuşdur ki, - Torpaq sahəsinə xx.xx.2008-ci il tarixli, **********05 reyestr nömrəli plan və ölçü sənədinin koordinatlarını Aqrar islahatı zamanı tərtib edilmiş (DWG - torpaq islahatı zamanı texniki qüsurla hazırlanmış, naturaya uyğun gəlməyən xəritə) xəritəsinə əsasən işlənilmişdir, həmin koordinatlarına əsasən torpaq sahəsi “X7”na məxsus “JN-502F (KOD ********)” nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”si ilə, ərazidə inşa olunmuş ayrı-ayrı şəxslərin həyətləri, həyət tikililəri və fərdi yaşayış evləri (reyestrdən çıxarışlar verilməmişdir) ilə üst-üstə düşür (iddiaçının tələb elədiyi plan və ölçü sənədi); - Torpaq sahəsini TEKUİS və AzCAD modelinə inteqrasiya olunmuş torpaqların uçotu məlumatlarına əsasən dəqiqləşdirildikdə özünə məxsus **********06 reyestr nömrəli 0.3375 hektar torpaq sahəsinə bitişik hissədə uçota alınmışdır, hər hansı bir fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür, iddia elədiyi torpaq sahəsi ilə, uçota alınaraq plan və ölçü sənədinin işlənib verildiyi (xx.xx.2023) torpaq sahəsi ilə aralarında olan məsafə təxminən 2 000 metr təşkil edir. Qeyd: Mübahisələndirilən torpaq sahəsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciəti iddiaçının əvəzinə etibarnamə əsasında xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrə ilə X5 tərəfindən olunmuşdur. Həmin ərizənin icrası zamanı iddiaçının etibarnamə üzrə nümayəndəsinin razılığı əsasında TEKUİS və AzCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən torpaq sahəsinin planı və ölçüsü sənədi işlənib verilmişdir.

27. Göründüyü kimi, iddiaçı tərəfindən iddia elədiyi hissədə hər hansı ölçüdə torpaq sahəsi halhazırda istifadə olunmur və iddia elədiyi torpaq sahəsinə xx.xx.2008-ci il tarixli, **********05 reyestr nömrəli plan və ölçü sənədinin koordinatlarını Aqrar islahatı zamanı tərtib edilmiş koordinatlarına əsasən torpaq sahəsi “X7”na məxsus “JN-502F (KOD ********)” nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”si ilə, ərazidə inşa olunmuş ayrı-ayrı şəxslərin həyətləri, həyət tikililəri və fərdi yaşayış evləri (reyestrdən çıxarışlar verilməmişdir) ilə üst-üstə düşür.

28. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunması üçün qanuni əsas müəyyən edilmədiyindən iddia təmin edilməməlidir.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

30. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3).

31. Hazırki işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır.

32. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, üzərinə düşən sübutetmə vəzifəsini icra edə bilməmişdir. Buna görə də, hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

NƏTİCƏVİ HİSSƏ

34. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 52, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilmir. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X12-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar