Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-353/2021 28.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X8 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil (Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu ev 7 D, mənzil 72-də yaşayan) Cavabdehin nümayəndəsi X5 (ƏMDX-nin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Hüquq şöbəsində hüquq məsləhətçisi işləyən, Bakı şəhəri, Z.Xəlilov küçəsi, ev 4-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Siyəzən rayonunda yerləşən “Yuxarı Qalaşıxı” qoyunçuluq yatağının X11 adına qeydə alınması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Siyəzən rayonunda yerləşən “Yuxarı Qalaşıxı” qoyunçuluq yatağının X11 adına qeydə alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 12.04.2021-ci il tarixli qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X9 X18 ilə 06.11.1987-ci il tarixdə nikaha daxil olmuşlar. Ağayev Qabil 30.11.1998-ci il tarixdə vəfat etmişdir. 21.11.2012-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən İddiaçı mərhum həyat yoldaşı X11 yeganə vərəsəsidir. İddiaçının həyat yoldaşı X18 vəfat etməmişdən öncə Zarat yerli İslahat Komissiyasının qərarına əsasən Siyəzən rayonu Qalaşıxı kəndində yerləşən “Yuxarı Qalaşıxı" qoyunçuluq yatağının dəyərini ödəməklə almışdır. Bu qərar heç bir şəxs və ya qurum tərəfindən miibahisələndirilməmiş və bundan sonra da mübahisələndirilə bilməz. Bununla bağlı iddiaçı tərəfindən DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilmişdir, lakin 04 İyun 2020-ci il tarixdə imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil oğlu iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X7 iddianı qəbul etmədi və izah etdi ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil müraciəti araşdırılarkən müraciətə əlavə olunmuş "Yuxarı Qalaşıxı" qoyunçuluq yatağının X2 barədə X25 İslahat Komissiyasının üzvlərinin imzası ilə təsdiq olunmuş 30 dekabr 1997-ci il tarixli 08 saylı protokolun itməsi barədə polis arayışı və qəzet elanı adıçəkilən daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması üçün əsas olmadığı bildirilmişdir. Belə ki, sözügedən sənədin- X25 İslahat Komissiyasının üzvlərinin imzası ilə təsdiq olunmuş 30 dekabr 1997-ci il tarixli 08 saylı protokolun Siyəzən rayon Dövlət Arxivi tərəfindən təsdiq olunmuş surəti X12 22 sentyabr 2019-cu il tarixli ərizəsi ilə İdarəyə daxil olmuş və müraciətə 02 oktyabr 2019-cu il tarixli **********66 nömrəli məktubla münasibət bildirilmişdir.Təkrar olaraq İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil bildirilmişdir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. Sözügedən daşınmaz əmlaka dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edildikdən sonra daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması məsələsinə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacağı İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil bildirilmiş və bu barədə ona 04 iyun 2020-ci il tarixli **********96 qeydiyyat nömrəli cavab göndərilmişdir. Üçüncü şəxs qismində cəlb edilmiş Əmlak Məsələləri Dövlət Xİdməti məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə uyğun olaraq üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan : - İV- № 385341 seriyalı nikahın bağlanması haqqına şəhadətnamədən görünür ki, X6 06.11.1987-ci ildə X19 rəsmi nikaha daxil olaraq ərinin soyadını qəbul etmişdir. - AZ-İ № 995057 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X19 30.11.1998ci ildə vəfat etmişdir. - 21.11.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 30.11.1998-ci ildə vəfat etmiş X13 vərəsəsi İddiaçıdır. - Siyəzən rayon Aqrar İslahat Komissiyasının 08 nömrəli 30.12.1997-ci il tarixli protokolundan görünür ki, Siyəzən aryon Qalaşıxı qoyunculuq yatağının və çoban evinin göstərilən qiymətə Ağayev Qabilə satılması qərara alınmışdır. - Siyəzən rayon İcra İHB 08.01.2020-ci il tarixli 6/2-974 nömrəli məktubundan görünür ki, X25 İslahat Komissiyasının müvafiq qərarı ilə keçmiş Zarat təsərrüfatına məxsus qoyunçuluq yatağı 1997-ci ildə X1. Lakin Q.Ağayev həmin vaxtda vəfat etdiyindən müvafiq sənədləşmə işləri başa çatdırılmamışdır. - Siyəzən rayon Dövlət Arxivi tərəfindən verilmiş 89 nömrəli 05.11.2021-ci il tarixli məktubundan görünür ki, Zarat Yerli islahat Komissiyasının iclas protokollarında nəinki X11 , daşınmaz əmlak alan digər subyektlərin də qəbzləri Siyəzən rayon Dövlət Arxivinə təhvil verilməmişdir. -Məhkəmənin sorğusuna əsasən Siyəzən rayon İHB aparatının 1178/3-658 17.11.2021ci il tarixli cavab məktubundan görünür ki, Siyəzən rayon X25 İslahat Komissiyasının müvafiq qərarı ilə keçmiş Zarat Təsərrüfatına məxsus 1997-ci ildə X3 qoyunçuluq yatağı üçün onun tərəfindən hər hansı ödənişin edilib-edilməməsi barədə heç bir məlumat yoxdur. -Məhkəmənin sorğusuna əsasən Siyəzən rayon Dövlət Arxivi tərəfindən 83 saylı 21 oktyabr 2021-ci il tarixli cavab məktubundan görünür ki, Siyəzən rayon X25 İslahat Komissiyasının müvafiq qərarı ilə keçmiş Zarat Təsərrüfatına məxsus 1997-ci ildə X3 qoyunçuluq yatağı üçün onun tərəfindən hər hansı ödənişin edilməsi barədə heç bir sənəd akar edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının müraciətinə cavab olaraq onun iddia etdiyi əraziyə dair hər hansı hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyinə görə cavabdeh tərəfindən müraciətin təmin olunmasının mümkün olmadığı bildirilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin nümayəndələrinin izahatarını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə, Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar sadalanmışdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Bundan başqa daşınmaz əmlakən dövlət reyestrində qeydiyyat Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 25.06.1999-cu il tarixli 695-İQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində hüquqlarının yaranma əsasları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollardır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbini əsaslandıran hal kimi X25 İslahat Komissiyasının 30 dekabr 1997-ci il tarixli protokolunu təqdim edir. Həmin protokolun məzmunundan görünür ki, X21 rayon İcra Hakimiyyəti Başçısına ünvanladığı 18.11.1997-ci il tarixli ərizəsinə baxaraq komissiya qoyunçuluq damlarını və çoban evini 183600 manata X14 satmağı qərara almışdır. Bununla yanaşı Siyəzən rayon İcra Hakimiyyəti Başçısı Aparatı özünün 08 yanvar 2020-ci il tarixli 6/2-974 saylı məktubunda sözügedən qoyunçuluq yatağının Q.Ağayevə satılmasını təsdiq etsə də, sonuncunun vəfat etməsi səbəbindən müvafiq sənədləşdirmə işlərinin başa çatdırılmadığını bildirmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən Q.Ağayevin qoyunçuluq yatağı üçün ödəniş etməsini təsdiq edən sənədi məhkəməyə təqdim edə bilməmişdir. Bununla bağlı məhkəmə tərəfindən Siyəzən rayon Dövlət Arxivinə və Siyəzən rayon İcra Hakimiyyətinə sorğular ünvanlamışdır, lakin ödəniş edildiyini təsdiq edən sənəd aşkarlanmamışdır. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Məhkəmə qeyd edir ki, göstərilən Qanunda sovxoz və kolxoz əmlakının satılması, yəni müəyyən qiymətin müqabilində pay almaq hüququ olan subyektə verilməsi barədə hər hansı müddəa nəzərdə tutulmamışdır. Bununla yanaşı məhkəmədə Q.Ağayevin həmin solxozda işləməsi faktı öz təsdiqini tapmadı. İddiaçı tərəf protokolun məzmununa istinad edərək mərhum Q.Ağayev tərəfindən ödənişin edildiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübit təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, mübahisə obyekti olan qoyunçuluq yatağının mərhum Q.Ağayevə ayrılması (satılması) prosesi qanunvericiliklə müəyyən edilmiş qaydada başa çatdırılmadığından iddia təmin edilməməlidir. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, 15.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina halları göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Siyəzən rayonunda yerləşən “Yuxarı Qalaşıxı” qoyunçuluq yatağının X11 adına qeydiyyata alınmasından imtinası mahiyyətcə qanuna zidd olmamışdır. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-353/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-353/2021
28.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver