Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-353/2022 11.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz bələdiyyəsinin 24.01.2008-ci il tarixli qərarı və 31.01.2008-ci il tarixli torpaqların alqı-satqısına dair aktla iddiaçıya ayrılmış 500 kvadrat metr torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı ilkin olaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin iddiaçının ərizəsinin icrasından imtinasının qanunsuz hesab edilməsi və Xaçmaz Bələdiyyəsinin 24 yanvar 2008-ci il tarixli, 01 saylı qərarı və 31 yanvar 2008-ci il tarixli torpaqların alqısatqısına dair Aktı ilə iddiaçıya satılmış 500 kvadrat metr torpaq sahəsi və üzərində inşa etdiyi yaşayış evinə onun adına dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinin 24.01.2008-ci il tarixli 01 saylı qərarı ilə iddiaçıya Xaçmaz şəhəri, 61-ci ərazisindən fərdi yaşayış evi tikmək məqsədi ilə 500 kvadrat metr torpaq sahəsinin satılması qərara alınmışdır. 30 yanvar 2008-ci il tarixdə iddiaçı satılacaq həmin torpaq sahəsinin dəyəri olaraq 180 manat pulu Xaçmaz Bələdiyyəsinin Azərbaycan X2 Filialındakı Bank hesabına köçürmüşdür. Bundan sonra 31 yanvar 2008-ci il tarixdə həmin torpaq sahəsinə dair torpaqların alqı-satqısına dair Akt tərtib edilərək onun, Bələdiyyə sədrinin və DT və XK-nin Xaçmaz rayon şöbəsinin müdirinin imzaları ilə təsdiq edilmişdir. Qeyd edilməlidir ki, iddiaçıya satılan torpaq sahəsinin alqı-satqının predmeti olması barədə DT və XK-nin Xaçmaz Rayon şöbəsinin müdiri Ş.Aslanov 22.01.2008-ci il tarixli 70/1 saylı rəy vermişdir. Həmin torpaq sahəsi Bələdiyyənin məsul işçiləri tərəfindən yerində ölçülərək iddiaçıya təhkim olunduqdan sonra onlar orada yaşayış evi tikməyə başlamış və 2008-ci ilin axırlarında evi tam tikib qurtardıqdan sonra həmin evə köçmüşlər, hazırki günə kimi orada yaşayırlar. 31 mart 2008-ci il tarixdə həmin torpaq sahəsinə Azərbaycan Respublikasının DT və XK tərəfindən A № 035631 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi verilmiş və kadastr kitabında 2798 nömrə ilə uçota alımışdır. 29 sentyabr 2021-ci il tarixdə iddiaçı göstərilən torpaq sahəsinə və orada inşa etdikləri yaşayış evinə dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin İdarədən ona 29.09.2021-ci il tarixli **********32 saylı məktubla cavab verilmişdir ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət etdiyiniz 0.05 ha torpaq sahəsi Xaçmaz rayonu, Xaçmaz bələdiyyəsinin 24.01.2008-ci il tarixli 1 saylı qərarı ilə verilmişdir. Bildiririk ki, həmin dövrdə 23 oktyabr 2007-ci tarixli qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 01.12.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasının bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Qeyd edilən səbəblərdən ərizənizin İcrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Cavabdehin həmin məktubla ona rədd cavabının verilməsi qanunsuz və əsassızdır. İddiaçı vətəndaş olaraq fərdi yaşayış evin tikintisi üçün torpaq sahəsini satın almaq üçün ərizə ilə Xaçmaz Bələdiyyəsinə müraciət etmişdir. Məlumatı olmamışdır ki, müvafiq qanunla 01 dekabr 2007- ci il tarixdən etibarən Azərbaycan Respublikasında Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə edilə bilər. Bunu iddiaçıya torpaq sahəsini satan Xaçmaz Bələdiyyəsi bildirməli idi və izah etməli idi ki, satın almaq istədiyi torpaq sahəsini hərrac yolu ilə ala bilər. İddiaçı bələdiyyənin müəyyən etdiyi məbləği bələdiyyənin hesabına köçürmüş, torpaq sahələrinin alqı-satqısına dair Akt tərtib edilmiş, bələdiyyənin və torpaq şöbəsinin möhürləri ilə təsdiq edilmişdir. Torpaq sahəsi yerində ölçülərək iddiaçıya təhkim edilmiş, lisenziyası olan memarın verdiyi layihəyə uyğun həmin torpaq sahəsində iddiaçı yaşayış evi tikdirib ailəsilə birlikdə həmin evdə yaşayır. Qanuni əsaslarla əldə etdiyi torpaq sahəsində yaşayış evi inşa etmiş, həmin evə hüquqmüəyyənedici sənədlər olmadığından özü və ailə üzvləri bu evə qeydiyyata dura bilmir, başqa ünvanlarda qeydiyyatdadırlar. İddiaçıya Xaçmaz şəhəri 61-ci məhəllə ərazisindən 500 kvadrat metr torpaq sahəsinin satılmasına dair Xaçmaz bələdiyyəsinin 24 yanvar 2008-ci il tarixli 01 saylı qərarı və onun əsasında bağlanmış 31 yanvar 2008-ci il tarixli torpaqların alqı-satqısına dair qərar heç bir səlahiyyətli orqan tərəfindən ləğv edilməmiş və bugünkü gündə də qüvvədədir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Xaçmaz şəhərində yerləşən 0.05 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinə 29.09.2021-ci il tarixli ərizə ilə müraciət etmişdir. Ərizəyə 29.09.2021-cı il tarixli **********32 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “Təqdim edilmiş sənədlərin ekspertizası zəmanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət etdiyiniz 0,05 ha torpaq sahəsi Xaçmaz rayonu, Xaçmaz bələdiyyəsinin 24.01,2008-ci il tarixli 1 saylı qərarı ilə verilmişdir. Həmin dövrdə 23 oktyabr 2007 tarixli 466-HİQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 01.12.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə huquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Qeyd olunan səbəblərdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Bununla bağlı iddiaçıya 27.08.2021-ci il tarixdə **********42 nömrəli məktubla münasibət bildirilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən, dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddia tələbinə dair dəqiqləşmə barədə ərizə təqdim edərək Xaçmaz bələdiyyəsinin 24.01.2008-ci il tarixli qərarı və 31.01.2008-ci il tarixli torpaqların alqı-satqısına dair aktla iddiaçıya ayrılmış 500 kvadrat metr torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını və səhhətilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyindən işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı mübahisəyə iddiaçının və cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara aşağıdakılar daxildir: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1965-ci ildə, Quba rayonunun Küpçal-Qışlaq kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatdadır. İşdə olan Xaçmaz Bələdiyyəsinin 24.01.2008-ci il tarixli, 01 saylı qərarına əsasən iddiaçıya fərdi yaşayış evi tikmək məqsədilə Xaçmaz şəhərinin 61-ci ərazisindəki torpaq sahəsindən alqı-satqı qaydasında 500 kvadrat metr torpaq sahəsinin satılması qərara alınmışdır. 31.01.2008-ci il tarixli Torpaqların alqı-satqısına dair aktla iddiaçı Xaçmaz Bələdiyyəsinin hesabına müvafiq haqq ödəməklə 500 kvadrat metr torpaq sahəsini satın almışdır. Xaçmaz rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti İşləri şöbəsinin 25.01.2008-ci il tarixli, 62 nömrəli rəyində iddiaçıya satılması nəzərdə tutulan 500 kvadrat metr torpaq sahəsinin Xaçmaz bələdiyyəsinin perspektiv inkişaf fondu torpaqlarına aid olmaqla mövcud tikinti norma və qaydalara riayət edilməklə tikinti işlərinin aparılması şərti ilə verilməsinin məqsədə müvafiq olması bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin 22.01.2008-ci il tarixli rəyində mübahisəli torpaq sahəsinin alqı-satqı predmet olması və satılmasının məqsədə uyğun olduğu qeyd edilmişdir. Cavabdeh orqanın 29.09.2021-ci il tarixli **********32 nömrəli məktubu ilə iddiaçıya 0,05 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı imtina cavabı verilmişdir. Xaçmaz rayon Dövlət Arxivindən 24.02.2021-ci il tarixli, 206 nömrəli arxiv çıxarışına əsasən iddiaçıya 500 kvadrat metr torpaq sahəsinin satılması müəyyən edilir. İşdə olan 30.01.2008-ci il tarixli qəbzə əsasən iddiaçı 180 manat məbləğində pulu Xaçmaz Bələdiyyəsinin hesabına köçürmüşdür. İş materiallarına, həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsü, habelə, üzərində yaşayış evi inşa edilmiş torpaq sahəsinin fotoşəkilləri də əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə:
1. subyektiv hüququnun olub-olmamasını; 2. cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını; 3. qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını; 4. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyatının müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun yaranması haqqında Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinin 24 yanvar 2008-ci il tarixli, 01 saylı qərarının verildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, DƏDRX-in 5 saylı ərazi idarəsi həmin iddiaya cavab verməli olan cavabdeh orqandır. Çünki iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti həmin idarəyə aiddir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İddiaçı DƏDRXin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 29.09.2021-ci il tarixli **********32 saylı məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Xaçmaz rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: .....8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd və.s. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı Xaçmaz rayon Xaçmaz Bələdiyyəsinin 24.01.2008-ci il tarixli 01 saylı qərarı əsasında 500 m2 torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğu haqqında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rəyi 22 yanvar 2008-ci il tarixdə verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin müdirinin iştirakı ilə qeyd olunan torpaq sahəsinə dair alqı-satqı aktı tərtib edilmiş və möhürlə təsdiq edilmişdir. Torpaq sahəsinin dəyəri olan 180 manat pul 30 yanvar 2008-ci ildə 1 saylı qəbz əsasında Xaçmaz bələdiyyəsinin hesabına köçürülmüşdür. Həmin torpaq sahəsi hal-hazırda iddiaçının faktiki istifadəsindədir. İddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirmiş və bugünə qədər də ailəsi ilə birgə həmin fərdi yaşayış evində yaşayır. İddiaçı onun adına ayrılmış 500 m2 torpaq sahəsi üzrə yaranmış mülkiyyət hüquqlarını DƏDRX-də qeydə alınmasını tələb edir, lakin cavabdeh təşkilat həmin hüququn qeydə alınmasından imtina edir. Cavabdeh təşkilatın etirazında irəli sürdüyü imtina səbəbi ondan ibarət olmuşdur ki, 01.12.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə huquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən imtinanı araşdıraraq hesab edir ki, torpaq sahəsinin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən irəli sürülən imtina əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 10-cu bəndinə əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. İşdən göründüyü kimi iddiaçı yuxarıda qeyd olunan qanuni əsaslarla əldə etdiyi torpaq sahəsində fərdi yaşayış evi tikdirmiş (fotoşəkillər əlavə olunmuşdur) və uzun müddətdir ki, həmin yaşayış sahəsində ailəsi birgə yaşayır. Nəzərə alınmalıdır ki, “İnzibati İcraat haqqında” Qanunun tələblərinə əsasən cavabdeh təşkilatın inzibati orqan olaraq inzibati araşdırma aparmaq və araşdırmanın nəticəsi olaraq ədalətli qərar qəbul etmək vəzifəsi var. Lakin hazırkı iş materialları araşdırılarkən məlum olmuşdur ki, cavabdeh təşkilat iddiaçının qanuni tələbini yerinə yetirmək əvəzinə müxtəlif bəhanələr gətirməklə ədalətli qərarın qəbul edilməsindən boyun qaçırır. Göründüyü kimi cavabdeh orqan qeyd olunan maddənin tələbləri baxımından mübahisə predmeti olan torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olub-olması ilə bağlı hər hansı bir dəlilini məhkəməyə təqdim etməmişdir. Bundan başqa o da nəzərə alınmalıdır ki, cavabdeh təşkilat inzibati orqan kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsasız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüquqdan sui-istifadə edir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlardan sui-istifadə qadağandır. Belə ki, 29 iyun 2001-ci ildə qüvvəyə minmiş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 10-cu bəndinə əsasən vətəndaşdan geri alına bilməyən torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi zamanı açıq hərrac keçirilməsinə zərurət yoxdur. Mübahisəli torpaq sahəsinin yerləşdiyi yerin fotoşəkillərindən məlum olur ki, İddiaçı 2008ci ildən, yəni 5 ildən artıq müddətdir ki, qeyd olunan ərazinin sakinidir və ailəsi ilə birlikdə həmin ünvanda inşa edilmiş fərdi yaşayış evində yaşayır. Mübahisə predmeti olan torpaq sahəsi iddiaçının faktiki sahibliyindədir, yəni iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan yaşayış sahəsinin həyatyanı sahəsi kimi iddiaçıya məxus olan hasarın daxilində yerləşir. Qeyd olunan torpaq sahəsinin iddiaçıya satılması hər hansı bir şəxsin hüquqlarını pozmur. Belə ki, qeyd olunan torpaq sahəsinə olan giriş yolu iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən keçir. Həmçinin, məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, yerli icra nümayəndəliklərinin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Nəticəvi hissə:
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia tələbi təmin edilsin. Xaçmaz bələdiyyəsinin 24.01.2008-ci il tarixli qərarı və 31.01.2008-ci il tarixli torpaqların alqı-satqısına dair aktla iddiaçıya ayrılmış 500 kvadrat metr torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İmran Burcayev