Məhkəmə qərarları › İş №2-1(118)-3530/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3530/2025

06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3530/2025 06.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, Üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdehlər X2 və X3nə qarşı “siyahıdan üçüncü şəxsin adının çıxarılması və həmin yerə iddiaçının adının yazılması, həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba rayon Aqrar İslahat Komissiyasının tərtib etdiyi siyahıda Quba rayonu Susayqışlaq kəndinin ərazisində torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktındakı cizgidə göstərilən sərhəd daxilində yerləşən, kənd təsərrüfatı məhsulları üçün əkilib-becərilməsi və yetişdirilməsi üçün iddiaçının mülkiyyətinə verilmiş 0,48 ha torpaq sahəsinin qarşısında yazılmış X4 adının çıxarılması və iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 15 avqust tarixli, 8 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 0,48 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları üçün əkilib-becərilməsi və yetişdirilməsi üçün İddiaçı mülkiyyətinə verilmişdir. Bunu təsdiq edən Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.1997-ci il tarixli, JN-0018, KOD30308028 nömrəli Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsi Quba rayonu Susayqışlaq kəndinin ərazisində yerləşir və iddiaçı tərəfindən təyinatı üzrə istifadə edilməkdədir. İddiaçı Dövlət Aktına əsasən ona məxsus olan torpaq sahǝsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə çıxarış verilməsi üçün müraciət edəndə bildirilib ki, həmin torpaq sahəsinə İslahat Komissiyasının tərtib etdiyi siyahısına əsasən X5 adına çıxarış verilmişdir. Bundan sonra iddiaçı X2 olması, onun adının İslahat Komissiyasının tərtib etdiyi siyahıda iddiaçıya məxsus torpaq sahəsinin qarşısına necə düşməsi və mülkiyyətində olan 0,48 hektar torpaq sahəsinə onun adına hansı əsasla mülkiyyətə dair çıxarış verilməsini araşdırmağa başlamışdır. İddiaçı əvvəlcə Milli Arxiv İdarəsinin Quba rayon Filialına müraciət etmişdir. xx.xx.2023-cü il tarixli,3-48-da-Gf/2-6xx-xx/2023 nömrəli arxiv arayışında bildirilir ki, Quba rayonu Aşağı Atuc yerli Aqrar İslahat Komissiyasının Azərbaycan Respublikası Dövlət X12 mühafizə olunan 1995-1999-cu illərə aid sənədlərində X6 adlı şəxsə pay torpağının verilməsi haqqında heç bir məlumat yoxdur. Arayışın qeydindən görünür ki, həmin ərazidə fəaliyyət göstərmiş olan "Şahdağ” Aqrofirması tərəfindən vətəndaşlara əmlak payı verilməsi haqqında olan cədvəldə də X5 adı yoxdur. Bundan sonra Quba rayonunun X13 verdiyi xx.xx.2023-cü il tarixli 10 saylı məktubda bildirilir ki, Quba rayonu Susayqışlaq kəndinin keçmiş sakini X6 xx.xx.1996-cı ilədək Susayqışlaq kəndinin sovxoz və kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, koopertivlərin, kiçik müəssisələrin, kəndli(fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçisi,habelə əsas iş yeri həmin müəssisələr olmamışdır. Daha sonra Quba rayonu Hacıhüseynli Bələdiyyəsinə müraciət etdim və oradan verilmiş xx.xx.2023-cü il tarixli, 029 nömrəli arayışdan aydın olur ki, xx.xx.1974-cü ildə Quba rayonu Gənclər qəsəbəsində anadan olmuş X8 Aqrar İslahat Komissiyası tərəfindən vətəndaşa Gənclər kəndi ərazisində torpaq sahəsi ayrılmamış, lakin qeydiyyatda olduğu ərazi üzrə torpaq sahəsi ayrılmışdır. Bundan sonra iddiaçı X1 ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinə müraciət etmişdir. Oradan verilən xx.xx.2023-cü il tarixli,3-43-46/2-841/2023 nömrəli məktubunda bildirilir ki, 1963-cü il təvəllüdlü istefada olanbaş leytenant X6 həqiqətən xx.xx.1981- ci il tarixdən xx.xx.1983-cü il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək isə Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit qismində hərbi xidmət etmişdir.Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq əmri ilə "Hərbi Xidmət Haqqında” Qanunun 18-ci maddəsinin "A" bəndinə (xidmət müddəti başa çatdığına görə) əsasən xx.xx.1998-ci il tarixdə ehtiyyata buraxılıb. Azərbaycan Respublikası DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli,3-13-18/2-10841/23 nömrəli məktubda bildirilir ki, xx.xx.1963-cü il təvəllüdlü X6 xx.xx.1995-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. Qeyd olunanlardan göründüyü kimi X5 iddiaçının mülkiyyətində olan torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Onun aqrar sahədə islahat keçirilənədək yəni xx.xx.1996-cı ilədək Susayqışlaq kəndinin sovxoz və kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, koopertivlərin, kiçik müəssisələrin, kəndli(fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinə aidiyyəti, hətta əsas iş yeri həmin müəssisələr olmamışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin məktubu ilə tam sübuta yetir ki, 1963-cü il təvəllüdlü istefada olanbaş leytenant X6 həqiqətən xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək isə Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit qismində hərbi xidmət etmişdir.Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq əmri ilə "Hərbi Xidmət Haqqında" Qanunun 18ci maddəsinin "A" bəndinə (xidmət müddəti başa çatdığına görə) əsasən xx.xx.1998-ci il tarixdə ehtiyyata buraxılıb. Həmçinin, Dövlət Arxivinin verdiyi arayışından da göründüyü kimi, Quba rayonu Aşağı Atuc yerli Aqrar İslahat Komissiyasının Azərbaycan Respublikası Dövlət X12 mühafizə olunan 1995-1999-cu illərə aid sənədlərində X6 adlı şəxsə pay torpağının verilməsi haqqında heç bir məlumat yoxdur. arayışın qeydindən də həmin ərazidə fəaliyyət göstərmiş olan "Şahdağ” Aqrofirması tərəfindən vətəndaşlara əmlak payı verilməsi haqqında olan cədvəldə də X5 adının olmaması öz təsdiqini tapır. Bu bir daha onu sübut edir ki, Azərbaycan Respublikası DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin məktubunda bildirildiyi kimi, xx.xx.1963-cü il təvəllüdlü X6 xx.xx.1995-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. Yəni onun hələ aqrar islahatdan qabaq və aqrar islahatın keçirildiyi dövrdə Quba rayonu Susayqışlaq kəndinin ərazisində yaşayıb, əməklə məşğul olmamışdır. Bu səbəbdən də həmin ərazidə fəaliyyət göstərmiş olan “Şahdağ” Aqrofirması tərəfindən vətəndaşlara əmlak payı verilməsi haqqında olan cədvəldə də X5 adı olmamışdır. Qeyd olunanlardan bir daha aydın olur və öz təsdiqini tapır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 15 avqust tarixli, 8 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 0,48 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları üçün əkilib-becərilməsi və yetişdirilməsi üçün iddiaçının mülkiyyətinə verilmişdir. Buna görə də həmin torpaq sahəsi iddiaçıya məxsusdur, Quba rayon Aqrar İslahat Komissiyasının tərtib etdiyi siyahıda həmin torpaq sahəsinin qarşısında yazılmış X5 adı çıxarılmalı və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən iddiaçının adına çıxarış verilməlidir. Məhkəmənin xx.xx.2024-cü il il tarixli, 2-1(118)-7356/2024 nömrəli qərardadına əsasən X7 hazırkı iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək X3nin cavabdeh qismində işə cəlb edilməsini məhkəmədən xahiş, Məhkəmənin xx.xx.2025-ci il il tarixli, 2- 1(118)-3530/2025 nömrəli qərardadı ilə X3 cavabdeh qismində işə cəlb edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Quba rayon Aqrar İslahat Komissiyasının tərtib etdiyi siyahıda Quba rayonu Susayqışlaq kəndinin ərazisində torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktındakı cizgidə göstərilən sərhəd daxilində yerləşən, kənd təsərrüfatı məhsulları üçün əkilib-becərilməsi və yetişdirilməsi üçün iddiaçının mülkiyyətinə verilmiş 0,48 ha torpaq sahəsinin qarşısında yazılmış X4 adının çıxarılması və həmin yerə İddiaçı adının yazılması X3nə həvalə edilsin və həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması digər cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ X14 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X2 iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.4 maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Quba rayonu, Susayqışlaq kəndində yerləşən 0,48 ha torpaq sahəsinə dair dair ləğv edilmiş DTXK-si tərəfindən tərtib edilmiş torpaq payı alacaq subyektlərin siyahısından vətəndaş X5 adının ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. Sözügedən 0.48 ha torpaq sahəsi üzərində X5 mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1- ci maddəsinə əsasən “Bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.” “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən “bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri hüquqları təsdiq edən aktlar” daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İddiaçı və cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə iddiaçı və cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə üçüncü şəxsin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il, 5 nömrəli Qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3-cü bənd). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7 -ci bənd). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5-ci bənd).Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). İddia tələbinin bir hissəsi Quba rayon Aqrar İslahat Komissiyasının tərtib etdiyi siyahıda Quba rayonu Susayqışlaq kəndinin ərazisində torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktındakı cizgidə göstərilən sərhəd daxilində yerləşən, kənd təsərrüfatı məhsulları üçün əkilib-becərilməsi və yetişdirilməsi üçün iddiaçının mülkiyyətinə verilmiş 0,48 ha torpaq sahəsinin qarşısında yazılmış X4 adının çıxarılması və həmin yerə İddiaçı adının yazılmasından ibarətdir. Bununla bağlı məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. İddiaçının dəyişiklik edilməsini tələb etdiyi siyahı Quba Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 08 nömrəli qərarı əsasında tərtib edilmişdir. Odur ki, iddianın müddətlər baxımından həllində Aqrar İslahat Komissiyasının qərarının qəbul olunduğu zaman qüvvədə olan hüquq normaları rəhbər tutulmalıdır. İddiaçının mübahisələndirdiyi AİK-nın qərarının qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi siyahıda düzəliş edilməsi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş imkanı itirmişdir. İddia tələbinin digər hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbinin birinci hissəsi mümkün hesab edilmədiyindən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması tələbi də mümkün hesab edilməməlidir. Həmçinin həmin torpaq sahəsinin iddiaçının adına qeydə alınması, çıxarış və plan ölçü sənədinin verilməsi ilə bağlı məhkəməyə müraciət olunmuş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(118)-273/2020 nömrəli qərarı ilə iddia rədd edilmiş və həmin qərar qanuni qüvvəyə minmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddia tələbi mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar