Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3534/2025 10.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2nə qarşı iş üzrə (Açar sözlər: doğum akt qeydində düzəliş edilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Əhmədova Nərgiz Zahid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2nə qarşı “doğum akt qeydində düzəliş edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları
1. İddiaçı cavabdeh Şuşa rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, tərtib edilmiş doğum akt qeydində dəyişiklik edilərək, iddiaçının adının “Bərsail” və ata adının “Məhiş” kimi yazılması və iddiaçıya qeyd etdiyi dəyişiklik edilməklə doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə məhkəmədən xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-12735/2024 nömrəli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baхılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.
3. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh olan X2 ilə əvəz edilməsini xahiş etmişdir.
4. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının doğum akt qeydində adının “Bərsayıl”-dan “Bərsail”-ə, ata adının “Mamed”-dən “Məhiş”-ə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1946-cı il tarixdə Şuşa rayonunun Malıbəyli kəndində doğulmuşdur. Onun doğum haqqında şəhadətnaməsində, şəxsiyyət vəsiqəsində, nikah haqqında şəhadətnaməsində və s. iddiaçının adı Bərsail, atasının adı Məhiş kimi yazılmışdır. Lakin iddiaçı qeydiyyat şöbəsində olanda ona bildirildi ki, qeydiyyat şöbəsində olan doğum haqqında akt qeydində onun adı “Bərsayıl” atasının adı isə “Məmməd” kimi qeyd edilmişdir. İddiaçı ərizə ilə Şuşa rayon Qeydiyyat şöbəsinə müraciət edərək xx.xx.1946-cı il tarixdə, Şuşa rayonunun Malıbəyli kəndində doğulmuş İddiaçı doğum haqqında akt qeydində dəyişiklik edərək adının - “Bərsail”, atasının adının “Məhiş” kimi yazılmasını xahiş etmişdir. Lakin Şuşa rayon Qeydiyyat şöbəsinin xx.xx.2024cü il tarixli imtina məktubunda iddiaçının qeyd etdiyi düzəlişin edilməsi üçün kifayət qədər əsas olmadığı bildirilərək, məhkəməyə müraciət etməyi qeyd edilmişdir. İddiaçı hesab edir ki, doğum haqqında akt qeydində dəyişiklik edilərək, adının “Bərsail”, ata adının “Məhiş” kimi yazılması öhdəliyi məhkəmə qərarı ilə Şuşa rayon Qeydiyyat Şöbəsi üzərinə qoyulmalıdır.
6. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 nömrəli qərarın 6.1, 6.2, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1-ci maddələrinə istinad edilmişdir.
7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim olunmamışdır.
b) Tərəflərin iştirakı və izahatları
8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və təmin olunmasını məhkəmədən xahiş etmişdir.
9. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.
c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
10. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
11. İddiaçıya məxsus xx.xx.1973-cü il tarixli əmək kitabçasında adı “Bərsail”, ata adı isə “Məhiş” olaraq qeyd edilmişdir.
12. İddiaçıya məxsus 061534 nömrəli diplomda adı “Bərsail”, ata adı isə “Məhiş” olaraq qeyd edilmişdir.
13. İddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsində adı “Bərsail”, ata adı isə “Məhiş” olaraq qeyd edilmişdir.
14. İddiaçıya məxsus AA seriyalı 160164 nömrəli məcburi köçkün vəsiqəsində adı “Bərsail”, ata adı isə “Məhiş” olaraq qeyd edilmişdir.
15. İddiaçıya məxsus DC 035286 nömrəli hərbi biletdə adı “Bərsail”, ata adı isə “Maxişoviç” olaraq qeyd edilmişdir.
16. İddiaçıya məxsus xx.xx.2000-ci il tarixli, 041561 nömrəli veteran vəsiqəsində adı “Bərsail”, ata adı isə “Məhiş” olaraq qeyd edilmişdir.
17. İddiaçıya məxsus xx.xx.1964-cü il tarixli, 668623 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, “Bərsail”, ata adı isə “Məhiş” olaraq qeyd edilmişdir.
18. xx.xx.1974-cü il tarixli, 129292 nömrəli evlənmək haqqında şəhadətnamədə iddiaçının adı “Bərsail”, ata adı isə “Məhiş” olaraq qeyd edilmişdir.
19. Şuşa rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, kifayət qədər əsaslar olmadığı üçün doğum akt qeydində düzəliş edilməsindən imtina edilir.
20. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, müraciətlə əlaqədar xx.xx.1948-ci il təvəllüdlü İbrahimli Məhiş oğlunun deyil, xx.xx.1946-cı il təvəllüdlü X1 doğumu haqqında akt qeydinin surəti təqdim olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon və “Asan xidmət” mərkəzlərində qeydiyyat şöbələrində, nikah evlərində və vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində işlərin nomenklaturasına əsasən doğumun dövlət qeydiyyatına alınması haqqında ərizə və ona əlavə edilən digər sənədlərin saxlana müddəti 1 ildir. Bu səbəbdən doğumun qeydə alınmasına əsas olmuş sənədlərin təqdim edilməsi mümkün deyildir.
21. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba iddiaçının qardaşı X2 doğum haqqında akt qeydinin surəti əlavə olunmuşdur.
ƏSASLANDİRMA HİSSƏSİ:
a) İddianın növü və mümkünlüyü
22. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.
23. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
24. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçıların prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçılar iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçılar əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdikdən sonra iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər.
b) Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların: 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: .... vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər. 8-ci bəndinə əsasən ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş (bu Qaydanın “Qeyd”inin tələbləri nəzərə alınmaqla) sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. 12-ci bəndinə əsasən qeydiyyat şöbələrinin və konsulluq idarələrinin akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.
28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
c) Məhkəmənin mövqeyi
30. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
31. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus olan şəxsiyyət vəsiqəsi, evlənmək haqqında şəhadətnamə, məcburi köçkün vəsiqəsi, veteran vəsiqəsi və digər sənədlərdə onun adı “Bərsail” ata adı isə “Məhiş” olaraq göstərilmişdir. Lakin bunlara baxmayaraq ona məxsus xx.xx.1946-cı il tarixli doğum akt qeydində onun adı adı “Bərsayıl”, ata adı isə “Mamed” olaraq yazılmışdır.
32. Eyni zamanda iddiaçının qardaşı X2 şəxsiyyət vəsiqəsi və doğum akt qeydində ata adı “Məhiş” olaraq qeyd edilmişdir.
33. Məhkəmə hesab edir ki, doğum akt qeydində yol verilmiş yanlışlıqlar şəxsin hüquqlarının pozulmasına, o cümlədən həmin hüquqların həyata keçirməsinə maneə olmamalıdır. İddiaçının doğum akt qeydində düzəliş edilməsindən cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur və onun hüquqlarının pozulması ilə nəticələnmişdir.
34. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı doğum akt qeydində adının “Bərsayıl”dan “Bərsail”ə və ata adının “Mamed”dən “Məhiş”ə dəyişdirilməsi öhdəliyi X2nin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
35. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı: İddia təmin edilsin. İddiaçı doğum akt qeydində adının “Bərsayıl”dan “Bərsail”ə və ata adının “Mamed”dən “Məhiş”ə dəyişdirilməsi öhdəliyi X2nin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Qəşəm Məmmədli