Məhkəmə qərarları › İş №2-1(118)-3535/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3535/2025

09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3535/2025 09.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: ehtiyata buraxılma) GİRİŞ HİSSƏ X5-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ehtiyata buraxılma” tələbinə dair iddiası üzrə inzibati işə 09 aprel 2025-ciil tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı Silahlı Qüvvələrdən ehtiyata buraxılmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-12673/2024 saylı qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1991-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuşdur. 2008-ci il tarixdə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə daxil olmuş, 2012-ci il tarixindən təhsilini Hərbi tibb fakültəsində kursant kimi davam etdirmişdir. xx.xx.2014-cü il tarixdən zabit kimi Silahlı Qüvvələrdə, xx.xx.2022-ci il tarixdən bu günə qədər Silahlı Qüvvələrin Baş X1 bölməsinin baş ordinatoru vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə "Hərbi xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanunun 156 "j" maddəsinə müvafiq olaraq, onun Azərbaycan ordusundan həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə rapotla (qeydiyyat tarixi: xx.xx.2024, qeydiyyat nömrəsi: 5104) müraciət etməyinə baxmayaraq, Müdafiə Nazirliyinin Tibb İdarəsi tərəfindən kadr yetməzliyi bəhanəsiylə məqsədəuyğun deyil cavabı verilmişdir. Tibb İdarəsinin cavab məktubu xx.xx.2024-cü il tarixdə daxil olmuşdur.

4. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə təqdim etdiyi yazılı etirazda bildirmişdir ki, iş materiallarından göründüyü və iddiaçının da qeyd etdiyi kimi İddiaçı Azərbaycan Ordusu sıralarında zabit olaraq xidmət etməklə 10 ildən artıq müddətdir ki xidmətdədir. İddiaçı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Oftalmologiya bölməsində baş ordinator vəzifəsində xidmət edir və o, xx.xx.2024-cü il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi ilə ehtiyata buraxılması üçün yuxarı komandanlığa müraciət etmişdir. Bildirir ki, İddiaçı rəhbərlik və cavabdeh şəxslər tərəfindən qəbul edilmiş, mütəxəssis-həkimlərin çatışmazlığı və həmçinin vəzifələrin həkimlərlə komplektləşdirilməsinin ilin başlanğıcında planlaşdırılması səbəbindən ilin digər vaxtlarında ehtiyata buraxılmanın dərhal həyata keçirilməsinin mümkün olmaması izah olunaraq, ehtiyata buraxılması təxirə salınmışdır. Belə ki, Səhiyyə Nazirliyi ilə birgə aparılmış analizlərdən görünür ki, qəbul imtahanlarında “hərbi həkim” ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul olunanların sayında azalmaların olması, Azərbaycan Ordusunda hərbi həkimlərin çatışmazlığı və buna uyğun olaraq, müvafiq vəzifələrin komplektləşdirilməsində çətinliklərin yaranmasına səbəb olmuşdur. Aparılan təhlillərdən görünür ki, hərbi həkimlərin Müdafiə Nazirliyinin hesabına xarici ölkələrdə (əsasən, Türkiyədə uzmanlıq) və ölkə daxilində fəaliyyət göstərən ixtisas və biliklərin təkmilləşdirilməsi kurslarını (təhsil müəssisələrini) başa vurduqdan sonra orduda xidmətlərini davam etdirməyə maraqlı olmamaları, öz arzuları ilə ehtiyata buraxılmaları üçün müraciət etmələri müəyyənləşdirilmişdir. Əlavə olaraq, Azərbaycan Ordusunda həkim vəzifələrinin komplektləşdirilməsi və ixtisaslı kadrların zəruri tələbata uyğun planlaşdırılması hər ilin əvvəlində həyata keçirildiyindən, digər aylarda plana uyğun və ya şəxsi təşəbbüs ilə ehtiyata buraxılmaların icra olunması çətinliklər yaradır. Ona görə də, planlaşdırılmamış aylarda ehtiyata buraxılmaq üçün müraciət edən hərbi qulluqçuların buraxılmaları qanunvericiliyə uyğun olmasına baxmayaraq, onlarla fərdi söhbətlər aparılır, qarşıya çıxan çətinliklər izah edilməklə cari ilin sonuna (növbəti planlamaya) qədər gözləmələri bildirilir. O cümlədən, İddiaçıla fərdi söhbət aparılmış və qeyd edilənlər diqqətinə çatdırılaraq, növbəti 1 il ərzində ehtiyata buraxılacağı bildirildiyindən raportu baxılmamış saxlanılmışdır. Qeyd edilən xüsusatları, həmçinin iddiaçının əvəzinə ixtisaslı kadr planlaşdırıldıqdan sonra ehtiyata buraxılacağını nəzərə alaraq, İddiaçı iddia tələbinin növbəti 1 il ərzində icra edilməsi ilə bağlı Qərar qəbul edilməsini xahiş etmişdir.

5. Şifahi məhkəmə dinləməsi (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İİ. İddianın növü və mümkünlüyü

7. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olubolmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar.

8. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

9. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır.

İİİ. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

10. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 384 nömrəli arayışdan görünür ki, X4 xx.xx.2012-ci il tarixdən Azərbaycan ordusunda, xx.xx.2022-ci il tarixdən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında həqiqi hərbi xidmətdədir.

11. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı rəisinin xx.xx.2022-ci il tarixli, 184 nömrəli əmrindən çıxarışda qeyd olunur ki, “Tibb xidməti kapitanı Rüstəmov X2 bölməsinin ordinatoru, "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “a” bəndinə (yuxarı vəzifəyə) müvafiq olaraq, Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 05 avqust 2022-ci il tarixli 0222 nömrəli əmri ilə Oftalmologiya bölməsinin baş ordinatoru vəzifəsinə təyin edildiyinə görə, vəzifəsini təhvil versin və təyin olunduğu vəzifənin icrasına və qəbuluna başlasın.”.

12. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə zabit kimi hərbi xidmətdə olmağının 10 (on) ili tamam olması ilə əlaqədar “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156 “j” (öz istəyi ilə) ordu sıralarından tərxis olunmağı barədə yuxarı komandanlıq qarşında vəsatət qaldırılmasını xahiş etmişdir.

İV. Tətbiq edilən hüquq

13. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun: 18-ci maddəsinin birinci bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində beş illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər; 22-ci maddəsinin ikinci bəndinə əsasən, müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi-xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir. Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.

14. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun: 41.0-cı maddəsinə əsasən, ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: ... 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; ...

15. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: 156-cı maddəsinə əsasən, hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: ... j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər.

16. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin: 6-cı maddəsinə əsasən, hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu şəxsi məsələlərə dair, bir qayda olaraq, özünün bilavasitə rəisinə, xüsusi hallarda isə böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda üzrə verə bilər. Hərbi qulluqçu təklif, ərizə və şikayət verdikdə, İntizam nizamnaməsinin müddəalarını rəhbər tutmalıdır.

İV. Məhkəmənin mövqeyi

17. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

18. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı X4 xx.xx.2012-ci il tarixdən Azərbaycan ordusunda, xx.xx.2022-ci il tarixdən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında həqiqi hərbi xidmətdədir. xx.xx.2024-cü il tarixdə X4 xx.xx.2024-cü il tarixdə zabit kimi hərbi xidmətdə olmağının 10 (on) ili tamam olması ilə əlaqədar “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156 “j” (öz istəyi ilə) ordu sıralarından tərxis olunmağı barədə yuxarı komandanlıq qarşında vəsatət qaldırılmasını xahiş etmişdir. İddiaçı ilə fərdi söhbət aparılmış, iddiaçı ən qısa müddətdə ehtiyata buraxılmaq istədiyini xahiş etmişdir və ona növbəti 1 il ərzində ehtiyata buraxılacağı bildirilərək raportu baxılmamış saxlanılmışdır.

19. İstinad edilmiş normaların mənasından görünür ki, müvafiq vəzifələrdə zabit kimi azı 10 il xidmət etmiş hərbi qulluqçulara öz arzusu ilə ehtiyata buraxılması hüququ nəzərdə tutulur və qanuna görə bu hüquqa o, hərbi xidmətdə olmağın son yaş həddinə çatmasa da malik olur.

20. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddia üzrə ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının öz arzusu ilə vəzifəsindən azad olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu (İPM-in 14.3-cü maddəsi), hərbi qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmaması, cavabdehin hərəkətsizlikdə ifadə olunan imtinasının qanunazidd olması və iddiaçının hüquqlarını pozması (İPM-in 73.1-ci maddəsi) iş üzrə təsdiqini tapmışdır.

21. İPM-nin 14.3-cü maddəsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür, lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

22. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin hərəkətsizlikdə ifadə olunan imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.

24. Məhkəmə hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılmasını tələb etməkdə haqlıdır və cavabdehin bundan imtinası isə qanunazidd olmuş və iddiaçının hüququnun pozulmasına səbəb olmuşdur.

25. İPM-in 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

26. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

27. İPM-in 68-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

28. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.

29. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı X3 "Hərbixidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə (öz arzusu ilə) əsasən Ordu sıralarından ehtiyata buraxılması barədə əmr qəbul edilməsi vəzifəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X5-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar