Məhkəmə qərarları › İş №2-1(118)-354/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-354/2021

29.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-354/2021 29.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Şabran rayonu, Gəndob kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya qarşı iddia ərizəi ilə məhkəməyə müraciət edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tanınmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1992-ci ildə Dəvəçi rayon hərbi komisralığına müraciət edərək könüllü qaydada Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün döyüşə göndərilməsini xahiş etmişdir. O, əvvəl Fizulu rayonuna göndərilmiş, orada minaya düşmüş, yaralanmışdır. Sağalandan sonra Cəbrayıl rayonunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, N saylı hərbi hissənin tərkibində N ay müddətində Ağdam rayonunun Sarıcalı kəndində vuruşmuşdur. Yuxarı Veysəlli kəndində vuruşması isə qeydə alınmamışdır. O, müharibə veteranı vəsiqəsinin veriİməsi ilə bağlı cavabdeh inzibati orqan olan Müdafiə Nazirliyinə müraciət etmişdir, lakin cavabdeh ona imtina cavabı vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Təhmiraz Həsənovun məhkəməyə ünvanladığı etiraz ərizəsində qeyd edilmişdir ki, İddiaçı Şabran (keçmiş Dəvəçi) rayon hərbi komissarlığından səfərbər edilmiş çağırışçı Tağlyev Hikmət raportuna əsasən xx xxxxxxxx 1992-ci il tarixdə həmin hərbi hissənin şəxsi heyətinin üzlüyündən azad edilmişdir. N nömrəli hərbi hissə döyüş əməliyyatları aparmışdır və iddiaçının həmin hərbi hissənin tərkibində xidmət etməsini mübahisələndirmir. Lakin xx xxxx 1992-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Qanunun 24-cü maddəsinə görə səfərbərlik elan olunarkən həqiqi hərbi xidmətdə olan bütün şəxslər xüsusi sərəncam verilənədək xidmətdə saxlanılır, hərbi vəzifəlilər isə hərbi xidmətə çağırılır. İş materiallarında olan : - iddiaçıya aid hərbi bletidən görünür ki, İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində xidmət etmişdir. Hərbi biletin 18-ci qrafasında qeyd olunmuşdur ki, o, N nömrəli hərbi hissədə Cəbrayıl rayonu ərazisində erməni təcavüzkarlarına qarşı vuruşmuşdur. -Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 1/T -6199 №-li məktubundan görünür ki, Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli 9/2-3105 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 28 nömrəli əmri hərbi biletin 17-ci qrafası ilə uyğun gəlmədiyinə, əmrdə adı və ata adı tam göstərilmədiyinə, N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 60 nömrəli əmrində atasının adı göstərilmədiyinə görə və məlumatların H.Tağlyevə aid olub-olmaması müəyyən olunmadığına görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi mümkün deyildir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir…. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. «Hərbi qulluqcuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, konüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqcu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 11-ci bəndinin 8-ci yarımbəndində əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cu il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələr və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezamiyyətdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, mili təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən cıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır. Hazırki iş üzrə Müdafiə Nazirliyi iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini mübahisələndirmir. Lakin iddiaçının döyüş əməliyyatlatı başa çatmadan təxris edilməsini qanunsuz hesab edərək iddianın rədd olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də, şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması faktı da tam sübuta yetirilməlidir. xx xxxx 1992-ci ildə qəbul edilmiş və 2011-ci ilədək qüvvədə olmuş “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Qanunun 24-cü maddəsinə görə səfərbərlik elan olunarkən həqiqi hərbi xidmətdə olan bütün şəxslər xüsusi sərəncam verilənədək xidmətdə saxlanılır, hərbi vəzifəlilər isə hərbi xidmətə çağırılır. Həmin Qanunun 26-cı maddəsinə əsasən, səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müddətdə həyata keçirilir. “MDB-nin X1 təxris olunaraq ehtiyata buraxılmış hərbi mükələfiyyətlilərin həqiqi hərbi xidmətə çağırılması haqqında” AzərbaycanRespublikası Prezidentinin xx xxxx 1992-ci il tarixli 77 nömrəli Fərmanının 2-ci bəndinə görə isə Azərbaycan Respublikası Silahlı Qüvvələri heyətində xidmət edən əsgər və serjantların xidmət müddətləri respublikas ərazisində gedən döyüş əməliyyatlarının müddətinə uyğun olaraq uzadılması qərara alınmışdır. Sadalanmış bu müddəalardan bəlli olur ki, müharibə dövründə səfərbərlik elan edildikdə, bu dövrdə xidmət hərbi xidmətə aid edilir və çağırış üzrə qaydalara uyğun tənzimlənir. Həmin qaydalara görə isə, hərbi qulluqçunun xidmət keçmənin başlanğıcı hərbi komissarlığa gəldiyi gün, onun sonu isə ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Ehtiyata və ya istefaya buraxılma barədə isə Azərbaycan Respublikasının Prezidenti müvafiq qərar qəbul etməlidir. Habelə, belə fərman qəbul ediləndən sonra müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Müdafiə Naziri və müvafiq olaraq hərbi hissələrin komandirləri) hərbi heyətin ehtiyata və ya istefaya buraxılması barədə əmr qəbul edirlər. Beləliklə, hərbi qulluqçunun müharibə dövründə hərbi xidməti xx xxxxxxx 1991-ci il tarixindən müxtəlif vaxtlarda başlana bilər, lakin onun dövrü xx xxx 1994-cü il tarixini əhatə etməklə hərbi xidmətin sonu Azərbaycan Respublikası Prezidentinin tərxisetmə barədə qəbul etdiyi qərardan sonra hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Yalnız bu halda hərbi qulluqçu hərbi xidmət keçmiş şəxs kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 433 saylı Fərmanı xx xxxxxx 1996-cı il tarixində, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 466 saylı Fərmanı xx xxxx 1996-cı il tarixində və “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 501 saylı Fərmanı xx xxxxxxxx 1996-cı il tarixində qəbul edilmişdir. Göründüyü kimi, müharibə dövründən sonra hərbi qulluqçuların ehtiyata buraxılması 1996-cı ildən başlanmış və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilməlidirlər. İddiaçının tərxis olunmasına dair arayış qanunvericiliyin yuxarıda göstərdiyi tələbləri ilə uzlaşmır, çünki hərbi xidmətdən tərxis olunma müddəti 1996-cı ildən sonra başlandığından, 1992-ci ildə iddiaçı hərbi qulluqçu kimi hərbi xidmətdən tərxis oluna bilməzdi. Beləliklə, iddiaçı qanuni əsaslarla hərbi hissədən tərxis olunmadığı üçün cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar