Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-354/2022 10.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Siyəzən rayonu Beşdam Bələdiyyəsinə qarşı “Siyəzən rayonu Beşdam Bələdiyyəsinin 30 iyul 2021-ci il tarixli 07 saylı qərarının “Beşdam Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli, 19 saylı qərarının bələdiyyənin örüş torpaqlarından 72 ha torpaq sahəsinin İddiaçı müvəqqəti icarəsinə verilməsi hissəsinin ləğv olunması”na dair 3cü bəndinin ləğv edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Siyəzən rayonu Beşdam Bələdiyyəsi 30 iyul 2021-ci il tarixli 07 saylı iclas qərarının 3-cü bəndi ilə Beşdam bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli, 19 saylı qərarının bələdiyyənin örüş torpaqlarından 72 ha torpaq sahəsinin İddiaçı müvəqqəti icarəsinə verilməsi hissəsinin ləğv olunması qərara alınmışdır. Həmin qərarın onlara aid olan 3-cü bəndi qanunsuz olduğundan ləğv olunmalıdır. Belə ki, Siyəzən rayonu Beşdam bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli 19 saylı qərarı ilə 72 ha örüş torpaq sahəsi, 33.9 ha əkinə yararlı torpaq sahəsi 50 il müddətinə ona icarəyə verilmişdir. Həmin vaxtdan başlayaraq hazırda da iddiaçı icarəyə verilən torpaq sahəsində davamlı olaraq əkin aparmaqla iri və xırda buynuzlu heyvanların saxlanması ilə məşğuldur. Qeyd edilən qərara uyğun olaraq cavabdehlə 06 oktyabr 2006-cı il tarixdə aralarında torpaq sahəsinin icarəyə verilməsi haqqında 07 saylı müqavilə bağlanmışdır. Torpaq sahəsi ona uzun müddətə verildiyindən daşınmaz əmlak Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin X1 kitabında 29.05.2009-cu il tarixdə müvafiq olaraq 591 və 592 nömrələri ilə uçota alınmışdır. Cavabdehlə bağladığı müqavilənin şərtləri, eləcə də torpaq qanunvericiliyinin tələbləri pozulmayıb. Ona icarəyə verilən torpaq sahəsindən təyinatı üzrə və davamlı olaraq istifadə etmiş, icarə haqlarını vaxtında ödəmiş, bu öhdəliklə bağlı borcu olmamışdır. Torpağın icarəyə verilməsi barədə qərarın ləğv edilməsinin heç bir hüquqi və faktiki əsası yoxdur. Ona görə də qərar mənə aid olan hissədə qanunsuz olduğundan, həmin qərarın ləğv ediməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndə və vəkili məhkəmə prosesində eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Beşdam bələdiyyəsinin icarədarı olan İddiaçı icarəsində olan 72 ha örüş torpaq sahəsi və 33.9 ha əkin torpaq sahəsi, ümumi 105.9 ha torpaq sahəsi Beşdam bələdiyyəsinin 06.10.2006-cı il tarixli, 19 saylı qərarı ilə ona verilən zaman qərarda müddət göstərilməmiş, icarə müqaviləsində isə müddət 50 il nəzərdə tutulmuşdur. Halbuki, qanunvericilikdə heyvandarlıq məqsədilə torpaq sahələri icarəyə verilərkən, icarə müddəti maksimum 15 il nəzərdə tutulmuşdur. Buna görə də Beşdam bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli, 19 saylı qərarının bələdiyyənin örüş torpaqlarından 72 ha torpaq sahəsinin İddiaçı müvəqqəti icarəsinə verilməsi hissəsi Beşdam bələdiyyəsinin 30 iyul 2021-ci il tarixli, 07 saylı qərarı ilə ləğv olunmuşdur. Həmçinin qanunvericilikdə nəzərdə tutulmuşdur ki, torpaq sahələri icarəyə verilərkən əhalinin ümumi istifadəsi üçün nəzərdə tutulan torpaq sahələri nəzərə alınmaqla, qalan torpaq sahələri hüquqi və ya fiziki şəxslərin icarəsinə verilə bilər. Həmin torpaq sahəsi, Beşdam bələdiyyəsinin Nardaran kəndinin ərazisi olmaqla, İddiaçı icarəsinə verilən zaman əhalinin ümumi istifadə torpaqlarına ehtiyacı az olmuş, hal-hazırda əhalinin mal-qarasınm sayı artmış və ümumi istifadə torpaqlarına ehtiyac yaranmışdır. Həmin torpaq sahəsi də, Nardaran kəndinin tam yaxınlığında yerləşdiyi üçün həmin kəndin əhalisinin ümumi istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə yazılı etirazını gödərdikdən sonra məhkəmə prosesini təxirə salınmasını xahiş etmişdir, lakin məhkəmə prosesinin təxirə salınması ilə bağlı hər hansı bir üzürlü səbəb göstərməmişdir. Məhkəmə tərəfindən 3-cü şəxs qismində cəlb edilmiş Xaçmaz regional Ədliyyə İdarəsi məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə cavabdehin və 3-cü şəxsin nümayəndəsinin işirakı olmadan məhkəmə iclasını keçirimişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın 06 oktyabr 2006-cı il tarixli, 19 saylı qərarının qərarın surəti, 30 iyul 2021-ci il tarixli, 07 saylı qərarının surəti, cavabdehin etirazı, 06 oktyabr 2006-cı il tarixli, 07 nömrəli torpağın icarəyə verilməsi haqqında müqavilə, daşınmaz əmlakların çıxarış və texniki pasportun notarial qaydada təsdiqlənmiş surətləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyatının müəyyən edilməsi də vacib meyyarlardan biidir. İddiaçının hazırkı, iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun barəsində bələdiyyə tərəfindən 30 iyul 2021-ci il tarixli, 07 nömrəli qərarının qəbul edildiyi vaxtdan yaranmışdır. Beşdam Bələdiyyəsinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, mübahisə predmeti olan qərar Beşdam Bələdiyyəsi tərəfindən qəbul edilmişdir. Belə olduğu tədqirdə Beşdam Bələdiyyəsi hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də iddiaçı tərəfindən qərarın ləğv edilməsi ilə bağlı prosessual müddətlərə riayət edib-etməməsi ilə bağlıdır. Belə ki, Beşdam Bələdiyyəsi tərəfindən qəbul edilmiş 30 iyul 2021-ci il tarixli, 07 nömrəli qərar (iş materiallarına olan zərfdən məlum olur ki, sözügedən qərar iddiaçı tərəfindən 16.09.2021-ci il tarixində əldə olunmuşdur) 13.10.2021-ci ildə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi verilməklə mübahisələndirilmişdir. Göründüyü kimi inzibati aktın mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 30 günlük prosessual müddətə riayət olunmuşdur. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı hissəsinə dair məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qərar Beşdam Bələdiyyəsi tərəfindən qəbul edildiyinə və həmin təşkilatın yerləşdiyi ərazi Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olduğuna görə hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazır ki, iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə işin faktiki hallarını araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Siyəzən rayonu Beşdam Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli 19 saylı qərarı ilə 72 ha örüş torpaq sahəsi, 33.9 ha əkinə yararlı torpaq sahəsi 50 il müddətinə İddiaçı icarəyə verilmişdir. Həmin vaxtdan başlayaraq hazırda da iddiaçı icarəyə verilən torpaq sahəsində davamlı olaraq əkin aparmaqla iri və xırda buynuzlu heyvanların saxlanması ilə məşğuldur. Qeyd edilən qərara uyğun olaraq cavabdehlə 06 oktyabr 2006-cı il tarixdə torpaq sahəsinin icarəyə verilməsi haqqında 07 nömrəli müqavilə bağlanmışdır. Torpaq sahəsi iddiaçıya uzun müddətə verildiyindən daşınmaz əmlak Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin X1 kitabında 29.05.2009-cu il tarixdə müvafiq olaraq 591 və 592 nömrələri ilə uçota alınmışdır. İddiaçı icarəyə verilən torpaq sahəsindən təyinatı üzrə və davamlı olaraq istifadə edir, icarə haqlarını vaxtında ödəyir, bu öhdəliklərlə bağlı hər hansı borcu qalmamışdır. Beşdam Bələdiyyəsinin qəbul etdiyi 30 iyul 2021-ci il tarixli, 07 nömrəli qərar iddiaçının hüquqlarını pozduğundan, məhkəməyə müraciət edərək həmin qərarın ona aid olan hissədə ləğv edilməsini məhkəmədən xahiş edir. İddiaçının müvqeyi ondan ibarətdir ki, Siyəzən rayonu Beşdam Bələdiyyəsi ilə həmin torpaq sahəsinə dair iddiaçı ilə bağlanmış 07 saylı 06 oktyabr 2006-cı il tarixli müqaviləyə əsasən icarə müddəti 50 (əlli) il müəyyən edilmişdir. Həmin dövrdə qüvvədə olan “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən torpaq icarəsinin müddəti tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunur. Həmin Qanunun 73-cü maddəsinə əsasən hətta icarəyə verənin yenidən təşkili, torpaq mülkiyyətçisinin hüquqlarının başqa şəxsə keçinəsi, icarəçi fiziki şəxs vəfat etməsi belə icarə müqaviləsinin ləğvi və xitamı üçün əsas deyildir. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” 60-VQD saylı 18 dekabr 2015-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının Toıpaq Məcəlləsinin 50-ci maddəsinin 3cü hissəsi aşağıdakı redaksiyada verilmişdir:.... Torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə - on beş ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün - on beş ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə on beş ildən 49 ilədək müəyyən oluna bilər. Məhkəmə Beşdam bələdiyyəsi tərəfindən ləğv edilmiş 07 saylı 06 oktyabr 2006-cı il tarixli qərarının örüş torpağı ilə bağlı 15 ildən artıq müddətə icarəyə verilə bilməməsi ilə bağlı gətirdiyi arqumentin araşdırmasından öncə mübahisə predmeti olan Beşdam bələdiyyəsinin 30 iyul 2021-ci il tarixli qərarın qanuni əsaslarla qəbul edilməsinin araşdırmasını məqəsədəmüvafiq hesab edir. Siyəzən rayonu Beşdam Bələdiyyəsinin 30 iyul 2021-ci il tarixli 07 saylı qərarını araşdıraraq məhkəmə hesab edir ki, qeyd olunan qərarın bələdiyyə tərəfindən qəbul edilməsi qanunamüvafiq deyil. Belə ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 48.4-cü maddəsinin və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.2-ci maddəsinin tələbləri baxımından bələdiyyənin özü tərəfindən qəbul etdiyi qərarın ləğv etməsi səlahiyyətinin olmasına baxmayaraq hazırkı, iş üzrə iddiaçının hüquqlarının pozulmasına gətirib çıxaran Beşdam bələdiyyəsi 30 iyul 2021-ci il tarixli qərarı qəbul etməkdə haqlı olmamış və qanunsuz inzibati akt qəbul etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının icarəsinə verilmiş 0,72 ha torpaq sahəsi X1 kitabında 29.05.2009-cu ildə 591 nömrəsi ilə uçota alınaraq iddiaçya torpaq sahəsi ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Həmin torpaq sahəsi üzərində iddiaçı tərəfindən ümumi sahəsi 829.2 kv.m olan əmlak kompleksi inşa edilmiş və həmin təsərrüfatda iddiaçının adına 320 baş xırdabuynuzlu və 15 baş iribuynuzlu mal-qara qeydə alınmışdır. Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 2-ci bəndinə əsasən, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi özünün 15 yanvar 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, bələdiyyənin ərizəçiyə torpaq sahəsinin satılması barədə öz qərarını ləğv etmək səlahiyyətinin olmasının mülki işə baxan yuxarı məhkəmələr tərəfindən “Bələdiyyələrin statusu haqqında” Qanunun 48-ci maddəsinin 4-cü bəndinə müvafiq olaraq, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. İstinad olunan maddənin 2-ci bəndi isə nəzərdə tutur ki, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Göründüyü kimi qeyd olunan müddəaların digər şəxslər üçün hüquqi nəticələrindən asılı olmayaraq bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olması kimi şərh edilməsi düzgün hesab edilə bilməz. Başqa sözlə desək Konstitusiya Məhkəməsinin 15 yanvar 2010-cu il tarixli Plenum qərarına əsasən bələdiyyələr maraqlı şəxslərin hüquqlarına toxunan qərarlarını ləğv etmək səlahiyyətinə malik deyillər. Beşdam bələdiyyəsi qanunun tələblərini pozmaqla qəbul etdiyi mübahisə predmeti olan qərar iddiaçının hüquqlarını pozduğundan Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 2-ci bəndini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 yanvar 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alan məhkəmə hesab edir ki, Beşdam bələdiyyəsinin qərarı qanunsuz inzibati aktdır və ləğv olunmalıdır. Belə ki, İnzibati İcraat haqqında Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu səbəbdən də şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Siyəzən rayonu Beşdam Bələdiyyəsinin 30 iyul 2021-ci il tarixli 07 saylı qərarı (iddiaçıya aid olıduğu 3-cü bənddə) qanunsuz olduğundan ləğv olunmalıdır. Nəzərə alınmalıdır ki, qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələbləri baxımından torpaq sahələri inzibati orqan tərəfindən şəxsə istifadəyə verilərkən müvafiq qərar əsasında, icarəyə verilərkən müvafiq icarə müqaviləsi əsasında verilir. Belə ki, 50.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əgər bu məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qeyd olunanlar bir daha ona dəlalət edir ki, Siyəzən rayonu Beşdam Bələdiyyəsi tərəfindən örüş torpaq sahəsinin Torpaq Məcəlləsində nəzərdə tutulmayan müddətə iddiaçının icarəsinə verilməsi mübahisə predmeti olan torpaq sahəsinin ayrılması haqqında 06 oktyabr 2006-cı il tarixli qərarın deyil 07 saylı 06 oktyabr 2006-cı il tarixli icarə müqaviləsinin məhkəmə qaydasında mübahisələndirilməsinə əsas verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Göstərilən Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədəçatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göstərilən Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Siyəzən rayonu Beşdam Bələdiyyəsinin 30 iyul 2021-ci il tarixli 07 saylı qərarının 3-cü bəndi İddiaçı hüquqlarını pozduğundan həmin hissəsində ləğv edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Siyəzən rayonu Beşdam Bələdiyyəsinin 30 iyul 2021-ci il tarixli 07 saylı qərarının 3-cü bəndi İddiaçı hüquqlarını pozduğundan həmin hissəsində ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-354/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-354/2022
10.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver