Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-354/2023 25.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Şabran şəhərində yerləşən 0.02 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri” X6 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə, Şabran şəhəridə yerləşən 0,02 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə qəbul edilməsini məhkəməsdən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “ağır dərəcəli əqli gerilik, onurğa bel-oma şöbəsinin sinir kökünün travması” diaqnozu ilə l dərəcəli əlildir. Dəvəçi (Şabran) bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 saylı qərarı ilə iddiaçıya 0.02 ha torpaq sahəsi ayrılmışdır və istifadəsinə verilmişdir. Torpaq sahəsinin dəəri bələdiyyəyə ödənilmiş və qəbz alınmışdır. Hazırda iddiaçı mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh idarəyə müraciət edilmiş, lakin cavabdeh bəzi sənədlərin çatışmadığını bildirərək iddiaçıya imtina cavabı vermişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin səbəbini bidlirmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iddiaçının müraciətinə torpaqların alqı-satqısına dair akt, DTXK-nin Şabran rayon şöbəsinin rəyi və Şabran rayon İH Memarlıq şöbəsinin rəyi əlavə olunmadığından ərizənin icrasından imtina edilmişdir. İş materiallarında olan : - Dəvəçi bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 saylı iclas protokolundan görünür ki, X2 Ş.Vahabzadə küçəsində yaşadığı evin yanında 200 kv m torpaq sahəsinin ayrılması qərara alınmışdır. -xx.xx.2004-cü il tarixli qəbzdən görünür ki, R.Atamoğlanov Dəvəçi bələdiyyəsinin hesabına 110000 manat torpaq pulu ödəmişdir. -Dəvəçi rayonu İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli sərəncamından görünür ki, X2 Ş.Vahabzadə 26 ünvanında yerləşən fərdi yaşayış evinə dair torpaq sahəsində fərdi yaşayış evinin tikitisinə icazə verilmişdir. -Torpaq sahəsinin planından görünür ki, həmin sənəd R.Atamoğlanova ayrılmış torpaq sahəsinə dair tərtib edilmişdir. -DƏDKR 5 saylı Xaçmaz ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, idarənin arxiv sənədlərinə əsasən iddiaçının adına 200 kv m torpaq sahəsinin ayrılması ilə bağlı DTXK Şabran rayon Şöbəsinin rəyi aşkar edilməmişdir. - Şabran rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 80 saylı cavab məktubundan görünür ki,Dəvəçi bələdiyyəsinin 2004-cü ilə aid bütün iclas protokollarına baxılmışdır. X1 adına heç bir qərara təsadüf olunmamışdır. -Məhkəmənin sorğsusuna əsasən Şabran rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 21 saylı cavab məktubundan görünür ki, Dəvəçi bələdiyyəsinin 2004-cü il üçün qərarlarına baxış keçirilmiş, lakin sözügedən qərar və ona aid olan əlavə sənədlər aşkar olunmamışdlr. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd Göstərilən Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd eidr ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarının mahiyətinə görə cavabdeh inzibati orqanın imtina cavabında qeyd etdiyi dəlillər əsaslı deyildir. Yəni, həmin qərarın məzmununa görə DTXK-nin yerli şöbəsinin və Memarlıq və Şəhərsalma şöbəsinin rəylərinin olmaması, habelə alqı-satqı aktının vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilməməsi vətəndaşın mülkiyyət hüququnun qeydə alınması üçün maneə olmamalıdır. Lakin hazırki iş üzrə ümumiyyətlə, torpaq sahəsinin iddiaçıya ayrılması faktı mötəbər sübutlarla təsdiq edilmir. Belı ki, iddiaçı mübahisəsi gedən torpaq sahəsinin hüquqmüəyyənedici sənədi kimi Dəvəçi bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 saylı qərarını təqdim etmişdir. Məhkəmə həmin qərarın və ona əlavə edilmiş sənədlərin arxiv əsaslarının müəyyən edilməsi üçün müvafiq sorğular vermişdir. Bununla bağlı Şabran bələdiyyəsinin 2000-2015-ci illər ərzindəki fəaliyyətinə aid olan bütün sənədlərin Dövlər Arxivinə təhvil verildiyini, Şabran rayon Dövlət Arxivi isə müvafiq qərarın və ona əlavə edilmiş sənədlərin arxivdə aşkar edilmədiyini bildirmişdir. Yuxarıda sadalanan qanunvericiliyin normalarından göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Hazırkı iş üzrə yuxarıda göstərilən hallar nəzərə alındıqda isə məlum olur ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin ayrılmasına əsas kimi göstərilmiş bələdiyyə qərarının arxiv əsasları mövcud deyildir. Beliklə, müəyyən edilmişdir ki, onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericliklə müəyyən edilən əsaslardan hər hansı biri yoxdur. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsinin nəticə hissəsində bələdiyyə qərarına istinad etməmişdir, lakin iddia ərizəsinin məzmunundan və əlavə edilmiş sənədlərdən görünür ki, mübahisənin predmetini Şabran (keçmiş Dəvəçi) bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 saylı qərarı ilə ayrılmış 0.02 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması təşkil edir. Azərbaycan Respublikası İPM-nin 52-ci maddəsinə əsasən məhəkmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia tələbi təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-354/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-354/2023
25.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver