Məhkəmə qərarları › İş №2-1(118)-354/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-354/2025

04.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-354/2025 04.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Şamaxı rayon 2-ci Cabanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08 nömrəli qərarı ilə ona satılmış 1,5 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu qeydiyyatı təsdiq edən elektron çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə həvalə edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı Bəşirov X1 rayon 2-ci Cabanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08 nömrəli qərarı ilə ona satılmış 1,5 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu qeydiyyatı təsdiq edən elektron çıxarışın verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Şamaxı rayon 2-ci Cabanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08 nömrəli qərarı ilə iddiaçıya 1120 manat müqabilində 1,5 ha torpaq sahəsi satılmışdır. Həmin qərar əsasında 2007-ci ildə torpağın alqı-satqısına dair akt tərtib edilmişdir. Şamaxı rayon 2-ci Cabanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08 nömrəli qərarı ilə satılmış 1,5 ha torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınması üşün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı ərazi idarəsinə müraciət etsə də hüququnun qeydiyyata alınmasından imtina edilmişdir. Hesab edir ki, həmin imtina əsassızdır və hüquqları qeydiyyata alınmalıdır. Həmin torpaq sahəsi satılarkən DTXK-nin arayışı əsasında müəyyən edilmişdir ki, torpaq sahəsi alqı-satqı predmetidir və Şamaxı rayon 2-ci Cabanı Bələdiyyəsinin mülkiyyətindədir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.2-ci maddəsinə əsasən dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək DƏDKR-in vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikasının Torpaq məcəlləsinin 47.6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqlann dövlət qeydiyyatından İmtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 10.2,-ci maddəsinə əsasən Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; İddiaçı oğlu "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüququi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edərək, Şamaxı rayon 2-ci Cabanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08 saylı qəararı ilə ona satılmış 1.5 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Təqdim olunmuş sənədlər əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən aparılan araşdırma zamanı məlum olmuşdur ki, Şamaxı rayon 2-ci Cabanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 nömrəli qərarı ilə sahibkarlıq məqsədilə İddiaçı oğlunun mülkiyyətinə 1.5 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsinə ləğv edilmiş DTXK tərəfindən torpaq sahəsinin planı və ölçüsü tərtib olunmamışdır. Sənədlər toplusuna torpaq sahəsinin yerini əks etdirən bələdiyyənin yerquruluşu xəritəsindən çıxarış da əlavə olunmamışdır. Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən faktiki İstifadədə olan torpaq sahəsinin yerinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, Şamaxı rayon 2-ci Cabanı Bələdiyyəsindən alqı-satqı yolu ilə əldə olunmuş 1.50 ha torpaq sahəsi Ərazi İdarəsinin istifadəsində olan mövcud elektron baza xəritəsində örüş torpaqları kimi qeyd olunmuşdur. Azərbaycan Respublikasının torpaq qanunvericiliyin tələblərinə əsasən örüş torpaqları alqı-satqı predmeti deyil, yalnız icarə predmetı ola bilər. Azərbaycan Respublikası "Torpaq Məcəlləsinin 16.3. maddəsinə əsasən Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri İsə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12.4-cü bəndində qeyd olunmuşdur ki, kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı mədsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq İcra Hakimiyyəti orqanının (Nazirlər Kabineti) qərarı ilə yol verilir. Şamaxı rayon 2-ci Cabanı Bələdiyyəsi tərəfindən satılmış 1.5 ha torpaq sahəsi alqısatqı predmeti olmadığına görə İddiaçı oğlunun ərizəsinin icrasından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15- ci maddəsinə əsasən imtina olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Şamaxı rayon İİ Cabanı Bələdiyyəsinin 27 iyul 2007-ci il tarixli, 08 saylı Qərarı ilə İddiaçı oğluna bələdiyyə perspektiv inkişaf ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı/şərti yararsız torpaq sahəsindən alqı-satqı qaydasında tikinti məqsədilə 0.10 ha torpaq sahəsi, kənd təsərrüfatı məqsədilə 1.40 ha, cəmi 1.50 ha torpaq sahəsi satılmışdır. Torpaqların alqı-satqısına dair aktın, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyinin, torpaq sahəsinin ödəniş qəbzinin surəti iş materiallarına əlavə edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Şamaxı rayonunun İİ Cabanı Bələdiyyəsinə təqdim edilmiş arayışda torpaq sahəsinin uqodiyası örüş, bantet balı 61-80, keyfiyyət qrupu İİ, normativ qiyməti 950-00 kimi qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli müayinə aktında torpaq sahəsinin hər tərəfdən boş örüş sahələri ilə əhatə olunduğu, torpaq sahəsi üzərində heç bir tikintinin mövcud olmadığı qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçı Bəşirov X1 rayonu İİ Cabanı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 saylı Qərarı əsasında ona ayrılmış torpaq sahəsini naturada göstərdi və koordinatları GPS aləti vasitəsilə müəyyənləşdirildi. İddiaçı oğlunun naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi 1.53 ha təşkil edir. Təqdim edilmiş inzibati iş materiallarında İddiaçı oğluna İİ Cabanı bələdiyyəsi tərəfindən satılmış 1.50 ha torpaq sahəsinin yerquruluşu planından çıxarış mövcud deyildir. Məhkəmə tərəfindən qoyulmuş sualı cavablandırmaq üçün Şamaxı rayonu İİ Cabanı bələdiyyəsinə məktub ünvanlanaraq İİ Cabanı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 saylı Qərarı əsasında İddiaçı oğluna ayrılmış torpaq sahəsinin yerquruluşu planından çıxarışın təqdim olunması xahiş olunmuşdur. Şamaxı rayonu İİ Cabanı bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 05 saylı məktubu ilə təqdim olunmuş yerquruluşu layihəsindən çıxarışa əsasən ayrılmış torpaq sahəsi iddiaçının naturada göstərdiyi torpaq sahəsinin yerləşdiyi əraziyə və ölçülərinə uyğundur. Elektron məlumat bazasına əsasən iddiaçının naturada göstərdiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla örüş torpağıdır. Elektron məlumat bazasına əsasən iddiaçının naturada göstərdiyi torpaq sahəsinin ətrafında (qonşuluğunda) yerləşən torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Elektron məlumat bazasına əsasən iddiaçının naturada göstərdiyi torpaq sahəsinin koordinatları başqa şəxslərin mülkiyyətində olan torpaq sahələrinin koordinatları ilə üstüstə düşmür. Məhkəmə sorğusuna cavab olaraq İİ Cabanı Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 36 saylı məktubunda qeyd edilmişdir ki, Şamaxı rayon 2-ci Cabanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 nömrəli qərarı ilə İddiaçı oğluna 1.5 ha torpaq sahəsi ayrılmışdır. Həmin qərar hal-hazırda qüvvədədir və torpaq sahəsi faktiki olaraq onun istifadəsindədir. Qeyd olunan torpaq sahəsinə dair ilkin torpaqayırma sənədlərinin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-3-41/2- 2955/2024 saylı məktubunda qeyd edilmişdir ki, ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına əsasən iddiaçının naturada göstərdiyi və iddia etdtiyi torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələrinin üzərində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqları qeydə alınmamışdır. Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına (DWJ məlumatları - torpaq islahatının nəticələrini əks etdirən elektron xəritə) əsasən iddiaçının naturada göstərdiyi və iddia etdtiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla uqodiyası örüş torpaqlarıdır. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı Şamaxı rayon 2-ci Cabanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08 nömrəli qərarı ilə ona satılmış 1,5 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu qeydiyyatı təsdiq edən elektron çıxarışın verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, Şamaxı rayon 2-ci Cabanı Bələdiyyəsindən alqı-satqı yolu ilə əldə olunmuş 1.50 ha torpaq sahəsi Ərazi İdarəsinin istifadəsində olan mövcud elektron baza xəritəsində örüş torpaqları kimi qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi iddiaçıya tikinti və kənd təsərrüfatı məqsədi üçün satılmış torpaq sahəsi ayrıldığı zaman Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin arayışına əsasən ikinci keyfiyyət qrupuna daxil olan uqodiyası örüş torpaqlara aid olmuş, həmçinin hazırda da, həmin torpaq sahəsi kənd təsərrüfatlı təyinatlı örüş torpaq sahəsidir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələrinin üzərində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqları qeydə alınmamışdır. Təqdim edilmiş ortofoto xəritəsindən çıxarışda qeyd edilən torpaq sahəsinin ətrafında hər-hansı tikilinin olmadığı görünür. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən: Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi

1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. 3.Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Hazırkı mübahisənin yaranmasının əsasını iddiaçının istifadəsində olan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş sahəsinin olması təşkil edir. Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi

1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.

2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri , meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.

3. Məqsədli təyinatına əsasən kənd təsərrüfatı yerlərinə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, örüş, otlaq və biçənək sahələri aid edilir.

4. Kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir.

5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edirlər. Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi

1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.

2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məlumatlandırılmaqla kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə müvəqqəti tikililər inşa edilə və quraşdırıla bilər. Kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikililərin və qurğuların, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililərin inşa edilməsi və quraşdırılması bu Məcəllənin 13-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri

1. Yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür.

2. Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.

3. Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.

4. Yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.

5. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən: 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. 7.3. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə aşağıdakılara verilir: 7.3.1. fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına; 7.3.2. fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına və onların kooperativlərinə; 7.3.3. sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş "Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları"-nın 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid olan yay və qış otlaqları, mal-qara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaqlar bu Qaydalara uyğun olaraq mülkiyyətində və istifadəsində mal-qara və davarlar olan fiziki və hüquqi şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Mal-qara düşərgələri və köç yolları yalnız təyinatı üzrə istifadə edilir. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi örüş torpaqlarının şəxslərin mülkiyyətinə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. “Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2000-ci il tarixli 230 nömrəli qərarına əsasən, kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının bu qərara əlavə edilmiş "Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyənləşdirilmiş şərti balları" cədvəli təsdiq edilmişdir. Həmin cədvələ əsasən, Dağ— Şirvan kadastr qiymət rayonu üzrə bonitet şkalası 80—61 olan torpaq sahələri ikinci keyfiyyət qrupuna daxil olmaqla kənd təsərrüfatına yararlı torpaq sahələri hesab edilir. Məhkəmə Torpaq Məcəlləsinin 9 və 13-cü maddələrinə istinad edərək qeyd edir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin başqa məqsədlər üçün istifadəsi yalnız kateqoriyası dəyişdirildikdən sonra mümkündür. Hazırki iş üzrə isə Şamaxı rayon 2-ci Cabanı Bələdiyyəsinin 27 iyul 2007-ci il tarixli 08 saylı qərarı ilə torpaq sahəsinin kateqoriyası dəyişdirilmədən tikinti və kənd təsərrüfatı məqsədi üçün iddiaçıya satılması qərara alınmışdır. Halbuki, bələdiyyənin kənd təsərrüfatı təyinatlı örüş torpağı yalnız məqsədli təyinatı üzrə icarəyə və ya istifadəyə verilə bilərdi. Şamaxı rayon 2-ci Cabanı Bələdiyyəsinin 27 iyul 2007-ci il tarixli 08 saylı qərarında torpaq sahəsinin kənd təsərrüfatına az yararlı/şərti yararsız olduğu, eləcə də DTXK-nin Şamaxı rayon şöbəsinin torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğu barədə 17- 7/19 saylı, xx.xx.2007-ci il tarixli rəyində torpağın kənd təsərrüfatına az yararlı və ya yararsız olduğu qeyd edilsə də, həmin orqan tərəfindən torpaq sahəsinə dair təqdim edilmiş arayışdan görünür ki, torpaq sahəsinin kadastr göstəriciləri hissəsində torpağın uqodiyası örüş, keyfiyyət qrupu İİ, bonitet balı 61-80 göstərilmişdir. Göründüyü kimi, hazırda iddiaçının iddia etdiyi torpaq sahəsi kənd təsərrüfatının örüş torpaqları növünə daxildir. Məhkəmə qeyd edir ki, kənd təsərrüfatı təyinatlı örüş torpağının yararlı və ya yararsız olmasının fərqləndirilməsinə zərurət yoxdur, keyfiyyət dərəcəsindən asılı olmayaraq belə torpaqlar mülkiyyətə verilə bilməz. Örüş, otlaq və biçənək sahələri zamanla məhsuldarlığı və münbitliyini itirsə belə, yəni az yararlı və ya ümumiyyətlə yararsız olsa belə, bu yenə də həmin torpaqların mülkiyyətə verilməsini istisna edəcək. Qeyd edilənlər cavabdeh inzibati orqanın hərəkətləri və imtinasının əsaslı olduğunu göstərir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar