Məhkəmə qərarları › İş №2-1(118)-3540/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3540/2023

26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3540/2023 26.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 01 aprel 2021-ci il tarixdən 24 fevral 2023-cü il tarixə kimi ödənməyən pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, idiaçının sağ gözünün arxası subkapsulyar katarakta xəstəliyinə tutulub və qeyd olunan xəstəliyə görə ona cavabdeh təşkilat tərəfindən müayinədən keçirilərək 2006-cı ildə 2-ci dərəcəli əlillik təyin edilmiş və 15 ildən artıq müddətdə 2-ci dərəcəli əlil kimi pensiya almışdır, 31 mart 2021-ci il tarixdə ona xəbərdarlıq etmədən cavabdeh təşkilat əlilliyini ləğv etmişdir və onu pensiyası əsassız ləğv edildiyi üçün müxtəlif təşilatlara müraciət etmişdir, nəhayət iddiaçının şikayətləri əsasında cavabdeh 24 fevral 2023-cü ii tarixdən eyni əsaslarla, eyni dərəcədə əlilliyini bərpa etmişdir və iddiaçı cavabdeh təşkilata müraciət etmiş, xx.xx.2021-ci il tarixdən 24 fevral 2023-cü il tarixə kimi olan dövrün ödənilməyən pensiyanı hesablanaraq ona qaytarılmasını xahiş etmişdir, cavabdeh təşkilat 10 may 2023-cü il tarixdə iddiaçıya SMS vasitəsilə ötən dövrün pensiyasının ödənilməsinin mümkün olmadığını və keçmiş dövr üzrə yaranmış fərq məbləği ödənildiyini bildirmişdir, lakin ona pensiyanı ləğv edilən gündən bərpa olunan günə kimi olan dövrün pensiyası ödənilməmişdir, ona görə də hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair arayışdan aşkar olur ki, iddiaçıya gözündə ağırlaşmış katarakta diqanozu ilə 2-ci dərəcəli əlillik təyin edilmişdir və əlilliyi müddətsiz təyin edilmişdir. Təqdim etdiyi sənəddən görünür ki, iddiaçının əlilliyə görə pensiyası heç bir əsas olmadan 31 mart 2021-ci il tarixdə ləğv edilmiş və 24 fevral 2023-cü il tarixdə əlilliyi eyni əsaslarla, eyni dərəcədə bərpa edilmişdir və iddiaçı 2 il müddətə yaxın dövrü pensiyadan məhrum olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, iş materiallarından göründüyü kimi, İddiaçı "Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin xx.xx.2007-ci il tarixdə qüvvədə olan tələblərinə uyğun olaraq həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən iddiaçının əlilliyinin müddətinin xx.xx.2021-ci il tarixdə bitməsi ilə əlaqədar olaraq ona təyin edilmiş pensiyanın ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmış, əlilliyinin yenidən qiymətləndirilməsi nəticəsində xx.xx.2023-cü il tarixdən iddiaçıya orqanizmin funksiyalarının 70 faiz pozulmasına görə 308.10 manat məbləğində əlilliyə görə əmək pensiyası təyin edilmişdir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" xx.xx.2018-ci İl tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti DTSERA tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs DTSERA tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 №li qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.5-ci bəndinə müvafiq olaraq Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 №li qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasf’nın 1.2-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanuna dəyişiklik edilməsi barədə xx.xx.2021- ci il tarixli Azərbaycan Respublikası Qanununa müvafiq olaraq sözügedən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli №356-VİQD nömrəli fərmanına əsasən). Həmin maddəyə müvafiq olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Belə ki, xx.xx.2021-ci il tarixdən sonra əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. İşin faktiki hallarından göründüyü kimi, şəxsin ötürülmüş müddət də daxil olmaqla əlil hesab edilməsi üçün nəzərdə tutulmuş 6 ay müddət müvafiq Qanuna xx.xx.2021-ci il tarixdən əlavə edilsə də, iddiaçının əlilliyinin müddəti həmin tarixdən əvvəl yəni xx.xx.2021-ci il tarixdə bitmişdir. Belə ki, iddiaçının əlilliyinin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdə şəxsin əlilliyinin müddətinin bitməsi ilə əlaqədar əlilliyin 6 ay ərzində təkrar qiymətləndirilməsi nəticəsində müəyyən edilməsi halında yeni təyin edilmiş əlilliyin əvvəlki əlillik müddətinin bitdiyi tarixdən bərpa edilməsini nəzərdə tutan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1 ci maddəsi qüvvədə olmadığından müvafiq maddədə nəzərdə tutulmuş tələblərin iddiaçıya münasibətdə tətbiq olunması, iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü İl tarixədək olan dövr üçün pensiyanın ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkünsüzdür. Oxşar inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-864/2023 nömrəli qərarında “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 3.3-1 ci maddəsinə əsasən əlilliyinin müddətinin bitməsindən təkrar əlilliyin qiymətləndirilməsi zamanı 6 ay müddətin ötürülməsi səbəbindən həmin dövrlər üçün pensiyanın ödənilməsi mümkün hesab edilməmişdir. Ali Məhkəmənin mövqeyinə görə əlilliyin müəyyən edilməsi şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, əlilliyin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərarın çıxarılması yolu ilə müəyyən olunur. Tibbi-sosial ekspert komissiyasının qərarı əsasında şəxsin əlilliyinin yenidən müəyyən edilməsi əlilliyinin müddətinin bitdiyi tarixdən (xx.xx.2021) 1 il 10 ay 24 gün sonraya, yəni xx.xx.2023-cü il tarixə təsadüfədir. Ali Məhkəmənin mövqeyindən də göründüyü kimi, əlilliyin müəyyən edilməsi şəxsin tibbi- sosial ekspertiza müayinəsi keçirildikdən sonra müvafiq qərarın çıxarılması yolu ilə müəyyən olunur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, etirazı müdafiə etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı əlilliyi yenidən müəyyən edildikdən sonra, onun ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab edilməsi və ötürülmüş müddətə görə ödənilməli olan pensiya məbləğinin hesablanaraq ona ödənilməsini istəyir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərvaycan Respublikası Qanunun: Maddə 1. Əsas anlayışlar 1.0.Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası: ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir.

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Belə ki, yuxarıda istinad edilən qanunvericilik normalarının təhlilindən görünür ki, əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən həyata keçirilir və onun nəticəsində əlilliyin müəyyən olunmasına dair qərar qəbul edilir. İşin hallarından görünür ki, iddiaçının 31 mart 2021-ci il tarixində əlillik müddəti bitmiş, bundan sonra isə 24 fevral 2023-cü il tarixdə əlilliyi bərpa olunduğuna görə həmin tarixdən ona pensiya ödənişi davam etdirilmişdir. Göründüyü kimi iddiaçının əlillik müddətinin bitdiyi tarixdən növbəti əlillik statusunun verildiyi tarixə qədər 6 aydan çox vaxt keçmişdir və bu halda cavadeh inzibati orqanın mübahisə edilən dövrlərlə bağlı pensiya ödənişi etmək səlahiyyəti olmamışdır. İddiaçı ərizəsində qeyd edir ki, 31 mart 2021-ci il tarixdə ona xəbərdarlıq etmədən cavabdeh təşkilat əlilliyini ləğv etmişdir. Halbuki, cavabdeh inzibati orqan əlillik təyin edən orqan deyil. Əlilliyin müəyyən olunması isə Azərbaycan Respublikası Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Gentliyi publik hüquqi şəxsəin səlahiyyətinə aiddir. Habelə məhkəmə prosesi zamanı cavabdehin nümayəndəsi tərəfindən Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin alt sistemindən çıxarış məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənəddən görünür ki, Quba rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2020-ci il tarixdə tibbi nəzarətə götürülmə olmasına baxmayaraq Forma 88 arayışı xx.xx.2023-cü il tarixdə göndərilməklə iddiaçının hüquqlarını pozmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar