Məhkəmə qərarları › İş №2-1(118)-3544/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3544/2023

29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3544/2023 29.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Yusubov Elvin Əlizadə oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “X12 oğlunun, X3, X2 və X4 ona məxsus Sumqayıt şəhəri, 4-cü mikrorayon ünvanda yerləşən 30A/80 saylı evin 8 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon ünvanda yerləşən 30A/80 saylı evin 8 nömrəli mənzil onun xüsusi mülkiyyətindədir. 3-cü şəxslər- X12 oğlu mənim oğlu, X8, X7, X5 onun nəvələridir. Belə ki, Əhmədova Tarifə İsmayıl qızı ilə oğlu X12 oğlu xx.xx.2004-cü ildə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X8 adlı üç övladları olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-351/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş və uşaqlar anaları Əhmədova Tarifə İsmayıl qızının yanında qalmışdır. Əhmədova Tarifə İsmayıl qızı ünvan 2 ünvanında pasport qeydiyyatındadır və həmin ünvanda da yaşayır. Oğlu isə başqa ünvanda yaşayır. Nəvələri mülkiyyətində olan mənzildə uzun müddətdir yaşamırlar, anaları ilə birlikdə yaşayırlar, onun ilə heç bir əlaqəsi yoxdur, pasport qeydiyyatları formal xarakter daşıyır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək, üçüncü şəxslərdən X12 oğlunun müvafiq mənzildən pasport qeydiyyatından çıxarılmasından imtina edilməsini bildirmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və 3-cü şəxslərin qanuni nümayəndəsi X1 qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, onlar məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmiş, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 3-13-58/2-Ə-19158/2023 nömrəli, xx.xx.2023-cü il tarixli imtina məktubu, Qeydiyyat vəsiqəsinin təsdiqlənmiş surəti, yaşayış yeri üzrə qeydiyyat haqqında arayış, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4105/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İş materiallarından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 4-cü mikrorayon ünvanda yerləşən 30A/80 saylı evin 8 nömrəli mənzilin mülkiyyətçisidir. Hazırkı iddia tələbi üzrə 3cü şəxslər (azyaşlı uşaqlar)– X7, X5 və X8 onun nəvələridir və onlar qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatındadır. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 351/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən də müəyyən olunduğu kimi iddiaçının oğlu Əkbər Əhmədov ilə Əhmədova Tarifə İsmayıl qızının rəsmi nikahları pozulmuş və birgə nikahdan anadan olmuş həmin uşqaların anası Əhmədova Tarifə İsmayıl qızına aliment məbləğinin verilməsi qət edilmişdir. Daha sonra Əhmədova Tarifə İsmayıl qızı məhkəməyə ərizə ilə müraciət edərək, övladlarının Sumqayıt şəhəri, 4-cü mikrorayon ünvanda yerləşən 30A/80 saylı evin 8 nömrəli mənzilə köçürmələrini xahiş etsə də Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4105/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onların iddiaları təmin edilməmişdir. İddiaçının nəvələri onun mülkiyyətinə pasport qeydiyyatına salınmasına baxmayaraq, 2023-cü ilin yanvar ayından Əhmədova Tarifə İsmayıl qızı və övladları həmin mənzildə yaşamamışlar. Belə olduğu tədqirdə Əhmədova Tarifə İsmayıl qızının azyaşlı övladlarının mənzildə pasport qeydiyyatında qalması üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, Əhmədova Tarifə İsmayıl qızının övladlarının mübahisəli evdə pasport qeydiyyatda qalması iddiaçının mənzil hüquqlarının pozulmasına səbəb olur. Nəzərə alınmalıdır ki, hazırkı iddia tələbi üzrə Əhmədova Tarifə İsmayıl qızının övladlarının sözügedən mənzilə pasport qeydiyyatına düşməsi onların həmin mənzildə istifadə hüququnun yaranmasına əsas ola bilməz. Qeyd olunan mənzil 3-cü şəxslər ilə yaxın qohum münasibətlərində olan şəxsin, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində qeyd olunan şəxslərin (Mülki Məcəllənin 228.5-ci maddəsinin şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenum qərarında həmin şəxslərin dairəsi müəyyən edilib) dairəsinə daxil olsaydı onun həmin mənzildə istifadə hüquqları yaranmış olardı. Lakin həmin şəxsin pasport qeydiyyatına düşdüyü mənzil İddiaçı mülkiyyətində olduğuna görə həmin mənzilə 3-cü şəxlərin istifadə hüququ Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaranmalı idi. Qeyd olunan Məcəllənin 228.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçinin notarial qaydada verdiyi razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alındığı vaxtdan şəxsin məzildə istifadə hüququ yaranır. İşin araşdırılan hallarından məlum olmuşdur ki, istifadə hüququnun yaranması üçün tələb edilən razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmamışdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Hazırkı iddia tələbi üzrə 14 yaşına çatmayan övladların valideynlərin daimi yaşayış yeri mübahisə predmeti olan mənzil olmadığı tədqirdə onların mənzildən pasport qeydiyyatından çıxarılması təmin edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, X3, X2 və X4 mübahisəli mənzildə istifadə hüququnun olmaması səbəbindən mülkiyyətçinin iradəsinə zidd olaraq mənzildə pasport qeydiyyatında qalması yolverilməzdir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X3, X2 və X4 İddiaçı məxsus Sumqayıt şəhəri, 4-cü mikrorayon ünvanda yerləşən 30A/80 saylı evin 8 nömrəli mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar