Məhkəmə qərarları › İş №2-1(118)-3545/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3545/2023

29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3545/2023 29.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Yusubov Elvin Əlizadə oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “Sumqayıt şəhəri, Novxanı Bağ massivi 3701C ünvanda yerləşən sahənin enerji təchizzatı şəbəkəsinə qoşulması və uçot sayğacı ilə təchiz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Novxanı Bağ massivi 3701C ünvanda yerləşən torpaq sahəsi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2018-ci il tarixdə çıxarış verilmiş, Torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi ilə bağlı memarlıq planlaşdırma bölməsi işlənib hazırlanmışdır. Qeyd olunmalıdır ki, o bir müddət bundan qabaq “ASAN” Kommunala müraciət edərək həmin sahəyə elektrik sayğacı quraşdırılması ilə bağlı müraciət etmiş və "xxxx" ASC-nin Azad adlı əməkdaşı onunla əlaqə saxlayaraq bildirmişdir ki, həmin sahə yüksək gərginlikli elektrik xəttinin yaxınlığında yerləşir.xx.xx.2023-cü il tarixdə verilmiş cavabda 35 kv-İuq yüksək gərginlikli hava elektrik xəttinin mühafizə zonasında yerləşdiyi və bu səbəbdən də yaşayış sahəsinin elektrik enerjisi ilə təchiz edilməsinin mümkün olmadığı göstərilmişdir.Bu tamamilə əsassızdır, belə ki, ona məxsus torpaq sahəsinin hasarı üzə elektrik xətti arasında məsafə 17 metrdən çoxdur.Həmçinin ona məxsus sahənin yerləşdiyi ərazidə qonşuluqda yerləşən fərdi yaşayış evlərinin hamısı elektrik enerijisi ilə təchiz edilmişdir. Bununla da onun bir istehlakçı kimi hüquqları kobud şəkildə pozulmuşdur.Ona görə də o, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh təşkilat iddia tələbinə etiraz edərək bildirmişdir ki, Sumqayıt Şəhəri, Novxanı Bağ massivi 3701C ünvanında yerləşən fərdi- yaşayış sahəsi, 220/110/35 Kv-ltıq “Sənayə Qovşağı” yarımstansiyandan çıxan 110 Kv-lııq və 35/6 KV-luq “143” saylı” yarımstansiyadan çıxan 35-Kv-luq yüksək gərginlikli hava elektrik verlişi xəttinin mühafizə zonasında yerləşir. Həmin xəttin mühafizə zonası isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 İyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 Vdan vuxan olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları” ilə tənzimlənir. Həmin qaydaların 6-cı maddəsinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud İstifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmçinin həmin qaydaların 12-ci maddəsinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri yenidən qurulması və sökülməsi qadağandır. Bu səbəbdən də yuxarda qeyd edilən fərdi yaşayış evinin enerji təchizatçı şəbəkəsinə qoşulması mümükün deyil. İdidaçının "xxxx" ASC-və müraciəti daxil olmuş və baxılmışdır. İddaçının müraciətinə “ASAN Xidmət” lə iş və Elektron İdarəetmə Departamenti tərəfindən baxılmış və yuxarda qeyd olunan məzmunda cavab verilmişdir. Fərdi yaşayış evi "xxxx" ASC-yə məxsus 110 KV-luq l-ci və 2-ci “Sənayə Qovşağı” hava elektrik veri iş xəttinin 9 saylı aralıq dayağının mühafizə zonasında yerləşdiyi üçün "ASAN XİDMƏT Mərkəzi tərəfindən imtina verilmişdir. Əlavə olaraq bildirilir ki, 160 nömrəli 29 iyun 2001-ci il tarixli, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 6.4-bəndinin tələblərinə uyğun olaraq elektrik xətlərinin mühafizə zonaları altındakı bələdiyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədi ilə zəruri tikillərin inşası üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. Həmçinin iddia ərizəsindən görünür ki, o yuxarıda qeyd olunan hüquq normalarının tələblərinə uyğun deyildir. Belə ki, iddia ərizəsində qanunlara və digər normativ hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif göstərilməmişdir. Qeyd olunanalara əsasən iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2023-cü il tarixli 13-13/2-2/18-T-652/2-5/2023 nömrəli imtina məktubu, etiraz ərizəsi, **********16 reyestr nömrəli çıxarışın surəti, yaşayış sahəsinin eskiz layihəsinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə qeyd etməyi zəruri bilir ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqanlar hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təstiq edilmiş “İnzibati orqanların təsnifatı” 5-ci bölməsinə əsasən Qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər də inzibati orqanlar hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 oktyabr 2012-ci il tarixli Plenum qərarına əsasən təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati məhkəmələr tərəfindən, təbii inhisar subyekti inzibati orqan, onun mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına dair qəbul etdiyi akt isə həmin Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab edilmədiyinə görə bu aktlardan irəli gələn mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi əsasında ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh təşkilat arasında elektrik enerjisinin alqı satqısı ilə bağlı hər hansı bir müqavilə olmadığı tədqirdə, yəni tərəflər arasında yaranmış münasibətlərin kökündə mülki hüquq münasibətlər olmadığı tədqirdə hazırkı, iddia tələbinə inzibati icraat qaydasında baxılması mümkün hesab edilməlidir. Çünki hazırkı iddia tələbi üzrə "xxxx" ASC dövlət inhisarçılığını həyata keçirən qurumdur və onun hərəkətsizliyindən verilən iddialara İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən baxlmalıdır. Cavabdeh təşkilatın gətirdiyi arqumenti məhkəmə araşdıraraq əsassız hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Novxanı Bağ massivi 3701C ünvanda yerləşən **********16 reyestr nömrəli çıxarışın surətindən, və yaşayış sahəsinin eskiz layihəsinin surətindən görünür ki, fərdi yaşayış evi iddiaçının istifadəsindədir və xeyli müddətdir ki, həmin torpaq sahəsinin mülkiyyətçisidir. Həmin yaşayış sahəsinə müvafiq dövlət qurumları olan “Azəriqaz” İB və "xxxx" ASC tərəfindən sayğaclar quraşdırılaraq vətəndaşın istifadəsinə verilmişdir. İddiaçı həmin yaşayış sahəsinə elektik enerji təchizatı şəbəkəsinə qoşulması üçün cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh təşkilat iddiaçının istifadəsində olan yaşayış sahəsinə elektrik enerjisi şəbəkəsinə qoşulmasından imtina etmişdir. İmtinanın əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 V-dan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 6-cı və 12-ci bəndinə istinad edilmişdir. İddiaçı bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 V-dan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları” haqqında normativ hüquqi akt tədqiq olunmuş və həmin normativ hüquqi aktda cavabdeh təşkilatın istinad etdiyi arqumentlər aşkarlanmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarında elektrik enerji paylanması səlahiyyəti olan təşkilata hazırkı mübahisə predmeti olan yaşayış sahələrinin elektrik şəbəkəsinə qoşulmasına qadağan edən hər hansı hal müəyyən edilməmişdir. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış sahəsi iddiaçı, onun ailə üzvlərinin istifadəsindədir və xeyli müddətdir ki, həmin yaşayış sahəsində məskunlaşmışdırlar. O da nəzərə alınmalıdır ki, həmin yaşayış sahəsinə dövlət qurumları olan “Azəriqaz” İB və "xxxx" ASC tərəfindən sayğaclar quraşdırılaraq vətəndaşın istifadəsinə verilmiş və onun həyat şəraiti yaxşılaşdırılmışdır. “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli, 326 nömrəli qərarında cavabdeh təşkilata hər hansı qadağanedici səlahiyyət verilməmişdir. Belə ki, iddiaçının mövcud məişət abonenti olmasını nəzərə alaraq cavabdeh təşkilat tərəfindən Sumqayıt şəhəri, Novxanı Bağ massivi 3701C ünvanda yerləşən fərdi yaşayış sahəsinin elektik enerji təchizatı şəbəkəsinə qoşulması təmin edilməlidir. Nəzərə alınmalıdır ki, cavabdeh təşkilat tərəfindən edilən imtinası etimad hüququnun qorunması və formal tələblərdən sui-istifadənin qadağan olunması prinsipinə ziddir. Belə ki,“İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15.1ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən formal tələblərə əsaslanan imtinası əsassız hesab edilərək, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, Novxanı Bağ massivi 3701C ünvanda yerləşən yaşayış sahəsinin enerji təchizatı şəbəkəsinə qoşulması və uçot sayğacı ilə təchiz edilməsi öhdəliyi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar