Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3547/2023 08.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “iddiaçıya təyin olunmuş pensiyanın yenidən hesablanması, peniya təyin edildikdən sonra işlədiyi dövrlərə görə fərdi hesabında yığılan pensiya sığorta kapitalının – 40481,68 manatın “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq yenidən hesablanaraq artırılmasının (qulluq stajına görə əlavənin məbləğinə azaldılma aparılmadan) təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbini dəqiqləşdirərək, “iddiaçıya təyin olunmuş pensiyanın yenidən hesablanması, peniya təyin edildikdən sonra işlədiyi dövrlərə görə fərdi hesabında yığılan pensiya sığorta kapitalının – 40481,68 manatın “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq yenidən hesablanaraq artırılmasının (qulluq stajına görə əlavənin məbləğinə azaldılma aparılmadan) təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya xüsusi rütbəli şəxs kimi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehə ərizə ilə müraciət edərək ona təyin olunmuş pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, ona pensiya təyin edildikdən sonra işlədiyi dövrlərə görə fərdi hesabının sığorta hissəsi hesablanaraq pensiyasına əlavə olunaraq ona ödənilməlidir. Cavabdeh tərəfindən ona ünvanlanmış 2 iyun 2022-ci il tarixli məktubla bildirilmişdir ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ona pensiya təyin edildikdən sonra işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 40841,68 (qırx min səkkiz yüz qırx bir manat, 68 qəpik) manat pensiya sığorta kapitalı qeydə alınmışdır. Həmin pensiya sığorta kapitalı da “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq, gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına bölünərək müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin tələbinə uyğun olaraq qulluq stajına görə əlavənin məbləği həmin artım qədər azaldılmışdır. Hesab edir ki, cavabdehin bu cavabı ilə dolayısı yolla qulluq stajına görə məbləğin, ona pensiya təyin edildikdən sonra işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsi olaraq müəyyən edilmiş 40841,68 manat pensiya sığorta kapitalının faktiki olaraq ona ödənilmədiyi təsdiq olunur. Halbuki, sözügedən qanunun 37.3.4-cü və 2017-ci ilin 1 iyulunadək qüvvədə olan redaksiyasının 34.3.5-ci maddələrinə görə cavabdeh hesablamanın düzgün olduğunu təsdiq edir. Cavabdehin istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi, adından göründüyü kimi indeksləşdirilməklə bağlıdır ki, bu da öz növbəsində ildə bir dəfə ölkə üzrə orta aylıq əmək haqqının indeksləşdirilməsidir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının cavabdeh inzibati orqana müracitlə bağlı aparılmış inzibati icraat tədbirləri nəticəsində iddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 1 sentyabr 2004-cü il tarixindən xidmət illərinə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən əmək pensiyası həmin tarixdən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Sonrakı artımlar nəzərə alınmaqla iddiaçının əmək pensiyası 696,62 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilmişdir: - əmək pensiyasının sığorta hissəsi 243,30 manat; - qulluq stajına görə əmək pensiyasına əlavəsi 453,32 manat. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 40841,68 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının 40841,68 manat pensiya sığorta kapitalının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 85 aya (40841,68:85 (65 il-63 il 11 ay=13 ay+(144 ay-72 ay)=480,49 manat) bölünərək əmək pensiyasının sığorta hissəsinin (243,30 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 723,79 (243,30+480,49) manat hesablanmışdır. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavəsinin məbləği (453,22 manat) sığorta hissəsinin artım məbləğindən (480,49 manat) az olduğundan 0 manat müəyyən edilib. Cavabdeh yuxarıda qeyd olunmuş xüsusatlarda aparılmış yenidən hesablama barədə xx.xx.2023-cü il tarixdə **********6 nömrəli inzibati akt qəbul etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən inzibati icraatın başlaması üçün əsaslardan biri də fiziki və hüquqi şəxsin ərizəsidir. İnzibati orqan inzibati icraatın sonunda inzibati akt qəbul edir ki, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanladığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Qanunun 58-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikası Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Mərkəzi filial tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixində **********6 nömrəli “Əmək pensiyalarının yenidən hesablanması haqqında” qərar da inzibati icraat aparılan zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olan normalarına tam riayət olunaraq qəbul edilmiş və iddiaçının pensiyası onun sığorta kapitalı əsasında yenidən hesablanmışdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - “Əmək pensiyasının yenidən hesablanması haqqında” **********6 saylı, 13 aprel 2022-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı təyin edilmiş pensiya məbləği yenidən hesablanaraq, ona 723 manat 79 qəpik pensiya məbləği hesablanmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalı tərəfindən İddiaçı ünvanlanmış 02 iyun 2022-ci il tarixli məktubdan görünür ki, cavabdeh orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə ilk növbədə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldıra bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Qeyd edilməlidir ki, iddiaçının tələbi iki hissədən ibarət olsa da, birinci tələb (“mübahisələndirmə” növündə – “qərarın ləğvi barədə” iddia) əsas, digərləri isə, ondan törəmə, asılı tələb kimi çıxış edir. İPM-lə yalnız “mübahisələndirmə” və “məcburetmə” haqqında iddialar üzrə iddia müddətinin tətbiqi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********6 nömrəli qərar iddiaçıya münasibətdə “əlverişsiz inzibati akt” olduğundan, o hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. İddia müddətinə gəldikdə isə, nəzərə alınmalıdır ki, İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. Qeyd olunanları və iddianın mümkünlüyünü istisna edən başqa halların olmamasını, o cümlədən hazırkı iddia tələblərinin İPM-in 37-ci maddəsi ilə uzlaşmasını nəzərə alaraq, məhkəmə iddianın mümkün sayılması nəticəsinə gəlir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
İddianın əsaslılığı ilə bağlı məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün olmaqla bərabər həm də əsaslı olduğundan, iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla, ona 01 sentyabr 2004-cü il tarixdən xidmət illərinə görə pensiya təyin edilmişdir. İddiaçı ona əmək pensiyası təyin olunduqdan sonra bu günədək əmək fəaliyyətini davam etdirmiş və fərdi şəxsi hesabında pensiya kapitalı yığılmışdır. İddiaçının hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonra işlədiyi müddətdə, fərdi hesabının sığorta hissəsində 40841,68 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” **********6 saylı, 13 aprel 2022-ci il tarixli qərarına əsasən İddiaçı təyin edilmiş pensiya məbləği yenidən hesablanaraq, ona 723 manat 79 qəpik pensiya məbləği hesablanmışdır. İddiaçı qeyd edilən qərardan narazı qalaraq cavabdehə müraciət edərək ona təyin edilmiş pensiya məbləğinin yenidən hesablanmasını xahiş etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalı tərəfindən İddiaçı ünvanlanmış 02 iyun 2022-ci il tarixli məktubla cavabdeh orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” **********6 saylı, 13 aprel 2022-ci il tarixli qərar İddiaçı hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdığına görə, yəni ona nisbətdə əlverişsiz inzibati akt olduğundan ləğv edilməlidir. xx.xx.2019-cu il tarixədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinin mətni aşağıdakı kimi olmuşdur: 2017-ci il iyulun 1- dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Qeyd olunan Qanununun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının topanması davam etdirilir və şəxslər işəməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesabnlanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının say pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddəsə göstərilən şərt nəzərə alnmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Göründüyü kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.3.1-ci maddəsinin tələbləri işləyən pensiyaçıların əmək pensiyasının sonrakı dövrdə qazanılmış pensiya kapitalına münasibətdə maddədə qeyd olunmuş qaydada yenidən hesablanmalı olması imperativ norma kimi qeyd olunmuşdur. Qeyd olunan normanın məzmunundan göründüyü kimi iddiaçıya Qanunun 29-cu maddəsinin tətbiq edilməsi üçün iki şərt mövcud olmalıdır : şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri pensiya kapitalının toplanması. Bundan əlavə qeyd olunan normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də iki hal nəzərdə tutulmuşdur: şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı işləyən əmək pensiyaçısı olduğundan və pensiya təyin olunduğun gündən sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələrindən ibarət olan pensiya kapitalı toplandığından, habelə 6 ildən çox işlədiyindən (bu hallar cavabdeh tərəfindən mübahisələndirilməmişdir) yuxarıda qeyd olunan Qanunun 37.3.1-ci maddəsinin tələbləri ona da şamil edilməlidir. Həmçinin, qeyd olunmalıdır ki, həmin norma ümumilikdə işləyən əmək pensiyaçılara aid norma olmaqla, iddiaçı da həmin şəxslərin kateqoriyasına aid olduğundan, bu normanın iddiaçıya tətbiq edilməsini istisna edən hər hansı xüsusi norma qanunvericilikdə ehtiva olunmadığından, həmin norma ona münasibətdə də tətbiq edilməlidir. Qanunun 45-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu qanunun 9cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensyasının sığorta avə yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlərlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Hal-hazırki inzibati iş üzrə də iddiaçıya hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonrakı dövr üzrə pensiya kapitalının toplanılması davam etdiyindən, həmçinin iddiaçı ona pensiya təyin oldunuğu gündən sonrakı 6 ildən çox işlədiyindən qanunvericiliyin tələblərinə əsasən onun pensiyasının yenidən hesablanılmasını tələb etmək hüququ vardır. İddiaçı ona pensiya təyin olunduqdan sonrakı dövrdə də işlədiyi, həmin dövrlər üzrə pensiya kapitalının toplanıldığı halda onun yığılmış pensiya kapitalını istifadə etmək hüququndan məhrum olunması Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş bərabərlik hüququna ziddir. Həmçinin yuxarıda istinad edilən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi təminat xərcliyi əsasında pensiya təyin edilən şəxslərin pensiyasının bu maddəyə görə hesablanılmasında hər hansı istisna hal nəzərdə tutmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunverici göstərilən maddədə (Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsidir) pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin öhdəlikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, hesablə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyaçılarının bu maddəsə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçıya hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduğundan və pensiya təyin olunduqdan sonrakı dövr üzrə pensiya kapitalının toplanması davam etdiyindən, həmçinin iddiaçı ona pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyindən və mövcud qanunvericilikdə hərbi qulluqçuların əmək pensiyasının yenidən hesablanmasına hər hansı məhdudiyyət nəzərdə tutulmadığından, iddiaçının xx.xx.2019-cu ilədək toplanmış pensiya kapitalına əsasən (pensiya hüququ 2017-ci il iyulun 1-dək yarandığı üçün) əmək pensiyasının sığorta hissəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanmalıdır. Odur ki, məhkəmə sadalanan qanunvericilik aktlarını təhlil edərək belə nəticəyə gəlir ki, qeyd olunan normalara əsasən cavabdeh orqan tərəfindən pensiyanın yenidən hesablanmaması nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur və iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hal-hazırki mübahisədə iddiaçı tələb kimi “iddiaçıya təyin olunmuş pensiyanın yenidən hesablanması, peniya təyin edildikdən sonra işlədiyi dövrlərə görə fərdi hesabında yığılan pensiya sığorta kapitalının – 40481,68 manatın “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq yenidən hesablanaraq artırılmasının (qulluq stajına görə əlavənin məbləğinə azaldılma aparılmadan) təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı xahiş etsə də, mübahisə iddiaçıya münasibətdə əlverişsiz inzibati akt olan cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” **********6 saylı, 13 aprel 2022-ci il tarixli qərarının ləğv edilərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq yenidən hesablanaraq artırılmasından (qulluq stajına görə əlavənin məbləğinə azaldılma aparılmadan) ibarətdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin xx.xx.2022-ci il tarixli **********6 saylı qərarı ləğv edilməli, İddiaçı təyin olunmuş pensiyanın yenidən hesablanması, pensiya təyin edildikdən sonra işlədiyi dövrlərə görə fərdi hesabında yığılan pensiya sığorta kapitalının – 40481,68 manatın “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq yenidən hesablanaraq artırılmasının (qulluq stajına görə əlavənin məbləğinə azaldılma aparılmadan) təmin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia təmin edilsin. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********6 saylı qərar ləğv edilsin. İddiaçı təyin olunmuş pensiyanın yenidən hesablanması, peniya təyin edildikdən sonra işlədiyi dövrlərə görə fərdi hesabında yığılan pensiya sığorta kapitalının – 40481,68 manatın “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq yenidən hesablanaraq artırılmasının (qulluq stajına görə əlavənin məbləğinə azaldılma aparılmadan) təmin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva