Məhkəmə qərarları › İş №2-1(118)-355/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-355/2020

11.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-355/2020 11.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştrakı ilə, iddiaçı X2 cavabdeh Sumqayıt Şəhər Məhkəməsinə qarşı “Sumqayıt Şəhər Məhkəməsinin vəkillərdən məhkəmənin dəftərxanasına ərizə, vəsatət və yazılı sənəd təqdim edərkən mütləq həmin sənədə öz şəxsiyyət vəsiqəsinin surətini təqdim edilməsi tələblərinin qeyri qanuni hesab olunması və bu tələbin dayandırılması ” tələbinə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt inzibati Məhkəməsinə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin vəkillərdən məhkəmənin dəftərxanasına ərizə, vəsatət və yazılı sənəd təqdim edərkən mütləq həmin sənədə öz şəxsiyyət vəsiqəsinin surətini təqdim edilməsi tələblərinin qeyri qanuni hesab olunması və bu tələbin dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı cari ilin oktyabr ayının 22-si iştirak etdiyi bir mülki iş üzrə məhkəmə prosesindən sonra hakimə 2 səhifəlik ərizə təqdim etmək zərurəti yaranıdından həmin ərizəni yazıb, imzalayıb məhkəmənin dəftərxanasına həmişəki kimi təqdim etmək istəmişdir. Lakin dəftərxananın əməkdaşı ona bildirdi ki, ərizəyə mütləq onun şəxsiyyət vəsiqəsinin surətini də əlavə etməlidir. Əks halda o, ərizəni qəbul etməyəcək. Təbii ki o buna öz etirazını etmiş və qanuna zidd bir tələb olduğunu bildirmişdir. Çünki heç bir normativ sənəddə belə bir tələb yoxdur. Etirazına cavab olaraq dəftərxananın əməkdaşı ona bildirmiş ki, bu tələb şəxsən məhkəmənin sədr əvəzi Fikrət Əliyevin göstərişidir. O, ərizəni mütləq həmin gün təqdim etməli imiş və iş günün sonuna yaxın olduğundan məcbur qalıb şəxsiyyət vəsiqənin surətini çıxardıb ərizəyə əlavə etmiş və yalnız bundan sonar onun ərizəsini dəftərxananın əməkdaşı tərəfindən rəsmi şəkildə qəbul edilmişdir. Qeyd etdi ki, nə mülki prosessual, nə cinayət prosessual məcəllələrdə, nə də ki, hər hansı her digər normativ aktda nəzərdə tutulmamışdır ki, vəkil məhkəmənin dəftərxanasına ərizə, vəsatət və s. yazılı sənəd təqdim edərkən mütləq həmin sənədə öz şəxsiyyət vəsiqəsinin surətini təqdim etməlidir. Bu səbədən də Sumqayıt şəhər Məhkəmənin bu tələbi qanunsuzdur, çünki vəkillərin məhkəməyə sərbəst, maneəsiz çatımlılıq hüquqlarını kobud şəkildə pozur. Bunları əsas tutub o, Məhkəmə-Hüquq Şurasına şikayət ərizəsi ilə müraciət etmiş, təssüflər olsun ki, onun şikayəti "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanunun 7.13-cü maddəsinin təlblərinə zidd olaraq araşdırlması üçün Sumqayıt şəhər Məhkəməsinin sədr əvəzi Fikrət Əliyevə göndərildi. Hansı ki, onun şikayəti məhz sədr əvəzi Fikrət Əliyevin qanuna zidd hərəkətlərindən ibarət idi. Belə ki, istinad etdiyi qanunun həmin maddəsində bir mənalı şəkildə təsbit edilmişdir ki, vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır. Qanunun bu tələbinə baxmayarq Məhkəmə Hüquq- Şurasının Aparatının aparıcı məsləhətçisi Seyfəlpaşa Əliyev tərəfindən şikayət ərizəsi Sumqayıt şəhər Məhkəməsinə göndərməklə şikayətində qeyd etdiyi pozuntuların ədalətli araşdırılmayacağna şərait yaratmışdır və bunula da o özü bir daha qanunun tələbini kobud şəkildə pozmuşdur. Sumqayıt şəhər Məhkəməsinin sədr əvəzinin imzası ilə onun müraciətinə xx xxxxxx 3019-cu il tarixli 114 №-li cavab verilmişdir. Təssüflər olsun ki, şikayət ərizəsində qeyd etdiyi qanuna zidd hərəkətlərin qanuni və əsaslı olmasını ona izah edən heç bir arqument gətirilməmişdir. Çünki, şikayət ərizəsində göstərmişdir ki, nə mülki prosessual, nə cinayət prosessual məcəllələrdə, nə də ki, hər hansı bir digər normativ aktda nəzərdə tutulmamışdır ki, vəkillər məhkəmə dəftərxanasına ərizə, vəsatət və s. yazılı sənəd təqdim edərkən mütləq həmin sənədə öz şəxsiyyət vəsiqəsinin surətini təqdim etməlidir və əgər hazırda qüvvədə olan hər hansı normativ aktda belə bir tələb varsa ona ünvanlanan cavab məktubunda bu əsas mütləq göstərilsin. Lakin qarşı tərəf cavab məktubunda sadəcə ümumi sözlərlə başdansovdu bir məzmunda cavab yazmaqla kifayətlənmiş, sədr əvəzinin qanuna zidd hərəkət və tələbinin hansı normativ aktın normalarına əsaslanmasını göstərməmişdir. Şikayət müəllifi olaraq qarşı tərəfin şikayəti ilə bağlı bu cavabı ilə qətiyyən razı deyil və inzibati məhkəməyə müraciət edərək xahiş edir ki, Sumqayıt şəhər Məhkəməsinin nə mülki prosessual, nə cinayət prosessual məcəllələrdə, nə də ki, hər hansı bir digər normativ aktda nəzərdə tutulmadığı halda vəkillərdən məhkəmə dəftərxanasına ərizə, vəsatət və s. yazılı sənəd təqdim edərkən mütləq həmin sənədə öz şəxsiyyət vəsiqəsinin surətini təqdim etməsinin tələb edilməsini qeyri qanuni hesab olunmalı və bu tələb dayandırılmalıdır. Məhkəmədə iddiaçı eyni məzminlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh təşkilat etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək,bildirmişdir ki, Azərbaycan Respublikası Məhkəmələrində Kargüzarlığın aparılmasına dair Təlimatın tələblərinə daha ciddi və düzgün əməl edilməsinin, məhkəmədə kargüzarlıq işlərinin həmin təlimatın tələblərinə uyğun həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə Sumqayıt Şəhər Məhkəməsinin dəftərxanasında sənəd təqdim edilərkən sənədi təqdim etmiş şəxsin şəxsiyyətini təsdiq edən sənədin (bu şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, vəkillərin xidməti vəsiqəsi və sairə ola bilər) surəti tələb edilir. Bu qayda şəxsiyyəti bəlli olmayan, şəxsiyyətinin bilinməsini istəməyən şəxslərin açıq və şəffaf qaydada aparılan ədalət mühakiməsinə qanunsuz yollarla müdaxiləsi və təsir cəhdlərinin əsassız araşdırmalar aparılmasının qarşısını alır. Analoji məsələ ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(060)-2957 saylı qətnaməsi ilə X1 cavabdehlər X6 və X4 qarşı “mənzildən çıxarılma və miras əmlakdan payların müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilmiş, xx xxxx 2019-cu ildə cavabdehlər X5 və X3 adından daxil olmuş apellyasiya şikayətinə əsasən mülki iş apelyasiya qaydasında baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmənin xx xxxx 2019-cu il tarixli qərardadı ilə cavabdehlər tərəfindən verilmiş şikayət qeyri- mümkün hesab edilmiş və mülki iş birinci instansiya məhkəməsinə geri qaytarılmışdır. Müəyyən edilmişdir ki, apelyasiya şikayətinə cavabdehlər tərəfindən imza edilməmiş, onların apelyasiya şikayətinin məhkəməyə təqdim edilməsindən xəbərləri yoxdur. xx xxxxxxxx 2019-cu il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin məhkəmə iclasında iştirak edən X7 bildirmişdir ki, həmin apelyasiya şikayəti onun tərəfindən verilməmiş və imzalanmamışdır, həmçinin o, bildirmişdir ki, digər cavabdeh kimi çıxış edən X9 vəfat etmişdir. Bu kimi və digər halların qarşını almaq məqsədi ilə Sumqayıt Şəhər Məhkəməsinin dəftərxanasında sənəd təqdim edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd tələb olunur. Məhkəməyə sənəd təqdim edən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, onun kim olmasının bilinməsi məhkəməyə əlçatanlığa əngəl və ya maneə törətmir. Ədalət mühakiməsinin həyata keçirilməsinin səmərəliliyini artırır, vətəndaşların hüqnuna hörmət ruhunda maarifləndirilməsinə şərait yaradır. Eyni zamanda bütün qurumlarda və inzibati orqanlarda olduğu kimi, məhkəməyə müraciət edən şəxslərin şəxsiyyətinin müəyyən edilməsi, başqa şəxslərin adından məhkəməyə müraciət edilməsinin qarşısının alınması, səlahiyyəti olmayan şəxslərin kiminsə adından icraatda olan işlərlə bağlı məlumatların alınması və bu kimi digər halların qarşını almaq məqsədi ilə Sumqayıt Şəhər Məhkəməsinin dəftərxanasında sənəd təqdim edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd tələb olunur. Məhkəmənin dəftərxanasında surətçıxaran aparat vardır, sənəd təqdim etmiş şəxsin sənədi yoxlanılır, surəti çıxarılır və təqdim etdiyi sənədlərə əlavə edilir. Şəxs özü şəxsiyyəti təsdiq edən sənədin surətini təqdim etdiyi sənədlərə əlavə etmişsə onun şəxsiyyətini təsdiq edən sənədin surəti yenidən çıxarılmır. Ona görə də, vəkil İddiaçı iddia tələbi əsassızdır, rədd edilməlidir. Cavabdeh təşkilat məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə inzibati işə cavabdeh təşkilatın nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, hazırki tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin İİİ hissəsində qeyd olunur ki, Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir: qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir; icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur; məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir. Bununla yanaşı, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan müxtəlif iddia növləri müəyyənləşdirilmişdir. İddiaçının tələbi mahiyyət etibarı ilə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia növünə aiddir ki, həmin Məcəllənin 34.2-ci maddəsinə görə, müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Göründüyü kimi, hər hansı bir iddianın müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia kimi qiymətləndirilməsi üçün həmin tələbin inzibati orqana qarşı yönəldilmiş olması mütləq şərtdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılması üçün tərəflərdən biri inzibati orqan olmalı və tərəflər arasında yaranmış hüquq münasibətləri inzibati xarakterli olmaqla mübahisə cavabdehin inzibati fəaliyyətinin nəticəsində yaranmalıdır. Yəni göstərilən şərtlər məcmu yaratdığı halda münahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. İnzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (İnzibati İcraat haqqında Qanun-2.0.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bundan başqa İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslərdir. Göründüyü kimi inzibati məhkəmə icraatında baxılan və iddiaçının tələbinin yönəldiyi iddia tələbi üzrə cavabdeh inzibati orqan olmalı və tərəflər arasında mübahisə inzibati orqanın inzibati fəaliyyətinin nəticəsində yaranmalıdır. “İnzibati orqanların Təsnifatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarında rayon və şəhər məhkəmələri inzibati orqanların təsnifatında inzibati orqan kimi nəzərdə tutulmamışdır. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, hazırda mübahisə predmeti olan “vəkillərdən məhkəmənin dəftərxanasına ərizə, vəsatət və yazılı sənəd təqdim edərkən mütləq həmin sənədə öz şəxsiyyət vəsiqəsinin surətini təqdim edilməsi tələblərinin qeyri qanuni hesab olunması və bu tələbin dayandırılması” özü özlüyündə inzibati akt olmadığından onların mübahisələndirilməsinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmır. Əvvəla nəzərə alınmalıdır ki, dövlət qurumlarına müraciət olunarkən səxsiyyət vəsiqəsinin tələb edilməsi qanunvericiliyini tələbləri zidd deyil. Sumqayıt Şəhər Məhkəməsi dəftərxanaya sənəd təqdim edilərkən səxsiyyət vəsiqəsinin tələb edilməsini onunla əsaslandılrmışdır ki, həmin ərizələrin səlahiyyətli şəxs tərəfindən məhkəmə icraatında olan işlər ilə əlaqədar olaraq verilməsi sübut olunsun və gələcəkdə bir sıra neqativ halların qarşısını almağa xidmət etsin. Hesab olunur ki, qeyd olunan tələbdə hər hansı qanun pozuntusu yoxdur. Şəxsiyyət vəsiqəsinin tələb edilməsi hər hansı inzibati orqan tərəfindən publik hüquq sahəsinə aid olan məsələni həll edilməsi üçün qəbul edilməmiş, hər hansı hüquqi və fiziki şəxsə ünvanlanmamış və hakimiyyət tədbiri deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki tələbə həm də predmet baxımından inzibati məhkəmə icraatında baxılmalı deyildir. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbində formal xətalar mövcuddur. Belə ki, iddiaçı ərizəsini özü tərəfindən imzalamasına baxmayaraq, iddia tələbi bütün “vəkillərdən səxsiyyət vəsiqələrinin surətinin tələb edilməsinin qanunsuz olması” ilə bağlı olmuşdur. Nəzərə alınmalıdır ki, bütün vəkillərin adından səlahiyyət əldə edilmədən bu cür tələb ilə məhkəməyə müraciət edilməsi yolverilməzdir. Digər tərəfdən iddia ərizəsi İlkin Musta tərəfindən fərdi şəkildə, yəni fiziki şəxs qismində verilməsinə baxmayaraq, iddia ərizəsi Azərbaycan Respublikası Vəkillər Kolleqiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili qismində imzalanmışdır. Nəzərə alınmalıdır ki, vəkillər order əsasında təmsil etdiyi şəxslərin və ya təmsil etdiyi qurumun adından verilmiş səlahiyyət əsasında vəkil statusundan istifadə edərək iddia ərizəsini imzalamaq səlahiyyətinə malikdirlər. Lakin hazır ki, iddia tələbininvə Vəkillər Kolleqiyasının adından və ya İlkin Müstafanın öz adından verilməsi məhkəməyə aydın olmadı. Məhkəmə hesab edir ki, iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbləri baxımında yardım edilməsinə və onun dinlənilməsinə zərurət yoxdur. Belə ki, iddiaçıya yardım edilməsi və onun dinlənilməsinin təmin edilməsi iddianın mümkün sayılması və inzibati məhkəmə icraatı qaydasında baxılması ilə nəticələnməyərək lüzümsuz yazışmalara və vaxt itkisinə səbəb olacaqdır. Bu səbəbdən də icraatda qənaət prinsipi rəhbər tutularaq iddiaçıya yardım edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Sumqayıt Şəhər Məhkəməsinə qarşı “vəkillərdən məhkəmənin dəftərxanasına ərizə, vəsatət və yazılı sənəd təqdim edərkən mütləq həmin sənədə öz şəxsiyyət vəsiqəsinin surətini təqdim edilməsi tələblərinin qeyri qanuni hesab olunması və bu tələbin dayandırılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar