Məhkəmə qərarları › İş №2-1(118)-355/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-355/2022

12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-355/2022 12.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafeyva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Abşeron-Xızı regional filialına qarşı qızı X4 dekabr 2019-cu ildən avqust 2020-ci il tarixə kimi ödənilməmiş ayların müavinət pulunun ödənilməsinin cavabdehə həvalə edilməsinə dair iddiası üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Abşeron-Xızı regional filialına qarşı iddia qaldıraraq qızı X4 dekabr 2019-cu ildən avqust 2020-ci il tarixə kimi ödənilməmiş ayların müavinət pulunun ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, qızı X4 anadangəlmə sağlamlaqlıq imkanları məhduddur. Təkrar həkim komissiyasından koronovirus pandemiyası səbəbi ilə əlaqədar keçə bilməmişdir. Avqust 2020-ci il tarixində həkim komisiyasından keçmişdir. Hazırda müavinət alır. Lakin həkim komissiyasından keçənə qədər olan müddət ərzində dekabr 2019-cu il tarixdən avqust 2020-ci il tarixə kimi olan ayların müavinəti ödənilməmişdir və bu günə kimi etdiyi müraciətlərə cavab belə verilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinə verdiyi iddianı isə məhkəmə cavabdehin ünvanının düzgün olmaması səbəbindən baxılmamış saxlamışdır. Sosial Müdafiə Fondunun 1 saylı Regional Filialına müraciət etdikdən sonra cavab məktubunda göstərir ki,Tibbi Sosial ekspert Komissiyasının verdiyi təyinat tarixinə görə, yəni xx.xx.2020-ci il tarixindən sosial müavinət və Prezident təqadünün ödənişi həyata keçirildiyi göstərilmiş, lakin dekabr 2019-cu il tarixindən avqust 2020-ci il tarixə kimi ödənilməmiş müavinət pulunun hansı səbəbdən ödənilməməsi barədə izahat verilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X10 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsində qızı X6 anadangəlmə sağlamlıq imkanlarının məhdud olduğunu və təkrar həkim komissiyasından koronavirus pandemiyası ilə əlaqədar keçə bilmədiyini qeyd etmişdir. 2020-ci ilin avqust ayında həkim komissiyasından keçmiş, hal - hazırda müavinət ödənişi davam etdirilir. Lakin həkim komissiyasından keçənə qədər olan müddət ərzində 2019-cu ilin dekabr ayından 2020-ci ilin avqust ayına kimi olan ayların müavinəti ödənilməmiş, bu günə qədər iddiaçının etdiyi müraciətlərə cavab verilməmişdir. Bu səbəblə də, iddiaçının qızı X6 2019-cu ilin dekabr ayından 2020-ci ilin avqust ayına kimi ödənilməmiş ayların müavinət pulunun ödənilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondu publik hüquqi şəxsin 1 saylı reginal ərazi filialı tərəfindən 12 iyul 2021-ci il tarixli, **********4 nömrəli imtina məktubuna əsasən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara görə (uşağın adı X15) 150 manat sosial müavinət, 50 manat SİM - 18 uşaqlara qulluğa görə (qulluq edən şəxsin adı X7) AR Prezidentinin təqaüdü 30 noyabr 2019-cu ilə qədər ödənilmişdir. TSEK - in verdiyi təyinat tarixinə görə, yəni 03 avqust 2020-ci il tarixindən sosial müavinət və Prezident təqaüdünün ödənişi həyata keçirilmişdir. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 25 avqust 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunun 4-1-ci maddəsinə əsasən, şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır. Tibbi-sosial ekspert komissiyasının rəyi uşağın sağlamlıq imkanları məhdudluğunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluqunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.2-çi bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Həmin Əsasnamənin 1.5-ci bəndinə görə tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsi ilə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Xidmət) tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.7-ci bəndinə uyğun olaraq şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi ölan şəxs hesab edilir. İstinad olunan qanunvericilik normalarının qarşılıqlı təhlilindən də məlum olur ki, 18 yaşınadək uşaqların sağlamlıq imkanları məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Bununla yanaşı qeyd edirlərki, “əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan respublikası qanununun Əlilliyin müəyyən edilməsi başlıqlı 3-cü maddəsinin 3.3-1 -ci yarımbəndinə əsasən Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə olunmuşdur: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi 6 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının SER TSE-01 015639 saylı arayışından görünür ki, X11 xx.xx.2006-cı il tarixdən 16 yaşadək əlillik təyin edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhəri Akademik Z.Əliyeva adına Milli Oftamologiya Mərkəzinə ünvanladığı 29 aprel 2020-ci il tarixli məktubunda A.Adıyevanın müayinəsinə kömək göstərilməsi xahiş edilmişdir. - İş materiallarında olan Tibbi rəydən görünür ki, X12 xx.xx.2020-ci il tarixdə Akademik Z.Əliyeva adına Milli Oftamologiya Mərkəzində müayinə olunmuşdur. - Tibbi sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumata dair çıxarışdan görünür ki, X8 təkrarən xx.xx.2020-ci il tarixindən əlillik dərəcəsi təyin edilmişdir. - Məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarına əlavə edilmiş sərəncamlardan görünür ki, X2 xx.xx.2007-ci ildən xx.xx.2019-cu ilədək müavinət ödənilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin1 saylı regional ərazi filialının İddiaçı ünvanladığı 12 iyul 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxil olmaqla iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı dekabr 2019-cu ildən avqust 2020-ci il tarixə kimi ödənilməmiş ayların müavinət pulunun ödənilməsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş edir. İş materilları ilə müəyyən olunur ki, iddiaçının qızı X9 xx.xx.2006-cı il tarixdən əllik dərəcəsi təyin edilmişdir. Buna görə onun atasına 2019-cu ilin dekabrına qədər müvafiq sosial müavinət ödənilmişdir. Lakin 2019-cu ilin dekabrın ayından X4 əlilliyinin təkrar qiymətləndirilməsi zəruri olduğundan təyin edilmiş müavinət dayandırılmışdır. Bundan sonra X9 xx.xx.2020-ci il tarixindən əlillik dərəcəsi təyin edilmiş və buna görə avqust 2020-ci ildən sosial müavinətin ödənilməsi başlanmışdır. İddiaçı hazırda dekabr 2019-cu ildən avqust 2020-ci il tarixə kimi ona sosial müavinətin ödənilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, həmin dövrlərdə iddiaçıya sosial müavinətin ödənilməsindən cavabdeh inzibati orqanın imtinası qanunsuz olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə görə əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Digər tərəfdən, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 24 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş 3.3-1-ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İşin hazırkı halında iddiaçının qızının sağlamlıq imkanlarının məhdudluğu bitdikdən sonra onun sağlamlığı ilə bağlı müalicə və müayinələr aparılmış, nəhayət də 2020-ci ilin avqust ayında əvvəlki diaqnoz əsasında əlillik müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 24 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş 3.3-1-ci maddəsi iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığından, sağlamlıq imkanlarının məhdudluq müddəti bitdikdən sonra iddiaçının qızının sağlamlığının təkrar qiymətləndirilməsi nəticəsində əlilliyi yenidən müəyyən edildiyindən ötürülmüş müddət də daxil olmaqla, şəxs əlilliyi olan şəxs hesab edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının qızının əlilliyi fasiləsiz olmuş, əlilliyin təkrar qiymətləndirilməsi onun əlilliyinin səbəbinin aradan qalxması ilə bağlı deyil, buna görə təyin edilmiş müddətin bitməsinə görə aparılmışdır. Aparılan qiymətləndirmə nəticəsində də iddiaçının qızına əvvəlki diaqnozda qeyd edilən səbəblə əlillik dərəcəsi təyin edilmişdir. Belə olan halda iddiaçıya təyin olunmuş əlilliyin müddətinin bitməsi, yenidən qiymətlləndirmənin aparılması həmin şəxsin əlilliyin təyin olunma müddətinin bitdiyi tarixdən yenidən qiymətləndirilmənin aparıldığı tarixədək əlil olmaması qənaətinə gəlməyə əsas vermir. Buna görə də cavabdeh tərəfindən iddiaçının qızına qeyd edilən dövrlərə görə də sosial müavinətin ödənilməsi təmin edilməlidir. Sosial müavinətlər haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı X9 dekabr 2019-cu ildən avqust 2020-ci il tarixə kimi ödənilməmiş aylar üzrə müavinətin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı X9 dekabr 2019-cu ildən avqust 2020-ci il tarixə kimi ödənilməmiş aylar üzrə müavinətin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar