Məhkəmə qərarları › İş №2-1(118)-355/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-355/2023

05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-355/2023 05.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayon X8 26 oktyabr 2006-cı il tarixli, 22 nömrəli qərarı ilə ona satılmış 0.06 ha-dan ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, Abşeron rayon X8 26 oktyabr 2006-cı il tarixli, 22 nömrəli qərarı ilə ona satılmış 0.06 ha-dan ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 16 iyun 2022-ci il tarixli, **********43 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçının müraciəti əsasında Abşeron rayon X8 26 oktyabr, 2006-cı il tarixli, 22 nömrəli qərarı ilə Bələdiyyə torpaqlarının baş planına əsasən 0.06 hektar torpaq sahəsi ona satılmışdır. Azərbaycan Respubılikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 158 saylı qərarı əsasında Abşeron rayonunda normativ qiymətə görə 28 avqust, 2006-cı il tarixdə X2 Bank Abşeron filialının bank hesabına tərəfindən 800 manat pul ödənilmişdir. Rayon Torpaq və xəritəçəkmə şöbəsinin 16 noyabr, 2006-cı il tarixli 746 saylı məktubunda bələdiyyə torpaqlarının baş planına əsasən torpaq sahəsinin satılmasına rəy verilmişdir. Saray Bələdiyyəsinin Baş inkişaf planı əsasında torpaq sahəsi yerində ölçülüb nişangahlar qoyulmuş və 23 oktyabr 2006-cı il tarixli 69 nömrəli AKT-ına əsasən Abşeron rayon Saray Bələdiyyəsinin nümayəndələri ona sahəni yerində təhvil vermişlər, iddiaçı isə cizgidə olduğu kimi torpaq sahəsini yerində qəbul etmişdir. Yuxarıda qeyd olunan 0.06 ha-dan ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri olan bütün sənədləri təqdim etmiş, lakin cavabdeh dövlət qeydiyyatının aparılmasından 16 iyun 2022-ci il tarxli bildirişlə imtina etmişdir. Cavabdeh təşkilat həmin bildirişində bildirmişdir ki, torpaq sahəsi Abşeron rayon X8 26 oktyabr, 2006-cı il tarixli, 22 nömrəli qərarı ilə ayrıldığı halda alı-satqı aktının 23 may 2018-ci il tarixdə, ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsinin rəinin 12 yanvar 2007-ci il tarixdə Memarlıq və Tikinti şöbəsinin rəyinin 16 noyabr 2006-cı il tarixdə və Abşeron rayon İcra Hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin 12 yanvar 2007-ci il tarixdə verildiyi müəyyən edilmişdir. Eləcə də qeyd olunan torpaq sahəsinin kənd təsərüffatı təyinatlı torpaqlara aid edildiyi aşkar edilmişdir. Bu səbəbdən də hüquqların qeydiyyatından imtina etmişdir. İlk növbədə iddiaçı torpaq sahəsinin alıcısı olaraq öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir, yəni müvafiq qaydaya uyğun müraciət etmişdir . Torpaq sahəsi müvafiq qaydada ona təhvil verilmiş və torpaq sahəsini qəbul etmişdir. Hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Ərazi İdarəsinin bəhanələr gətirərək torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etməsi əsassızdır. Torpaq sahəsi bələdiyyə tərəfindən ayrılmışdır. Torpaq sahəsinin naturada nişanlanaraq ona təhvil verilməsi barədə ayrıc aktı da səlahiyyətli dövlət orqanların iştirakı və imzası ilə həyata keçirilmişdir. Belə ki, hər bir halda həmin torpaq sahəsi ilə əlaqədar alqı-satqı proseduru başa çatmışdır. Bundan başqa fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılarkən səlahiyyətli orqan kimi Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin eyni zamanda Dövlət torpaq xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin rəyləri alınmış hər iki rəydə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı mübahisələndirilməmiş, cavabdeh təşkilatın hazırki imtinasında qeyd olunan təyinat məsələsini mübahisələndirməsi düzgün deyildir. Çünki qeyd olunan məsələlər iddiaçının səlahiyyətlərinə aid deyildir və imtinanın əsasını təşkil edə bilməz. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Cavabdeh təşkilatın imtinasında hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərə bilməmişdir. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmçinin qeyd edir ki, eyni əsaslarla ayrılmış bir çox torpaq sahələrinin üzərində mülkiyyət hüququ cavabdeh tərəfindən qeydiyyata alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə etmişdir. Cavabdeh etirazında qeyd edir ki, aparılan araşdırma zamanı Saray Bələdiyyəsi tərəfindən 0.06 ha torpaq sahəsinin 26 oktyabr 2006-ci il tarixdə, 22 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 23 may 2018-ci il tarixdə, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin 16 noyabr 2006-ci il tarixdə və Abşeron rayon İcra Hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin 12 yanvar 2007-ci il tarixində verildiyi müəyyən edilmişdir. Eləcə də, sözügedən qərarda ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin 16 noyabr 2006-cı il tarixli, 746 saylı rəyinə istinad edildiyi aşkar edilmişdir. Göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi müəyyən edilmişdir. Həmçinin 4 saylı Ərazi idarəsinin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı keçirilərkən, torpaq sahəsinin kəndin perspektiv inkişafı üçün nəzərdə tutulmuş ərazidən kənarda, yaşayış məntəqələrinin torpaqları üçün nəzərdə tutulmamış təyinatına və hüquqi rejiminə görə bələdiyyənin ehtiyyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqlarına aid edildiyi aşkar edilmişdir. Cavabdeh torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 696 saylı Fərmanının 2-ci bəndinin üçüncü hissəsinə, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 18-ci, 19-cu, 21-ci, 22ci bəndinə istinad edərək hesab edir ki, torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Qeyd edirlər ki, o zaman Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”na Əlavədə Torpaqların alqı-satqısına dair Aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsi müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. Lakin, “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə Torpaqların alqı-satqısı Qaydaları”na Əlavədən - “Torpaqların alqı-satqısına dair Akt” çıxarılmışdır. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 23 oktyabr 2007-ci il tarixli, 466-İİİQD saylı Azərbaycan Respublikası Qanununa əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilərək bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir sözü ilə əvəz olunmuşdur. Sonda cavabdeh Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə, 13-cü maddəsinin 1-ci, 2ci və 3-cü bəndlərinə, 33.4-cü, 67 və 68-ci, 82-ci maddələrinə, Nazirlər Kabinetinin xx.xx.2017-ci İİ tarixli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın 1.14-cü bəndinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu, 11.1-ci , 15-ci, 23-cü maddəsinə istinad edərək iddinın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı qismən əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən qismən əsaslıdır. Belə ki, iddiaçı Abşeron rayon X8 26 oktyabr 2006-cı il tarixli, 22 nömrəli qərarı ilə ona satılmış 0.06 ha-dan ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, aparılan araşdırma zamanı Saray Bələdiyyəsi tərəfindən 0.06 ha torpaq sahəsinin 26 oktyabr 2006-ci il tarixdə, 22 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 23 may 2018-ci il tarixdə, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin 16 noyabr 2006-ci il tarixdə və Abşeron rayon İcra Hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin 12 yanvar 2007-ci il tarixində verildiyi müəyyən edilmişdir. Eləcə də, sözügedən qərarda ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin 16 noyabr 2006-cı il tarixli, 746 saylı rəyinə istinad edildiyi aşkar edilmişdir. Göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi müəyyən edilmişdir. Həmçinin 4 saylı Ərazi idarəsinin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı keçirilərkən, torpaq sahəsinin kəndin perspektiv inkişafı üçün nəzərdə tutulmuş ərazidən kənarda, yaşayış məntəqələrinin torpaqları üçün nəzərdə tutulmamış təyinatına və hüquqi rejiminə görə bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqlarına aid edildiyi aşkar edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Cavabdeh qeyd edir ki, Saray Bələdiyyəsi tərəfindən 0.06 ha torpaq sahəsinin 26 oktyabr 2006-ci il tarixdə, 22 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 23 may 2018-ci il tarixdə, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin 16 noyabr 2006-ci il tarixdə və Abşeron rayon İcra Hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin 12 yanvar 2007-ci il tarixində verildiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən hallar iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, Abşeron rayon Saray bələdiyyəsinin 26 oktyabr 2006-cı il tarixli 22 saylı Qərarı ilə İddiaçı fərdi ev tikmək üçün 0.06 ha torpaq sahəsi verilmişdir. torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmiş, torpaqların alqı-satqısına dair akt 23 may 2018-ci il tarixdə tərtib edilərək imza və möhürlə təsdiq edilmişdir. Eyni zamanda Abşeron rayon Saray Bələdiyyəsinin yerquruluşu planından çıxarış iş materiallarına əlavə edilmişdir. Torpaq sahəsi ayrıldığı vaxtdan iddiaçının istifadəsinə verilmiş, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Torpaq sahəsinə bələdiyyə tərəfindən hər hansı bir iddia irəli sürülməmiş, iddiaçıya verilən sənədlər mübahisələndirilməmişdir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilir ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Bundan əlavə cavabdeh orqan qeyd edir ki, müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi müəyyən edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh orqan Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə) təsdiqlənmədiyini bildirsə də bu qanunamüvafiqliyin tənzimləmə mexanizmini, hansı normalara uyğunsuzluğunu göstərməmişdir. Bu halda qeyd edilən halın uyğunsuzluq kimi qiymətləndirilməsi əsaslı hesab edilə bilməz. Həmçinin cavabdeh orqan qeyd edir ki, 4 saylı Ərazi idarəsinin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olubolmamasını müəyyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı keçirilərkən, torpaq sahəsinin kəndin perspektiv inkişafı üçün nəzərdə tutulmuş ərazidən kənarda, yaşayış məntəqələrinin torpaqları üçün nəzərdə tutulmamış təyinatına və hüquqi rejiminə görə bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqlarına aid edildiyi aşkar edilmişdir. Bununla bağlı məhkəmənin 05 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2278/2022 saylı Qərardadı ilə iş üzrə mütəxəssis rəyi alınmış, mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur : - İddiaçı Abşeron rayon X8 26 oktyabr 2006-cı il tarixli, 22 saylı Qərarı ilə ayrılmış 0.06 ha torpaq sahəsinin hazırda təyinatı və kateqoriyası uqodiyası, yararlılığı nədən ibarətdir? Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 15 mart 2023-cü il tarixli, 3-21-3-32/2-2764/2023 saylı məktubu ilə mütəxəssis rəyi məhkəməyə təqdim edilmiş, təqdim edilmiş rəydə araşdırmanın nəticəsi olaraq qeyd edilmişdir ki, Elektron məlumat bazasına əsasən iş araşdırılarkən İddiaçı Abşeron rayon, Saray bələdiyyəsinin 26 oktyabr 2006-cı il tarixli, 22 saylı qərarı ilə ayrılmış 0.06 ha torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə bələdiyyənin ehtiyyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqlarına aid edildiyi aşkar edilmişdir.”Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdut Məsuliyyətli Cəmiyyətinə verilmiş sorğuya cavab olaraq sözügedən ərazidə torpaq tədqiqatı işləri aparılmadığından torpaq sahəsinin yararlılığını təyin etmək mümkün olmadığı qeyd olunmuşdur. Habelə məhkəmə araşdırması zamanı iddiaçıya ayrılmış 0.06 ha torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə verilmiş çıxarış və onların verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının qonşuluğunda olan torpaq sahələri bələdiyyənin perspektiv inkişaf fondundan ayrılmış, kateqoriyası yaşayış məntəqələrinin torpaqları olmaqla həyətyanı torpaq sahələridir. Həmin torpaq sahələri üzərində şəxslərin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmaqla çıxarış verilmişdir. Habelə məhkəmənin torpaq sahəsinin yaralılıq dərəcəsinə aydınlıq gətirilməsi ilə əlaqədar 10 iyul 2023-cü il tarixli sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Kadastr və Yerquruluşu Layihə Tədqiqat X6 Cəmiyyətinin 23 avqust 2023-cü il tarixli 3-21- 3-60/2-1960/2023 saylı cavab məktubunda qeyd edilmişdir ki, 2017-ci ildə Abşeron rayonu Saray bələdiyyəsi ərazisində iri miqyaslı çöl torpaq tədqiqatı işləri aparılan zaman sözügedən ərazi hasarlandığı üçün tədqiqat işi aparılmamış və bu səbəbdən X3 X4 (TEKUİS) sözügedən ərazinin torpaq kadastr məlumatları (bonitet balı, keyfiyyət qrupu) haqqında məlumat qeyd edilməmişdir. xx.xx.2022-ci il tarixli 2-1(118)-2278/2022 nömrəli məktuba qoşma kimi əlavə olunmuş koordinatlarda yerləşən torpaq sahəsi elektron kadastr məlumat bazasında olan 2007-ci ilə aid torpaq islahatının nəticələrini əks etdirən kompleks yerquruluşu layihəsinə əsasən keyfiyyət göstəricisi (bonitet balı) 57 bal olmaqla bələdiyyənin ehtiyat fondu torpaqlarına aiddir. Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Göründüyü kimi bələdiyyələrin kənd təsərrüfatına azyararlı və yararsız torpaqlarının özəlləşdirilə biləcəyi qeyd edilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı mübahisə predmeti olan torpaq sahəsinin qonşuluğunda olan torpaq sahələri bələdiyyənin perspektiv inkişaf fondundan ayrılmış, kateqoriyası yaşayış məntəqələrinin torpaqları olmaqla həyətyanı torpaq sahələridir. Həmin torpaq sahələri üzərində şəxslərin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmaqla çıxarış verilmişdir. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan hallar iddianın təmin edilməsi üçün əsas təşkil edir. Lakin məhkəmə araşdırması zamanı torpaq sahəsinin ortofoto görüntüsü və müayinə aktı təqdim edilmiş, təqdim edilmiş sənədlərdən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 0.0577 ha olduğu qeyd edilmişdir. Bu halda məhkəmə hesab edir ki, iddia tələbi qismən-iddiaçının faktiki istifadəsində olan 0.0577 ha torpaq sahəsinə münasibətdə təmin edilə bilər. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan normanın mənasından göründüyü kimi bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. İddiaçıya səlahiyyətli orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normalar iddiaçının hüquqlarını qoruyan normalar kimi hazırkı işə tətbiq edilməli və iddianın təmini üçün əsas təşkil etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Abşeron rayon X8 26 oktyabr 2006-cı il tarixli, 22 nömrəli qərarı ilə İddiaçı satılmış torpaq sahəsindən iddiaçının faktiki istifadəsində olan (0.0577 ha ) torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar