Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-355/2025 21.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cabir qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Şükürov Əfsun Vidadi oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cabir qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş 2002-ci il tarixli JN 071F KOD ******* saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba rayon, Əski-İqriq kəndində yerləşən 0,25 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:
1. İşin halları
İddiaçı Cabir qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş 2002-ci il tarixli JN 071F KOD ******* saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba rayon, Əski-İqriq kəndində yerləşən 0,25 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba rayon Aqrar İslahat komissiyasının 28 oktyabr 1998-ci il tarixli 13 saylı qərarı ilə iddiaçıya Quba rayon Əski-İqriq kəndi ərazisində 0,25 ha həyətyanı torpaq sahəsi verilmiş və onun adına ləğv edilmiş DT və XKnın Quba rayon şöbəsi tərəfindən mülkiyyətini təsdiq edən JN-071F KOD3030108 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilmişdir. Cavabdeh təşkilat xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçının mülkiyyətində olan JN-071F KOD 30301018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitabçasında qeydə alınmadığını, ərazi idarəsinin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmadığını bildirərək ərizənin icrasından imtina etmişdir, ona görə də iddiaçı məkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması xahiş etmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 14 may 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinə dair izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin iddia tələbinə yazılı münasibət bildirərək etirazını onunla əsaslandırmışdır ki, JN-071F KOD3030108 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitablarında qeydə alınmamış, ərazi idarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Məhkəmə sorğusu nəticəsində Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Quba filialından əldə olunmuş Quba rayon Aqrar İslahat komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 13 saylı protokolu işə əlavə edilmiş və həmin protokolda Quba rayonu Əski İqriq kəndi ərazisində 10 sentyabr 1998-ci il tarixli 4 saylı qərarla torpaq islahatının aparılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 24 yanvar 2025-ci il tarixli müayinə (baxış) aktı da işə əlavə edilmişdir ki, həmin aktda torpaq sahəsinin müayinəsi zamanı heç bir mübahisəli hala rast gəlinmədiyi, elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən torpaq sahəsinin Kənd Təsərrüfatı təyinatlı olub uqodiyasının həyətyanı sahə kimi göstərildiyi, habelə torpaq sahəsinin heç bir mühafizə zolağında yerləşmədiyi qeyd edilmişdir. Əlavə olaraq, iddiaçı tərəfindən təqdim edilmiş JN-071F KOD3031018 saylı şəhadətnamənin baza məlumatlarında olan DWJ xəritələri üzərində öz əksini tapmadığı və DBF siyahısında qeyd olunmadığı bildirilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə” dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq. İddiaçının hazırkı tələb üzrə iddia qaldırmağa subyektiv hüququ mövcuddur. Belə ki, torpaq sahəsi Quba rayon Aqrar İslahat komissiyasının 28 oktyabr 1998-ci il tarixli 13 saylı qərarı əsasında iddiaçıya ayrılmışdır. Cavabdeh inzibati orqanın həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi yer Quba rayonu, Əski İqriq kəndi olduğu üçün həmin orqanın səlahiyyətlərinə aiddir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdeh orqana müraciət etmiş və cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iddianın mümkünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda müəyyən edir ki, hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlakın yerləşdiyi yer Quba rayon, Əski İqriq kəndi olduğu üçün məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5. Tətbiq edilən hüquq
Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddə: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddə: Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1-ci maddə: Mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8.0.5.2006-cı il iyulun 6-dəkmüvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. 9.1-ci maddə: Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqındasənədinqəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarı Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 12.2-ci maddə: inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-cü maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 19-cu maddə: Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 2.2.3-cü maddə: İnzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. 4.1-ci maddə: İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 12.1-ci maddə: Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 34.1-ci maddə: Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1-ci maddə: Məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
6. Məhkəmənin mövqeyi
Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Quba rayonu, Əski İqriq kəndi ərazisində yerləşən 0,25 ha torpaq sahəsi iddiaçının istifadəsindədir. İddiaçı onun istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın hazırlanmasını cavabdeh orqandan tələb etmiş, lakin cavabdeh orqan tərəfindən iddiaçının istifadəsində olan torpaq sahəsinin ona ayrılması barədə “Torpağın mülkiyyətə ayrılmasına dair Şəhadətnamə”nin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında aşkar edilmədiyi və Ərazi idarəsinin elektron məlumat bazasında olan xəritə üzərində torpaq sahəsinin öz əksini tapmaması səbəbləri bildirilərək mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilmişdir. Məhkəmə cavabdehin imtinasında qeyd etdiyi halları araşdıraraq hesab edir ki, Quba rayonu, Əski İqriq kəndi ərazisində yerləşən 0,25 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsindən imtina edilməsi halının əsassız olması səbəbindən iddia tələbi təmin edilməlidir. Belə ki, Quba rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 13 saylı qərarı əsasında İddiaçı Quba rayonu Əski İqriq kəndi ərazisində 0,25 ha torpaq sahəsi ayrılmışdır. Həmin qərarın əsasında iddiaçıya JN–071F KOD 30301018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” verilmiş. Bəhs olunan Şəhadətnamənin mötəbərliyi cavabdeh orqan tərəfindən mübahisələndirilmiş, lakin məhkəmə sorğusu nəticəsində əldə olunmuş arxiv arayışı ilə Quba rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 13 saylı qərarının arxiv surəti məhkəməyə təqdim edilmişdir. Beləliklə, əldə edilmiş arxiv sənədilə cavabdeh orqanın ilk imtinasının əsassız olduğu təsdiqlənmişdir. Digər imtinaya münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı ayrılmış Quba rayonu Əski İqriq kəndi ərazisində 0,25 torpaq sahəsinin müayinə (baxış) aktında torpaq sahəsi üzrə heç bir mübahisəli hala rast gəlinmədiyi, elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən torpaq sahəsinin Kənd Təsərrüfatı təyinatlı olub uqodiyasının həyətyanı sahə kimi göstərildiyi, habelə torpaq sahəsinin heç bir mühafizə zolağında yerləşmədiyi qeyd edilmişdir. Beləliklə, sözügedən torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasına dair iddiaçı tərəfindən qanunvericiliyə uyğun hərəkət edilmişdir. Yəni, tələb olunan sənədlər iddiaçı tərəfindən cavabdeh orqana və məhkəməyə təqdim edilmişdir. Belə ki, iddiaçıya torpaq sahəsinin ayrılmasına dair Şəhadətnamənin verilməsinə əsas olmuş sənəd Quba rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 13 saylı qərarı mövcud olmuşdur. Hazırkı halda hüquqmüəyyənedici sənədlər hesab olunan Quba rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 13 saylı qərarının, eləcə də onun əsasında verilmiş Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin qanunazidd tərtib edilməsi, yəni “Torpağın mülkiyyətə ayrılmasına dair Şəhadətnamə”nin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında aşkar edilməməsi və torpaq sahəsinin cizgisinin bazada öz əksini tapmaması iddiaçının mülkiyyət hüquqlarının icrasına mane olacaq hal kimi qeydə alınmamalıdır. Qeyd olunur ki, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırkı halda iddiaçıya ayrılmış torpaq sahəsinin ayrılmasına dair Şəhadətnamənin və Quba rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 13 saylı qərarının mövcud olması, sözügedən torpaq sahəsinin iddiaçının uzun müddət istifadəsində olması, bəhsi gedən torpaq sahəsinə dair faktiki olaraq heç bir mübahisənin olmaması, həmçinin müvafiq torpaq sahəsinə dair üçüncü şəxslərin maraqlarına toxunulmaması halları iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas kimi çıxış etdiyindən, inzibati icraat haqqında qanunvericiliyin norma və prinsipləri əsas götürülməklə, habelə yuxarıda istinad olunan qanunvericilik normalarının tələbinə əsasən cavabdeh inzibati orqanın iddia tələbinə etirazın əsası kimi istinad etdiyi hallar əsassız olmaqla iş materialları ilə təkzib edildiyindən iddia təmin edilməli, Quba rayonu Əski İqriq kəndi ərazisində yerləşən 0,25 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı Cabir qızının Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş 2002-ci il tarixli JN 071F KOD ******* saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba rayon, Əski-İqriq kəndində yerləşən 0,25 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən (elektron kabinet olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi gündən) 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan (elektron kabinet olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi vaxtdan) 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən (elektron kabinet olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi gündən) 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İmran Burcayev