Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3551/2024 13.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Xaçmaz Rayonu Xaçmaz Bələdiyyəsinə qarşı “qərarın etibarsız hesab edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsində (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2-1(118)-905/2022 nömrəli qərardadından görünür ki, X1 Xaçmaz rayon Xaçmaz Bələdiyyəsinə qarşı Xaçmaz rayon Xaçmaz Bələdiyyəsinin 30 noyabr 2006-cı il tarixli, 12 saylı qərarın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır.
2. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2022-ci il tarixli, 2-1(105)-616/2022 nömrəli qərardadından görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2-1(118)-905/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2023-cü il tarixli, 2-1(102)-138/2023 nömrəli Qərardadından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2022-ci il tarixli, 2-1(105)-616/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya şikayəti mümkün sayılmamışdır.
4. Sumqayıt İnzibati Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2-1(118)-352/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak X3 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən verilmiş **********38 reyestr nömrəli çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2022-ci il tarixli, 2-1(105)-260/2022 saylı qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, qərardad ləğv edilmiş, inzibati mübahisə yenidən baxılması üçün, birinci instansiya məhkəməsinə göndərilmişdir.
6. Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2-1(118)-86/2024 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak X3 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən verilmiş **********38 reyestr nömrəli çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 iyun 2024-cü il tarixli, 2-1(105)-479/2024 saylı qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2-1(118)-86/2024 saylı qərarı ləğv edilərək, iddia mümkün sayılmamışdır. Apellyasiya məhkəməsinin mövqeyinə görə, mübahisələndirilən torpaq sahəsinin iddiaçının iddia etdiyi kimi ona məxsus torpaq sahəsinə bitişik yerləşməsi və onun faktiki istifadəsində olması müəyyən edilmir. Bu isə o deməkdir ki, iddiaçının həmin 0,04 ha torpaq sahəsi üzərində hər hansı subyektiv hüququnun və buna uyğun olaraq, həmin torpaq sahəsinə dair üçüncü şəxsin adına aparılmış qeydiyyatı mübahisələndirmək hüququnun mövcudluğu müəyyən olunur. Bu isə o deməkdir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır. Eyni zamanda, işdən görünür ki, üçüncü şəxsin adına mübahisələndirilən **********38 reyestr nömrəli qeydiyyatın aparılmasına əsas olmuş Xaçmaz bələdiyyəsinin 30 noyabr 2006-cı il tarixli, 12 nömrəli qərarı hazırkı məhkəmə icraatının gedişində iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2-1(118)-905/2022 nömrəli qərardadı ilə iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddia mümkün sayılmamışdır, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2022-ci il tarixli, 2-1(105)- 616/2022 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 01 mart 2023-cü il tarixli, 2-1 (102)- 138/2023 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmayaraq, kassasiya şikayətinin qəbulundan imtina edilmişdir.
MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ:
İddia ərizəsinin dəlilləri
8. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Xaçmaz Rayonu Xaçmaz Bələdiyyəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz şəhər Bələdiyyəsinin 30 noyabr 2006-cı il tarixli, 12 saylı qərarının etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ali Baş Komandan cənab İlham Əliyev sərəncamına əsasən tikilən evləri sökmək yox, sənədsiz evlərə sənəd verilməsi bildirilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin sərəncamına görə 2015-ci ilədək torpaq sahəsindən kim istifadə etmişdirsə, həmin torpaq sahəsi onun adına sənədləşdirilməlidir. Buna baxmayaraq, 2015-ci ildən 2020-ci ilədək Xaçmaz bələdiyyəsinin sədri işləmiş Mahir Fətəliyev 2017-2018-ci illərdə iddiaçının torpaq sahəsini sənədləşdirmək üçün 2006-cı ildə bələdiyyə sədri işləmiş Hacımirzəyev Vəlirzanı aldadaraq, ona köhnə tarixdə yazılmış saxta bələdiyyə qərarına imza atdırmışdır, lakin bələdiyyə möhürü olaraq yeni möhürdən istifadə etmişdir. Qeyri sənədləri də saxtalaşdıraraq, Reyestr Xidmətinə təqdim edib, torpaq sahəsini X2 adına sənədləşdirib. Reyestr idarəsindən çıxarış aldıqdan sonra həmin torpaq sahəsini X6 (X5 əvəzinə) Asan xidmət Mərkəzində alqı-satqı yolu ilə satmışlar. İddiaçı bundan xəbər tutanda Xaçmaz rayon Prokurorluğuna ərizə ilə müraciət etmişdir, onlar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cinayət işi başladıldı və sənədlərin saxta olması təsdiq olundu. Həmin sənədlər hal-hazırda Xaçmaz rayon Prokurorluğunda cinayət işinin sənədləri içərisində maddi sübut kimi saxlanılır. Xaçmaz bələdiyyəsinin keçmiş sədri Mahir Fətəliyev tərəfindən verdiyi 30 noyabr 2006-cı il tarixli, 12 saylı saxta qərarı etibarsız hesab etmək üçün Xaçmaz Bələdiyyəsinə ərizə ilə müraciət edilmişdir. Xaçmaz bələdiyyəsi tərəfindən bildirilmişdir ki, göstərilən qərarın etibarsız hesab edilməsi məhkəmənin vəzifəsidir. Bundan əlavə Xaçmaz bələdiyyəsi bildirmişdir ki, həmin torpaq sahəsinin X2 adına olması barədə nə həmin orqanda, nə də dövlət arxivində heç bir sənəd yoxdur.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
11. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, iddiaçı tərəfə İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım edilmiş və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.
TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:
12. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında eyni tələb ilə məhkəməyə müraciət edilməsini və məhkəmənin qüvvəyə minmiş qəradadının olduğunu bildirərək, iddianın mümkün sayılmasını xahiş etmişdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasında öz səlahiyyətli nümayəndəsi ilə təmsil edilməmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “... məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
15. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
16. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
17. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
18. Məhkəmə iddia ərizəsini və digər sənədləri (§1-7) nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.
19. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”
20. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.
21. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
22. Məcəllənin 2.2.5-cü maddəsinə əsasən, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
23. Həmin Məcəllənin 36.1-ci maddəsinə görə, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər.
24. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər.
25. Sadalanmış normaların məzmunundan görünür ki, inzibati prosessual qanunvericilik müəyyən etmə və ya tanınma haqqında iddianı müstəqil iddia növü kimi nəzərdə tutur. Digər iddia növləri iddiaçıya hüquqlarını müdafiə üçün konkret mexanizm təklif etmədikdə, iddiaçı tanınma haqqında iddia institutundan istifadə edə bilər.
26. Bu iddianın özəlliyi ondadır ki, iddia barəsində qəbul olunmuş məhkəmə qərarı ancaq hüquq münasibətinin müəyyən olunması, yəni onun mövcud olmasının (və ya olmamasının) tanınması ilə məhdudlaşır. Buna görə də, bu qərar əsasında icranın həyata keçirilməsi mümkünsüzdür.
27. İPM-də tanınma haqqında iddianın 2 növü fərqləndirilir: 1) inzibati aktın qanunsuzluğu və ya etibarsızlığı haqqında iddia; 2) hüquq münasibətinin mövcud olması və ya olmaması haqqında, yəni pozitiv tanınma haqqında və ya neqativ tanınma haqqında iddia. Tanınma haqqında iddianın predmeti 36.1-ci maddəyə əsasən ancaq konkretləşmiş hüquq münasibəti ola bilər. Yəni hüquq münasibətinə çevrilməmiş hər hansı əlaqələr tanınma haqqında iddianın predmeti ola bilməz.
28. Tanınma haqqında iddia o zaman qaldırıla bilər ki, iddiaçı hüquq münasibətinin mövcud olması və ya olmamasının qısa müddət ərzində (yəni tezliklə) müəyyən edilməsində maraqlı olsun. Beləliklə, bu iddia növündə əsaslandırılmış maraq subyektiv komponentə (iddiaçının marağı) və zaman komponentinə (qısa müddətdə) malikdir.
29. İddiaçının marağı kimi qanunda “hüquqi, iqtisadi və ideya” marağı göstərilir.
30. İddianın mümkünlüyü haqqında qaydaların tanınma haqqında iddiaya tətbiqi barədə qanunda birbaşa göstəriş yoxdur. Amma hər bir halda nəzərə almaq lazımdır ki, qanunverici inzibati proses çərçivəsində “actio popularis” qaldırılmasını istisna edir (35-cü maddənin tələblərinə əsasən). Bu səbəbdən də, iddiaçının hüququnun pozulması iddianın yoxlanılması zamanı əsas şərtlərdən biri olmalıdır.
31. Qanunvericinin hüquqların pozulması haqqında şərti tanınma haqqında iddiaya münasibətdə ayrılıqda ifadə etməməsi müxtəlif cür əsaslandırıla bilər. Belə ki, iddiaçının hüquqlarının və vəzifələrinin hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olması elə iddiaçının hüququnun pozulması ilə birbaşa qarşılıqlı əlaqədədir. Yəni iddiaçının əsaslı marağının olması tanınma iddiasının mümkünlüyü üçün kifayət edir. Subyektiv hüququn pozulması haqqında şərt də, elə bununla ehtiva olunur.
32. İnzibati aktın etibarsızlığının tanınması haqqında iddia məqsədinə görə mübahisələndirmə haqqında iddia ilə yaxındır. Amma inzibati aktın etibarsızlığının tanınması haqqında iddiaya mübahisələndirmə haqqında iddia ilə bağlı qaydaların birbaşa analoji tətbiqi mümkünsüz olduğu üçün bu iddia növü xüsusi tənzimləmə tələb edir. Etibarsız inzibati aktın yararsız, əhəmiyyətsiz olduğuna (heç bir hüquqi nəticə yaratmadığına) görə, yəni iddia predmeti mövcud olmadığına görə mübahisələndirmə haqqında iddianın qaldırılması istisna olunur.
33. Etibarsız inzibati aktın həmçinin artıq mübahisə predmeti ola bilmədiyinə görə mübahisələndirmə haqqında iddia ilə mü-bashisələndirilə bilməz. Buna görə də qüvvədən düşmüş elan edilmiş akta qarşı da, yalnız tanınma haqqında iddia qaldırıla bilər (72-ci maddə ).
34. Tanınma haqqında iddianın subsidiar qaydada tətbiq olunması (maddə 36.4.). Hər bir hüquqi mübahisə sonunda ən azından həm də hər hansı bir hüquq münasibətinin mövcud olması və ya olmamasının müəyyənləşdirilməsinə yönəlir. Bu səbəbdən tanınma haqqında iddia subsidiar xarakter daşıyır. Tanınma haqqında iddianın digər iddia növlərinə münasibətdə subsidiar elan olunmasında qanunvericinin məqsədi, hüquqi müdafiənin intensivliyi baxımından iddiaçıya onun hüquqi mübahisəsini dolayı deyil, məhz birdəfəlik həll edən hüquqi müdafiə vasitəsindən ist ifadə imkanının yaradılmasından ibarətdir.
35. Bu səbəblərdən tanınma haqqında iddia ancaq o zaman qaldırıla bilər ki, digər iddia növlərindən istifadə mümkünsüz olsun. Digər iddia növləri dedikdə, mübahisələn-dirmə, məcburetmə, öhdəliyin icrası haqqında iddia növləri başa düşülür.
36. Hazırki halda isə (§ 1-7) qəbul edilmiş məhkəmə aktlarının mövcud olması, mübahisəyə İPM-in 2.2.5-ci maddəsində nəzərdə tutulmuş “müəyyənetmə və tanınma haqqında iddia” kimi baxılmasını istisna edir.
37. İPM-in 1.2-ci maddəsinə əsasən, həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və həmin Məcəllədə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müddəaları tətbiq oluna bilər.
38. MPM-in 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli Qərarının 16.2-ci bəndindən görünür ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 fevral 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. ... Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir.Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. ...”
41. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd olunmuşdur ki, “15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.”
42. Digər tərəfdən məhkəmə qeyd edir ki, qanunvericilik eyni predmet üzrə müxtəlif iddia növlərindən istifadənin qarşısını almışdır ki, bu hal (hazırki işdə də olduğu kimi) məhkəmələrin işinin süni şəkildə artırılmasına gətirib çıxarmasın.
43. Yuxarıda göstərilənlər əsasında məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.
44. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
45. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
Hakim Könül Həbibova