Məhkəmə qərarları › İş №2-1(118)-356/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-356/2022

04.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-356/2022 04.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “1980-ci ildən 1993-cü ilin noyabrına qədər olan Zəngilan rayonunun Qaragöz orta məktəbində riyaziyyat müəllimi kimi çalışdığı dövrün nəzərə alınması və eləcə də ali təhsil aldığı illər nəzərə alınmaqla iddiaçının pensiya məbləğinin yenidən hesablanması və yığılmış pensiya məbləğinin birdəfəyə iddiaçıya ödənilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia qaldıraraq 1980-ci ildən 1993-cü ilin oktyabrına qədər olan 13 illik və ali məktəbdə təhsil aldığı 4 il(1976-1980) əmək stajının bərpa olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək 1980-ci ildən 1993-cü ilin noyabrına qədər olan Zəngilan rayonunun Qaragöz orta məktəbində riyaziyyat müəllimi kimi çalışdığı dövrün (13 il) nəzərə alınması və eləcə də ali təhsil aldığı illər (4 il) nəzərə alınmaqla iddiaçının pensiya məbləğinin yenidən hesablanması və yığılmış pensiya məbləğinin birdəfəyə iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1980-ci ildə Azərbaycan Pedaqoji Universiteninin riyaziyyat fakültəsini bitirmişdir. Həmin il Zəngilan rayonunun Qaragöz məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. Rayon işğal gününədək həmin məktəbdə işləmişdir. 2019-cu ilin may ayından 2-ci qrup əlil kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya əmək pensiyası hesablanarkən əmək kitabçasında qeyd edilən sentyabr 1980-ci ildən noyabr 1993-cü ilədək Zəngilan rayonunun Qaragöz orta məktəbində riyaziyyat müəllimi kimi çalışdığı dövr və ali məktəbdə təhsil aldığı dövr (1976-1980) nəzərə alınmamışdır. Nəticədə iddiaçının pensiya məbləği az hesablanmış və iddiaçının pensiya hüququ pozulmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı əlilliyə görə əmək pensiyasının yenidən hesablanması üçün Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmiş, lakin "Əmək pensiyaları haqında" AR qanununun 12-ci maddəsinə əsasən müraciətin müsbət həlli mümkün olmamışdır. Belə ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə görə, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1.1-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alman sığorta stajı Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı hesab olunur. İş materiallarına əsasən, iddiaçının təqdim etdiyi əmək kitabçasında xx.xx.1958-ci il təvəllüdlü İddiaçının 01.09.1980-cı ildən 01.21.1993-cü il tarixədək "Qaragöz kənd orta məktəbi”ndə işlədiyi qeyd olunmuşdur. Əmək kitabçası həmin məktəbin iki nəfər işçisinin şahidliyi əsasında yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” 26 dekabr 1996-cı il tarixli qərarının 3.2-ci bəndinə əsasən, işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama uyğun aparılır. İddiaçının əmək kitabçasının 16.04.2010-ci ildə doldurulduğunu nəzərə alaraq, əsas olmuş əmrlərin və əmək haqqı cədvəlinin təsdiq olunmuş surətlərinin bizə təqdim edilməsinə dair göstəriş verilməsi üzrə Zəngilan rayon Təhsil Şöbəsinə sorğu göndərilmişdir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlara əsasən hesab edirlər ki, İddiaçının əlilliyə görə əmək pensiyasının yenidən hesablanması barədə iddia tələbi əsassız və qanunsuzdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. İddiaçı 1980-ci ildən 1993-cü ilin noyabrına qədər olan Zəngilan rayonunun Qaragöz orta məktəbində riyaziyyat müəllimi kimi çalışdığı dövrün (13 il) nəzərə alınması və eləcə də ali təhsil aldığı illər (4 il) nəzərə alınmaqla iddiaçının pensiya məbləğinin yenidən hesablanması və yığılmış pensiya məbləğinin birdəfəyə iddiaçıya ödənilməsini istəyir. Lakin cavabdeh tərəfindən 01.09.1980-ci ildən 01.11.1993-cü il tarixədək illərin sığorta stajının araşdırılması mümkün olmadığından iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bununla bağlı məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış və müəyyən edilmişdir ki, Zəngilan rayonunun 29 oktyabr 1993-cü il tarixində keçmiş işğalı ilə əlaqədar rayondan məktəblərin aylıq əməkhaqqı cədvəllərinin gətirilməsi mümkün olmamışdır. İddiaçı əmək kitabçası həmin məktəbdə çalışmış iki nəfər işçinin iştirakı ilə Zəngilan RTŞ tərəfindən 16 aprel 2010-cu il tarixində tərtib olunmuş 625 nömrəli akt əsasında yazılmışdır. 825 nömrəli aktın və ona əlavə edilmiş sənədlərin surəti məktuba əlavə olunmuşdur. (Zəngilan rayon Təhsil şöbəsinin 10 fevral 2022-ci il tarixli, 49(01)-01-23/12 saylı cavab məktubu) Həmçinin Zəngilan RTŞ-nin 1 sentyabr 1993-cü il tarixli tarifləşmə cədvəlinə nəzər yetirdikdə həmin tarixədək İddiaçı 13 il pedaqoji stajının olmasını müəyyən etmək olar. (tarifləşmə cədvəlinin surəti təqdim edilmişdir) Mməhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 1980-ci ildən 1993cü ilin noyabrına qədər olan Zəngilan rayonunun Qaragöz orta məktəbində riyaziyyat müəllimi kimi çalışmış, iddiaçı 1993-cü ildən məcburi köçkün kimi Bakı şəhərində yaşamışdır. İddiaçıya 22.04.2019-cu il tarixində əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Habelə iddiaçı məhkəmə iclasında bildirmişdir ki, o, 2016-cı ilədək dondurulmuş əmək haqqı almışdır. Məhkəmə qeyd edir ki, mübahisəli olan 1980-ci ildən 1993-cü ilin noyabrına qədər olan dövrlər iddiaçının əmək kitabçasında öz təsdiqini tapmışdır. İddiaçı əmək kitabçası həmin məktəbdə çalışmış iki nəfər işçinin iştirakı ilə Zəngilan RTŞ tərəfindən 16 aprel 2010-cu il tarixində tərtib olunmuş 625 nömrəli akt əsasında yazılmışdır. 825 nömrəli aktın və ona əlavə edilmiş sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Əmək kitabçası səlahiyyətli qurum tərəfindən təsdiq olunmuşdur. Qeyd edilən hallar əmək kitabçasının mötəbərliyini sübut edən hal kimi qiymətləndirilməlidir. İnzibati icraat haqqında Azərbaycan Respublikası qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasının mötəbər sübut kimi qiymətləndirilməsinin istisna edəcək hallar ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. “Əmək pensiyaları haqqında” qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Məhkəmə ilk növbədə iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək, yəni 2006-cı ilədək işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmasına ayrıca münasibət bildirməyi vacib sayır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qeyd olunan hüquq normalarının mənasından göründüyü kimi qanununun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən hesablanır. İddiaçının mübahisələndirilən dövrlərdə müəllim kimi işləməsi əmək kitabçası ilə öz təsdiqini tapdığından və əmək kitabçası mötəbər sübut kimi qəbul olunduğundan qeyd edilən dövrlər iddiaçının sosial sığorta stajına hesablanmaqla əmək pensiyası yenidən hesablanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 1976-1980-ci illərdə əyani təhsil alaraq, Azərbaycan Pedaqoji Universiteninin riyaziyyat fakültəsini bitirmişdir. İddiaçının 1976-1980-ci illərdə təhsil aldığı dövr də pensiya hesablanması zamanı cavabdeh tərəfindən nəzərə alınmamışdır . Buna görə də məhkəmə hesab edir ki, iddiaçının 1976-1980-ci illərdə təhsil aldığı müddət 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ bəndinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən onun iş stajına daxil edilməlidir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı 1980-ci ildən 1993-cü ilin noyabrına qədər olan Zəngilan rayonunun Qaragöz orta məktəbində riyaziyyat müəllimi kimi çalışdığı dövrün və 1976-1980-ci illərdə ali təhsil aldığı dövr nəzərə alınmaqla iddiaçının pensiya məbləğinin yenidən hesablanması və yığılmış pensiya məbləğinin birdəfəyə iddiaçıya ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 1980-ci ildən 1993-cü ilin noyabrına qədər Zəngilan rayonunun Qaragöz kənd orta məktəbində riyaziyyat müəllimi kimi çalışdığı dövrün və 1976-1980-ci illərdə ali təhsil aldığı dövrün nəzərə alınmaqla iddiaçının pensiya məbləğinin yenidən hesablanması və yığılmış pensiya məbləğinin birdəfəyə iddiaçıya ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulmalıdır. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar