Məhkəmə qərarları › İş №2-1(118)-3560/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3560/2023

23.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3560/2023 23.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “X1 barəsində 16 iyul 2009-cu il tarixdə 382 nömrə ilə qeydiyyata alınmış doğum akt qeydinin düzgün olmamasının müəyyən olunması, onun 23 aprel 2006-cı il tarixdə doğulmasının tanınmasına” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, iddiaçı 2000-ci ildə qeyri rəsmi nikahla X4 ərə getmişdir. Nikahlarını 16 iyul 2009-cu il tarixdə rəsmiləşdirmişdirlər. Birgə nikahdan üç övladı dünyaya gəlmişdir: İki oğlu və bir qızı. Oğlanlar əkizdirlər və 14 fevral 2002-ci il tarixdə doğulmuşlar. Qızı Ülviyyə isə onlardan 4 yaş kiçikdir. 23 aprel 2006-cı il tarixdə ev şəraitində doğulmuşdur. Amma onlar həmin vaxt çobançılıq etdiklərindən onun doğumunu vaxtında qeyd etdirməmişdirlər. Onun adını 3 yaşı olarkən yazdırmışlar. Onda da icra nümayəndəsi səhvən uşağın doğum tarixini 28 aprel 2009-cu il tarixinə yazmışdır. İddiaçı müxtəlif vaxtlarda çəkilmiş fotoşəkilləri də ərizəyə əlavə etmişdir. Orada ülviyyənin fotoşəklini ox işarəsi ilə işarələmişdir. Həmin fotoşəkillərin birində şəklin 2009-cu ildə şəkildiyi altında göstərilmişdir. Həmin şəkildə Ülviyyə 3 yaşındadır. Amma doğum şəhadətnaməsinə görə belə çıxır ki o birgünlükdür. Açıq aşkar görünür ki,onun doğum tarixi düzgün qeyd olunmamışdır. Əgər şəkildə göstərilən uşağın Ülviyyə olmasına şübhə varsa kosmetoloji ekspertiza keçirilə bilər . Əlavə olaraq onun 17 yaşa uyğun olmasını müəyyən etmək üçün də ekspertiza təyin oluna bilər. İddiaçının şahidləri də var ki, qızı Ülviyyənin həqiqətən 23 aprel 2006-cı il tarixdə Hacıqədirli kəndində müəssisədən kənar, ev şəraitində doğulmasını təsdiq etsin. Belə hesab edir ki,məhkəmə iddiaçının doğum akt qeydində aparılmış qeydiyyatın düzgün olmamasını müəyyən etməli və düzgün aparılmamış qeydiyyat ləğv edilərək dəyişdirilməlidir. Müvafiq qeydiyyat orqanı tərəfindən düzgün olmayaraq aparılmış qeydiyyat həmin orqanın özü tərəfindən düzəldilməli və ya dəyişdirilməlidir. İddiaçı Qeydiyyat şöbəsinə müraciət edərək aparılmış qeydiyyatın dəyişdirilməsini xahiş etmişdir. Lakin qeydiyyat şöbəsi aparılmış qeydiyyata düzəliş etməkdən imtina etmişdir. MPM-nin 339.1-ci maddəsinə görə Müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadrqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işiərə baxır. Həmin Məcəllənin 339.2. -ci maddəsinə görə Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 341 -ci maddəsinə görə Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilinəsi və ya dəyişdirilməsi üçün əsasdır. AR İPM-nin 2.2.5 - ci maddəsinə əsasən, inzibati orqanın , inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara müəyyən etmə və ya tanınma haqqında iddialara baxır. AR MPM-nİn 77.2.-ci maddəsinəı görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. AR İPM-nin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı hüquqi yardım edilmiş, İddiaçıya hüquq müdafiə vasitələri izah edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların 1-ci və 2-ci bəndlərinə əsasən:

1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Əsas Müddəaların 4-cü bəndinə əsasən:

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ..... vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; Müddəaların 11-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona edilmiş dəyişikliklər haqqında vətəndaşlıq vəziyyəti aktlarının Respublika Arxivinə və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, qeydiyyat şöbələrinin arxivinə, konsulluq idarələrinə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələrinə, şəxsin hərbi qeydiyyatda olduğu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə və daxili işlər orqanlarının müvafiq qurumlarına məlumat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən: 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. 161.4. Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Hazırda iddiaçının tələbinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən həlli üçün əsas mövcud deyil. Mübahisələndirilən qeydiyyat qeydiyyat orqanın səhvi nəticəsində aparıldığı halda, həmin düzəliş qeyd edilən normaya əsdasən qeydiyyat orqanı tərəfindən düzəldilə bilər. lakin belə bir hal hazırkı işdə mövcud deyil. İddiaçının X1nın 23 aprel 2006-cı il tarixdə doğulmuş olmasının müəyyən edilməsi üçün zəruri ekspertizalar keçirilməli və həmin hal məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, bu hüquq müdafiə vasitəsi isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.3-cü maddəsinin tələblərinə əsasən həyata keçirilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə edilməsi istisna edilmir. (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.3-cü maddəsinə əsasən müvafiq ümumi məhkəməyə müraciət edilə bilər.) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar