Məhkəmə qərarları › İş №2-1(118)-357/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-357/2023

26.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-357/2023 26.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “iddiaçı Hümbətov Vətən Gülməmməd oğlunun ünvan 1 ünvanda yerləşən 1 saylı mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ünvan 1 ünvanda yerləşən 1 saylı mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 23 may 2022-ci il tarixli, **********98 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmamış, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, Hümbətova Vətən Gülməmməd oğlu Sumqayıt şəhər XDS İcrayə Komitəsinin Mənzillərin qeydiyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli 229 saylı order əsasında 1981-ci ildən ünvan 2 ünvanına qeydiyyata alınmış və indiyədək 12 nəfər olmaqla- ailəsi, övladları, gəlinləri, nəvələri ilə birlikdə sözügedən ünvanda yaşayırlar. İddiaçıya verilən ev xidməti mənzil olmamışdır. Belə ki, iddia ərizəsinə tərəfindən əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının 25 aprel 2022-ci il tarixli 397 saylı məktubla da müəyyən edilir ki, 1981ci il tarixdə Sumqayıt şəhər XDS İcrayə Komitəsinin müvafiq qərarına əsasən sözü gedən mənzil 4 nəfər ailə üzvü ilə birlikdə iddiaçıya verilmişdir. Qərarda mənzilin istifadəsinə xidməti yaşayış sahəsi kimi verilməsinə dair heç bir qeyd edilməmişdir. Lakin iddiaçıya order təqdim edilərkən nədənsə “xidməti mənzil” kimi qeyd edilmişdir. Hüquqi savadı olmadığına görə o zaman bu məsələyə əhəmiyyət verməmişdir. Cənab Prezidentin göstərişinə uyğun olaraq Sumqayıt şəhəri. Hacı Zeynalabdin qəsəbəsi ərazisində yerləşən mənzillərin özəlləşdirilməsi işlərinə başlanılmışdır. İddiaçı Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, 28 May küçəsi ev 5, ünvanında yerləşən 1 nömrəli mənzilin adına özəlləşdirilməsi üçün cavabdeh idarəyə rəsmi qaydada müraciət etmişdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə iddiaçının ərizəsinin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Belə ki, məktubla ona bildirilmişdir ki, sözügedən mənzil Sumqayıt şəhər XDS İcrayə Komitəsinin Mənzillərin qeydiyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1981ci il tarixli 229 saylı order əsasında istifadəsinə guya xidməti yaşayış sahəsi kimi verilmişdir. “Mənzil Fondunun özəlləşdirilməsi” haqqında Azərbaycan Respublikasının qanunun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin eləcədə xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Bundan əlavə məlumat üçün bildirilmişdir ki, idarənin mütəxəsisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün daşınmaz əmlaka müayinə baxışı keçirilən zaman mənzilin daxilində yenidənqurma işlərinin aparıldığı və mənzilə bitişik 123.8 kv.m əlavə tikili inşa edildiyi müəyyən olunmuşdur. Hesab edir ki, imtinanın heç bir hüquqi əsası yoxdur. Qeyd edir ki, mənzil istifadəsinə xidməti yaşayış sahəsi kimi verilməmişdir. Bundan əlavə mənzilin özəlləşdirilməsinə onunla birlikdə sözü gedən mənzildə yaşayan ailə üzvlərinin hər birinin yazılı razılığı var. Aralarında hər hansı bir mübahisə yoxdur. Göründüyü kimi, cavabdeh tərəfindən verilmiş imtina Azərbaycan Respublikasında Mənzil Fondunun özəlləşdirilməsi haqqında qanunun tələblərinə ziddir. Həmin Qanuna əsasən Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır (maddə 1). Mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır; mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət (maddə 3). Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər (maddə 5). Müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə ‘'Elektron Hökumət" portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlən qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. Mənzillərin özəlləşdirilməsi qaydalarının və vətəndaşların bu Qanunla müəyyən edilmiş hüquqlarının pozulması üstündə vəzifəli şəxslər Azərbaycan Respublikası qanunvericiliyində müəyyən edilmiş qaydada maddi, intizam, irtzibati və cinayət məsuliyyəti daşıyırlar (maddə 9). Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərərk iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi barədə xx.xx.2022-ci il tarixli ərizə ilə Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, ərizəyə əlavə edilən sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, sözügedən mənzil Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli n/229 saylı order əsasında istifadəsinə xidməti yaşayış sahəsi kimi verilmişdir. Belə ki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin lll-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Eyni zamanda bildirirlər ki, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün daşınmaz əmlaka müayinə baxışı keçirilən zaman mənzilin daxilində yenidənqurma işlərinin aparıldığı və mənzilə bitişik 123.8 kv.m əlavə tikili inşa edildiyi müəyyən olunmuşdur. Mənzil məcəlləsinin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının (bundan sonra - razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Bununla yanaşı Mülki Məcəllənin 180.1-180.4-cü maddələrində özbaşına tikili və onun nəticələri ilə bağlı müddəalar öz əksini tapmışdır. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iştirak etmiş, etirazı müdafiə edərək iddianını rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı ünvan 1 ünvanda yerləşən 1 saylı mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, ərizəyə əlavə edilən sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, sözügedən mənzil Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli n/229 saylı order əsasında istifadəsinə xidməti yaşayış sahəsi kimi verilmişdir. Eyni zamanda bildirirlər ki, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün daşınmaz əmlaka müayinə baxışı keçirilən zaman mənzilin daxilində yenidənqurma işlərinin aparıldığı və mənzilə bitişik 123.8 kv.m əlavə tikili inşa edildiyi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz olmamışdır. Belə ki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 6. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər; Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununa əsasən: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Qanunvericiliyin tələbindən göründüyü kimi xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Bundan əlavə dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas təşkil edir. Məhkəmə araşdırması zamanı mənzilə dair keçirilmiş müayinə baxış aktı məhkəməyə təqdim edilmişdir. Müayinə aktından görünür ki, mənzildə yenidənqurma işləri aparılmışdır və mənzilə bitişik 123.8 kv.m əlavə tikili inşa edilmişdir. İddiaçı, X3 qəsəbəsi, 28 may küçəsi, ev 5, mənzil 1 ünvanına Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 02 iyul 1981-ci il tarixli, 229 saylı order əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istəyir. İddiaçı qeyd edir ki, 1981-ci il tarixdə Sumqayıt şəhər XDS İcrayə Komitəsinin müvafiq qərarına əsasən sözü gedən mənzil 4 nəfər ailə üzvü ilə birlikdə iddiaçıya verilmişdir. Qərarda mənzilin istifadəsinə xidməti yaşayış sahəsi kimi verilməsinə dair heç bir qeyd edilməmişdir. Lakin iddiaçıya order təqdim edilərkən nədənsə “xidməti mənzil” kimi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı sözügedən mənzilin verilməsinə əsas olmuş Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin 19 iyun 1981-ci il tarixli qərarı məhkəməyə təqdim edilmişdir. (Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının 20 fevral 2023-cü il tarixli, 33/2 saylı arxiv arayışı) İş materialları ilə müəyyən edilir ki, sözügedən mənzil Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 02 iyul 1981-ci il tarixli, 229 saylı order əsasında xidməti yaşayış sahəsi kimi verilmişdir. Mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mİİ-nin H.Zeynalabdin rayon Mənzil İstismar Hissəsinin mənzil fonduna aiddir. Tağıyev-3 hərbi şəhərciyində yerləşir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanı Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına verilməmişdir. Göründüyü kimi mənzil hərbi şəhərcikdə yerləşir. Xidməti mənzildir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mİİ-nin H.Zeynalabdin rayon Mənzil İstismar Hissəsinin mənzil fonduna aid olmaqla ünvan 1 ünvanı Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına verilməmişdir. Bu isə “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində qeyd edilmiş məhdudiyyətlərə uyğun olduğuna, habelə Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanunun 8.0.11-ci maddəsinin tələbini ödəmədiyinə görə iddianın rədd edilməsi üçün əsas təşkil edir. Göründüyü kimi yuxarıda qeyd edilənlər inzibati orqanın imtinasının əsaslı olduğunu göstərir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qanunun 11.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur və iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar