Məhkəmə qərarları › İş №2-1(118)-357/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-357/2024

01.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-357/2024 01.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Elşən oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin 10 mart 1993-cü il tarixli 14 nömrəli sərəncamı ilə Abşeron rayonu Masazır kəndi ərazisində iddiaçının sahibliyinə verilmiş 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin 10 mart 1993-cü il tarixli 14 nömrəli sərəncamı ilə Abşeron rayonu Masazır kəndi ərazisində iddiaçının sahibliyinə verilmiş 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin 10 mart 1993-cü il tarixli, 14 nömrəli sərəncamına əsasən Abşeron rayonu, Masazır kəndi ərazisində iddiaçıya 0,10 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, müraciətin təmin edilməsindən **********61 saylı 05 may 2020-ci il tarixli bildirişlə imtina edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasınını vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin səbəbini bildirmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirilmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Masazır kəndində yerləşən 0,10 ha (faktiki 0,1075 ha) torpaq sahəsinin ilkin baş planının və va təsdiq edilmiş ayrıc aktının təqdim edilmiş sənədlər toplusuna əlavə edilmədiyi, müraciət üzrə təqdim edilmiş Abşeron rayon Xırdalan qəsəbə XDS İK-nin 29 noyabr 1990-cı il tarixli, 84/3 saylı qərarının həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə məqsədilə verildiyi, sözügedən torpaq sahəsinin 140 kv m hissəsinin yolun mühafizə zolağında yerləşdiyi, mübahisə predmenti olan daşınmaz əmlakın üzərində **********14-10301 reyestr nömrəli çıxarışla başqa şəxsə məxsus fərdi yaşayış evinin inşa edildiyi müəyyən olunmuşdur. Sözügedən fərdi yaşayış evi Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə nümayəndəsinin həyətyanı torpaq sahəsi ayrılması haqqında 10 mart 1993-cü il tarixli, 14 saylı sərəncamına əsasən verilmiş 37250 qeydəalma nömrəli qeydiyyat vəsiqəsi ilə iddiaçıya məxsus olmuş, sonra isə həmin daşınmaz əmlak İddiaçı tərəfindən 03 mart 2022-ci il tarixli, 4Ə-482 reyestr nömrəli alqısatqı müqaviləsi əsasında "xxxx" MTK-nə satılmışdır. Daha sonra Əhmədova X4 ravon Xırdalan qəsəbə XDS İK-nin 29 noyabr 1990-cı il tarixli, 84/3 saylı qərarı ilə 4 saylı Abşeron Ərazi İdarəsinə Abşeron rayonu, Masazır kəndində yerləşən 0,10 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə müraciət etmişdir. Göründüyü kimi, iddiaçıya sözügedən torpaq sahəsinə dair müxtəlif vaxtlarda iki ayrı torpaqayırma sənədi verilmiş və mövcud qanunvericiliyin tələblərinə riayət edilməmişdir. İş materiallarında olan: - Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin 10 mart 1993-cü il tarixli 14 nömrəli sərəncamından görünür ki, Abşeron rayon İcra Hakimiyyətinin 4 mart 1993-cü il tarixli 170 saylı sərəncamı ilə Masazır kənd İcra Hakimiyyətinin sərəncamına verilmiş 4.6 ha torpaq sahəsindən X1 0,10 ha torpaq sahəsinin ayrılması və həmin sahədə ona mənzil tikməyə icazə verilmişdir. -Abşeron rayon İcra Hakimiyyətinin 4 mart 1993-cü il tarixli 170 saylı sərəncamından görünür ki, fərdi yaşayış evinin tikintisi üçün Masazır kəndinin içindən və ətrafından 46 ailəyə hər ailəyə 0.10 ha hesabı ilə 4.6 ha həyətyanı torpaq fondunun ayrılması qərara alınmışdır. - İİ-ЖГ 278770 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməədn görünür ki, X2 xx.xx.1978-ci l tarixdə X3 ilə rəsmi nikaha daxil olmuş və ərinin soyadını qəbul etmişdir. -Abşeron rayon Masazır bələdiyyəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki,həmin sənəd İddiaçı ayrılmış 0,10 torpaq sahəsi barəsindədir. - 558 inventar nömrəli, 37250 qeydiyyat nömrəli texniki pasportdan görünür ki, həmin sənəd Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən X1 məxsus torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi barəsindədir. - Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş əizədən görünür ki, "xxxx" MTK Abşeron Rayonu İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin 10 mart 1993-cü il tarixli 14 nömrəli sərəncamına əsasən Abşeron rayonu, Masazır kəndi ərazisində İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsinin onun adına rəsmiləşdirilməsinə etiraz etmir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Abşeron rayon Masazır bələdiyyəsinin iddiaçıya ayrılmış torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığı üçün sualın cavablandırılması mümkün olmamışdır, lakin vətəndaş tərəfindən tanıdılan torpaq sahəsinin koordinatları Abşeron rayon Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0,0823 ha təşkil edir və sxemdə göstərilmişdir. İddiaçı tərəfindən tanıdılan torpaq sahəsi sxemdə göstərilmişdir. Abşeron rayon Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşmir, lakin həmin torpaq sahəsinin 140 kv m hissəsi yolun mühafizə zolağında yerləşir. - Məhkəmənin sorğusuna əsasən "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, qeyd olunan torpaq sahəsindən keçən, Masazır qəsəbəsinin elektrik enerjisi ilə təmin edən hava xətti 1973-cü ildə İstismara verilmişdir. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş fevral 2024-cü il tarixli cavab məktubundan görünür ki, "xxxx" MTK-nın adına verilmiş qeydiyyat vəsiqəsinin verilməsi üçün əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusuna əsasən Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Abşeron rayon Xırdalan qəsəbə XDS İK-nin xx.xx.1990-cı il tarixli, 84/3 qərarına əsasən Xırdalan südçülük sovxozunun müdiriyyəti və ictimai təşkilatları tərəfindən 18 iyul 1990-cı il tarixli, 7 №-li birgə qərar, 24 iyul 1990-cı il tarixli, 65 №-li əmrlə, 23 oktyabr 1990-ct il tarixli, 8 №-li birgə qərar və 31 oktyabr 1990-cı il tarixli, 96 №-li əmrlə torpaq sahəsi ayrılmış aşağıda adları qeyd olunan vətəndaşların həyətyanı torpaq sahələrinin naturada bölgüsü RİK-in memarlıq şöbəsi ilə razılaşdırıldıqdan sonra sovxozun 284 M-li 16 noyabr 1990-cı il tarixli məktubuna əsasən təhkim olunmuş həyətyanı torpaq sahəsində Azərbaycan SSR-də kənd yeri üçün tövsiyə olunmuş layihə üzrə fərdi ev tikməsi məqsədəuyğun hesab edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mübahisə predmeti olan torpaq sahəsinə yerində baxış keçirərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli 1655 nömrəli Fərmanı ilə əlavə edilmiş 2.7-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi üçün əsas hesab edilmişdir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Cavabdehin dəlilləri bundan ibarət olmuşdur: 1)qəsəbə nümayəndəliklərinin sərəncamlarının Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmaması; 2)faktiki torpaq sahəsinin 245 kv m hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına Azərbaycan Respublikası Prezindentinin 1664 saylı 7 aprel 2022-ci il tarixli Fərmanı ilə əlavə edilmiş 2.7-ci bəndə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlar nəzərdə tutulmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 3-cü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Cavabdehin ikinci dəlili ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı alınmış mütəxəssis rəyinə əsasən mübahisəsi gedən torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşmür. Beləliklə, cavabdehin imtina cavabının dəlilləri aradan qalxmış olur. Lakin iddia ərizəsinə etirazında cavabdeh yeni dəlillər irəli sürmüşdür. Belə ki, cavabdeh torpaq sahəsinin ayrılmasına dair ayrıc aktının təqdim edilməməsi, sərəncamın torpaq sahəsinə fərdi yaşayış evinin tikintisinə dair verildiyi, torpaq sahəsinin 140 kv m hissəsinin yolun mühafizə zolağına düşdüyünü və torpaq sahəsinin üzərind yerləşən fərdi yaşayış evinin başqa şəxsə məxsus olduğunu göstərmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, torpaq sahəsinə dair ayrıc aktı əlavə edilməsə də, torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir, bələdiyyənin yerquruluşu planından çıxarış mövcuddur. Ayrıc aktının olmaması torpaq sahəsinin iddiaçıya məxsus olması faktını təkzib edə bilməz. Eləcə də ayrıc aktının forma və məzmunu barədə hər hansı bir imperativ xarakter daşıyan hüquq norması mövcud deyil. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçıya müvafiq qərarlarla torpaq sahəsi ayrılan zaman ilkin baş planın və ayrıc aktının təqdim edilməməsində iddiaçının təqsiri yoxdur. Məhkəmə tərəfindən yerində baxış keçirilərkən bir hissəsində yardımçı tikili və fərdi yaşayış evinin yerləşməsi müəyyən edildi. Sərəncamın məzmunundan göründüyü kimi torpaq sahəsi iddiaçıya ayrılmış və həmin torpaq sahəsində fərdi yaşayış evinin inşa edilməsinə icazə verilmişdir . Bundan başqa məhkəmə qeyd edir ki, torpaq sahəsi yaşayış məntəqəsi daxilində yerləşdiyindən yolun mühafizə zolağına düşməsindən söhbət gedə bilməz. Belə ki, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 15-.1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Həmin torpaq sahəsinin üzərində başqa şəxsə məxsus fərdi yaşayış evinin yerləşməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, həmin evin sahibi "xxxx" MTK torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə etiraz etmədiyini notariat qaydasında təsdiq edilmiş ərizəsində bildirmişdir. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin ayrılmasına dair sərəncam qüvvədədir, qanunvericiliklə qaydada etibarsız hesab edilməmiş və ya ləğv edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin 10 mart 1993-cü il tarixli 14 nömrəli sərəncamı ilə Abşeron rayonu Masazır kəndi ərazisində ayrılmış 0,10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar