Məhkəmə qərarları › İş №2-1(118)-3585/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3585/2025

19.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3585/2025 19.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3rşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi) GİRİŞ HİSSƏ X9-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə X3rşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 19 noyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə X1rşı məhkəməyə müraciət edərək, AR ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 13 yanvar 2022-ci il tarixli “Əsassız ödənilmiş sosial yardımın geri qaytarılması haqqında” 23 saylı qərarın əsassız olduğundan ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə məhkəmə qərarı qəbul edilməsini xahiş edilmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun barəsində qəbul edilmiş 13 yanvar 2022ci il tarixli “Əsassız ödənilmiş sosial yardımın geri qaytarılması haqqında” 23 saylı qərarla razı deyil. Qeyd olunur ki, iddiaçıya xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək (hər ay üçün 274,3 manat olmaqla) ümumilikdə 3017,30 manat məbləğində ünvanlı sosial yardım ödənilmişdir. İddiaçı, həyat yoldaşı X4, birgə nikahdan olan övladları — X8 və X5 ilə birlikdə ünvan 3 ünvanında yaşamışdır. Yaşadıqları mənzildə onlardan başqa heç bir şəxs yaşamamışdır. 23 saylı qərarda isə iddiaçının ailə tərkibi barədə düzgün məlumat vermədiyi, guya atası, anası və bacısını ərizə-bəyannamədə qeyd etmədiyi göstərilmişdir. İddiaçı bildirir ki, atasının ayrı yaşayış yeri vardır və həmin ünvanda anası və digər qardaşı yaşayır. İddiaçının bacısı isə ümumiyyətlə yoxdur. Cavabdeh orqanın lazımi araşdırma apardığına dair heç bir sübut yoxdur və göstərilən məlumatlar əsassız şəkildə iddiaçı ilə eyni ünvanda yaşayan şəxslər kimi təqdim edilmişdir. Bu səbəbdən sosial yardımın geri tələb edilməsi hüquqi və faktiki əsasdan məhrumdur. İddiaçı hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Abşeron–X6 13 yanvar 2022-ci il tarixli, “Əsassız ödənilmiş sosial yardımın geri qaytarılması haqqında” 23 saylı qərarı əsassız olduğuna görə ləğv edilməli və bu öhdəlik cavabdehin üzərinə qoyulmalıdır. İddiaçı əlavə edir ki, qərar ona vaxtında təqdim edilməmiş və yalnız 03 dekabr 2024-cü ildə əlində olmuşdur. Bu səbəbdən, həmin qərardan şikayət vermək müddəti iddiaçıdan asılı olmayan hallar üzündən buraxılmışdır.

3. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı 01,06.2020-ci il tarixindən 01,06.2021-ci il tarixinədək 274.3 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir, lakin Daxili nəzarət və audit departamenti tərəfindən təkrar aparılmış ailənin maddi-məişət şəraitinin müayinəsi zamanı sosial yardım alan ailənin ailə tərkibində uyğunsuzluq aşkar edildiyi üçün İddiaçı təyin edilmiş sosial yardımın ödənişi xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. İddiaçı heç bir əsas olmadan aylar üzrə 274.3 manat olmaqla ümumilikdə 3017.30 manat məbləğində vəsait təyin edilərək kart hesabına köçürülmüşdür.

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazın məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir.

Əsaslandırma hissəsi:

6. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

7. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir və iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir.

8. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar.

9. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir.

10. İddiaçının hazırki iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ barəsində cavabdeh tərəfindən əsassız ödənilmiş sosial yardımın geri qaytarılması haqqında 23 nömrəli, 13 yanvar 2022-ci il tarixli qərarın verildiyi vaxtdan yaranmış olur.

11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X11 iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsi hazırki iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir.

12. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavabdeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, hazırki iddia tələbi mübahisələndirmə iddia tələbi növünə aid olduğuna görə məhkəmədə iddia tələbi qaldırmadan öncə qərarın ləğv edilməsi ilə bağlı cavabdehə müraciət etməsinə, yəni pretenziya qaydasına riayət olunmasına zərurət yoxdur. Mübahisələndirmə növündə iddia tələbi üzrə prosessual müddətlərə riayət olunması imperativ xarakter daşıyır.

13. İş materiallarından məlum olur ki, iddiaçı tərəfindən DSMF-nin Abşeron-Xızı regional filialı tərəfindən qəbul edilmiş əsassız ödənilmiş sosial yardımın geri qaytarılması haqqında 23 nömrəli, 13 yanvar 2022-ci il tarixli qərar ona təqdim edilməmiş, sadəcə olaraq, çatdırılmanı yox, göndərilməni təsdiq edən “+” işarəsi adının qarşısına qoyulmuşdur. xx.xx.2024-cü ildə həmin qərarın ləğv edilməsinə görə məhkəmədə iddia qaldırmış və bununla da, nəzərdə tutulmuş prosessual müddətləri ötürməmişdir.

14. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır.

15. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırki iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

16. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir.

17. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək (hər ay üçün 274,3 manat olmaqla) ümumilikdə 3017,30 manat məbləğində ünvanlı sosial yardım ödənilmişdir. Sonradan cavabdeh tərəfindən İddiaçı təyin edilmiş sosial yardımın ödənişi xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. İddiaçı təyin edilmiş sosial yardım xx.xx.2021-ci ildə dayandırıldığından, cavabdeh təşkilat iddiaçıya ödədiyi ümumilikdə 3017.30 manat məbləğin geri qaytarlımasını haqqında 23 nömrəli, 13 yanvar 2022-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərardan narazı qalan iddiaçı qərarın qanunsuz olduğu qənaətinə gələrək, məhkəməyə müraciət etmişdir.

18. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərar əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən: -10.1 Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. -10.2.Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. -10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. -10.4. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. -10.5. Aztəminatlı ailənin üzvü “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, özünüməşğulluğa cəlb edildiyi hallarda, həmin ailənin sosial yardım almaq üçün müraciət etmək hüququ seçilmiş özünüməşğulluq istiqaməti üzrə əmlakın verilməsi barədə müqavilənin qüvvədə olduğu müddət ərzində məhdudlaşdırılır. -10.6. Sosial yardımın təyinatı zamanı ailə tərəfindən bilərəkdən tam və ya düzgün olmayan məlumatın verilməsi, eləcə də sosial yardımın ödənildiyi müddətdə ailənin gəlirlərində baş vermiş dəyişikliklər barədə məlumatın (bu Qanunun 10.3-cü maddəsində qeyd olunanlar istisna olmaqla) verilməməsi səbəbindən artıq vəsait ödənildiyi zaman sosial yardım alan ailə artıq ödənilmiş sosial yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarmalıdır. Bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.

19. Göründüyü kimi, qanunvericilikdə artıq ödənilmiş sosial geri qaytarılmasının yalnız iki qaydası mövcuddur - tərəfin razılığı ilə inzibati orqanın özü tərəfindən qəbul edilmiş qərar və tərəfin razılıq olmadığı tədqirdə həmin vəsaitin qarşı tərəfdən məhkəmə qaydasında tutulması. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının ondan artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı razılığı olmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh təşkilatın artıq ödənilmiş pulun geri qaytarlması ilə bağlı qərar qəbul edilməsində subyektiv hüququ yoxdur.

20. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, cavabdeh təşkilatın mübahisənin həlli ilə bağlı birbaşa xüsusi normanın, yəni “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 10-cu maddəsi mövcud olduğu tədqirdə ümumi norma qismində çıxış edən “İnzibati İcraat haqqında” Qanunun 82.2-ci maddəsinin tətbiq edilməsi yolverilməzdir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh təşkilat hazırki qərarın qəbul edilməsində haqlı olmamışdır.

21. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.

22. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, mübahisələndirilən qərar əsassız olduğundan ləğv edilməlidir.

Nəticəvi hissə:

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı barəsində qəbul edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin X2 23 nömrəli, 13 yanvar 2022-ci il tarixli əsassız ödənilmiş sosial yardımın geri qaytarılması haqqında qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X9-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar