Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3587/2025 26.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2nə (X22 və X8) qarşı iş üzrə (Açar sözlər: qeydiyyatdan çıxarılma) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X21, Üçüncü şəxslər X22 və X2, Üçüncü şəxs X15 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh X2nə (X22 və X8) qarşı “fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılma” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları
1. İddiaçı cavabdeh X2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X22, X9 və X2 Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu, Çuxuryurd Ərazi Dairəsi, Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evi iddiaçının paylı mülkiyyətindədir. Digər paylı mülkiyyətçilər X17 və X23 iddiaçının qardaş və bacısıdır və onlar yetkinlik yaşlarına çatmayıblar. İddiaçının mülkiyyətində olan Şamaxı rayonu, Çuxuryurd Ərazi Dairəsi, Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatda olan X22, X9 və X8 sadəcə olaraq pasport qeydiyatındadırlar. Onlarla iddiaçı arasında istifadə hüququnun tanınmasına dair heç bir notarial qaydada razılaşma olmamışdır. X22, X9 və X8 iddiaçının mülkiyyətində olan Şamaxı rayonu, Çuxuryurd Ərazi Dairəsi, Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evində heç vaxt yaşamamışlar və hal-hazırda sadəcə evdə pasport qeydiyyatındadırlar. Evin bütün komunal xərclərini iddiaçı ödəyir. X15, X1 və X2 iddiaçının evində qeydiyyatda qalmağı iddiaçıya maddi cəhətdən ziyan vurduğundan o əlavə komunal xərcləri ödəmək məcburiyyətində qalır. Ona görə də onlar iddiaçıya məxsus evdən pasport qeydiyyatından çıxarılmalıdırlar. İddiaçı Şamaxı Rayon X24 və Şəxsiyyət Vəsiqəsi bölməsinə X15, X1 və X2 qeydiyyatdan çıxarılması üçün ərizə ilə müraciət etmişdir. Lakin imtina edib iddiaçıya bildiriblər ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq əmrinin tələblərinə uyğun olaraq vətəndaşların qeydiyyatdan çıxarılması şəxsin öz razılığı əsasında, əks halda məhkəmənin qərarı əsasında həyata keçirilir. Odur ki, üçüncü şəxslərin mənzildən qeydiyyatdan çıxartmaq üçün iddiaçının məhkəməyə müraciət etməyi məqsədə müvafiqdir.
3. İddia tələbinin maddi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanunun 2, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddələrinə istinad olunmuşdur.
4. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(118)-7413/2024 nömrəli qərardadına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin hazırkı iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər.
5. Üçüncü şəxslər iddia ərizəsinə qarşı etiraz təqdim edərək qeyd etmişdirlər ki, iddiaçı öz iddia ərizəsində qeyd etdiyi kimi Şamaxı rayonu, Çuxuryurd Ərazi Dairəsi, Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçisidir, yəni fərdi evin 1/3 hissəsinin sahibidir. Odur ki, iddiaçı mülkiyyətin tam sahibi olmadığından iddia irəli sürə bilməz. Qeyd edir ki, iddia ərizəsində göstərilib ki, guya iddiaçı kommunal xərclərini ödəyir. Lakin, bütün sayğaclar X5 adına rəsmiləşdirilib və bütün kommunal xərcləri ailəsi ödəyir. Həmin evdə X10, X8 X12 və X22 2016-cı ildən Şamaxı rayonu, Çuxuryurd Ərazi Dairəsi, Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatdadırlar. 2020-ci ildə həmin evdən “44 günlük” müharibəyə X6 çağırılıb. Müharibədə iştirakı Tərtər-Suqovuşan istiqamətində başlamış və Laçın rayonunda bitib. Hazırda üçüncü qrup əlilliyi var. Həmçinin, 09 iyul 2018-ci il tarixli, 2-1(85)-467/2018 saylı qərardada əsasən iddiaçı X13 cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlər Reyestrinin 14 saylı Ərazi İdarəsinə qarşı Şamaxı rayon Çuxuryurd kəndində yerləşən X13 xüsusi mülkiyyətində olan daşınmaz əmlaka dair X14i hüququ yaranmadığından onun adına dövlət qeydiyyatında alınmasının cavabdeh tərəfindən dayandırılmasına dair iddianı qəbul etdiyinə görə iddia üzrə işin icraatına xitam verilmişdir. Həmin qərardaddan apellyasiya şikayəti verilmədiyinə görə 09 iyul 2018-ci il tarixli qərardad qanuni qüvvəsini almışdır. Lakin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlər Reyestrinin 14 saylı Ərazi İdarəsinə qarşı Şamaxı rayon Çuxuryurd kəndində yerləşən X13 xüsusi mülkiyyətində olan daşınmaz əmlaka dair X14i hüququ yaranmadığından onun adına dövlət qeydiyyatına alınmasının cavabdeh tərəfindən dayandırılmadığından və X26 adına çıxarış verdiyinə görə üçüncü şəxs icra vərəqəsinin verilməsinə dair ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etdiyindən 26 dekabr 2024-cü il tarixli, 2-1(85)-467/2018 saylı iş üzrə qərardadla X3 ərizəsi təmin edilməmişdir. Hal-hazırda Sumqayıt Apelyasiya Məhkəməsinin icraatında 26 dekabr 2024-cü il tarixli 2-1 (85)-467/2018 saylı qərardad mübahisələndirilir. Odur ki, hazırkı iş üzrə İddiaçı İqoreviçin Şamaxı rayonu, Çuxuryurd Ərazi Dairəsi, Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evinin 1/3 hissəsinin paylı mülkiyyətçisi olub-olmaması mübahisəlidir. Üçüncü şəxslər hesab edirlər ki, hazırkı iş üzrə iddia ərizəsi baxılmamış saxlanlmalıdır.
b) Tərəflərin iştirakı və izahatları
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X22 iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X8 iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X15 nümayəndəsi və vəkili iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
10. Cavabdeh inzibati orqan məktubla məhkəməyə müraciət edərək məhkəmə iclasının onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.
c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
11. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
12. xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yerləşən ümumi sahəsi 89,80 m2 olan fərdi yaşayış evi İddiaçı, X18 və X19 paylı mülkiyyətindədir.
13. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Çuxuryurd kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-75-21/2-284/2024 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yerləşən ümumi sahəsi 89,80 m2 olan fərdi yaşayış evində X29, X27, X20, X25, X22, X9 və X8 daimi qeydiyyatdadırlar.
14. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda onun ərizəsinin icrasından imtina olunmuş və məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.
15. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(074)-854/2019 nömrəli qətnaməsinə əsasən iddiaçı X26 cavabdeh X11rşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair iddiası təmin edilərək Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,1199 ha torpaq sahəsi olan fərdi yaşayış evinə dair X7 adına verilmiş çıxarış, xx.xx.2013-cü il tarixli vərəsəlik hüququna dair şəhadətnamə, X13 adına verilmiş çıxarış, xx.xx.2019-cu il tarixli vərəsəlik hüququna dair şəhadətnamə və həmin şəhadətnamə əsasında X4 adına rəsmiləşdirilmiş çıxarış ləğv edilmiş, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,1199 ha torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinə iddiaçı X26 mülkiyyət hüququ bərpa olunmuşdur. Həmin qətnamə qanuni qüvvəyə minmişdir.
16. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ X28 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilir ki, Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yerləşən ümumi sahəsi 89,80 m2 olan fərdi yaşayış evi üzərində istifadə hüquqlarına dair məlumat qeydə alınmamışdır.
17. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilir ki, xx.xx.1977-ci il təvəllüdlü X22 xx.xx.2005-ci il tarixdən, X9 xx.xx.2014-cü il tarixdən və X8 xx.xx.2005-ci il tarixdən hazıradək Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yerləşən fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatdadır.
ƏSASLANDİRMA HİSSƏSİ:
a) İddianın növü və mümkünlüyü
18. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.
19. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
20. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
b) Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.
24. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. 9-cu maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
25. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
c) Məhkəmənin mövqeyi
27. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
28. Belə ki, Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yerləşən ümumi sahəsi 89,80 m2 olan fərdi yaşayış evi İddiaçı, X18 və X19 paylı mülkiyyətindədir. Həmin fərdi yaşayış evi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında onların mülkiyyətinə verilmişdir. İddiaçının atası X30 cavabdeh X11rşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair iddia tələbi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət etmiş və Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(074)-854/2019 nömrəli qətnaməsi ilə iddiası təmin edilərək Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,1199 ha torpaq sahəsi olan fərdi yaşayış evinə dair X7 adına verilmiş çıxarış, xx.xx.2013-cü il tarixli vərəsəlik hüququna dair şəhadətnamə, X13 adına verilmiş çıxarış, xx.xx.2019-cu il tarixli vərəsəlik hüququna dair şəhadətnamə və həmin şəhadətnamə əsasında X4 adına rəsmiləşdirilmiş çıxarış ləğv edilmiş, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,1199 ha torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinə iddiaçı X26 mülkiyyət hüququ bərpa olunmuşdur. Həmin qətnamə qanuni qüvvəyə minmişdir.
29. Hazırkı iş üzrə üçüncü şəxslər X22 xx.xx.2005-ci il tarixdən, X9 xx.xx.2014-cü il tarixdən və X8 xx.xx.2005-ci il tarixdən hazıradək həmin fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatdadır.
30. Üçüncü şəxslər həmin fərdi yaşayış evi üzərində X26 mülkiyyət hüququ bərpa olunmamışdan əvvəl, yəni əvvəlki mülkiyyətçinin adına çıxarış verildiyi zaman yaşayış yeri üzrə qeydiyyata alınmışlar. Göründüyü kimi sözügedən fərdi yaşayış evi üzərində üçüncü şəxslərin yaşayış sahəsinə əmlak və istifadə hüquqları mövcud deyildir. Bu hala “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarında hüquqi qiymət verilmişdir.
31. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.
32. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
33. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər.
34. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxslərin iddiaçıya məxsus fərdi yaşayış evində qeydiyyatda qalması onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradır.
35. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli X22, X9 və X2 iddiaçının mülkiyyətində olan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən, ümumi sahəsi 89,80 m2 olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X2nin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
36. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. X22, X9 və X2 iddiaçının mülkiyyətində olan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən, ümumi sahəsi 89,80 m2 olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X2nin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Qəşəm Məmmədli