Məhkəmə qərarları › İş №2-1(118)-3588/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3588/2024

19.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3588/2024 19.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə, mütəxəssis X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona əmək pensiyası təyin edildikdən sonra xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixədək məhkəmə hakimi vəzifəsində, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək vəkil vəzifəsində işlədiyini əsas götürməklə 6 illik işləyən pensiyaçı stajının tamamlandığı xx.xx.2019-cu il tarixdən toplanmış pensiya kapitalı üzrə əmək pensiyasının yenidən hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2008-ci il tarixdə təyin edilərkən onun hərbi qulluqçu kimi əmək pensiyası aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən və ərzaq payı əvəzinə verilən pul kompensasiyasından hesablanmaqla 28 il 7 ay 10 gün əmək stajına görə cəmi 990 manat təşkil etmişdir.xx.xx.2022-ci il tarixdən hesablanan maddi yardım və xx.xx.2023-cü il tarixdən hesablanan indeksləşdirmə ilə, habelə 2022-ci ilin dekabr ayından hesablanan vəzifə maaşının artımı ilə pensiya məbləği cəmi 1856 manat təşkil edir.xx.xx.1988-ci il tarixli, İT ******* nömrəli Əmək kitabçasının qeydlərinə əsasən xx.xx.2008-ci il tarixdən xx.xx.2013cü il tarixədək məhkəmə hakimi vəzifəsində, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili vəzifəsində işləmiş, xx.xx.2023-cü il tarixdən işləməyən əmək pensiyaçısı statusundadır. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1 və 37.3.2-1-ci maddələrinə əsasən xx.xx.2019-cu il tarixdə işləyən əmək pensiyaçısı kimi 6 illik stajımın tamamlanması ilə bağlı toplanmış sığorta kapitalı üzrə pensiyamın yenidən hesablanmasına dair 09 iyun 2023-cü il tarixli müraciətinə DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsi üzrə Mərkəzi Filialına 16 avqust 2023-cü il tarixli 3-17-1/2- 187003/2023 nömrəli imtina cavabı verilmişdir. İmtina cavabının Azərbaycan Respublikasının qanunvericiliyi və Ali Məhkəmənin İnzibati kollegiyasının sabit, davamlı və son təcrübəsi ilə aşkar ziddiyyət təşkil etdiyini əsaslandıran ərizəni DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsi üzrə Mərkəzi Filialının direktor müavini Elnur Qurbanov tərəfindən xx.xx.2023-cü il tarixli qəbul zamanı imza edilməklə qəbul edilmiş, lakin həmin müraciətimə cavab verilməmişdir.Cavabdehin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı xx.xx.2008-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.Mərkəzi Filialın 11 yanvar 2024-cü il tarixli 3-17-1/3-7-255/2024 nömrəli qərarı ilə İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-1 -ci maddəsinin tələblərinə əsasən yenidən hesablanaraq 1856,49 manatdan 2100,49 manata çatdırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin Qanunun 37.3.2-1 -ci maddəsinə əsasən bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir.Bildirir ki, İddiaçı iddiasının “əmək pensiyasının xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixədək hakim vəzifəsində işlədiyi dövrlər nəzərə alınmaqla yenidən hesablanması” hissəsində mübahisə mövcud deyildir. Belə ki, Mərkəzi Filialın 11 yanvar 2024-cü il tarixli 3-17-1/3-7-255/2024 nömrəli qərarı ilə İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-1ci maddəsinin tələblərinə əsasən yenidən hesablanaraq 1856,49 manatdan 2100,49 manata çatdırılmışdır.İddianın “xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək vəkil vəzifəsində işlədiyi dövrlər nəzərə alınmaqla əmək pensiyasının xx.xx.2019-cu il tarixdən yenidən hesablanması” hissəsi ilə əlaqədar bildirir ki, İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək pensiya kapitalı qeydə alınmadığından həmin dövrlər onun sosial sığorta stajına daxil edilə bilməz.Digər tərəfdən araloji hal üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il 2-1(1021-474/2024 nömrəli qərarında ifadə olunmuş mövqeyə görə xx.xx.2006-cı il tarixdən sonrakı fəaliyyət dövrünün sosial sığorta stajına daxil edilə bilməsi üçün şəxsin adına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi tələb olunur. Hazırkı işin hallarından isə xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrlə bağlı məhz iddiaçının adına sosial sığorta ödənişlərinin edildiyi müəyyən edilmir. Apellyasiya məhkəməsi iddia tələbini bu hissədə təmin edərkən ümumən iddiaçının Bakı Baş Tikinti İdarəsində işlədiyi dövrün əmək kitabçasında qeydə alınmasına istinad etmiş, lakin iddiaçı tərəfindən xx.xx.2006-cı il tarixdən sonrakı dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsinə əhəmiyyət verməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsini qərarı qismən yəni, “xx.xx.2006-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək olan dövrün sığorta stajına daxil edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir.Yuxarıda qeyd edilənləri və İPM-nin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq icraatınızda olan 2-1(118)-3588/2024 nömrəli inzibati iş üzrə iddia tələbinin “əmək pensiyasının xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixədək hakim vəzifəsində işlədiyi dövrlər nəzərə alınmaqla yenidən hesablanması” hissəsində iş üzrə icraata xitam verilməsinə dair qərardad, iddia tələbinin “xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək vəkil vəzifəsində işlədiyi dövrlər nəzərə alınmaqla əmək pensiyasının xx.xx.2019-cu il tarixdən yenidən hesablanması” hissəsində təmin edilməməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdeh inzibati orqan nümayəndəsi iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmədə mütəxəssis qismində iştirak etmiş X2 etiraz ərizəsinə uyğun izahat verərək, iddiaçının 2013-cü ildən 2018-ci ilədək fəaliyyətində verdiyi fasilə onun hakim kimi işlədiyi 5 ilin davamı olaraq 2018-ci ildən sonrakı dövr 5 illik qulluq illərinin üzərinə hesablana bilməz. O halda 6 illik müddət nəzərə alına bilərdi ki, iddiaçı hakim kimi fasiləsiz 6 il işləmiş olsun. Belə olduğu tədqirdə iddiaçının 6 illik iş stajı olmur. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara; Cavabdehin 16 avqust 2023-cü il tarixli 3-17-1/2-187003/2023 nömrəli məktubu, xx.xx.2024-cü il tarixli, 3-17-1/3-7-255/2024 nömrəli qərarın surəti, etiraz ərizəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyatının müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ güzəştli şərtlərlə ona ödənilmiş əmək pensiyası məbləğinin cavabdeh tərəfindən yenidən hesablandığı vaxtdan yaranmış olur. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, X4 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xidmət göstərdiyi ərazinin sakinidir və sosial müavinətlərin, o cümlədən əmək pensiyalarının vətəndaşlara verilməsi DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aiddir. Belə olduğu təqdirdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və 3-17-1/2-M-15995/2024 nömrəli, xx.xx.2024-cü il tarixli imtina məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi qeydiyyat ünvanının Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “Andreyeva Latviyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin Qanunun 37.3.2-1-ci maddəsinə əsasən bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir. Məhkəmə qeyd edir ki, əməkhaqqından tutulmuş məcburi dövlət sosial sığorta haqlarının aidiyyəti üzrə ödənilməməsi və fərdi hesabında qeydə alınmaması iddiaçının pensiya hüququnu məhdudlaşdırıcı amil kimi çıxış edə, onun ziyanına şərh edilə bilməz.Əməkhaqqından tutulmuş məcburi dövlət sosial sığorta haqlarının aidiyyəti üzrə ödənilib-ödənilməməsinə, habelə həmin vəsaitin fərdi hesabında qeydə alınıbalınmamasına nəzarət iddiaçının imkanları xaricində olmaqla, birbaşa olaraq səlahiyyətli inzibati orqanın məsuliyyəti çərçivəsində müəyyən edilən məsələdir. Mübahisəli dövrdə qüvvədə olan qanunvericiliyin normalarının tələbləri baxımından məcburi dövlət sosial sığorta haqlarının tutulub aidiyyəti üzrə ödənilməsi işəgötürəninsığortaedənin, məcburi dövlət sosial sığorta haqlarının toplanmasına nəzarət etmək isə cavabdeh inzibati orqanın üst qurumu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsi olmuşdur. Lakin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgötürən (sığortaedən) üzərində məcburi dövlət sosial sığorta haqlarının ödənilib- ödənilməməsinə nəzarət funksiyasını icra etməmiş, son nəticədə tabeliyində olan cavabdeh inzibati orqan tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi əsas gətirilərək iddiaçının sosial təminat hüququ məhdudlaşdırılmışdır. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbinə ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərindən çıxış etməklə də qiymət verilməlidir. Buna görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, nəzərə alınmalıdır ki, iddiaçıya ödənilən əmək haqqından məcburi dövlət sosial sığorta haqları tutulmuşdur. Lakin tutulmuş həmin haqların Dövlət Sosial Müdafiə Fonduna ödənilməməsi vəziyyəti iddiaçının iradəsi və hərəkətləri nəticəsində deyil, işəgötürənin və müvafiq dövlət orqanlarının öz vəzifələrini və səlahiyyətlərini lazımi qaydada icra etməməsinə görə yaranmışdır. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Nəzərə alınmalıdır ki, iddiaçının yaşa görə əmək pensiyasına çıxdığı gündən arada verilən fasilələr istisna olunmaqla 6 ildən çox əmək fəaliyyəti olmuş və bu fəaliyyətin nəticəsi olaraq vəkillər kontoru tərəfindən MDSS-in ödənilməməsi həmin illərin onun qulluq illərinə aid edilməsinə dəlalət edə bilməz. Yəni, iddiaçının 2013-cü ildən 2018-ci ilədək fəaliyyətində verdiyi fasilə onun hakim kimi işlədiyi 5 ilin davamı olaraq 2018-ci ildən sonrakı dövr üzrə fəaliyyət göstərdiyi müddətin cavabdeh tərəfindən hesablanmaması üçün əsas deyil. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra xx.xx.2008-ci il tarixdən xx.xx.2013cü il tarixədək məhkəmə hakimi vəzifəsində, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək vəkil vəzifəsində işlədiyini əsas götürməklə 6 illik işləyən pensiyaçı stajının tamamlandığı xx.xx.2019-cu il tarixdən toplanmış pensiya kapitalı üzrə əmək pensiyasının yenidən hesablanıb İddiaçı ödənilməsi öhdəliyi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar